Bütün xəbərlər
11 iyul, 17:21

Bu il Lənkəran şəhəri 6 nömrəli Texniki-riyaziyyat təmayüllü liseyin 9 “a” sinfi buraxılış imtahanlarında qazandığı uğurla məktəbin və bütövlükdə regionun fəxrinə çevrilib. Sinfin 21 şagirdindən 19-u buraxılış imtahanında 200 baldan yüksək nəticə göstərib, 9 nəfər isə qırmızı attestata layiq görülüb.

Bu yüksək göstərici, əlbəttə ki, təsadüfi deyil. Onun arxasında uzun illərin məqsədyönlü fəaliyyəti, fədakar müəllim əməyi, valideyn dəstəyi və şagirdlərin əzmi dayanır.

9A sinfinin rəhbəri, biologiya müəllimi Sədaqət Abdullayeva ilə söhbətimizdən məlum olur ki, bu uğurun kökündə sadəcə dərs deyil, həm də insani münasibətlərin düzgün qurulması dayanır:

“Ən böyük məqsədim hər bir şagirdi şəxsiyyət kimi dəyərləndirmək və onları öz potensialına inandırmaq idi. Mənə xoş təsir edən hallardan biri o idi ki, tənəffüs zamanı daim bir şagird digərinə həvəslə tapşırıq izah edirdi”.

Görünür ki, Sədaqət müəllim üçün bu nəticə təəccüblü deyil. O deyir ki, bu sinfə 5-ci sinifdən rəhbərlik edir. Həmin vaxtdan şagirdlərinin öyrənmə tərzlərini fərdi şəkildə analiz edib, hər birinə uyğun yanaşma tətbiq edib: 

“Sinifdə rəqabət deyil, əməkdaşlıq və dəstək mühüm rol oynayırdı. Hər bir şagirdə sanki bir ailə üzvü kimi yanaşmaq, onlara güvən aşılamaq bu uğurların təməlini təşkil etdi. Məncə, bu mühiti yaratmaq üçün müəllimin özü də nümunəvi bir rolda olmalıdır”.

“Mən bu nəsildən çox ümidliyəm”

9 “a” sinfinin şagirdlərinin uğurları yalnız buraxılış imtahanları ilə məhdudlaşmır. Sinifin şagirdlərindən biri Ümid Əlizadə coğrafiya üzrə ikiqat qızıl medalçı olub və üçüncü medala da iddialıdır. Ülvi Ramazanov informatika fənni üzrə olimpiadada qızıl medal qazanıb. Mələk İbrahimova və Zülfüqar Mirzəzadə Oksford Universitetinin COP-29 çərçivəsində keçirilən beynəlxalq ekoloji layihə müsabiqəsində uğurla iştirak edərək sertifikata layiq görülüblər. Kənan Əliyev xüsusi rəsm bacarığı ilə fərqlənir, müxtəlif təsvirləri ilə müsabiqələrdə iştirak edir. Bu siyahını uzatmaq mümkündür, çünki sinfin demək olar ki, hər bir şagirdi hansısa sahədə fəallığı ilə seçilir.

Əlbəttə, bu nəticələrin arxasında güclü müəllim dəstəyi ilə yanaşı, məktəb rəhbərliyinin rolu da mühümdür. Sədaqət müəllim şagird uğurunun arxasında “məktəb üçbucağı”nın dayandığını xüsusi vurğulayır. Şagirdlərlə işin təşkilində yaranan sualların ən doğru cavabını məktəbimizin direktoru Akif Xaliqovdan alırıq. Valideynlərimiz bizim uğur yolumuzda ən böyük faktordur. Hər bir valideyni məktəb və şagirdin səmərəli fəaliyyətinə inandırmaq, şagirdləri istiqamətləndirmək müəllimin, məktəbin ən böyük işidir. Biz bu qüvvənin gücünü hər dəfə artırmağa çalışırıq. Əməkdaşlığımız daimi ünsiyyət və səmimiyyət üzərində qurulub”.

“Bu uğur mənim üçün sadəcə bir başlanğıcdır”

Haqqında söhbət açdığımız sinfin ən yüksək nəticə göstərən şagirdi Mələk İbrahimova buraxılış imtahanında 295 bal toplayıb. O, qazandığı uğuru sadəcə bir başlanğıc hesab edir:

“Məqsədimi dəqiq müəyyən etmişdim və ona uyğun planlı şəkildə hazırlaşırdım. Mövzuları əsasən testlər üzərində öyrənirdim, bu mənə imtahan vərdişi qazandırırdı. Ən vacibi isə davamlılıq idi, yəni bir gün oxuyub, bir gün fasilə vermirdim. Bu uğur mənim üçün sadəcə bir başlanğıcdır. Qarşıdakı illər üçün daha böyük məqsədlərim var”.

Ağıllı, nizamlı və pozitiv bir gənc kimi Mələk boş vaxtlarında kitab oxumağı, musiqi dinləməyi, idmanla məşğul olmağı və təbiətdə vaxt keçirməyi sevir. Öz üzərində çalışmaq və daim yeniliklər öyrənmək onun həyat tərzidir. Mələk həm ailəsinin, həm də müəllimlərinin dəstəyini hər an hiss etdiyini, lakin ən böyük motivasiyanı öz məqsədlərindən aldığını deyir. O, I ixtisas qrupu üzrə hazırlaşır və ADA Universitetində təhsil almağı qarşısına məqsəd qoyub:
“Mən riyaziyyat və kompüter elmlərinə maraq göstərirəm. Məqsədim ADA Universitetinə qəbul olmaqdır. Gələcəkdə bu sahədə ixtisaslaşaraq həm sevdiyim işlə məşğul olmaq, həm də cəmiyyətə fayda vermək istəyirəm”.

Şərhlər

Xəbər lenti

26 avqust, 19:55

ADNSU-nun təşkilatçılığı ilə Rumıniyada keçirilən beynəlxalq elmi konfrans başa çatıb

26 avqust, 17:13

Taleh Şahsuvarlı: Ali məktəblərimiz Şərqi Avropanın bir çox universitetindən daha yaxşı təhsil verir

26 avqust, 17:08

"Planım şəxsi hüquq büromu qurmaqdır” – Sosial şəbəkədə məşhurlaşan gənc

26 avqust, 16:28

Günün mübarək, doğma Laçın!

26 avqust, 16:08

4 universitetə qəbul oldu, amma… 

26 avqust, 15:40

Fərid Pərdəşünas: Qəbul olmayanlara reallıqdan uzaq təsəllilər verilir

26 avqust, 15:22

Professor Zahid Məmmədov beynəlxalq yubiley medalı ilə təltif olundu

26 avqust, 15:11

Lisey və gimnaziyalara II mərhələ seçimlərinə start verilib

26 avqust, 14:25

Gədəbəydən olan qardaşlar eyni universitet və ixtisasa daxil oldular 

26 avqust, 14:16

“Təhsilin yaşı yoxdur, istəyim oxumaq və savadımı artırmaqdır” – 55 yaşlı tələbə

26 avqust, 12:49

Müəllim təbiətə bağlıdırsa…

26 avqust, 12:45

Ötən tədris ilində Azərbaycana 7 mindən çox əcnəbi tələbə gəlib

26 avqust, 12:44

Müəllim sinifdə müəllim olar

26 avqust, 12:43

Xarici ölkə prokurorluqlarının nümayəndələri Qarabağ Universitetində olublar

26 avqust, 12:38

Azərbaycan alimləri dünyada ilk dəfə fitoplazmalar arasında rekombinasiyanı aşkar ediblər

26 avqust, 12:22

Mingəçevir məktəbinin bir sinfinin bütün şagirdləri tələbə oldu

26 avqust, 12:15

Milli Müdafiə Universiteti tələbə qəbulu elan edir

26 avqust, 12:02

Azərbaycanda “robot tyutor” hazırlanır

26 avqust, 12:00

Bu ölkələrin vətəndaşları Azərbaycan kolleclərində təhsil alırlar

26 avqust, 11:57

Əkizlərin uğuru: Bacı-qardaş eyni vaxtda tələbə oldu

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.