Bütün xəbərlər
16 may, 10:54

“Son zəng”i yaddaqalan etmək üçün bahalı məkanlara, dəbdəbəli paltarlara yox, sadə, dəyərli duyğulara ehtiyac var

“Son zəng”... Güllərlə bəzədilmiş lövhələr, sinif otaqları, məktəb dəhlizlərində, həyətində səsləndirilən təhsil həyatından söz açan gözəl mahnılar, məktəbli formasında olan sevinclə qarışıq 11 illik orta təhsil həyatına vida ediklərinə görə kədərlənən məzunlar. Və bir də onlara yüksək təhsil verən, uğurları ilə hər zaman sevinən, fəxr edən sevimli müəllimləri, eləcə də böyüdüb boya-başa çatdıran valideynləri. Əslində bütün bunlar "Son zəng" gününün özünəməxsus ovqatını yaratmaqla təsəvvürümüzdə gözəl bir mənzərəni canlandırır. Bu, hər bir şagirdin yaddaşında xüsusi yer tutan, həm sonun, həm də başlanğıcın simvolu olan bir gündür. Lakin son illər bu gözəl ənənə ətrafında yaranan mübahisələr, ifratçılıq meylləri və süni şouya çevrilən mərasimlər “Son zəng”in mahiyyətini arxa plana atmaqdadır. Təəssüf ki, məktəb illərinin yekunu kimi nəzərdə tutulan bu tədbir bəzən cəmiyyətin sosial-iqtisadi təbəqələşməsini də əks etdirən bir yarış meydanına çevrilir. Bütün bunlar da ictimaiyyət tərəfindən narazılıqla qarşılanır. Təbii ki, Elm və Təhsil Nazirliyi və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi hər zaman bu məsələdə öz qəti mövqeyini ortaya qoyaraq belə halların qəbuledilməz olduğunu bildirir. Ancaq çox təəssüf ki, bəzi ümumtəhsil müəssisələrinin direktorları məktəb həyatının ən gözəl hadisəsini “şou”ya çevirməklə onu dəyərdən salır, əsl mahiyyətindən uzaqlaşdırır.

Bəs "Son zəng" əslində necə keçirilməlidir? Bu günün məqsədi nə olmalıdır və onu məktəb və məzun üçün həqiqətən yaddaqalan edən amillər hansılardır? Həmin günün təşkilində nələrə diqqət yetirilməlidir? 

“Azərbaycan müəllimi” ADPU-nun İbtidai təhsilin pedaqogikası kafedrasının müdiri, pedaqoji elmlər doktoru, professor, Əməkdar elm xadimi Fərrux Rüstəmovun məsələylə bağlı fikirlərini öyrənib.

Keçən əsrin 60-cı illərindən məktəblərimizdə ənənəyə çevrilən “Son zəng”

Fərrux müəllim bildirir ki, “Son zəng” keçən əsrin 60-cı illərindən Azərbaycan məktəblərində ənənəyə çevrilib. Ümumtəhsil məktəblərində məzunlar üçün “Son zəng”in ibtidai sinif şagirdi tərəfindən simvolik çalınması onların 11 illik təhsil həyatının başa çatdığını simvolizə edən əlamətdar bir gündür. Bu önəmli hadisə məzunların həyatının keyfiyyətcə yeni, daha yetkin, məsuliyyətli bir mərhələsinin başlanğıc günüdür. Məktəb direktoru, sinif rəhbəri və fənn müəllimləri tərəfindən 11 il müddətində məzunların əldə etdikləri bilik, bacarıq və uğurlar emosional şəkildə dilə gətilir, fəaliyyətləri təqdir edilir. Məzunlar isə müəllimlərin onlara olan münasibətini, çəkdikləri zəhməti xatırlayır, dəyərləndirir və minnətdarlıq duyğularını ifadə edirlər. 

Professor deyir ki, məzunların ömür boyu xatırlayacağı “Son zəng” sadəcə bir mərasim deyil, ayrılıqla vüsal arasında sanki mənəvi bir körpü, həyatlarında əhəmiyyətli dönüş nöqtəsidir. Bu gün həm də gələcəyə doğru inamlı baxış deməkdir: “Biz məzun olanda “Son zəng”də oğlanların və qızların geyimi sadə, lakin səliqəli və formaya uyğun idi. Məzun günündə qızlar qara paltar üzərinə ağ önlük geyinirdilər. Saçlarına hər iki yandan iri ağ bantlar bağlayırdılar. Oğlanlar isə ağ köynək və tünd rəngli kostyum geyinirdilər. Bu geyim təkcə forma üçün deyil, məsuliyyət, intizam və məktəbə hörmət anlamı daşıyırdı. Məzunların geyimi onların məktəbə və müəllimlərə olan münasibətini və kollektiv düşüncə tərzini əks etdirirdi. Belə yanaşmalar və ənənələr “məktəb ruhu”nu formalaşdırırdı. Məktəblərin həyətində təşkil olunan mərasimlərdə müəllimlərin nitqləri, məzunların təbrik çıxışları və sonuncu dərs zəngi ən yaddaqalan anlar sayılırdı. Məktəb binalarının və sinif otaqlarının sadə şəkildə bəzədilməsi, məktəb formasında olan şagirdlərin iştirak etdiyi bu tədbirlərdə ailələrin əlavə yükə düşməsinə ehtiyac duyulmazdı. Bu tədbirlərin əsas vurğusu birlik, minnətdarlıq və vida hissi idi”.

Müasir dövrdə “Son zəng” tədbirləri çox hallarda sadəlik və səmimiyyət əvəzinə şouya çevrilib

Həmsöhbətimiz təəssüf hissi ilə söyləyir ki, "Son zəng" tədbirlərində əsas diqqət şouya, musiqi və rəqs nömrələrinə yönəlir: “Müasir dövrdə “Son zəng” tədbirləri çox hallarda sadəlik və səmimiyyət əvəzinə şouya çevrilir. Tədbirin keçirilməsi məqsədilə valideynlərdən yüksək məbləğlərdə pul yığılması, restoranların icarəyə götürülməsi yolverilməzdir. Valideynlər arasında bəzən bu xərclərlə bağlı fikir ayrılığı yaranır: bəziləri övladının bu günü unudulmaz keçirməsini istəyir, bəziləri isə iqtisadi çətinliklər səbəbindən iştirakda tərəddüd edir. Bu isə sosial bərabərsizliyi dərinləşdirir və məktəb mühitində süni təbəqələşmə yaradır.

Bəzən şahid oluruq ki, tədbirlər məktəbdə, müəllimlərin və valideynlərin nəzarəti altında deyil, şadlıq saraylarında keçirilir. Bəzi məzunların “Son zəng”i məktəb qaydalarını pozmaq üçün fürsət kimi qəbul etməsi nəticəsində əxlaqi və davranış problemləri yaranır, ictimai qaydalar pozulur. Belə tədbirlər bahalı geyimlərin nümayişinə, müxtəlif musiqi qruplarının yarışına, nəzarətsiz gecə əyləncələrinə çevrilir. Belə şou məclislərinin heç bir əxlaqi, emosional və mənəvi dəyəri olmur. Əslində isə “Son zəng" keçirilməsi məzunların yaddaşında təmtəraqlı olması ilə deyil, mənalı bir xatirə olaraq qalmalıdır”.

Fərrux müəllimin sözlərinə görə, bu tədbirdə məzunların 11 illik təhsil dövründə əldə etdiyi uğurlar, iştirak etdiyi layihələr, müəllim-şagird münasibətləri və kollektivin ortaq xatirələri ya ümumiyyətlə qeyd olunmur, ya da bunlara səthi şəkildə toxunulur. Halbuki bu gün, şagirdlərin keçdiyi yolun dəyərləndirilməsi, müəllimlərin zəhmətinin tanıdılması və məktəb mühitinə təşəkkür bildirilməsi üçün bir fürsətdir. Məzunların təhsil dövrü unudulmamalı, onların fəaliyyətinə dəyər verilməlidir.

“Təmtərağın arxasında mənanı itirməyək”

Fərrux müəllimin fikrincə, “Son zəng” uzun illərdir formalaşmış elə bir məktəb ənənəsidir ki, onun davam etməsi zəruri və vacibdir: “Bəs bunu necə təşkil etmək olar? Düşünürəm ki, “Son zəng” məktəbin binasında, müəllimlərin, dəvət olunan tanınmış ziyalıların və valideynlərin iştirakı ilə təşkil edilməlidir. Bu, həm təhlükəsizlik, həm də nizam-intizam baxımından vacibdir. Tədbirin məktəb binasında, tədris mühitində baş tutması, şagirdlərin və müəllimlərin bir-birinə təşəkkür etməsi, xatirələrin bölüşülməsi əsas məqsəd olmalıdır. Kiçik səhnəciklər, məktəb illərini əks etdirən videoçarxlar, müəllimlərin və valideynlərin qısa çıxışları tədbiri daha emosional və təsirli edə bilər. Həmin gün şagirdlər məktəbin həyətində (və ya xüsusi ayrılmış bir sahədə) xatirə ağacı əkə və ya təhsil müəssisəsinin kitabxanasına kitab hədiyyə verə bilərlər. Bütün əyləncəli və musiqili tədbirlərin iştirakçıları məzunların özləri olmalıdır. Tədbir elə təşkil edilməlidir ki, orada əlavə resurslara (yersiz bər-bəzəyə, musiqi qruplarına, şou nümayəndələrinə, musiqi avadanlıqlarına, restoran xərcələrinə və s.) ehtiyac yaranmasın”. 

Fərrux Rüstəmovun sözlərinə görə, məzunlar dərk etməlidir ki, “Son zəng” sadəcə əyləncə və şəkil çəkdirmə mərasimi deyil, təhsil dövrünün yekunu və yeni bir həyata keçidin başlanğıcıdır: “Hər bir məktəb bu günü öz məzunları üçün mənəvi bir başlanğıca çevirməyi bacarmalıdır. Çünki zəng səsi sonda deyil, yeni başlanğıcda çalınır. “Son zəng”in məzmunu sadə olsa da, mənası dərin olmalıdır. Gəlin, təmtərağın arxasında mənanı itirməyək”.

Şərhlər

Xəbər lenti

16 iyun, 12:37

ADNSU-nun nümayəndə heyəti bp-nin terminalında olub

16 iyun, 12:12

Uşaq Gənclər Basketbol Liqasında mükafatçılar müəyyənləşib

16 iyun, 11:01

Şəfqətli müəllim davranışlarının şagird performansına təsiri

15 iyun, 15:59

Milli Qurtuluşdan Zəfərə: Müstəqil Azərbaycanın yüksəliş yolu

15 iyun, 14:05

BSU-da Elmi Şura iclası keçirilib

15 iyun, 11:38

Səhnə balaca fidanlarındır - Beynəlxalq Muğam Mərkəzindən Reportaj

14 iyun, 18:03

Millət vəkillərinin “Son zəng” təəssüratları

14 iyun, 17:28

Əlləri və baxışları ilə danışan məzunlar – REPORTAJ

14 iyun, 17:19

Xocalıda 33 ildən sonra ilk “Son zəng” çalındı…

14 iyun, 17:05

NDU ilə AMEA arasında Əməkdaşlıq Memorandumu imzalanıb

14 iyun, 16:06

“Son zəng” öyrənməyə son deyil – Vəfa Yaqublu

14 iyun, 15:40

Fərzəli Qədirov Şamaxıda “Son zəng” tədbirində iştirak edib

14 iyun, 15:35

Sağlamlıq imkanları məhdud uşaqların peşə təhsilinə cəlbində yeniliklər olacaq

14 iyun, 15:21

Firudin Qurbanov Qobustanda "Son zəng" tədbirində iştirak edib

14 iyun, 14:35

37 il sonra məzun oldular  

14 iyun, 13:45

Cəbrayılda 32 il sonra çalınan ilk "Son zəng"

14 iyun, 13:41

Mətin Kərimli: Dövlətimiz gənclərimizin ali təhsilə əlçatanlığının artmasına çalışır

14 iyun, 13:29

“İnanırıq ki, işğaldan azad olunmuş ərazilərdəki məzunların sayı artacaq” – Nazir

14 iyun, 13:12

Daha 24 məktəb inklüziv təhsilə cəlb olunacaq

14 iyun, 13:08

Naxçıvanda yeni məktəblər açılacaq

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.