Bütün xəbərlər
17 fevral, 10:10

Zahid Xəlil: “Bu gün Azərbaycanda olan uşaqların yeddi faizi kitab oxuyur. Əvvəllər isə bu, 93 faiz idi.  Mütaliə mədəniyyətdir. Əvvəllər biz avtobusda, metroda kitab oxuyurduq. İndi bu vərdiş yoxdur.  Bu mədəniyyəti qoruyub saxlamaq lazımdır”.

“Biz çox mürəkkəb dövrdə yaşayırıq. Dünya dövlətləri ilə müqayisədə o qədər böyük dövlət deyilik, amma nəhənglər içərisində sayılırıq. Gənclərimiz savadlı olmalıdırlar ki, ölkənin quruculuğuna kömək etsinlər, inkişafına təkan versinlər. Yaxşı mütəxəssis olmaq elə vətənpərvərlikdir”. Uşaq ədəbiyyatının görkəmli nümayəndəsi, filologiya elmləri doktoru, professor Zahid Xəlil “Məktəbdə” qonaq olarkən şagirdlərə dəyərli tövsiyələrini verdi. 

Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə “Kaspi” qəzetinin birgə layihəsi bu dəfə paytaxtdakı 16 nömrəli Texniki-Humanitar Liseyin şagird və müəllimlərini bir araya topladı.

“Özünüzdən böyüklərin söhbətlərinə qulaq asın”

“İnsan ömür boyu öyrənmək istəyir. Yaş etibarı ilə böyük olan, müəyyən həyat və təhsil yolu keçən insanlarla söhbət etmək çox faydalıdır”, - deyə qonaq öz həyat yolundan danışdı: “Mən orta məktəbi qızıl medalla bitirmişəm. Amma tarix fənnini çox pis bilirdim. Bakı Dövlət Universitetində imtahan verəndə bütün imtahanlardan “5” aldım.  Tarix imtahanına az qalmış Yevlaxa qayıtdım. Qatarda İkinci Dünya müharibəsinin iştirakçısı olan bir kişi ilə tanış oldum. O müharibədə iştirakından, sovet ordusunun necə qalib gəlməsindən xeyli danışdı. İmtahana gələndə “gedirəm kəsilməyə, heç nə bilmirəm”, - deyə evdə bildirdim. İmtahanda bilet çəkdim. Sual “Müharibədə qələbəmizin səbəbləri” mövzusu idi. Mən həmin kişinin danışdıqlarını imtahan götürən müəllimə danışdım.  

Xoşuna gəldi və mənə “5” yazdı. Bununla da instituta qəbul oldum. Sonra mən o kişini ömrüm boyu axtardım, ona təzim etmək istəyirdim. Çünki o, həyatımda böyük rol oynamışdı. Ona görə deyirəm ki, özünüzdən böyüklərin söhbətlərinə qulaq asın”. 

Görkəmli pedaqoq ölkəmizdə təhsilin inkişafına da toxundu: “Mən Pedaqoji Universitetdə müəllim kimi fəaliyyətə başlamışam, həyatımın yarım əsrdən artıq bir dövrünü pedaqoji fəaliyyətə həsr etmişəm. Baş müəllim, dosent, kafedra müdiri, dekan işləmişəm. 100-dən çox kitab yazmışam. Mən təhsilimizin inkişafını Elm və Təhsil Nazirliyinin yaxşı fəaliyyətində görürəm. Sovet dövründə nə deyirdilər, onu da edirdik, amma indi müstəqilik, azadıq. Axtarışlar da çoxdur. Elm və Təhsil Nazirliyi “mən öz xalqımın övladlarını hara aparıram” deyə həmişə düşünməlidir. Bu sahədə yaxşı islahatlar gedir.  İndi dünya dəyişib, uşaqlar da inkişaf edir”. 

Yazıçı olmağın çətinliyi

Z.Xəlil uşaq yazıçısı olmağın çətinliyindən söhbət açdı: “Ümumiyyətlə, yazıçı olmaq çətindir. Uşaq ədəbiyyatı deyəndə bəzilərinə çox asan gəlir. Böyük rus tənqidçisi Belinski deyirdi ki, böyüklər üçün yazmağa istedad, uşaqlar üçün yazmağa isə istedad və pedaqoqluq lazımdır. Mən ilk şeirimi orta məktəbdə yazmışdım. Onları çap olunması üçün “Pioner” qəzetinə göndərirdim. Həmişə də cavab yazırdılar ki, bədii cəhətdən zəifdir. 10-cu sinifdə oxuyarkən “Vətənim” şeirini yazdım və rayon qəzetində çap etdilər. Bu, mənim çap olunan ilk şeirim idi. Böyüdükcə Vətənin nə demək olduğunu dərk elədim. Ciddi ədəbiyyatda ilk şeirimi - “Çəmən” şeirini birinci kursda oxuyarkən yazmışam.

Böyüklər üçün də yazırdım. Amma üstünlüyü uşaq ədəbiyyatına verdim. Taleyim elə gətirdi ki mənim uşaq ədəbiyyatım bütün SSRİ-yə yayıldı”. Z.Xəlil qeyd elədi ki, uşaqlarla ünsiyyətdə olmadan uşaq ədəbiyyatı nümunələrini yaratmaq olmaz: “Ömrüm boyu uşaqlarla ünsiyyətdə olmuşam. Onları duymadan yazmaq olmaz. Həmişə nəvələrimlə futbol oynayıram. İçimdəki azadlığı çölə çıxarmışam, azadam. Mən azad olmadan əsərlərimi yaza bilməzdim. Hazırda çox sayda uşaq kitabı nəşr olunur. Amma bu kitabları uşaqlara vermək olmaz”.

Uşaq ədəbiyyatı sahəsindəki problemlər

Yazıçı uşaq ədəbiyyatı sahəsindəki problemlərə də toxundu: “İlk növbədə uşaq ədəbiyyatı ilə bağlı əsərlərin satışı təşkil olunmalıdır. Düzdür, mənim kitablarım satılır, amma  bu, əvvəlki kimi deyil. Moskvada kitabım iki milyon tirajla çap olundu. Hesablanmışdı ki, bu rəqəm bir vaqon kağız deməkdir. Bunun üçün o zamankı SSRİ Nazirlər Sovetinin rəhbəri Nikolay Rıjkova xüsusi məktub yazıb icazə istədilər. O, “bu, uşaqlar üçün lazımdır”, - deyə icazə verdi. 1969-cu ildə SSRİ Nazirlər Soveti  və SovİKP MK uşaq ədəbiyyatı haqda qərar çıxarmışdı. Kitabın pulunun 90 faizini dövlət verməli idi. Başa düşürəm ki, indi dövlətin qayğısı çoxdur. Amma imkanlı təşkilatlar var, onlar bu işə dəstək ola bilərlər”. 

Z.Xəlil mütaliənin uşaqların inkişafında mühüm rol oynadığını qeyd etdi və bu istiqamətdə tövsiyələrini verdi:  “Bu gün Azərbaycanda olan uşaqların yeddi faizi kitab oxuyur. Əvvəllər isə bu, 93 faiz idi. Mütaliə mədəniyyətdir. Əvvəllər biz avtobusda, metroda kitab oxuyurduq. İndi bu vərdiş yoxdur. Bu mədəniyyəti qoruyub saxlamaq lazımdır. Siz dünya ədəbiyyatını mütaliə edin, Mark Tvenin, Andersonun, öz yazıçılarımızın əsərlərini oxuyun. Bu, sizin yaxşı düşünməyinizə, fikirlərinizi mükəmməl ifadə etməyinizə kömək edəcək, məlumatlı olacaqsınız, zövqünüz formalaşacaq”. 

“Bu tarixi bilməlisiniz”

Z.Xəlil Yeni Azərbaycan Partiyasının qurucuları olan “91-lər”in fəaliyyəti ilə bağlı məktəbliləri maraqlandıran tarixi də vərəqlədi: “91-lər”in fəaliyyəti 1991-ci ilə gedib çıxır. O qarışıq dövrdə Azərbaycanı xilas etmək üçün bir liderə ehtiyac vardı. Bu lider ancaq Heydər Əliyev ola bilərdi. Biz bunu başa düşürdük. Heydər Əliyev təfəkkürü Allahın verdiyi elə bir nemət idi ki, biz ondan istifadə etməli idik.  91 ziyalı yığışıb ona müraciət etdik ki, siz Azərbaycana rəhbərlik etməlisiniz. Mən Heydər Əliyevlə 1985-ci ildə Moskvada kitab yarmarkasında tanış olmuşdum. “Nə yaxşı ki, sənin əsərlərin bütün SSRİ də oxunur”, - deyə o, sevinclə mənə bildirmişdi. Ulu Öndər Azərbaycana qayıdandan sonra biz onun ətrafında birləşdik. Həqiqətən də Heydər Əliyev gəlişi ilə Azərbaycanı yenidən xilas etdi. Siz bu tarixi bilməlisiniz”. 


Yazıçı gənclərin vətənpərvər ruhda böyüməsi, ölkəyə layiqli vətəndaş, yaxşı təhsilli mütəxəssis kimi yetişməsi üçün də tövsiyələrini verdi: “Siz yaxşı bir mütəxəssis olsanız, bu, vətənpərvərlikdir. Türkiyədə Səlcuk Bayraktar pilotsuz uçuş aparatları hazırlayıb. Bu, vətənpərvərlikdir. Siz yaxşı oxuyub, peşəkar mütəxəssis kimi yetişsəniz, Vətəninizə fayda verəcəksiniz. Mənim Azərbaycan məktəbinin yetişdirdiyi gəncliyə böyük ümidim var”. 

Mənbə: Kaspi.az

Şərhlər

Xəbər lenti

11 mart, 22:26

Şimali Makedoniyanın Prezidenti Azərbaycanda tələbələrlə görüşəcək

11 mart, 20:58

Şimali Makedoniyanın Prezidenti: Elm sahəsində əməkdaşlığın qurulmasına nail ola bilərik

11 mart, 20:40

Siqaret və içkiyə aludə, mobil asılılıq: Zərərli vərdişlərin fəsadları

11 mart, 20:02

İstedadını incəsənətlə göstərənlər - Qalib şagirdlərlə söhbət

11 mart, 19:00

Uşaqların ekran vaxtının məhdudlaşdırılması onların psixi sağlamlığına təsir edir

11 mart, 18:20

Övladları 1-ci sinfə gedəcək valideynlərin NƏZƏRİNƏ

11 mart, 17:43

Xaricdə təhsil almaq istəyənlər üçün sənəd qəbulunun tarixi yaxın günlərdə açıqlanacaq

11 mart, 17:27

“Müasir metodist” müsabiqəsinin müsahibə mərhələsinə başlanılıb

11 mart, 17:25

Xaricdə doktorantura təhsili üçün tələb olunan sənəd sayı azaldılıb

11 mart, 17:13

Türkiyədə doktorantura təhsili üçün təqaüd imkanı

11 mart, 16:40

İmtahandan üzü qara çıxanlar - Onlara münasibət necə olmalıdır?

11 mart, 16:36

Rektor: Dünyanın tanınmış univesitetlərinin təcrübəsi əsasında ixtisaslaşmaların yeni siyahısı hazırlanır

11 mart, 16:36

“Korrupsiyaya qarşı mübarizə” mövzusunda görüş keçirilib

11 mart, 16:15

Texniki, texnoloji və Xüsusi təyinatlı ixtisaslar üzrə qrupun iclası keçirilib

11 mart, 16:02

“Müasir metodist” müsabiqəsinin müsahibə mərhələsinə başlanılıb

11 mart, 15:42

Paytaxtda məktəblərin mikroəraziləri ilə bağlı 1630 müraciət cavablandırılıb

11 mart, 15:13

Şagirdlərimizin uğuru bizi daha da həvəsləndirir” – MÜSAHİBƏ 

11 mart, 15:00

Aqrar sahə üzrə yeni təhsil proqramlarının hazırlanması üçün müzakirələrə başlanılıb

11 mart, 13:52

Buraxılış imtahanlarının tarixləri dəyişdirilsinmi?

11 mart, 13:43

UNEC-in 95 illik yubileyinə həsr olunan TEDx konfransı keçirilib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.