Bütün xəbərlər
15 yanvar, 13:11

Dünyanın ən yaxşı universitetləri arasında yer alan, ölkənin qabaqcıl ali təhsil müəssisələrindən biri olan Naxçıvan Dövlət Universiteti (NDU) ali təhsil sahəsində bir sıra ilklərə imza atıb. 

Naxçıvan Dövlət Universitetinin rektoru, dosent Elbrus İsayev universitetin fəaliyyəti ilə bağlı “Azərbaycan müəllimi”nin suallarını cavablandırıb. 

– Elbrus müəllim, 2024-cü il universitet üçün necə yadda qaldı? 

– Başa vurduğumuz 2023-2024-cü tədris ili NDU üçün bir sıra strateji hədəflərin uğurlu icrası ilə yadda qaldı. Prezident İlham Əliyevin müvafiq sərəncamlarına, Elm və Təhsil Nazirliyinin müvafiq qərarlarına uyğun olaraq universitetdə bir sıra yeniliklər tətbiq edilib. 2023-2024-cü tədris ilinin nailiyyətlərini ümumiləşdirsək, deyə bilərəm ki, NDU nəzdində gimnaziya açılıb, Kembric Universitetinin lisenziyası əsasında NDU Beynəlxalq Kembric Məktəbi fəaliyyətə başlayıb, dünyanın texnologiya lideri olan IBM-lə NDU arasında imzalanan əməkdaşlıq müqaviləsinə əsasən, universitetdə IBM Mərkəzi istifadəyə verilib. Bundan əlavə, yeni ixtisaslar – “İnformasiya təhlükəsizliyi” (tədrisi ingilis dilində), “Tibb”  (tədrisi ingilis dilində), “Tibb bacısı işi”, magistratura səviyyəsində  “Nanoelektronika”, MBA (Səhiyyənin idarə edilməsi) üzrə tələbə qəbulu aparılıb, “Tibb” ixtisası üzrə SABAH qrupları fəaliyyətə başlayıb. Dünyada tanınmış alim, Nobel mükafatçısı Əziz Səncər universitetimizin qonağı olub. NDU-nun IELTS imtahan mərkəzində qrafik üzrə imtahanlar uğurla keçirilib, Xarici dillər və digər fakültələrin ingilisdilli ixtisaslarında dərs deyən professor-müəllim heyəti və Kembric Məktəbimizin müəllimlərinin IELTS imtahan sertifikatlarının universitet hesabına verilməsi təmin edilib. 

2024-cü il NDU-nun ən çox məzunu (2198 nəfər) olan il olub, həmçinin Dövlət İmtahan Mərkəzinin ölkə üzrə keçirdiyi dövlət qulluğuna qəbul imtahanlarında NDU-nun məzunları ən yüksək nəticəni göstərərək universitetimizi lider ali məktəbə çeviriblər. Ötən il “Qərbi Azərbaycana qayıdış” festival-konqresini uğurla başa vurduq. Həmin tədbirdə NDU-nun təşkilatçılığı ilə 4 min gənc məzunun və 40-a yaxın dövlət-özəl qurumunun iştirakı ilə ilk dəfə karyera sərgisi açılıb. Universitetin Tibb fakültəsi Avropa Tibb Tələbələri Assosiasiyasına (EMSA) üzv qəbul olunaraq ölkə təmsilçisi statusu qazanıb. NDU "Robotex"in ölkə təmsilçisi kimi Bakı şəhərində Dünya Robot Festivalının Avrasiya Çempionatını təşkil edib. IBM və NDU arasında əməkdaşlıq müqaviləsi əsasında təlimlər keçirilib, eyni zamanda “ENACTUS” komandamız 5-ci dəfə ölkə çempionu kimi qalib olmaqla ölkəmizi təkrar dünya çempionatında təmsil etmə hüququ qazanıb. NDU-nun təsisçisi olduğu Beynəlxalq Tibbi Forum bu dəfə İstanbulda - Yeditəpə Universitetində Türkdilli Dövlətlərin Tibb Qurultayı (ikinci forum) adı altında təşkil edilib.

– “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı” nda NDU ilə bağlı bəndlərin icrası hansı səviyyədədir? 2025-ci ildə universitetdə hansı infrastruktur layihələri icra olunacaq?  

– Ötən illərdə Dövlət Proqramının icrası məqsədilə bir sıra tədbirlər həyata keçirilib. 2024-2025-ci tədris ilindən etibarən NDU-da “Tibb” (ingilis dilində) ixtisasının tədrisinə başlanılıb. Bu ixtisas universitetin beynəlxalq standartlara uyğun, keyfiyyətli tibbi təhsilvermə hədəfinin bir göstəricisidir. NDU-da ilk dəfə “Tibb” ixtisası üzrə SABAH qruplarının açılması universitetin təhsil keyfiyyətini daha da yüksəltmək istiqamətində atılmış mühüm addımlardan biridir. SABAH qrupları tibb təhsili sahəsində universitetin gələcək inkişafının təməlini qoyaraq tələbələrin beynəlxalq səviyyədə rəqabət apara biləcək peşəkarlar kimi yetişməsinə şərait yaradır.
 
Həmçinin Dövlət Proqramında vurğulanan mühüm məsələlərdən biri NDU-nun nəzdində ingilisdilli orta məktəbin yaradılması olub. Bu təşəbbüs regionun təhsil sisteminə yeni və müasir yanaşmalar gətirərək beynəlxalq səviyyədə tanınan tədris standartlarının tətbiqini nəzərdə tutur. Bu istiqamətdə görülən işlərin nəticəsi olaraq NDU-nun Beynəlxalq Məktəbinə 2024-cü ilin sentyabrından 1 və 6-cı siniflər üçün Kembric Beynəlxalq Təhsil Proqramı üzrə tədrisin həyata keçirilməsi məqsədilə beynəlxalq lisenziya verilib. Kembric Beynəlxalq Təhsil Proqramı vasitəsilə təhsil alan tələbələr dünya miqyasında qəbul edilən diplomlarla bir çox tanınmış universitetlərə qəbul ola biləcəklər. Naxçıvanda ilk dəfə olaraq Naxçıvan Dövlət Universiteti nəzdində yaradılan beynəlxalq gimnaziya Kembric Beynəlxalq Məktəbi statusunu əldə edib. 

Beynəlxalq gimnaziyanın yaradılması NDU-nun təhsildə modernləşmə strategiyasının bir hissəsidir. Gimnaziyanın fəaliyyətə başlaması regionda təhsil səviyyəsinin yüksəlməsinə və yerli intellektual inkişafın güclənməsinə töhfə verəcək. Həmçinin universitet xarici ölkələrin ali təhsil müəssisələri arasında əməkdaşlığın gücləndirilməsi, birgə proqramların təşkili istiqamətində mühüm işlər görür. Bu məqsədlə NDU ilə Polşanın Jeşuv Universiteti arasında qarşılıqlı əlaqələr qurulub. Polşada işgüzar səfərdə olarkən təşkil edilən görüşdə bir sıra mühüm razılaşmalar əldə edilib. Biz Macarıstan Parlamentinin vitse-spikeri Şandor Lezsak ilə görüşdük. Əsasən, John von Neumann Universiteti ilə əlaqələrin inkişafı sahəsində fikir mübadiləsi aparıldı. Finlandiyaya işgüzar səfərimiz zamanı Helsinki və Metropolia universitetlərində keçirilən bir sıra görüşlərdə qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə olundu. Helsinki Universiteti ilə süni intellekt və proqramlaşdırma, sənaye əlaqələrinin təkmilləşdirilməsi, birgə tədqiqatların aparılması, akademik heyətin mübadiləsi, Metropolia Universiteti ilə isə tələbə-müəllim mobilliyi, tibb sahəsində birgə tədqiqat mərkəzlərinin yaradılması məqsədilə razılaşmalar əldə olundu. Bu razılaşmalar NDU-nun beynəlxalq əməkdaşlıq sahəsində atdığı mühüm addımlardan biridir və universitetin elmi-tədqiqat potensialının genişlənməsinə təkan verəcək. Həmçinin NDU-nun nümayəndə heyəti Hacettepe, Ankara, Qazi və Ankara Yıldırım Beyazıt universitetlərində görüşlər keçirib. 

“Kadr hazırlığını müasir tələblər əsasında həyata keçirə bilirik”

– Hazırda Naxçıvan Dövlət Universiteti 76 ixtisas üzrə bakalavr, 75 ixtisaslaşma üzrə magistr hazırlığı həyata keçirir. Bu gün həmin ixtisaslar üzrə kadr hazırlığını müasir tələblər əsasında həyata keçirə bilirsiniz?  

– Düşünürəm ki, bəli, həyata keçirə bilirik. Universitet fakültələrinin hər birində tədris prosesində yeni texnologiyalardan istifadəyə geniş şərait yaradılıb. Mövcud tədris planlarına əsasən, tələbələr ali məktəbdə aldığı nəzəri bilikləri möhkəmləndirmək, dərinləşdirmək və sonrakı əmək fəaliyyətlərinə peşəkarcasına yanaşmaq üçün təcrübə keçirlər. 2024-2025-ci tədris ilindən universitetdə yeni ixtisaslar fəaliyyətə başlayıb. “İnformasiya təhlükəsizliyi” (ingilis dilində) ixtisası informasiya texnologiyaları və kibertəhlükəsizlik sahəsində peşəkar biliklər qazandırır. Məzunlar müxtəlif kibertəhlükəsizlik problemlərinin həlli və təhlükəsizlik siyasətləri ilə bağlı mütəxəssis kimi fəaliyyət göstərə bilərlər. Digər bir ixtisas - “Tibb bacısı işi” səhiyyə sahəsində müasir bilik və praktiki bacarıqları əldə etmək istəyən tələbələr üçün nəzərdə tutulub. Tədris proqramı tibbi prosedurların icrası, xəstə baxımı, dərman preparatlarından düzgün istifadə və tibb təhsili ilə bağlı dərin biliklər verir. Məzunlar xəstəxanalarda, poliklinikalarda və digər səhiyyə müəssisələrində işləmək üçün lazımi təcrübə və bacarıqlar əldə edəcəklər. Bu ixtisasların açılmasında məqsəd müasir əmək bazarının tələblərinə cavab verməkdir. İxtisasların həm yerli, həm də beynəlxalq akkreditasiyadan keçməsi planlaşdırılır. Bu da imkan verəcək ki, tələbələr qlobal səviyyədə tanınan diplomla təmin edilsinlər və beynəlxalq əmək bazarında rəqabətqabiliyyətlərini artırsınlar.

– NDU alimlərinin tədqiqat aparma imkanları və meyilləri necə qiymətləndirilə bilər? Alimləriniz elmə yeniliklər gətirə bilirlərmi?

– NDU-da kadr hazırlığı ilə 566 nəfər professor-müəllim heyəti məşğul olur ki, onlardan 1-i akademik, 30-u elmlər doktoru, 183-ü isə fəlsəfə doktorudur. Universitetin əməkdaşlarından 19 nəfəri professor, 140 nəfəri dosentdir. NDU-nun 5 əməkdaşı AMEA-nın müxbir üzvüdür. Universitetdə elmi-tədqiqat fəaliyyətinin idarə edilməsi məqsədilə elm və innovasiya məsələləri üzrə prorektorluq, Elmi fəaliyyətin təşkili və təhlili şöbəsi, Texnoloji transfer və innovasiyalar bölməsi, Magistratura və Doktorantura Mərkəzi, 43 kafedra, elmi-tədqiqat laboratoriya və mərkəzləri, elmi kitabxana, “Elmi əsərlər” jurnalı, Tələbə Elmi Cəmiyyəti, nəşriyyat, Etika Komissiyası, Antiplagiat Komissiyası, elmi kadrların hazırlanmasını təmin edən Dissertasiya şuraları fəaliyyət göstərir. Universitet əməkdaşlarının elmi fəaliyyətlərinin nəticələri bir sıra yerli və xarici jurnallarda nəşr olunur. 2024-cü ilin nəticələrinə görə, universitet üzrə 1980  adda əsər nəşr olunub ki, bunlardan 50-dən çoxu monoqrafiya, dərslik, dərs və metodiki vəsaitdir. İmpakt-faktorlu nəşr sayı 370-dən çoxdur ki, bunların da 66-sı “Scopus” və “Web of Science” bazasında olan nəşrlərdir. Yüksək elmmetrik bazalardakı nəşr sayı ötən illərə nisbətən 4-5 dəfə artıb. Təkcə 2024-cü ildə “Scopus” və “Web of Science” bazalarındakı nəşr sayı əvvəlki 5 ilin (2019-2023) ümumi nəşr sayı qədər olub. Universitetin elmi dərəcəli kadrları ümumi akademik heyətin 40,5%-ni təşkil edir. Elmi dərəcəli kadrların yetişdirilməsi Magistratura və Doktorantura Mərkəzində həyata keçirilir. Mərkəzdə fəlsəfə doktoru proqramları üzrə 34 ixtisas üzrə 63 doktorant, elmlər doktoru proqramları üzrə 6 ixtisas üzrə 9 doktorant, fəlsəfə doktoru proqramları üzrə 11 ixtisas üzrə 21 dissertant, elmlər doktoru proqramları üzrə dissertanturada 15 ixtisas üzrə 22 dissertant təhsil alır. Türkiyə, Özbəkistan, Qazaxıstan və Macarıstanın bir sıra nüfuzlu universitetləri, elmi-tədqiqat müəssisələri ilə ikitərəfli əməkdaşlıq müqavilələri bağlanıb. 2024-cü ildə universitet əməkdaşlarından 1 nəfər professor, 1 nəfər elmlər doktoru, 4 nəfər fəlsəfə doktoru diplomu alıb. Universitetimizin alimlərinin tələbələrlə birgə hazırladığı layihələr beynəlxalq müsabiqələrdə böyük uğur qazanır.

“Əcnəbi tələbələrin sayı hər il artır”

– NDU xarici ölkələrin tanınmış universitetlərinin alimlərini özünün tədris prosesinə cəlb edib. Xaricdən alimlərin dəvət edilməsi hansı ehtiyacdan yaranıb? Sizcə, eyni fənni keçən universitet müəllimi ilə xarici müəllimin tədris üsulları arasında fərqlər var?
 
– NDU beynəlxalq akademik əməkdaşlığı daha da inkişaf etdirərək dünyanın müxtəlif ölkələrindən professor və müəllimləri universitetə dəvət edib. Bu təlim və tədqiqat fəaliyyətləri ilə məşğul olan əcnəbi müəllimlər universitetin akademik potensialının artırılmasına, xarici təcrübələrin öyrənilməsinə və tədqiqat bacarıqlarının möhkəmləndirilməsinə böyük töhfə verəcəklər. NDU əcnəbi professor və müəllimlərin tədris fəaliyyəti vasitəsilə həm də tədqiqat sahələrində yeni mülahizələr və yanaşmaların ortaya çıxmasına, elmi diskussiyaların aparılmasına və universitetin beynəlxalq aləmdə tanınmasının artırılmasına yönəlmiş strateji addımlar atır. Bu təşəbbüs NDU-nun tədris və tədqiqat fəaliyyətlərinin daha da inkişaf etdirilməsi, müasir təhsil və elmi standartlara cavab verən keyfiyyətli təhsil mühitinin yaradılması məqsədi daşıyır. Bu təşəbbüsün həyata keçirilməsi tələbələrin akademik biliklərinin genişləndirilməsi, müxtəlif ölkələrdən gələn təcrübəli müəllimlərin mühazirələrinin dinlənilməsi və qlobal səviyyədə rəqabət qabiliyyətinin artırılması baxımından böyük əhəmiyyət kəsb edir. 

2023-2024-cü tədris ilində də NDU-da təlim, tədris və tədqiqat fəaliyyətlərinə cəlb edilmiş əcnəbi müəllimlərimizin rolu mühümdür. Dünyanın müxtəlif ölkələrindən 16 nəfər professor universitetimizdə fəaliyyət göstərib. Tədris prosesi zamanı əcnəbi müəllimlərin qiymətləndirilməsi üçün sorğu keçirilib. Nəticə göstərir ki, tələbələr dəvət edilmiş əcnəbi müəllimləri yüksək qiymətləndirir, xüsusilə onların dərs mövzusunu izahetmə bacarıqlarıdan, dərsi idarəetmələrindən və peşəkarlıq səviyyələrindən məmnundurlar. Müəllimlərin mədəni fərqlilikləri anlamaq və onlara hörmət etmək qabiliyyətləri də tələbələr tərəfindən yüksək qiymətləndirilib.

– Hazırda ali təhsil müəssisəsində təhsil alan əcnəbi tələbələrin sayı nə qədərdir və onlar hansı ölkələri təmsil edirlər?

– Naxçıvanda formalaşan tolerant mühit və xarici vətəndaşlara göstərilən xüsusi diqqət nəticəsində NDU-da təhsil alan əcnəbi tələbələrin sayı hər il artır. NDU-da xarici tələbələr üçün yaradılan şərait yüksək səviyyədədir və onların aldıqları təhsilin keyfiyyəti yerli tələbələr kimi daim diqqət mərkəzində saxlanılır. Hazırda 80 ixtisas üzrə 1770 əcnəbi bakalavr tələbə, magistratura təhsil səviyyəsində 79 ixtisaslaşma üzrə 4 əcnəbi magistrant, ümumilikdə isə 1774 əcnəbi tələbə təhsil alır. Onlar Türkiyə, İran, Nigeriya, Rusiya, Özbəkistan, Cənubi Koreya, Tanzaniya, Ruanda, Mərakeş, Banqladeş, Gürcüstan, Fələstin, Almaniya və Pakistandandırlar. 

Əcnəbi tələbələr universitetin ictimai və mədəni həyatında iştirak edir, müxtəlif tədbir və konsert proqramlarının hazırlanmasında fəallıq göstərirlər. Əcnəbi tələbələrlə təşkil olunan görüşlərdə onlara təhsillərində müvəffəqiyyət qazanmaq üçün faydalı məsləhətlər verilir, sualları cavablandırılır və qarşılaşdıqları çətinliklərin həlli ilə bağlı müzakirələr aparılır. Görüşlər tələbələr arasında mədəni mübadilə və akademik uğurun artırılmasına xidmət edən vacib platformadır.

“Professor-müəllimlərin gəncləşməsinə diqqət yetirilir”

– Artıq bütün sahələrdə süni intellektin istifadəsinə maraq artıb. Süni intellektin tədrisi istiqamətində planlar varmı?

– NDU tələbələrə təkcə bilik ötürmək üçün deyil, həm də onları gələcəyin texnoloji çağırışlarına hazırlamaq məqsədilə fəaliyyət göstərir. Müasir təhsil yanaşmasını mənimsəyən universitet tələbələrə rəqabətli rəqəmsal dünyada uğur qazanmaq üçün lazımi imkanlar təqdim edir. IBM ilə qurulan əməkdaşlıq bu yanaşmanın mühüm əksidir. Bu strateji tərəfdaşlıq NDU-nun təhsil proqramlarına əlavə dəyər qatır, tələbələrə daha geniş perspektiv və sənaye standartlarına uyğun biliklər verir. IBM-in qlobal texnologiya liderliyi və NDU-nun təhsildə mükəmməllik vizyonu Proqramlaşdırma Mühəndisliyi İnstitutu vasitəsilə bir araya gələrək regionda mühüm bir yeniliyə imza atıb. Bu strateji tərəfdaşlıq universitetin hüdudlarını aşaraq bölgənin rəqəmsal transformasiyasına rəhbərlik edən bir model yaradıb. 

Proqramlaşdırma Mühəndisliyi İnstitutunun akademik və əməkdaşlıq maraqları ilkin olaraq süni intellekt, bulud texnologiyaları, kibertəhlükəsizlik, data elmi, dizayn düşüncəsi sahələrinə yönələcək. Belə ki, IBM ilə imzalanan əməkdaşlıq müqaviləsinə əsasən, NDU “Skills Build for Academia” proqramına qoşulub. Bu proqrama tədris materialları və “Train The Trainer” (TTT) kursları daxildir. Kurs çərçivəsində 5 modul üzrə təlimlərin aparılması və ilkin olaraq, 20 professor-müəllim heyətinin təlimlərdə iştirakı planlaşdırılır. Ötən ilin oktyabr-dekabr aylarında keçirilən “Bulud texnologiyaları”, “Süni intellekt” və “Dizayn düşüncəsi” təlimlərinə NDU-nun 9 əməkdaşı qoşularaq IBM-dən sertifikat əldə edib. 2024-cü ilin yanvar və aprel aylarında digər 2 modul – “Data elmi” və “Kibertəhlükəsizlik” üzrə təlimlər baş tutacaq. Təlimlərin əsas məqsədi universitetin professor-müəllim heyətini yeni yaradılacaq Proqramlaşdırma Mühəndisliyi İnstitutuna təlimçi kimi hazırlamaqdır. 

– Müəllim heyətinin gəncləşdirilməsi üçün işlər görürsünüz. Bu sahədə məqsədinizə nə dərəcədə nail olmusunuz? 

– NDU-da kadr hazırlığı məsələsi daim diqqət mərkəzində saxlanılır. Buna görə də professor-müəllim heyətinin yenilənməsinə və gəncləşməsinə diqqət yetirilir, elmi-pedaqoji kadrların hazırlanması üçün lazımi şərait yaradılır. Ötən il kadr hazırlığı sahəsində müəyyən işlər görülüb və yeni kadrlar işə cəlb olunub. Həmin kadrlar təkcə müəllim kimi deyil, həm də elm və təhsillə bağlı müxtəlif layihələrdə də iştirak edirlər. Bir sözlə, universitet kollektivinin əksər hissəsini gənclər təşkil edir. 223 kadrın universitetin müxtəlif struktur bölmələrində işlə təminatı uğurla yerinə yetirilib. Yeni kadrların işə qəbulu universitetin elmi-tədqiqat potensialını və tədris keyfiyyətini daha da gücləndirərək ali təhsil müəssisəsinin rəqabət qabiliyyətini artırmağa yönəlib.

– Hazırda ali təhsil müəssisəsi olaraq qarşınızda duran əsas hədəfləriniz nələrdir? 

– Hədəflərimiz, ilk növbədə, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulmuş məsələlərin davamlı həllinə nail olmaq, çoxprofilli ali təhsil müəssisəsi kimi müasir yenilikləri öz işimizdə daim tətbiq etmək, ölkəmizin təhsil sisteminə, gələcəyə mühüm töhfələr verməkdir. Universitetin “Quacquarelli Symonds” (QS) və “Times Higher Education” (THE) beynəlxalq reytinqlərində iştirakının təmin edilməsi üçün işlər aparılır. THE dayanıqlı inkişaf reytinqində lazımi məlumatlar portal üzərindən daxil edilib və 2023-cü illə müqayisədə topladığımız bal 39-dan 42-yə yüksəlib. QS dayanıqlı inkişaf reytinqində yer almaq üçün fəaliyyət planı hazırlanıb. THE tərəfindən açıqlanan 2024-cü il “Impact Rankings”in məlumatlarına görə, NDU Birləşmiş Millətlər Təşkilatının (BMT) Davamlı İnkişaf Məqsədlərinə (SDG) yönəlmiş səylərini əks etdirən sıralamada əhəmiyyətli bir yer tutub. Çalışacağıq ki, universitetimiz bundan sonra da böyük nailiyyətlərə imza atsın, təhsil və elm sahəsində regionun və ölkənin nüfuzuna öz töhfəsini versin.

Xəbər lenti

5 fevral, 18:31

Məktəbdənkənar təhsil müəssisələrinə elektron qeydiyyat başa çatıb

5 fevral, 18:00

Davos 2025: Texnologiya əsrində ali təhsilin transformasiyası 

5 fevral, 17:30

Yeni qeyri-adi tipli kvant hissəcikləri kəşf edilib

5 fevral, 17:10

Gənc müəllim: Dərsdə ən zəif şagirdin belə fəal olmasına çalışıram

5 fevral, 17:03

Şəki-Zaqatalada 2 məktəbin binası yenilənəcək

5 fevral, 16:58

Təhsilin “McDonaldlaşdırılması”: səmərəlilik, yoxsa dəyərlərin itkisi? 

5 fevral, 16:52

Texniki və yumşaq bacarıqlar ilk dəfə keys metodu ilə qiymətləndirilib

5 fevral, 16:37

Təhsil real həyatla əlaqələndirilməlidir - Laura Hinz nümunəsi 

5 fevral, 16:04

Akademik uğurların artması üçün nələrə diqqət yetirilməlidir?    

5 fevral, 15:53

Elm və təhsil naziri Emin Əmrullayev sabah brifinq keçirəcək

5 fevral, 15:43

Özəl bağçalar davranış pozuntuları olan uşaqları uzaqlaşdırmağı çıxış yolu sayırlar - Mütəxəssis

5 fevral, 15:30

NASA: Yeni yanacaq texnologiyası ilə Marsa cəmi 45 günə gedilə bilər

5 fevral, 15:19

Şuşada STEAM Mərkəz fəaliyyətə başlayıb

5 fevral, 15:11

Ayın iki nəhəng kanyonu 10 dəqiqədən az bir vaxtda formalaşıb

5 fevral, 14:52

Mil-Muğan regionunda 2 yeni məktəb binası istifadəyə veriləcək

5 fevral, 14:31

Mingəçevirdə dərs zamanı halı pisləşən məktəbli vəfat edib

5 fevral, 14:21

Şagirdlərin peşə bacarıqlarının inkişafında yaradıcı düşüncənin rolu

5 fevral, 14:06

“Fevral məruzələri 2025: Aviakosmik məsələlərin həllində gənclərin yaradıcı potensialı” adlı konfrans başlayıb

5 fevral, 14:02

Keçmiş və müasirlik bir arada - Hənifə kənd məktəbində bir gün

5 fevral, 13:56

İdmanda gender ayrı-seçkiliyi yoxdur - Altıqat Azərbaycan çempionu 

Şərhlər (0)

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.