
Lənkəran-Astara regionu üzrə pedaqoji fəaliyyəti dövründə fərqlənən müəllimlərdən biri də Anar İbadovdur. 1989-cu ildə Lerik rayonu Anbu kəndində ziyalı ailəsində anadan olan Anar müəllimin atası Əlövsət İbadov da müəllimdir. A.İbadov Lənkəran Dövlət Universitetində “Azərbaycan dili və ədəbiyyat müəllimliyi” ixtisası üzrə təhsil alıb. 2015-ci ildə MİQ üzrə müsabiqədə uğurlu nəticə əldə edərək pedaqoji fəaliyyətə başlayıb. 2015-2017-ci illərdə Səxavət Hacıyev adına Rvarud kənd tam orta məktəbində, 2017-2022-ci illərdə Teymur Məhərrəmov adına Şonaçola kənd ümumi kənd orta məktəbində dərs deyib. 7 il ucqar kənd məktəblərində işləyən A.İbadov 2022-ci ildə rayondaxili yerdəyişmə edərək Lerik şəhər 3 nömrəli tam orta ümumtəhsil məktəbinə keçib.
Hazırda da Azərbaycan dili və ədəbiyyat müəllimi kimi pedaqoji fəaliyyətini davam etdirdiyi məktəb 1-ci Qarabağ müharibəsində şəhidlik zirvəsinə ucalmış Malik Sədaqət oğlu Bağışovun adını daşıyır. 2004-cü ildən tam orta məktəb statusu daşıyan təhsil ocağında hazırda 430 şagird təhsil alır, 41 müəllim dərs deyir.
Ardıcıl olaraq 2-ci ildir ki, Lənkəran-Astara Regional Təhsil İdarəsi tərəfindən fəxri fərmanla təltif olunan Anar müəllimin dediyinə görə, hər il dərs dediyi onlarla şagird ölkənin müxtəlif ali təhsil müəssisələrinə qəbul olur.
“Azərbaycan müəllimi” Azərbaycan dili fənni üzrə 44 sınaqdan ibarət test toplusunun həmmüəllifi olan müəllimlə müsahibəni təqdim edir.

“Daim cəmiyyətimiz üçün şəxsiyyət yetişdirən müəllimlərimiz olub və olacaq”
- Kənd və şəhər uşaqlarını davranış, dərsə münasibət baxımdan bəzən fərqləndirirlər. Həm kənd, həm şəhər məktəblərində dərs deyən müəllim kimi hansı fərqləri müşahidə etmisiniz?
- Konkret fərqləndirmək düzgün olmaz. Bu, şagirddən şagirdə dəyişir. İstənilən halda mühitə bağlıdır. İstər kənd, istər şəhər mühitində yaxşı mənada davranışı ilə seçilən şagirdlər az deyil. Dərsə münasibət isə təlim şəraitindən də asılı ola bilər. Məktəb elektron lövhə, digər elektron avadanlıqla təmin olunubsa, bu şagirddə təlimə marağı artıran səbəb kimi göstərilə bilər. Kənd məktəblərində belə üstünlüklərin az olması şagirdlərin müəyyən dərəcədə dərsə marağını azalda bilər. Ancaq düşünürəm ki, yaxşı gələcək üçün kənddə təhsil almalarına baxmayaraq, şagirdlər daha yaxşı çalışıb məqsədlərinə çata bilər. Kənd məktəblərində təhsil alan şagirdlər daha səmimi, təbiətlə bağlı olur, şəhər mühitində təhsil alan şagirdlər müxtəlif sosial qruplarla ünsiyyətdə olduğuna görə daha ünsiyyətcil, texnologiyaya meyilli inkişaf edirlər.
- Pedaqoji fəaliyyətiniz dövründə ən yaddaqalan, maraqlı və ya sizi ən çox təsirləndirən hadisəni danışa bilərsiniz?
- 2022-ci ildən Lerik şəhər 3 nömrəli tam orta məktəbdə çalışıram. Doğum günü ilə bağlı dərs dediyim dörd sinfin hər birində lövhədə şagirdlər doğum günümü qeyd etmişdilər. Digər müəllim yoldaşlarımın dərsində də silinməmişdi. Bu məktəbdə çalışdığım ilk il olmasına rəğmən şagirdlərin sevgisini qazanmaq qürurverici idi.
- Son dövrlər müəllimlərin nüfuzuna xələl gətirən bəzi hadisələr baş verir və əksəriyyət də bunlara görə müəllimləri ittiham edir. Bu mövzuya münasibətiniz maraqlıdır...
- Müəllimlərin üzərinə düşən yük məsuliyyətli olduğu qədər də ağırdır. Məktəbdə təhsil alan şagirdlərin davranışı, xarakteri eyni deyil. Əlbəttə, düşünün ki, gündə 5 saat dərs deyən müəllim hər dərsdə 20-25 şagird qarşısına çıxır, elə məktəblər var ki, orada bu rəqəm 35 və daha çoxdur. Sinif mühiti müəllim üçün nə qədər doğma olsa da, o müəllimi yorur, müəllimin əsəblərinin gərilməsinə səbəb ola bilir. “Şagird davranış qaydaları”nda davranışı qaydasında olmayan şagirdlər üçün, demək olar, heç bir cəza tədbiri yoxdur. Mövzuya uyğun anlayışı olan-olmayan da müəllimlərdən danışır, tənqid edir. Bütün bu amillər müəllim adına xələl gətirir. İşin ağırlığını bilmədən müəllimi ittiham etmək, əlbəttə, doğru olmazdı. Həmçinin öz işini şərəflə yerinə yetirməyən, sui-istifadə edən şəxsləri müəllim adına layiq görmürəm. Belə məqamların olması təəssüfləndirir. Daim cəmiyyətimiz üçün şəxsiyyət yetişdirən müəllimlərimiz olub və olacaq.
“Şagird olimpiadada yaxşı nəticə qazanmaq üçün mövzu üzrə hərtərəfli biliyə malik olmalıdır”
- Ümumiyyətlə, müəllimlik peşəsində sizi ən çox nə motivasiya edir?
- Müəllimlik peşəsini seçməyimdə atamın böyük rolu olub. Ondan örnək götürdüyüm çox məqamlar var: işə məsuliyyətli yanaşmaq, daim öz üzərində çalışmaq və s. Müəllimlik peşəsinə yeni başlayanda özümə arzulayırdım ki, görəsən, nə vaxtsa, mənim də dərs dediyim şagirdlərdən ölkənin ən nüfuzlu ali məktəblərində, aparıcı liseylərində təhsil alan, Respublika fənn olimpiadalarının final mərhələsində çıxış edən olacaqmı? Bu gün artıq şagirdlərimin arasında 650 baldan yuxarı nəticə göstərən, olimpiadanın final mərhələsində iştirak edənlər var, bundan daha da qürurlanıram. Dayanmıram, yeni-yeni istedadlar üzə çıxarmaqla daha yüksək zirvələrə doğru addım-addım irəliləyirik. Şagirdlərimizin uğuru bizi daha da həvəsləndirir.

- Uğurlu şagirdlərinizin bir neçəsini xatırlaya bilərsiz?
- Elə bu günlərdə məktəbimizin IX sinif şagirdi Məhəmməd Əlizadə Respublika fənn olimpiadalarının yarımfinal mərhələsində Azərbaycan dili və ədəbiyyat fənnindən uğur qazanaraq finala vəsiqə qazanıb. Məhəmmədə 7-ci sinifdən dərs deyirəm. Çox istedadlı şagirddir. Yaddaşı, mənimsəmə qabiliyyəti əladır. Xüsusilə Azərbaycan dili fənninə böyük sevgisi var. Müəllim üçün qürurlu andır ki, dərs dediyi şagirdinə tədris etdiyi fənni sevdirə bilib. Olimpiada xüsusi istedadlı şagirdlərin öz istedad və bacarıqlarını nümayiş etdirməsi üçün gözəl şansdır. Təkcə orta məktəb dərsliyində verilmiş bilik və bacarıqları mənimsəmək kifayət etmir. Şagird olimpiadada yaxşı nəticə qazanmaq üçün mövzu üzrə hərtərəfli biliyə malik olmalıdır, mürəkkəb tapşırıqlar işləməklə özündə vərdiş formalaşdırmalıdır. Şagirdlərimdən biri, Reyhan Cahangirova hazırda Fizika-riyaziyyat və informatika təmayüllü liseyin X sinfində təhsil alır.
Ədəbi dilin normalarına riayət etməyə çalışıram
- Müasir dövrdə Azərbaycan dili və ədəbiyyatın tədrisində hansı çətinliklər var?
-Bildiyimiz kimi Azərbaycan dili fənni üzrə 4 məzmun xətti var. Bəzən elə olur ki, bu məzmun xətlərinin hər birini tam şəkildə verilən vaxt ərzində tam reallaşdırmaqda çətinlik yaranır. Sinifdə şagird sayının çox olması da buna təsir göstərən amillərdəndir. Çünki müzakirə zamanı bütün şagirdləri dərsə cəlb etmək üçün vaxt yetməyə bilər. Bütün bunlara baxmayaraq Azərbaycan dili və ədəbiyyat fənni üzrə müasir təlim metodlarından istifadə etməklə dərsi səmərəli qura bilərik.
- Şagirdlər ən çox hansı qrammatik mövzularda çətinlik çəkirlər? Bunu aradan qaldırmaq üçün hansı üsullardan istifadə edirsiniz?
- Şagirdlərin daha çox əziyyət çəkdiyi qrammatika üzrə mövzulardan biri də fonetika bölməsidir. Orfoqrafik və orfoepik normaları mənimsəməkdə müəyyən çətinlik çəkirlər. Bunun səbəblərindən biri də bölgəmizə xas ləhcə ilə danışmalarıdır. Azərbaycan dili və ədəbiyyat müəllimi kimi, ilk növbədə, özüm ədəbi dilin normalarına riayət etməyə çalışıram. Şagirdlərdə bunun aradan qaldırılması üçün onların yaşına uyğun bədii əsərlər tövsiyə edirəm. Çoxlu mətnlər oxuduram. Xüsusilə dərsdə mətn oxusu zamanı şagirdlərin tələffüzdə yol verdiyi səhvləri izah edirəm, hansı səs necə tələffüz olunmalıdır onu bildirirəm. Bəzən şagirdlər yazılışı çətin olan sözlərdə səhvə yol verirlər. Şagirdlərə orfoqrafik normaları mənimsətmək, yazıda yol verdiyi xətaları aradan qaldırmaq üçün imla yazdırıram.

- Dilimizə əlavə edilən, daxil olan yeni sözlər, ifadələr, ümumiyyətlə, dil dəyişikliyi barədə nə düşünürsünüz? Dilin inkişafı üçün bu dəyişikliklər zəruridir, yoxsa dilin saflığını qorumaq daha vacibdir?
- Elm, texnika inkişaf etdikcə dilimizə yeni sözlər daxil ola bilər və ya bir çox alınma mənşəli sözlər milli sözlərlə əvəz olunaraq sıradan çıxa bilər. Dil dəyişikliyi zəruridir. Əgər bu baş verməsə, dil inkişaf etməz. Cəmiyyətin ehtiyaclarına cavab verməkdə çətinlik çəkər. Dil inkişaf etməli, dilə yeni sözlər daxil olmalıdır.
- Dialekt və şivələrin qorunması haqqında nə düşünürsünüz? Onları tədrisdə necə nəzərə alırsınız?
- Dialekt və şivələr xalqın qədimliyinin göstəricidir. Ölkəmizin hər bir bölgəsində müxtəlif dialekt və şivələrə rast gəlinir. Düşünürəm ki, fərqli bölgələrdən olan şagirdlərin danışıq tərzinə hörmət göstərmək vacibdir. Dialektlərlə ədəbi dilin fərqini şagirdə başa salmalıyıq ki, əslində dialektlər ədəbi dilin mənimsənilməsində müəyyən rola malikdir. Bizim bölgədə dəsmala “təlis” , böyürtkənə “hındıl”, döşəkçəyə “nalça” deyilir. Bəzən dərs prosesində şagirdlər bu dialektlərdən istifadə edirlər. Biz də bu ifadələrin ədəbi dildə qarşılığını şagirdə izah edirik.
- “Kişi müəllimlərin sayı daha da çox olmalıdır”
- Bəzən “Müəllimlik qadın peşəsidir” deyirlər. Hazırda məktəblərdəki kişi müəllimlərinin nisbətən az olmasının səbəbi bu fikrə əsaslanmaqdan qaynaqlana bilər?
- Müəllim adı şərəfli addır. Bu adın məsuliyyətini dərk etmək lazımdır. Həyatda ad, nailiyyət qazanmaq çətin, onu qorumaq ondan da çətindir. Düşünürəm ki, məktəblərdə kişi müəllimlərin sayı daha da çox olmalıdır. Şagirddə xarakterin formalaşmasında bu amil vacibdir. “Müəllimlik qadın peşəsidir” fikri ilə razılaşa bilmərəm. Təhsil sahəsində çalışan, peşəsini sevən həm kişi, həm də qadın müəllimlər tanıyıram ki, işinə sevgi ilə yanaşır, cəmiyyət üçün dəyərli şəxsiyyətlər yetişdirir. Bu işin çətinliyi, məsuliyyəti ağırdır. Ancaq boya-başa çatdığım, təhsil aldığım Lerik rayon Anbu kənd tam orta məktəbində gənc nəslin təlim-tərbiyəsində daim seçilən, nümunə kimi göstərilən kişi müəllimlər çox olub. Özüm üçün daim örnək götürdüyüm, müəllimlik peşəsini seçməyimdə böyük rolu olan atam da müəllimdir. 30 ildən çoxdur ki, cəmiyyətimiz üçün faydalı olan şagirdlər yetişdirir. Biz belə görmüşük, onların adları belə bəs edib.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər