
Mingəçevir Dövlət Universiteti (MDU) artıq təkcə regionun deyil, bütövlükdə Azərbaycanın ali təhsil məkanında fərqlənən bir mərkəzə çevrilməkdədir. Son dövrlərdə universitetin tədris keyfiyyətinin yüksəldilməsi, beynəlxalq əməkdaşlıqların genişləndirilməsi, sənaye ilə sıx inteqrasiya, tələbəyönümlü innovativ layihələr və müasir infrastrukturun qurulması istiqamətində həyata keçirilən addımlar MDU-nun gələcək baxışını aydın şəkildə ortaya qoyur. Bu gün MDU qarşısına qoyduğu hədəflərlə yalnız təhsil müəssisəsi deyil, həm də elm, innovasiya və sosial inkişafın aparıcı mərkəzlərindən biri olmağa iddialıdır. Universitetin rektoru Anar Eminovla söhbətimizdə hazırkı fəaliyyət prioritetləri və gələcək planlar barədə ətraflı məlumat aldıq.
– MDU artıq bir neçə aydır ki, dövlət və özəl sektorlarla yeni əməkdaşlıq əlaqələri qurur. Sözügedən əməkdaşlıqlardan gözləntiləriniz nələrdir?
– Son dövrlərdə həm yerli, həm də beynəlxalq təşkilatlarla əməkdaşlıqlarımızı genişləndirərək fəaliyyət sahələrimizi elm, təhsil, iqtisadi və sosial istiqamətlərdə inkişaf etdiririk. Əsas hədəf və məqsədimiz tədrisin keyfiyyətinin yüksəldilməsidir. Tələbələrimizin keyfiyyətli təhsil almaları üçün tədris proqramlarımızı beynəlxalq standartlara, həmçinin sənayeyə uyğunlaşdırır, tələbələrimizin nəzəri biliklərini təcrübədə tətbiq etmələri üçün imkanlar yaradır, əmək bazarının tələblərinə uyğun kadr hazırlığı üçün lazım olan prosedurları tətbiq edirik.
Bununla yanaşı, universitetin elmi və akademik potensialının gücləndirilməsi də bizim üçün prioritetdir. Elmi tədqiqatlarımızın beynəlxalq səviyyədə tanınması, nüfuzlu elmi jurnallarda dərc olunması, həmçinin konfrans və layihələrdə fəallığın artırılması üçün komanda şəklində çalışırıq.
Universitet-sənaye əlaqələrinin inkişafı MDU üçün böyük önəm daşıyır. Yerli və xarici şirkətlərlə, o cümlədən Azərbaycan-Türkiyə İş Adamları Birliyi (ATİB) ilə birgə layihələrin həyata keçirilməsi, startap və innovasiya təşəbbüslərinə dəstək verilməsi, universitet-sənaye və biznes sektorları ilə əlaqələrimizin möhkəmləndirilməsi bu istiqamətdə atılan addımların bariz göstəricisidir.

MDU sosial və mədəni fəaliyyətlərə də xüsusi önəm verir. Gənclər və cəmiyyət üçün sosial layihə, seminar, forum və festivallar təşkil edərək universitetin ictimaiyyətlə əlaqələrini və nüfuzunu artırırıq.
Ümumilikdə, beynəlxalq əməkdaşlıqlar vasitəsilə xarici universitet və təşkilatlarla əlaqələrimizi genişləndirir, tələbə və müəllim mübadiləsini təmin edir, turizm, mədəniyyət və dil sahələrində əməkdaşlığı gücləndiririk. Bu əməkdaşlıqlar MDU-nun elm-tədris imkanlarını genişləndirmək, tələbə və müəllim heyətinin peşəkarlığını artırmaq və beynəlxalq nüfuzunu yüksəltmək məqsədini daşıyır.
– Yaxın illərdə tədrisin keyfiyyətinin artırılması istiqamətində hansı yeniliklər gözlənilir?
– Bu gün artıq dərsin auditoriyada keçirilməsi kifayət etmir. Tələbələr müasir texnologiyalarla işləməyi, innovativ düşünməyi, komanda şəklində fəaliyyət göstərməyi və ən əsası, praktik bacarıqlara yiyələnməyi bacarmalıdırlar. Bu, onların gələcək karyera inkişafı üçün mühüm şərtlərdəndir. Xarici universitetlərin təcrübəsindən yararlanmaq tələbələrimizin dünyagörüşünü inkişaf etdirir və onları qlobal əmək bazarında daha rəqabətqabiliyyətli edir.
Biz tələbələrimiz üçün sağlam, təhlükəsiz və ekoloji baxımdan dayanıqlı bir mühit yaratmağa çalışırıq. Bunun üçün MDU-da “Yaşıl kampus” təşəbbüsünə start verilib. Bu həm təhsil prosesinə yeni bir nəfəs gətirir, həm də gənclərdə ekoloji məsuliyyət hissini gücləndirir.
MDU-nu müasir düşüncəli, elmi və praktiki bilikləri özündə birləşdirən, tələbəyönümlü bir ali təhsil ocağına çevrilməkdədir. İstəyirik ki, burada təhsil alan hər bir gənc yalnız diplomla yox, həm də gələcəyə inamla məzun olsun.
– Tədris proqramlarının əmək bazarının tələblərinə uyğunlaşdırılması istiqamətində hansı yeniliklər həyata keçirilir?
– Bu gün əmək bazarının dinamikası çox sürətlə dəyişir və universitetlərin ən böyük vəzifəsi həmin dəyişikliklərə çevik reaksiya verməkdir. Bu dəyişikliklərlə ayaqlaşmaq üçün son illərdə sənaye nümayəndələri ilə mütəmadi görüşlər keçiririk və onların təkliflərini birbaşa tədris planlarına daxil edirik. Bu, ixtisas proqramlarımızın daha praktik və müasir olmasına şərait yaradır. Eləcə də ixtisas dərslərinin bir qismi sənaye nümayəndələrinin iştirakı ilə aparılacaq.
Eyni zamanda, tələbələrimizin müəssisələrdə praktik məşğələlərdə iştirakı genişlənib. Bank sektoru, sığorta şirkətləri və sənaye müəssisələri ilə əməkdaşlıq sayəsində tələbələr real iş mühitində bacarıqlar qazanır, hətta təhsillə yanaşı, iş təcrübəsi də əldə edirlər. Bu gün artıq bəzi fakültələrimizdə tələbələr həftənin bir gününü birbaşa müəssisələrdə keçirir, gördükləri işləri isə dərs prosesində müzakirə edirlər.
Bütün bu yeniliklərin bir məqsədi var – universiteti bitirən gənc əmək bazarının tələblərinə cavab verən mütəxəssis olsun. Biz inanırıq ki, əmək bazarı ilə əməkdaşlıq yalnız bu günün deyil, gələcəyin də tələblərinə cavab verəcək.
– Təkrar ali təhsil, magistratura və doktorantura proqramlarının genişləndirilməsi ilə bağlı universitetin konkret planları varmı?
– Təkrar ali təhsil, magistrastura və doktorantura proqramlarının təkmilləşdirilməsi məqsədilə yeni Ömürboyu Təhsil Məktəbi və Yüksək Təhsil İnstitutunun yaradılması nəzərdə tutulub. Məktəb artıq Elmi Şuranın qərarı ilə yaradılıb.
Yeni qəbul olunmuş magistr tələbəbləri üçün bütün proqramların yenilənməsi yekunlaşıb.
“Hibrid tədris modelləri, virtual laboratoriya və interaktiv simulyasiyaların tətbiqi nəzərdə tutulur”
– Müasir texnologiyaların tədris prosesinə inteqrasiyası universitetdə necə tətbiq olunur? Bu sahədə yaxın gələcək üçün hansı yeniliklər nəzərdə tutulur?
– Hazırda MDU-da, demək olar ki, bütün auditoriyalar kompüterləşdirilib və tələbələr dərslərdə interaktiv resurslardan istifadə edə bilirlər. “Digital Edu” platforması vasitəsilə tələbələr elektron dərs materiallarına, testlərə və tapşırıqlara çıxış əldə edir, müəllimlər isə dərsləri idarə edir və qiymətləndirmə aparırlar.
Gələcəkdə tələbələr həm nəzəri, həm də praktik bacarıqlarını müasir standartlara uyğun inkişaf etdirmələri üçün hibrid tədris modelləri, virtual laboratoriya və interaktiv simulyasiyaların tətbiqi nəzərdə tutulur. Bunun üçün daha yeni və müasir avadanlıqların gətirilməsi prosesi artıq başlayıb.
.jpeg)
– MDU-nun tələbələrinin praktiki bacarıqlarının inkişafı necə təmin olunur? Bu sahədə ümumi yanaşmanız nədən ibarətdir?
– Yanaşmamız çox aydındır: universitetdə verilən biliklərlə istehsalatda tələb olunan bacarıqlar arasında körpü yaratmaq. Məsələn, Azərbaycanın ən böyük enerji obyektlərindən olan “Azərbaycan İES” ilə tərəfdaşlıq nəticəsində mühəndislik ixtisaslarında təhsil alan tələbələrimiz birbaşa istehsalat prosesində iştirak edir, real layihələr üzərində işləyirlər. Eyni qaydada bank və sığorta sahəsində əməkdaşlıqlar çərçivəsində tələbələrimiz maliyyə menecmenti, risklərin idarə olunması və müştəri xidmətləri üzrə biliklərini praktik olaraq möhkəmləndirirlər. Bunun üçün yaxın bir ayda 3-4 yeni əməkdaşlıq memorandumu imzalanacaq.
Bizim yanaşmamız təkcə təcrübə proqramları ilə məhdudlaşmır. Tərəfdaş müəssisələrin mütəxəssisləri universitetdə mühazirələr oxuyur, seminarlar keçirir, hətta bəzi fənlər üzrə dərs prosesinə qoşulurlar.
İnanırıq ki, məhz bu inteqrasiya gənclərimizi gələcəyin uğurlu mütəxəssislərinə çevirəcək.
“İllərdir formalaşmış bir stereotip var: sanki keyfiyyətli təhsil yalnız paytaxtda mümkündür”
– Müəllim heyətinizin pedaqoji bacarıqlarını və xarici dil biliklərini necə qiymətləndirirsiniz? Müəllimləriniz müasir tələbələrin marağına, tələbinə uyğun dərs keçə bilirlərmi?
–Müəllim heyətimizin pedaqoji bacarıqlarının artırılması və xarici dil biliklərinin inkişafı hər zaman diqqətimizdədir.
Hazırda “British Council” tərəfindən MDU-nun əməkdaşları üçün təşkil olunan ingilis dili kursları təkcə müəllimlər üçün deyil, bütün akademik və inzibati heyət üçün nəzərdə tutulub. 40 əməkdaşımız təkmilləşdirmə keçəcək. Yeni tədris ilindən isə xarici dil müəllimliyinə qəbul olan tələbələrin səviyyə təsbiti olacaq, daha sonra tələbələr müvafiq qruplara bölünərək tədris alacaqlar. Səviyyə imtahanı “Cambridge Assessment”in rəsmi tərəfdaşı olan “İTAC” MMC vasitəsi ilə həyata keçiriləcək. Müəllim heyəti artıq “Cambridge Assessment” imtahanından keçərək sertifikatlaşdırılıb, bu da onların peşəkarlığını və tədrisdə keyfiyyətini təsdiqləyir.
Artıq Kembric Universitetinin istifadə etdiyi bütün dərs vəsaitləri universitetimiz tərəfindən sifariş verilib. Hesab edirəm ki, yeni tədris ilində bunu edə biləcəyik.
– Adətən, region abituriyentlərinin bir qismi paytaxt universitetlərini daha nüfuzlu hesab etdiyi üçün onlara maraq göstərir. Region ali məktəbləri ilə bağlı belə fikirləri müsbət istiqamətdə dəyişmək üçün MDU hansı addımları atır?
– Doğrudur, bu gün region universitetlərinin əsas çağırışlarından biri onların nüfuzunun artırılması və ictimai etimadın gücləndirilməsidir. Çünki illərdir formalaşmış bir stereotip var: sanki keyfiyyətli təhsil yalnız paytaxtda mümkündür. Biz MDU-da bu yanaşmanı dəyişmək üçün ardıcıl və məqsədyönlü addımlar atırıq.
Əvvəlcə, universitetin idarəçiliyində şəffaflıq prinsiplərini önə çəkmişik və bu istiqamətdə işləri davam etdiririk. Hər bir qərarın tələbə və müəllimlərin iştirakı ilə müzakirə olunması, fəaliyyətimizin ictimaiyyətə açıq şəkildə təqdim olunması universitetə olan inamı tədricən gücləndirir.
Eyni zamanda, universiteti yalnız təhsil müəssisəsi yox, regionun sosial-mədəni mərkəzinə çevirmək üzərində işləyirik. Elmi konfransların, mədəniyyət festivallarının, könüllülük layihələrinin və idman tədbirlərinin mütəmadi keçirilməsi MDU-nun ictimai nüfuzunu daha da möhkəmləndirir.
Bununla yanaşı, tələbələrimizin qazandığı uğurlar da universitetin imicinin formalaşmasında mühüm rol oynayır. Onların respublika və beynəlxalq müsabiqələrdə, startap və innovasiya layihələrində əldə etdikləri nəticələr hər il daha geniş auditoriyaya çatır və MDU-nun imicini yüksəldir.
Hazırda qəbul balımızda müsbət dinamikanın müşahidə olunması və universiteti seçən abituriyentlərin coğrafiyasının genişlənməsi bu prosesin davam etdiyini göstərir. Hədəfimiz odur ki, MDU təkcə regionda deyil, ümumilikdə, ölkənin ali təhsil sistemində nüfuzlu və qabaqcıl universitetlərdən birinə çevrilsin.
– Özbəkistan və digər xarici universitetlərlə qurulan əməkdaşlıqların əsas məqsədləri nədən ibarətdir? Bu istiqamətdə görülən yeni işlər barədə məlumat verə bilərsinizmi?
– Özbəkistan və digər xarici universitetlərlə əməkdaşlığın əsas məqsədi elm və ali təhsil sahəsində təcrübə mübadiləsini gücləndirmək, birgə layihələr həyata keçirmək və tələbələr üçün beynəlxalq təhsil imkanlarını genişləndirməkdir.
Bu istiqamətdə görülən yeni işlərdən biri kimi Azərbaycan və Özbəkistan arasında ali təhsil əməkdaşlığının inkişafı məqsədilə 25-27 may 2025-ci il tarixində keçirilən “Study in Azerbaijan” sərgisində MDU-nun iştirakı xüsusi əhəmiyyət kəsb edir.
Universitetin bu sərgidə iştirakı qarşılıqlı əlaqələrin möhkəmləndirilməsi, beynəlxalq əməkdaşlığın yeni mərhələyə qədəm qoyması və MDU-nun beynəlmiləlləşmə strategiyasına verdiyi önəmin göstəricisi kimi qiymətləndirilir.

– MDU-nun hazırkı tələbə kontingenti necədir? Əcnəbi tələbələrin bu universitetə marağı necədir?
– Hazırda MDU-nun beş mindən çox tələbə kontingenti var və bu il daha 1500-dən çox yeni tələbənin universitet ailəsinə qoşulacağı gözlənilir. Bu dinamika bir tərəfdən MDU-da təhsil almağa artan marağın göstəricisidirsə, digər tərəfdən də region universiteti kimi inkişafını nümayiş etdirir.
Bizim tələbə kontingentimiz Azərbaycanın bütün bölgələrini əhatə edir. Bu baxımdan MDU təkcə Mingəçevir və ətraf rayonların deyil, ümumilikdə ölkənin gəncləri üçün açıq bir ali təhsil məkanına çevrilib. Əlbəttə, burada xüsusilə Mərkəzi Aran, Qarabağ və Şəki–Zaqatala iqtisadi rayonlarından olan gənclərin üstünlük təşkil etməsi təsadüfi deyil. Çünki universitetin həm tədris proqramları, həm də sosial mühiti bu bölgələrin gənclərinin inkişafına birbaşa xidmət edir. Bu isə həm regionların sosial-iqtisadi inkişafına dəstək verir, həm də gənclərin doğma bölgələrində keyfiyyətli təhsilə çıxış imkanlarını genişləndirir.
Əcnəbi tələbələrlə bağlı sualınıza gəlincə, bu gün sözügedən istiqamətdə məqsədyönlü işlər görülür. Artıq beynəlxalq əməkdaşlıqlar genişləndirilir, xarici ali məktəblərlə ikili diplom və mübadilə proqramları müzakirə olunur, tədrisin məzmunu beynəlxalq standartlara uyğunlaşdırılır. İnanırıq ki, yaxın illərdə MDU təkcə Azərbaycan gəncləri üçün deyil, həm də əcnəbi tələbələr üçün maraqlı ali təhsil ünvanına çevriləcək. Biz qarşımıza qoyduğumuz hədəflərə doğru inamla irəliləyirik.
“Təhsil haqlarındakı dəyişiklik sırf əlavə gəlir əldə etmək üçün deyil”
– Bu il bir çox universitetlər, o cümlədən MDU təhsil haqlarını artırıb. Artıma səbəb nə idi?
– Əvvəlcə qeyd edim ki, hər hansı artım qərarı bizim üçün asan deyil. Biz yaxşı anlayırıq ki, bu mövzu hər bir ailə üçün həssas məsələdir. Ancaq təhsil haqlarındakı dəyişiklik sırf əlavə gəlir əldə etmək üçün deyil, daha yüksək keyfiyyətli təhsili təmin etmək üçün atılmış zəruri addımdır. Lakin bu il çox az artım nəzərdə tutulub.
Son illər universitetin inkişafı istiqamətində böyük işlər görülür: yeni ixtisasların açılması, beynəlxalq əməkdaşlıqlar, tədris laboratoriyalarının yenilənməsi, müəllim və inzibati heyətin sosial rifahının yaxşılaşdırılması. Bütün bunlar ciddi maliyyə vəsaiti tələb edir. Üstəlik, əməkhaqqı artımı və digər xərclər də reallıqdır. Biz çalışırıq ki, bu xərclərin yükü təhsil keyfiyyətinə mənfi təsir etməsin.
Bu artım bizə imkan verir ki, həm müəllimlərimizi daha layiqli əməkhaqqı ilə təmin edək, həm də tələbələrə beynəlxalq standartlara cavab verən şərait yaradaq. Ən əsası isə biz bu addımı tələbələrimizin gələcəyinə sərmayə kimi görürük.
– Bu il “Kimya müəllimliyi” ixtisası üzrə tələbə qəbulunun dayandırılmasına səbəb nədir?
– Bunu təkcə mənfi hal kimi görməmək lazımdır. Əslində bu, universitetin təhsil proqramlarına strateji baxışının bir hissəsidir.
Keçən il biz “Kimya-biologiya müəllimliyi” ixtisasını açdıq və bu, çox vacib bir yenilik idi. İxtisas həm kimya, həm biologiya sahələrini birləşdirir, həm də gələcəyin müəllimlərini daha geniş perspektivli, çevik və praktik bacarıqlara malik şəkildə hazırlamağa imkan verir.
Yəni sadəcə “Kimya müəllimliyini” dayandırmaq yox, onun yerinə tələbələrə daha çox imkan yaradan, müasir tələblərə cavab verən bir proqram təqdim etmək məqsədilə atılmış addımdır.
“Rəqəmsal texnologiyalar, süni intellekt, kibertəhlükəsizlik, data analitikası, yaşıl enerji, logistika və turizm menecmenti kimi sahələr üzrə kadr hazırlığının genişləndirilməsi nəzərdə tutulur”
– Hansı yeni ixtisaslar üzrə kadr hazırlığının aparılması prioritetdir?
– MDU olaraq kadr hazırlığını çoxşaxəli etmək universitetin əsas strateji hədəflərindəndir. Əmək bazarının dəyişən tələblərinə uyğun olaraq yeni ixtisasların açılması daim gündəmdədir. Xüsusilə rəqəmsal texnologiyalar, süni intellekt, kibertəhlükəsizlik, data analitikası, yaşıl enerji, logistika və turizm menecmenti kimi sahələr üzrə kadr hazırlığının genişləndirilməsi nəzərdə tutulur.
Eyni zamanda, bəzi proqramların beynəlxalq akkreditasiyadan keçirilməsi istiqamətində işlər aparılır ki, bu da məzunların diplomlarının xaricdə daha geniş tanınmasına və onların qlobal əmək bazarında rəqabət qabiliyyətinin artmasına xidmət edəcək.
“Universitetin hoteli tikiləcək, idarəetmə həm də tələbələrə veriləcək”
– MDU infrastrukturunun genişləndirilməsi üçün hansı işlər görülür?
– MDU-da təhsil infrastrukturunun müasirləşdirilməsi və genişləndirilməsi istiqamətində ardıcıl işlər görülür. Məqsəd tələbələrin daha rahat, innovativ və texnoloji imkanlarla təmin olunmuş mühitdə təhsil almasına şərait yaratmaqdır.
Hazırda yeni tədris korpusunun tikintisi üzrə mərhələli plan həyata keçirilir. İlk mərhələdə mühəndislik, xüsusilə IT profilli ixtisasların həmin binaya köçürülməsi nəzərdə tutulur. Yeni binada auditoriyalar müasir avadanlıqlarla təmin ediləcək, laboratoriyalar, kompüter otaqları, rəqəmsal tədris platformaları və tələbələrin asudə vaxtlarını səmərəli keçirmələri üçün əlavə imkanlar yaradılacaq.
Eləcə də turizm istiqamətli ixtisaslarda təhsil alan tələbələr üçün şanslar artırılıb. Yeni kampusda hotel tikintisi nəzərdə tutulur. Hotelin idarəedilməsi əməkdaşlıq etdiyimiz 5 ulduz hotel idarəetmə şirkətləri ilə yanaşı, tələbələrə də həvalə ediləcək. Bu ilk mərhələdə nəzərdə tutulur.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər