.jpeg)
Onun cəmi 14 yaşı var. Amma bu yaşa sığmayan arzuları, zəhməti və uğurları ilə Sinay Məmmədli artıq böyük bir yol qət edib. Bakı şəhəri 46 nömrəli tam orta məktəbin 8 “c” sinif şagirdi olan Sinay həm də 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin fəal üzvlərindəndir.
“İllər keçdi, rəqsə olan sevgim daha da böyüdü”
Rəqsə sevgisi daha kiçik – cəmi 4 yaşında olarkən özünü göstərməyə başlayıb. Bu sevgini ilk hiss edən və ona yol açan isə anası olub. Sinayın sözlərinə görə, anası milli rəqsləri çox sevir və onların qızlara bəxş etdiyi zəriflik və incəliyi yüksək qiymətləndirir:

“Anamın təşəbbüsü ilə 4 yaşımda Nizami rayonunda yerləşən 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzində milli rəqsə yazıldım. O vaxtdan Lalə İbrahimovanın rəhbərliyi ilə rəqs dünyasına ilk addımlarımı atdım. İllər keçdi, rəqsə olan sevgim daha da böyüdü. Artıq 10 ildir ki, həmin mərkəzin “Azəri inciləri” rəqs kollektivinin fəal üzvlərindən və solistlərindənəm”.
Bu illər ərzində Sinay təkcə səhnənin sehirli aləmində özünü tapmayıb, eyni zamanda, çoxsaylı uğurlara imza atıb. Rəqs kollektivinin tərkibində müxtəlif televiziya proqramlarında çıxış edib, ölkənin fərqli bölgələrində keçirilən tədbirlərdə sertifikat və təşəkkürnamələrlə təltif olunub: “8 yaşımda artıq ölkə daxilində və xaricdə keçirilən festivallarda “Azəri inciləri” kollektivinin üzvü kimi səhnəyə çıxırdım. Hər dəfə səhnəyə addımlayanda həm mərkəzimizi, həm də doğma vətənimizi təmsil etdiyimi hiss etmək mənə böyük qürur və zövq verir”.
Sinay üçün səhnə sadəcə bir çıxış yeri deyil. Bu, onun ruhunun nəfəs aldığı məkandır. Özünü səhnədə sərbəst və güvənli hiss edən gənc istedad müsabiqələrdə iştirak etməkdən böyük məmnunluq duyur:

“Müsabiqələrlə bağlı hər hansı bir elan görəndə ilk olaraq anam və müəllimimlə məsləhətləşirəm. Birlikdə qərar veririk və mən böyük həvəslə həmin müsabiqəyə qatılıram”.
“Yeni rəqs trendlərini izləyib öyrənmək həm əyləncəli, həm də faydalıdır”
Rəqs sənəti ilə yanaşı, Sinay məktəbdə də fəal və maraqlı şagirddir. Ədəbiyyat və həyat bilgisi fənləri onun ən çox sevdiyi dərslərdəndir. Qiraətə və yeni biliklər toplamağa xüsusi maraq göstərir:
.jpeg)
“Cənubi Koreyaya, koreyalıların həyat tərzinə, mədəniyyətinə və adət-ənənələrinə böyük marağım var. Bu səbəbdən boş vaxtlarımda Koreya dilini öyrənməyə çalışıram. Yeni rəqs trendlərini izləyib öyrənmək də mənim üçün həm əyləncəli, həm də faydalıdır. Son zamanlar isə maraq dairəmə Azərbaycanın görkəmli xeyriyyəçisi və milyonçusu Hacı Zeynalabdin Tağıyev də daxil olub. Tağıyevin həyat və fəaliyyətini araşdırmaq, onun xalq üçün gördüyü işləri öyrənmək mənə böyük zövq verir. Onun fədakarlığı və vətənpərvərliyi mənim üçün ilham mənbəyidir”.
Sinayı uğur əldə etməyə həvəsləndirən bir səbəb də atasının xatirəsinə etimad göstərmək, onun ruhunu şad etməkdir. O, I Qarabağ müharibəsi veteranı Məhəmməd Məmmədlinin övladıdır. Atası artıq həyatda olmasa da, Sinay əmindir ki, hər bir uğurunda atasının ruhu onunla qürur duyur.
.jpeg)
Sinay boş vaxtlarında dostları ilə vaxt keçirməyi də sevir. Onlarla birgə yeni rəqs trendlərini öyrənir, gəzintilərə çıxır, açıq havada piknik edirlər. Onun həyatı rəqsə çox bağlıdır: “Mən özümü rəqssiz təsəvvür etmirəm. Uşaqlıqdan rəqs müəllimim olan Lalə İbrahimovanın uşaqlara və sənətə olan sevgisi məni çox təsirləndirib. Məhz buna görə də gələcəkdə onun kimi sevilən bir rəqs müəllimi olmaq istəyirəm. Bu, mənim ən böyük arzularımdan biridir”.
Onun digər böyük arzusu isə Cənubi Koreya ilə bağlıdır. Sinay bu ölkənin mədəniyyətinə, həyat tərzinə o qədər maraq göstərir ki, həmin ölkədə təhsil almaq onun gələcək planlarının əsas yerindədir. O, səyahət etməyi də çox sevir. Və ən gözəli, rəqs onun bu arzularını reallığa çevirir. Rəqsin gətirdiyi imkanlarla artıq bir çox ölkələri görüb. İndiyədək ən sevdiyi şəhərlər isə İstanbul və Dubay olub. Amma yay tətilləri onun üçün daha özəldir: “Yay düşərgəsində qardaşımla birgə oynadığımız oyunlar, birlikdə keçirdiyimiz maraqlı vaxtlar mənə çox xoş xatirələr bəxş edir. Anam da bizim kimi aktivliyi, mədəni tədbirləri və səyahəti çox sevir. Uşaqlıqdan bu sevgini bizə də aşılayıb”.
“Anam hər zaman sevdiyimiz işlə məşğul olmağı tövsiyə edir”
Sinay anasını təkcə valideyn kimi deyil, həm də yol yoldaşı, dəstəkçi və ilham mənbəyi kimi görür: “Anam bizə hər zaman sevdiyimiz işlə məşğul olmağı tövsiyə edir. Deyir ki, insan sevdiyi işlə məşğul olanda heç vaxt yorulmaz. Mənim bu günə qədərki bütün uğurlarımın arxasında anam durur. Ona sonsuz təşəkkür edirəm”.
.jpeg)
“Seçimdə sərbəst olmağı Sinay üçün ən doğru qərar olacaq”
Sinayın anası Sara Abdullazadə isə deyir ki, əsas olan qızının öz sevdiyi ixtisası seçməsidir: “Gələcəkdə həmin sahədə özünü tapacaqsa, hər zaman onun yanındayam. Artıq 9-cu sinfə keçir və düşünürəm ki, seçimdə sərbəst olmağı Sinay üçün ən doğru qərar olacaq”.
Onu da qeyd edək ki, Sinay 2018-ci ildə Türkiyənin Antalya, 2019-ci ildə İstanbul, 2024-cü ildə yenidən Antalya şəhərində FOMGED Gənclər Klubunun təşkil etdiyi Beynəlxalq Uşaq festivallarında aktiv iştiraka görə sertifikat, 2024-cü ildə Belarusun Minsk və Klimoviç şəhərlərində keçirilən “Sərhədsiz yaradıcılıq” müsabiqəsində və “Qızıl Arı” Beynəlxalq Festivalında 1-ci dərəcəli diplom əldə edib.
.jpeg)
2024-cü ilin oktyabrında Qazaxıstanın “Astana Stars İnternational” Təşkilat Komitəsinin onlayn təşkil etdiyi “Sən bir ulduzsan! - Payızın çalarları” adlı V Beynəlxalq Distant Festival Müsabiqədə 1-ci dərəcəli laureat diplomu qazanan Sinay cari ilin 23-26 yanvar tarixlərində Qazaxıstanın “Astana Stars İnternational” Təşkilat Komitəsinin Bakıda təşkil etdiyi “Azerbaijan Grand Festival” adlı Beynəlxalq İncəsənət Müsabiqə-Festivalında Qran-Pri və 1-ci yer, 27 mart tarixində Qazaxıstanın “Astana Stars İnternational” təşkilat komitəsinin Bakıda təşkil etdiyi “Azerbaijan Grand Festival” adlı Beynəlxalq İncəsənət Müsabiqə-Festivalında Qran-Pri, 21-25 aprel ayında “Boğaziçi Folklor Birliyi” İdman Klubunun Türkiyənin İstanbul şəhərində təşkil etdiyi Beynəlxalq Uşaq Rəqs, Musiqi Festivalında 1-ci yerə layiq görülüb.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər