Bütün xəbərlər
12 fevral, 16:35

“Müəllimlərin öz şagirdlərinə repetitorluq etməsi məsələsi ilə bağlı rəsmi qaydada aydın, ciddi ölçü götürən mexanizmlər olmalıdır. Bu, “müəllim sinifdə dərsi keçmir, şagirdləri məcbur edir ki, onun yanına əlavə hazırlığa gəlsinlər” kimi neqativ fikirlərin aradan qalxmasına kömək edər. Məsələn, bəzi ölkələrdə müəllimin öz şagirdinə repetitorluq etməsi qadağandır. Bəzilərində isə bu, xüsusi razılıqla, məktəb rəhbərliyinin nəzarəti altında mümkündür. Əsas məqsəd odur ki, sinifdəki dərsin keyfiyyəti azalmasın və repetitor yanına getmək məcburiyyətə çevrilməsin”.

Bunu “Azərbaycan müəllimi”nə təhsil eksperti Rəsul Ağayev deyib.

O bildirib ki, son illərdə, xüsusilə pandemiyadan sonrakı dövrdə ölkəmizdə repetitorluq genişlənib və bu mövzu ictimaiyyət arasında tez-tez müzakirə edilir: “Müəllimlərin öz şagirdlərinə əlavə pullu hazırlıq keçməsi, yəni repetitorluq etməsi etik, peşə və keyfiyyət baxımından mübahisəli məsələdir. Bir sıra hallarda bu, maraqların toqquşması kimi də dəyərləndirilir. Çünki müəllim sinifdə keçdiyi dərsi kifayət qədər aydın izah etməli, bütün uşaqlara eyni səviyyədə diqqət göstərməli, işinə məsuliyyətlə yanaşıb tədris prosesinin keyfiyyətli təşkilinə nail olmalıdır. Əgər həmin müəllim dərsdən sonra  şagirdlərinə ödənişli xidmət təklif edirsə, bu vəziyyət bəzi suallar doğurur. Müəllim sinifdə dərsi yetərincə izah etmədiyi üçün uşaqlar əlavə hazırlığa ehtiyac duyurlar, yoxsa şagird repetitorluğu seçməsə, məktəbdə müəllimin ona münasibətinin dəyişməyindən ehtiyatlanırlar? Eyni zamanda, repetitor yanına getməyən uşaqlarda dərslərdə özlərini diskomfort hiss edəcəyi, müəllimin onlara daha az diqqət ayıracağı qorxusu yarana bilir. Bu, peşə etikasına zidd bir durum kimi qiymətləndirilməlidir. Ölkəmizdə uzaq kənd yerlərindən tutmuş böyük şəhərlərə qədər, I sinifdən XI sinfə qədər hər sinfin bir neçə şagirdi ən azı bir fənn üzrə repetitor yanına gedir. Amma müəllimin repetitorluq fəaliyyəti sinifdə verilən təhsilin keyfiyyətini süni şəkildə aşağı salmamalı, şagirdləri məcburi surətdə pullu hazırlığa sövq etməməli, məktəbdə hər kəs üçün bərabər səviyyəli tədris həyata keçirilməlidir”.

Rəsul Ağayevin fikrincə, təhsilə qoyulan investisiyanın məbləği yüksəldikcə məktəblərin sayı və şagirdlərin təhsilə əlçatanlığı da artır. Lakin müəllimlərin hazırlıq səviyyəsi, məktəblərin maddi-texniki bazası, siniflərdəki şagird sayı, proqramların ağırlığı kimi problemlər yenə də qalmaqdadır: “Bundan əlavə, şagirdlərin fənnə marağı, özünəinam səviyyəsi və öyrənmə bacarığı zəif olan məktəbdəki ümumi proqram onların bu boşluqlarını tamamlamaq üçün yetərli olmur. Bu zaman yenə də əlavə hazırlığa ehtiyac yaranır və repetitorluq süni şəkildə boşluqları dolduran bir mexanizm kimi formalaşır. Cəmiyyətimizdə imtahanda yüksək bal toplamaq uğur göstəricisi kimi qəbul olunur. Ona görə də ali məktəbə qəbul olunmaqla bağlı valideynlərin övladlarından sosial və psixoloji olaraq yüksək gözləntiləri var, başqa sözlə, “övladımız yüksək balla nüfuzlu universitetə daxil olsun”, “hamı gedir, biz də gedək, yoxsa balam universitetə girməz” düşüncələri geniş yayılıb. Bu da repetitorluğu daim hərəkətdə saxlayır. Repetitor yanına getmək bəzən prestij, “zəif görünməmək” və ya “imkan daxilində övladına maksimum yatırım etmək” yanaşmasının nəticəsi olaraq ortaya çıxır. Eləcə də məktəblərdə dərsin keyfiyyəti barədə valideynlərdəki şübhə və inamsızlıq repetitorluğun daha da geniş vüsət almasına gətirib çıxarır”.

Müsahibimiz vurğulayıb ki, öyrənmə prosesini şagirdlər üçün maraqlı etmək, onların aktiv iştirakını təmin etmək çox vacibdir. Buna görə də müəllim əvvəlcə öz fənnini mükəmməl bilməli, yeni metodika və tədqiqatlarla tanış olub daim öyrənməlidir: “Müəllim sinifdə fərqli öyrənmə üslublarını nəzərə almalı, zəif və güclü şagirdlər üçün tapşırıqları diferensiallaşdırmalı, interaktiv metodlardan, layihə əsaslı dərslərdən, qrup işlərindən və müasir texnologiyalardan istifadə etməlidir. Belə olduqda şagirdin əlavə repetitorluğa ehtiyacı xeyli azalacaq. Müəllim mümkün dərəcədə hər bir şagirdin zəif və güclü tərəflərini müəyyənləşdirməli, fərdi məsləhətlər, əlavə tapşırıqlar verməlidir. Böyük siniflərdə bu, çətin olur, ancaq metodik cəhətdən düzgün planlaşdırma və məktəbdaxili resursların optimallaşdırılması bu problemi qismən həll edə bilər. Müəllim davamlı olaraq şagirdlərin bilik səviyyəsini yoxlamalıdır, çünki şagirdlər nədə səhv etdiklərini aydın biləndə boşluqlarını tez aradan qaldırmaq imkanı qazanırlar. Etibarlı, şəffaf və şagirdi ruhlandıran qiymətləndirmə sistemləri motivasiyanı saxlayır, repetitorluq ehtiyacını azaldır. Müəllim şagirdin inkişafı barədə valideynlə açıq dialoqda olmalı, imtahan prosesindən başqa, ümumi bilik və bacarıqların formalaşdırılması önəmini vurğulamalıdır. Bəzən valideynin gözləntiləri reallıqdan uzaq olur və o, uşağına mütləq repetitor tutmağı düşünür. Müəllim bu halda valideynə uşağın real ehtiyaclarını izah etməlidir”.

Rəsul Ağayev qeyd edib ki, valideynlər arasında və cəmiyyətdə maarifləndirmə işi aparılmalı, uşaq hər fənnə görə məcburi şəkildə repetitor yanına göndərilməməlidir: “Əvvəlcə onun real ehtiyacı, motivasiyası və bacarığı qiymətləndirilməlidir. İmtahan sistemi məktəbdə keçirilən proqramla sıx əlaqəli olmalı, yəni “məktəb dərsləri ayrı, imtahan tələbləri ayrı”, “məktəbdə standart dərsi öyrənirəm, test metodikasını repetitorla öyrənirəm” kimi düşüncələr qalmamalıdır. Kurikulum və imtahan formatı daim əlaqəli olmalıdır. Məktəbdə tədrisin keyfiyyəti yüksəldilməli, müəllim hazırlığı təkmilləşdirilməli, müəllimlərin ali məktəbdə aldığı təhsil, peşə bacarıqları və müasir pedaqoji metodlarla tanışlığı gücləndirilməlidir. Məktəbdə könüllülük əsasında əlavə konsultasiya saatları təşkil etmək olar. Şagirdlərin öyrənmə vərdişlərinin formalaşması və inkişafı üçün addımlar atılmalıdır. Belə ki,  onlayn platformalar və resurslar vasitəsilə şagirdlər məktəbdə öyrəndikləri bilikləri evdə sərbəst şəkildə möhkəmlədə bilərlər. Müəllimlər şagirdlərinin akademik nəticələrinə, fəaliyyət keyfiyyətinə, innovativ metodlardan istifadə etmələrinə görə stimullaşdırılarsa, onların repetitorluqdan gəlir əldə etməyə hədsiz bağlılığı da azalacaq. Gələcəkdə təhsilin keyfiyyəti yüksəldikcə, müəllimlərin sosial təminatı və peşəkarlığı artdıqca, valideyn-şagird maariflənməsi genişləndikcə repetitorluğa tədricən ehtiyac qalmayacaq”.

Şərhlər

Xəbər lenti

14 oktyabr, 15:53

UNEC-də “Stresin və emosional zəkanın idarə olunması” mövzusunda təlim keçirilib

14 oktyabr, 15:50

ADNSU əməkdaşları sənaye təcrübə proqramında iştirak ediblər

14 oktyabr, 15:35

Nazir müavini: 62 min əlilliyi olan uşağın cəmi 13 mini təhsil alır, bəs qalanlar haradadır?

14 oktyabr, 15:32

2027–2030-cu illər üzrə elm və təhsil hədəfləri müzakirə edilib

14 oktyabr, 13:46

Hüseyn Hüseynov: Keyfiyyətli təhsilə əlçatanlığın artırılması istiqamətində fəaliyyətlər genişləndirilməlidir

14 oktyabr, 13:36

Tələbə Futzal Liqasında 2025/2026 mövsümünün oyun cədvəli açıqlanıb

14 oktyabr, 13:12

Yeni peşə təhsili müəssisələri tikiləcək

14 oktyabr, 13:08

Dövlət bir təhsilalana nə qədər pul xərcləyir? - Bağça xərcləri öndə

14 oktyabr, 13:01

Azərbaycan TALIS 2024 tədqiqatında yüksək nəticələr göstərib – HESABAT

14 oktyabr, 12:37

MDU Ege Universiteti ilə ortaq magistratura proqramları hazırlayacaq

14 oktyabr, 12:28

Təhsil krediti alanların yarıdan çoxu qadındır

14 oktyabr, 12:03

Sadiq Əliyev: Rəqabətqabiliyyətli olmaq üçün bilik və bacarıqlar daim yenilənməlidir

14 oktyabr, 11:51

Bahar Muradova: Müharibədən zərər çəkmiş ərazilərdə təhsil sahəsi diqqətdə saxlanılır

14 oktyabr, 11:48

İşğaldan azad edilmiş ərazilərdə 300-dən çox şəxs peşə hazırlığına cəlb olunub

14 oktyabr, 11:38

Azərbaycan universitetlərinin qlobal reytinqlərdəki yeri yüksəlir

14 oktyabr, 11:33

İdris İsayev: Yeni bacarıqların öyrədilməsi zəruridir

14 oktyabr, 11:22

Məktəbəqədər təhsilə dair strateji plan yenilənib 

14 oktyabr, 11:16

Azərbaycanda qadınların doktorantura təhsilində iştirakı artıb

14 oktyabr, 11:12

İdris İsayev: Təhsilə edilən sərmayələrin nəticəsini dərhal görmək mümkün deyil

14 oktyabr, 11:09

Təhsilin infrastrukturunun müasirləşdirilməsi istiqamətində ciddi addımlar atılır – Nazir müavini

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.