
Ümumi təhsil müəssisələrində tədrisi nəzərdə tutulan xarici dil (dillər) ingilis, alman, fransız, rus, ərəb və fars dilləri arasından seçilir. Tədris dilindən asılı olmayaraq, bütün ümumi təhsil müəssisələrində xarici dilin tədrisi I sinifdən başlanır.
"Azərbaycan müəllimi" xəbər verir ki, bu, elm və təhsil naziri Emin Əmrullayevin əmri ilə təsdiqlənən "Ümumi təhsil müəssisələrinin 2025-2026-cı tədris ili üçün tədris planlarının təsdiqi barədə" tədris planlarına dair qeydlərdə öz əksini tapıb.
Məlumata görə, tədrisi I sinifdən başlanan xarici dil şagirdin ümumi təhsil müəssisəsində öyrəndiyi əsas xarici dil hesab edilir. Xarici dilin (dillərin) tədrisi üçün müəssisədə müvafiq pedaqoji kadr potensialının olması zəruri şərt hesab edilir. Bir neçə xarici dil tədris olunan ümumi təhsil müəssisəsində övladı üçün müvafiq xarici dil onun valideyni və ya digər qanuni nümayəndəsi tərəfindən seçilir.
Valideynlərin və ya digər qanuni nümayəndələrin seçimi ilə bağlı zərurət yaranarsa, eyni sinifdə iki xarici dil qrupu təşkil oluna bilər. Bu halda aşağıdakılar nəzərə alınmalıdır:
– Həmin sinfin 2 qrupa bölünməsi;
– Bu qrupların dil seçiminə görə bərabər şagird sayı, yaxud qismən az say fərqi ilə komplektləşdirilməsi;
– Ümumi təhsil müəssisəsində həmin xarici dillərin hər biri üzrə ən azı iki nəfər müəllimin olması.
İkinci xarici dil tədris Azərbaycan dilində aparılan ümumi təhsil müəssisələrində V-XI, tədris digər dillərdə aparılan ümumi təhsil müəssisələrində X-XI siniflərdə tədris olunur. Müvafiq pedaqoji kadr potensialı olduğu halda, ikinci xarici dilin tədrisindən və öyrənilməsindən imtina olunması yolverilməzdir.
İkinci xarici dilin tədrisini təmin etmək məqsədilə əməkhaqqı mövcud qaydada ödənilməklə digər təhsil müəssisələrindən müəllim dəvət oluna bilər.
I və V siniflərdən başlayaraq tədris edilən xarici dillərin növbəti siniflərdə dəyişdirilməsinə yol verilmir.
Əsas xarici dil tədris olunan, lakin ikinci xarici dil tədris edilməyən ümumi təhsil müəssisələrində ikinci xarici dilə ayrılan saat (saatlar) əsas xarici dilin öyrənilməsinə verilir.
– Xarici dil (dillər) üzrə müvafiq pedaqoji kadr potensialı olmadığı halda, əsas və ikinci xarici dillərə ayrılan saatlar aşağıdakı fənlərin tədrisinə verilir:
ibtidai siniflərdə tədris dilinin;
– Tədris Azərbaycan dilində aparılan V siniflərdə hər birinə 1 (bir) saat olmaqla tədris dilinin, riyaziyyat və informatika fənlərinin, tədris digər dillərdə aparılan V siniflərdə tədris dilinin və riyaziyyat fənninin;
– Tədris Azərbaycan dilində aparılan VI-IX siniflərdə hər birinə 1 saat olmaqla tədris dilinin, riyaziyyat, informatika və Azərbaycan tarixi fənlərinin, tədris digər dillərdə aparılan VI-IX siniflərdə tədris dilinin, riyaziyyat və informatika fənlərinin;
– X-XI siniflərdə hər birinə 1 saat olmaqla tədris dilinin, riyaziyyat, kimya, fizika, coğrafiya və Azərbaycan tarixi fənlərinin.
Qeyd olunan fənlər üzrə ümumi təhsil müəssisəsində ixtisaslı müəllim olmadıqda, nəzərdə tutulan saat (saatlar) pedaqoji şuranın qərarına əsasən digər fənnin (fənlərin) tədrisinə verilir.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər