
Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrı musiqi, sənət və vətənpərvərlik ruhuna bürünmüşdü. Bu dəfə səhnənin sahibləri olan peşə və orta ixtisas təhsili müəssisələrində oxuyan tələbələrin hər bir çıxışı müasir Azərbaycanın memarı, Ümummilli Lider Heydər Əliyevə bir ehtiram nümunəsi olaraq ithaf olunurdu. Elm və Təhsil Nazirliyinin dəstəyi, Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin təşkilatçılığı ilə keçirilən “Sən elə bir zirvəsən” respublika ifa müsabiqəsinin yekun konserti gəncliyin sənət vasitəsilə Ulu Öndərə sevgisini, milli dəyərlərə sədaqətini və yaradıcı potensialını nümayiş etdirdiyi unudulmaz bir musiqi bayramına çevrilmişdi.
Mərasimdə öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Tədbir iştirakçıları tərəfindən Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Sonra Ümummilli Lider Heydər Əliyevin Azərbaycan gəncliyinə verdiyi dəyərdən bəhs olundu. Bildirildi ki, “Sən elə bir zirvəsən” respublika ifa müsabiqəsinin keçirilməsində başlıca məqsəd müasir Azərbaycan dövlətinin banisi Heydər Əliyevin müstəqilliyimizin qorunması və möhkəmləndirilməsi, hüquqi-demokratik dövlətin qurulması yolundakı tarixi xidmətlərini gənc nəslə tanıtmaq, onun ideyalarını örnək göstərmək və zəngin irsindən bəhrələnərək milli ruhda formalaşan yeni nəsil yetişdirməkdir. Müsabiqənin həmçinin gənclərin asudə vaxtlarının səmərəli təşkilində, onların istedad və bacarıqlarının, yaradıcılıq potensialının üzə çıxarılmasında əhəmiyyətli rol oynayır.
Qeyd olunub ki, şeir, bəstəkar mahnıları, təsnif və xalq mahnıları, kollektiv ifa və rəqs nominasiyaları üzrə keçirilən müsabiqəyə paytaxtla yanaşı, respublikamızın müxtəlif regionlarının peşə və orta ixtisas müəssisələrində oxuyan ümumilikdə 1000-ə yaxın tələbə qatılıb. Müsabiqənin respublika mərhələsinə 32 peşə təhsili müəssisəsindən 94, 26 orta ixtisas təhsili müəssisəsindən isə 113 tələbə vəsiqə qazanıb. Peşəkar münsiflər heyəti tərəfindən onlardan 125-i qalib olaraq müsabiqənin I-II-III yerlərinə layiq görülüb.

Sonra tədbir iştirakçılarına tələbələrin ifasında maraqlı konsert proqramı təqdim olundu. Azərbaycan bəstəkarlarının ürəkləri riqqətə gətirən seçmə əsərləri, xalq və təsnif mahnıları, muğam və rəqs nömrələri zalda alqışlarla qarşılandı.
Sonda qaliblərin adları elan olundu, səhnəyə dəvət edilən istedadlı gənclər Elm və Təhsil Nazirliyi tərəfindən diplom və hədiyyələrlə təltif olundular.
Tədbirdə elm və təhsil nazirinin müavini Firudin Qurbanov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva, Milli Məclisin deputatı Mehriban Vəliyeva, ATİAHİ Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə, professor Dilarə Seyidzadə, tanınmış musiqi və incəsənət xadimləri iştirak edirdilər.

Qalibiyyət sevincini yaşayan gənclər “Azərbaycan müəllimi”nə yaşadıqları qürur və sevinc hisslərini bölüşdülər. Səhnədəki uğurlu çıxışlardan sonra onların simasındakı təbəssüm, gözlərindəki parlaqlıq təkcə qələbənin yox, həm də Heydər Əliyev irsinə olan sevginin təzahürü idi.
Səhnədə olarkən bunu hiss etmək və tamaşaçıya ötürmək böyük məsuliyyət idi
Kəmalə Əgərova Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecinin II, Aytac Həsənli və Türkanə Baxışova isə I kurs tələbələridir. Onlar ifa etdikləri “Qarabağ” mahnısı ilə “Kollektiv” nominasiyası üzrə II yerin qalibidirlər: “Qarabağ” mahnısını oxuyanda çox həyəcanlı idik. Bu, təkcə musiqi deyil, bizim tariximiz, qürurumuzdur. Musiqinin notunda belə Qarabağın gözəlliyi və füsunkar təbiəti qəlbləri ovsunlayır, insanı duyğulandırır. Səhnədə olarkən bunu hiss etmək və tamaşaçıya ötürmək böyük məsuliyyət idi. II yeri qazanmaq bizim üçün sevincdir və gələcək musiqi karyeramızda daha da irəli getmək üçün böyük motivasiyadır”.

Müsabiqədə “Təsnif və xalq mahnıları” nominasiyası üzrə II yerə layiq görülən Sevda Əşrəfova Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollecin Xanəndəlik fakültəsinin 3-cü kurs tələbəsidir. Deyir ki, həm ölkə, həm də onun hüdudlarından kənarda keçirilən müsabiqələrdə iştirak edib: “Harada olmağımdan asılı olmayaraq hər zaman milli muğamlarımızı gözəl şəkildə ifa etməyə çalışıram. Muğamlarımız xalqımızın keçmişini, tarixini özündə yaşadır. Səhnəyə çıxanda hiss edirəm ki, sadəcə mahnı oxumuram, həm də dəyərlərimizi, tariximizi yaşadıram. Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102 illiyinə həsr olunan bu müsabiqədə iştirak etmək və qalib olmaq mənim üçün fəxrdir. Adım qaliblər siyahısında çəkiləndə çox sevindim. Mənə olan etimadı doğrulda bildiyim üçün çox xoşbəxtəm”.
Müsabiqənin III yer sahibi olan Toğrul Mahmudov Mingəçevir şəhər Turizm Kollecinin III kurs tələbəsidir. O, belə müsabiqələrin istedadlı gənclərin üzə çıxarılmasında önəmli rol oynadığını söyləyir: “Bu müsabiqədə artıq 3 ildir ki, iştirak edir və qalib adını qazanıram. Bu dəfə də “Naz eləmə” rəqsi ilə III yerə layiq görüldüm. Müsabiqənin keçirilməsində əməyi keçən hər kəsə tələbələr adından təşəkkürümü bildirirəm”.

Muhəmməd Zeynalov, Adil Rzayev, Şəfa Eynalova adlarını qeyd etmədiyimiz digər tələbə gənclər də Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzində təhsil alırlar. “Rəqs” nominasiyası üzrə “Cəngi” rəqsi ilə I yerin qalibidirlər. Onlar üçün səhnədə olmaq sadəcə rəqs etmək deyil, milli ruhumuzu, tariximizi canlandırmaqdır:

“Cəngi” qəhrəmanlıq və birliyi ifadə edən bir rəqsdir və biz bu enerjini tamaşaçılara ötürməyə çalışdıq. Rəqs kollektivimiz müsabiqəyə böyük məsuliyyətlə hazırlaşmışdı. Və müsabiqədə uğur əldə edərək I yerə layiq görüldük. Qələbəmiz bütün kollektivin əməyinin nəticəsidir. Ulu Öndərin adını daşıyan bu müsabiqədə qalib olmaq bizim üçün həm fəxrdir, həm də gələcək uğurlarımıza motivasiyadır. Məşqlərdə çox çalışdıq. Qazandığımız alqışlar bu zəhmətin ən gözəl nəticəsidir”.
Ulu Öndər Heydər Əliyevin irsinə olan hörmət və minnətdarlıq…
Bu möhtəşəm musiqi bayramının qalib tələbələrinin sözlərində təkcə uğur sevinci deyil, həm də Ulu Öndər Heydər Əliyevin irsinə olan hörmət və minnətdarlıq duyulurdu. Səhnədə alqışlarla qarşılanan bu istedadlı gənclər Azərbaycan gəncliyinin yaradıcılıq gücünü bir daha məharətlə nümayiş etdirməyi bacardılar.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər