
Stokholm Universitetinin dosenti Hugues Engel tərəfindən yazılmış "Təhsil inkişafı üçün institusional profil – tələbə uğurunu şərtləndirən amillərin müəyyənləşdirilməsi" adlı məqalə nəşr olunub.
“Azərbaycan müəllimi” xəbər verir ki, sözügedən məqalə tərcümə edilərək Təhsil İnstitutunun Beynəlxalq Təhsil İcmalı bülleteninin yanvar sayına salınıb.
Məqalədə ali təhsildə tələbə uğuruna təsir edən mühüm amilləri araşdırılır. Tədqiqat İsveçdə bir universitetin hazırlıq dil kursları təklif edən Roma və Klassik dillər bölməsində həyata keçirilmiş, “Tinto” və “Pusser”in (2006) tələbə uğuru üçün nəzərdə tutulan institusional fəaliyyət modeli əsasında profil yaratma metodundan istifadə edilmişdir. Bu yanaşmanın məqsədi tələbə uğuruna təsir edən 5 əsas şərti – institusional öhdəlik, gözləntilər, dəstək, rəy və tələbə iştirakının kursların tamamlanmasına, tələbələrin akademik göstəricilərinə nə dərəcədə təsir etdiyini müəyyən etməkdən ibarətdir.
Tədqiqat, “Tinto” və “Pusser”in (2006) tələbə uğuru üçün institusional fəaliyyət modeli əsasında aparılmışdır. Bu model “Tinto”nun tələbə inteqrasiyası modelinə əsaslanaraq tələbələrin akademik uğurunu təmin etmək üçün institutların təsir edə biləcəyi 5 əsas şərti müəyyənləşdirir:
1. İnstitusional öhdəlik: Tələbə uğurunun təmin edilməsi məqsədilə resursların ayrılması və təşviqlərin yaradılmasında institutun sadiqliyi.
2. Gözləntilər: Tələbələrə yüksək akademik standartların, tələblərin dəqiq və aydın şəkildə çatdırılması.
3. Dəstək: Akademik, sosial və maliyyə baxımından tələbələrin ehtiyaclarını qarşılayan dəstək mexanizmlərinin tətbiqi.
4. Rəy: Tələbələrin biliklərini inkişaf etdirmək üçün mütəmadi, vaxtında və konstruktiv rəyin verilməsi.
5. Tələbə iştirakı: Akademik və sosial fəaliyyətlərə daha çox cəlb olunmağı təşviq etməklə tələbələrin inteqrasiyasını artırmaq.
Bu modelin diqqət mərkəzində tələbə uğuruna təsir edən və institutların idarə edə biləcəyi amillər dayanır. Xarici dəyişənlər, məsələn, ailə dəstəyi və ya maliyyə vəziyyəti kimi faktorlar tədqiqatın fokusundan kənarda saxlanılmışdır. Bunun əvəzinə, tədqiqat akademik mühitin qurulması və institutların tələbələrə təqdim etdiyi dəstək sistemlərinə yönəlmişdir. Bu yanaşma, universitetlərə tələbə uğurunu artırmaq üçün birbaşa nəzarət edə biləcəkləri dəyişənlər üzərində işləmək imkan verir.
Aparılan tədqiqat 2 əsas məqsədi araşdırır:
1. Tələbə uğurunu şərtləndirən amillər və akademik göstəricilər arasındakı əlaqə: “Tinto” və “Pusser”in (2006) modeli əsasında müəyyən edilmiş beş tələbə uğurunu şərtləndirən amillərin (institusional öhdəlik, gözləntilər, dəstək, rəy və tələbə iştirakı) tələbələrin akademik göstəriciləri ilə (xüsusən kursun tamamlanması ilə ölçülən) əlaqəsini qiymətləndirmək. Bu məqsəd tələbə uğurunu artırmaq üçün ən təsirli şərtləri müəyyənləşdirmək üçün aparılmışdır.
2. Əlaqənin gücündə fərqliliklər: Tələbə uğurunun şərtləri ilə akademik göstəricilər arasındakı qarşılıqlı əlaqədə müşahidə olunan fərqləri öyrənmək. Bu yanaşma hansı şərtlərin daha böyük təsirə malik olduğunu və təhsil inkişafı üçün prioritetləşdirilməli olduğunu müəyyənləşdirmək üçün əsas verir.
Tədqiqatın metodologiyası aşağıdakı əsas komponentlərdən ibarətdir:
- İştirakçılar:
2020-ci ildə bölmənin hazırlıq kurslarına yazılmış 1,003 tələbə arasından 261 nəfər sorğuya cavab verib (cavab nisbəti: 26%). Təmizləmə prosesindən sonra tam məlumat təqdim etməyən 25 respondent xaric edilmiş və nəticədə 213 tələbənin cavabları təhlil üçün istifadə olunub.
- Sorğu:
“Tinto” və “Pusser”in (2006) tələbə uğuru modeli əsasında hazırlanmış sorğu 58 maddəni əhatə edib. Sorğu tələbələrin beş əsas uğur şərti (institusional öhdəlik, gözləntilər, dəstək, rəy və tələbə iştirakı) ilə bağlı fikirlərini ölçmək məqsədilə istifadə edilib. Cavablar 1-dən (tamamilə razı deyiləm) 7-dək (tamamilə razıyam) qiymətləndirilib.
- Məlumatların təhlili:
İki qrup arasında müqayisə aparılib: kurslarını tamamlayanlar (n = 138) və tamamlamayanlar (n = 75). Hər iki qrup üzrə uğur şərtləri ilə bağlı ortalama ballar müqayisə edilib. Məlumatların normal paylanmaması səbəbindən “Wilcoxon rank-sum” testi statistik analiz üçün seçilib.
Əsas nəticələr göstərmişdir ki, kurslarını tamamlayan tələbələr bu şərtləri tamamlamayanlara nisbətən daha müsbət qiymətləndirib. Ən böyük təsir institusional öhdəlikdə müşahidə edilib ki, bu da təhsil müəssisələrinin tələbə uğurunun əsas hərəkətverici qüvvəsi ola biləcəyini vurğulayıb.
Tədqiqatın nəticələri tələbələr üçün dəstəkləyici bir təhsil mühitinin vacibliyini təsdiqləyir. Bununla yanaşı, sorğuların tələbə qavrayışına əsaslandığı üçün tədqiqatın bəzi məhdudiyyətləri də mövcuddur. Bu məhdudiyyətləri aradan qaldırmaq üçün tələbə və müəllimlərlə əlavə müsahibələr aparmaq tövsiyə edilir.
Praktik tətbiqlər:
1. İnstitusional öhdəliyin gücləndirilməsi: Tələbə uğuruna sadiqliyi nümayiş etdirmək üçün resursların artırılması və tədris saatlarının optimallaşdırılması.
2. Rəylərin təkmilləşdirilməsi: Tələbələrə tez-tez və konstruktiv rəyin verilməsi.
3. Dəstək sistemlərinin gücləndirilməsi: Tədris qrupları, mentorluq və əlavə tədris proqramlarının tətbiqi.
3. Tələbə iştirakının artırılması: İcma hissini gücləndirən fəaliyyətlər və tədbirlərin təşviqi.
Bu yanaşma təhsil mühitlərinin inkişaf etdirilməsi və tələbə uğurunun artırılması üçün konkret və ölçülə bilən strategiyalar təmin edir.
Nəticə:
Tədqiqat “Tinto” və “Pusser”in modelinin müəyyən bir təhsil mühitində tələbə uğuru şərtlərini diaqnoz etmək üçün faydalılığını nümayiş etdirir. Nəticələr tələbə uğurunun təmin edilməsində institusional öhdəlik, rəy və dəstəyin əhəmiyyətini vurğulayır, təhsilin inkişafı üçün praktik tövsiyələr təqdim edir.
Mənbə: Engel, H. (2025). Institutional Profiling for Educational Development: Identifying Which Conditions for Student Success to Address in a Given Educational Setting—A Case Study. Journal of College Student Retention: Research, Theory & Practice, 26(4), 1100-1122. https://doi.org/10.1177/15210251221147624
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər