
Bu siniflərdə uşaqlar fərqlidirlər, öyrənmə yolları da bir-birinə bənzəmir. Buna baxmayaraq, hamı birlikdə bir-birinə qarşılıqlı sevgi, dəstək göstərməklə yeni bilik və bacarıqlar əldə edir, özünü inkişaf etdirərək cəmiyyətdə layiqli yerini tutur.
Gəncə-Daşkəsən regionundakı məktəblərdə bu prinsiplər əsasında qurulan inklüziv təhsil yanaşması artıq bir modelə çevrilir.
“Azərbaycan müəllimi” Gəncə–Daşkəsən regionu üzrə inklüziv siniflər haqqında hazırladığı yazını təqdim edir.
Gəncə şəhəri 8 nömrəli tam orta məktəbin balaca qəhrəmanlarından biri 7 yaşlı Gülnara Namazovadır. O, bu il 1-ci sinfi bitirib. İlk məktəb ilinin təəssüratını bölüşür: "Riyaziyyatı çox sevirəm. Anam və müəllimim mənə riyaziyyat tapşırıqlarının həllində kömək edirlər. Müəllim dərsi ətraflı başa salır, tez yadımda qalır. Böyüyəndə ibtidai sinif müəllimi olmaq istəyirəm".

Anası Fatma Babayevanın sözlərinə görə, Gülnara bəzən özünü sinif yoldaşlarından zəif hiss edir. Amma sinifdəki mühit onu motivasiya edir: "Dostlarını çox sevir. Onlar Gülnaraya kömək edirlər. Məktəbdə inklüziv təhsil uşaqların yalnız biliyini deyil, həm də mənəvi inkişafını dəstəkləyir. Bizim üçün vacibdir ki, uşağımız özünü idarə edə bilsin".

Məktəbin korreksiyaedici pedaqoqu Məhluqə Əliyeva Gülnaranın tədrisinə məsuldur. 3 illik təcrübəsindən danışan Məhluqə müəllim qeyd edir ki, bu sahədə çalışmaq ona fərdi ehtiyaclara hörmətlə yanaşmağı, fərqli öyrənmə bacarığına uyğun metodlar tətbiq etməyi öyrədib:
“Diferensial təlim, vizual və kinestetik üsullar vasitəsilə uşaqların bacarıqları üzə çıxır. Gülnara dərslərdə fəaldır, amma bəzən motivasiyası aşağı düşür. Belə hallarda onu oyunla, vizual materiallarla motivasiya edirəm".

Məhluqə müəllimin fikrincə, inklüziv təhsilin uğurlu olması üçün məktəbin bütün heyəti, valideynlər, psixoloq və müəllimlər arasında sıx əməkdaşlıq vacibdir: "Biz bir ailə kimi çalışırıq. Dərslərdə mövzulara fərdi inkişaf planlarına uyğun yanaşırıq. Uşağın zəif və güclü tərəflərini bilmək üçün müşahidə, müsahibə və əyani materiallardan istifadə edirik. Fərqli şagirdlərlə işləmək çox çətindir, amma bu, mənəvi baxımdan çox dəyərlidir".

Göygöl şəhəri Səməd Vurğun adına 3 nömrəli tam orta məktəbin 1 “v” sinfi sanki həm tədrisin, həm də insanlıq dəyərlərinin kiçik modeli kimidir. 19 nəfərlik sinifdə hər uşaq fərqli qabiliyyət, və maraqlarla, bəziləri isə xüsusi təhsil ehtiyacları ilə məktəb həyatına qədəm qoyub. Sinfin müəllimi Xalidə Hüseynova artıq 38 ildir ki, ibtidai sinif müəllimi kimi çalışır. O, inklüziv sinifdə işləməyin məsuliyyətini dərindən anlayır. O, "İnklüziv sinifdə təlimin təşkili" mövzusunda keçirilmiş təlimdə öyrəndiklərini dərslərində də tətbiq edir. Onun fikrincə, fiziki və ya psixoloji çətinliyi olan uşaqlar da digər şagirdlərlə eyni şəraitdə təhsil almalı, bu fərqliliklər səbəbindən ayrı-seçkilik hiss etməməlidirlər:
"Bu cür şagirdlərlə elə davranmaq lazımdır ki, onlar özlərini o biri uşaqlardan fərqləndirməsinlər. Mən onlara həmişə stimul verirəm. “Sən bilirsən, sən bacaracaqsan”, – deyirəm".

Əlbəttə, dərs ilinin əvvəlində çətinliklər olub. Bəzi şagirdlər dərsə adaptasiyada çətinlik çəkib. Amma zamanla müsbət irəliləyişlər müşahidə olunur. Xalidə müəllim məktəb kollektivinin dəstəyini xüsusi vurğulayır: "Məktəbimizin direktoru, psixoloqu, müəllimləri, hətta xadimələr də bu işdə bizə kömək edirlər. Məktəbə girişdə həssas uşaqlarımız üçün şərait yaradılıb".

Sinifdə korreksiyaedici dəstəyin göstərilməsi isə korreksiyaedici pedaqoq Nilufər müəllimin üzərinə düşür. O, uşaqların fərdi tədris planlarının hazırlanmasında, onların inkişafı üçün gündəlik işin təşkili, davranış korreksiyası və ailə-məktəb əməkdaşlığında mühüm rol oynayır: "Bu işdə valideynlərlə əməkdaşlıq vacibdir. Biz valideynlərin köməyi ilə şagirdlərin psixoloji vəziyyətini və ümumi diaqnostikasını aparırıq. Fərdi planlar hazırlayır, şagirdin fərdi potensialına uyğun sadələşdirilmiş tədris metodu seçirik".
“Ən çətin olan məsələ şagirdin idrak səviyyəsinə uyğun proqram hazırlamaqdır”
Gəncə şəhərində daha bir inklüziv sinif M.C.Paşayev adına 39 nömrəli tam orta məktəbdədir. Sinif müəllimi Arzu Muradova da öz fikirlərini bölüşür. Onun tədris prosesində iştirak etdiyi 4 inklüziv ibtidai sinif var və hər birində sağlamlıq imkanları məhdud olan iki şagird təhsil alır: "Müxtəlif kurslarda iştirak etmişəm. Onlara dərsləri sadə dillə, başa düşəcəyi tərzdə izah edirəm. Valideynlərlə sıx ünsiyyətdəyəm. Ən çətin olan məsələ şagirdin idrak səviyyəsinə uyğun proqram hazırlamaqdır, çünki bəzi mövzuları uzun müddət mənimsəyə bilmirlər".

Arzu müəllim bildirir ki, inklüziv uşaqlar üçün məktəbəqədər mərhələ, psixoloji dəstək və ardıcıl müşahidə çox önəmlidir: "Əsas məqsəd şagirdin özünü sinifdə rahat hiss etməsidir. Onlar yoldaşları ilə sağlam münasibət qura biləndə dərsdə də aktiv olurlar".
“Sinif yoldaşlarımla münasibətim yaxşıdır”
Bu məktəbin 1-ci sinfini yenicə bitirən İnci Rüstəmova isə inklüziv təhsilin həm güclü, həm də zəif tərəflərini görən şagirdlərdəndir. İngilis dili və texnologiya fənlərini sevdiyini deyir, amma çətinliklərin də olduğunu gizlətmir: "Mənə görə, proqram ağırdır. Amma onun öhdəsindən gəlməyə çalışıram. Sinif yoldaşlarımla münasibətim yaxşıdır".

İnci gələcək arzusunu da dilə gətirir: “Gimnast olmaq istəyirəm. Hazırda yalnız məktəb dərslərinə və gimnastikaya hazırlaşıram. Əlavə dərslərə və məşğələlərə qatılıram".
“Dərs planı eyni olmamalıdır”
Gəncə şəhəri M.C.Paşayev adına 39 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Ülkər Əliyeva da sinfində inklüziv təhsilə açıq və anlayışlı yanaşma nümayiş etdirir: "Məncə, dərs planımız eyni olmamalıdır. Dərs hər bir şagirdin anlaya bildiyi səviyyədə izah edilməlidir. Yazmağı sevməyən uşağı kiçik mükafatlarla həvəsləndirib hüsxətə cəlb edirəm".

O, sinfin təchizatı və əməkdaşlıq mühitinin də rolunu xüsusi vurğulayır: "Əlil arabaları üçün pandus, dərsdənkənar məşğələlər üçün xüsusi otaq, sanitar şərait, vizual materiallar, həvəsləndirici stikerlər – bunlar uşaqlar üçün çox önəmlidir. Təbii ki, daha çox vəsait, texniki dəstək və əlavə kadr olsa, nəticələr də daha yüksək olar".
“Şagirdin ruhuna toxunmaq üçün onun dünyasına varmaq lazımdır”
İnklüziv təhsil modelinin tətbiq olunduğu Gəncə şəhər M.Hadi adına 10 nömrəli tam orta məktəbdə həm pedaqoji, həm də psixoloji baxımdan kompleks yanaşma tətbiq edilir. Burada çalışan korreksiyaedici pedaqoq Arzu Aslanova deyir ki, bu sahədə təcrübəsi az olsa da, işinə ürəklə yanaşır və özünü daim inkişaf etdirməyə çalışır:

"Müxtəlif seminar və kurslarda iştirak etmişəm. İnklüziv siniflərdə şagirdlərə fərdi yanaşıram, oyunlarla, əyani vəsaitlərlə mövzunu izah edirəm. Valideynlərlə sıx əlaqə saxlayıram, irəliləyişləri və ləngimələri onlara mütəmadi bildirirəm".
Onun fikrincə, ən böyük çətinliklərdən biri mövcud proqramın bütün uşaqlar üçün uyğun olmamasıdır. Bu hallarda dərslərin fərdiləşdirilməsi, vizuallaşdırılması və oyun elementlərinin tətbiqi daha effektiv olur.
Psixoloji dəstək isə məktəbdə psixoloq, korreksiyaedici pedaqoq Dünya Aslanlının rəhbərliyi ilə sistemli şəkildə aparılır. O, inklüziv siniflərdə sağlam mühitin yaradılmasında psixoloji maarifləndirmənin və fərdi yanaşmanın rolunu belə izah edir:

"İnklüziv təhsildə psixoloq, korreksiyaedici pedaqoq və müəllim birlikdə çalışmalı, fərqli inkişaf xüsusiyyətləri olan şagirdin daxil dünyasına varmalıdır. Onun güclü və zəif cəhətlərini, psixoloji narahatlıqlarının səbəbini aşkar etməli və ruhuna təsir etməlidirlər".
O bildirir ki, psixoloji müşahidə və testlərlə yanaşı, oyun, art və qum terapiyaları da tətbiq olunur:
"Şagirdin ümumi psixoloji vəziyyəti müşahidə olunur, müəllim və valideynlərlə söhbətlər aparılır. Daha sonra oyun, qum terapiyası kimi üsullarla uşağın özünü ifadəsi üçün şərait yaradılır".

Dünya xanımın sözlərinə görə, uşaqlarla davranış korreksiyası da dolayı yolla, emosional təzyiq olmadan aparılmalıdır:
"Əgər sağlamlıq imkanları məhdud bir şagird dərsdə yoldaşını incidirsə, müəllim ümumi qrupa sual verir: “Yoldaşımızı incitmək olarmı?” Cavablar hamı tərəfindən deyilir və bu yanaşma ilə həmin uşağa düzgün davranış formaları göstərilir".
O, valideynlərlə psixoloji maarifləndirmə işlərini də vacib sayır:
"Valideynlərlə görüşlərdə onların sualları cavablandırılır, tapşırıqlar verilir, uşağın vəziyyəti birlikdə analiz olunur. Bu əməkdaşlıq uğurun əsas şərtidir".

Ümumilikdə aydın olur ki, inklüziv təhsil yalnız pedaqoji bir yanaşma deyil. Bu həm də sevgiyə, anlayışa və birliyə əsaslanan dəyər modelidir. Bu siniflərdə uşaqlar yalnız bilik öyrənmir, həm də bir-birinə dayaq olmağı, fərqli olmağın fərq yaratmadığını dərk edir, güclü olmağın yollarını tapırlar. Müəllimlər isə bu yolun susmayan qəhrəmanlarıdır.
1 /7
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər