Dahi Azərbaycan bəstəkarı, Şərqdə ilk operanın yaradıcısı, böyük musiqişünas-alim, istedadlı publisist, dramaturq və pedaqoq, tanınmış ictimai xadim, Xalq artisti, Dövlət mükafatları laureatı, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü Üzeyir Əbdülhüseyn oğlu Hacıbəylinin anadan olmasının 140 illiyi münasibətilə Lənkəran Dövlət Universitetində (LDU) tədbir keçirilib.
Universitetdən “Azərbaycan müəllimi”nə bildirilib ki, “Üzeyir Hacıbəyli 140: Milli musiqimizin əvəzsiz siması” mövzusunda keçirilən tədbir ölməz bəstəkarın “Koroğlu” operasından “Uvertüra”nın səslənməsi ilə start götürüb. Sonra müəllim və tələbələr dahi sənətkarın müəllifi olduğu Azərbaycan Respublikasının Dövlət Himnini canlı ifa ediblər.
LDU-nun Tarix-coğrafiya və incəsənət fakültəsinin təşkilatçlığı ilə keçirilən tədbiri Pedaqogika, psixologiya və incəsənət kafedrasının baş müəllimi Şəhla Fərzullayeva açaraq “Üzeyir Hacıbəylinin 140 illiyinin qeyd edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 3 fevral 2025-ci il tarixli Sərəncamından söz açıb. Bildirib ki, Azərbaycan bəstəkarlıq məktəbinin banisi olan Üzeyir Hacıbəyli novator sənətkar kimi milli musiqi xəzinəsini unikal forma və janrlarla zənginləşdirib, nadir sənət inciləri yaradıb, Azərbaycan mədəniyyətini beynəlxalq miqyasda tanıdıb.
LDU-nun Pedaqogika, psixologiya və incəsənət kafedrasının baş müəllimlərindən İradə Mahmudova, Aytəkin Əsədli çıxışlarında qeyd ediblər ki, Üzeyir Hacıbəyli çoxşaxəli yaradıcılığı ilə Azərbaycan mədəniyyəti tarixində silinməz iz qoymuş qüdrətli şəxsiyyətlərdəndir. Ömrünü cəmiyyətin mədəni tərəqqisinə həsr edən fədakar ziyalının yüksək mənəvi-estetik dəyərə malik irsi Azərbaycan xalqının XX əsrin ilk onilliklərindən vüsət almış ədəbi-mədəni intibahının aynasıdır və daim təbliğ olunmalıdır.
Tədbirdə “Musiqi müəllimliyi” ixtisasının tələbə və müəllimləri Ü.Hacıbəylinin “Arşın mal alan” operettasından səhnəcikləri və əsərlərindən parçaları ifa ediblər. Yubiley tədbiri “Leyli və Məcnun” operasının “Uvertüra”sı ilə yekunlaşıb.
1 /2
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər