
Son 4 ildə ümumi təhsildə dərs keyfiyyətinin artırılması məqsədilə həyata keçirilən keyfiyyət monitorinqlərinin nəticələri açıqlanıb.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri bu gün keçirilən “2025–2026-cı tədris ili: yeniliklər və hədəflər” adlı tədbirdə Təhsil İnstitutunun direktoru səlahiyyətlərini müvəqqəti icra edən, elm və təhsil nazirinin müşaviri Elnur Əliyev səsləndirib.
O bildirib ki, Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi bu monitorinqlər yalnız dərs prosesini deyil, məktəbin idarə olunması, ümumi mühiti və şagird davranışlarını da əhatə edir. Lakin bu təqdimatda əsas diqqət dərs keyfiyyəti ilə bağlı toplanmış məlumatlara yönəlib.
"Son 4 il ərzində 400 məktəbdə 17 300 dərs dinlənilib və bu dərslərlə bağlı sistemli məlumat bazası formalaşdırılıb. Monitorinqlər, əsasən, ibtidai və ümumi orta təhsildə Azərbaycan dili, riyaziyyat, ingilis dili və digər fənləri əhatə edib.
Dərs dinləmələr 5 əsas meyar üzrə aparılıb:
1. Müəllimin dərsə hazırlıq səviyyəsi;
2. Şagirdlərin dərsdə aktiv iştirakı;
3. Dərs vaxtı və resurslardan səmərəli istifadə;
4. Dərsin bacarıq və səriştə formalaşdırması;
5. Formativ qiymətləndirmənin effektivliyi.
Toplanmış məlumatlar hazırda təhsil sahəsində qərarların verilməsi üçün əsas mənbə kimi istifadə olunur”.
Onun sözlərinə görə, dinlənilən hər 10 dərsdən 7-də tədrisin keyfiyyəti zəif olub: “Hər 10 dərsdən 3-də müəllimlər vaxt və resurslardan səmərəli istifadə ediblər. Müəllimlər adətən öyrənmə bacarığı yuxarı olan bir neçə şagirdlə işləyir, digərləri diqqətdən kənarda qalır. Dərslərdə diferensial yanaşmanın tətbiqi müşahidə olunmur. Şagirdlərin çoxu dərslərdə passiv dinləyici kimi iştirak edir. Müəllimlər qiymətləndirmənin üsul və vasitələrindən istifadə edərək şagirdlərin irəliləyişin izləmir”.
E.Əliyev həmçinin qeyd edib ki, hər 10 dərsdən 7-də formativ qiymətləndirmə düzgün aparılmır: “Müəllimlərin formativ qiymətləndirmənin mahiyyəti barədə anlayışları məhduddur. Çox hallarda formativ qiymətləndirmə məktəbli kitabçasında səviyyə və ya qiymət yazmaq kimi anlaşılır. Qiymətləndirmələr meyarlara uyğun aparılmır”.
O əlavə edib ki, müəllimlər qiymətləndirmənin üsul və vasitələrindən istifadə edərək şagirdlərin irəliləyişini izləmir: “Nəticədə şagirdlərin çətinlik çəkdiyi məqamlar müəyyənləşdirilmir. Şagirdlərə əsasən fərdi rəy verilmir və ya verilən rəylər şagirdlərə faydalı olmur”.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər