
Cari ayda OECD tərəfindən "Yaşlıların təhsili üzrə tendensiyalar: 2023-cü il PIAAC (yaşlıların funksional savadlılıq, riyazi savadlılıq və problem həll etmə qabiliyyətlərini - qlobal miqyasda qiymətləndirən beynəlxalq tədqiqat) sorğusuna dair məlumatlar" adlı hesabat nəşr olunub.
“Azərbaycan müəllimi” xəbər verir ki, Təhsil İnstitutunun Beynəlxalq Təhsil İcmalı bülleteninin iyul sayında hesabatdan çıxarışlara yer verilib.
Hesabat 2023-cü ildə keçirilən sorğunun nəticələrinə əsaslanaraq yaşlıların təhsili sahəsində yaranan tendensiyaları, qarşıda duran çağırışları və siyasət imkanlarına dair məlumatları təqdim edir. Hesabat böyüklərin bacarıq inkişafının davamlılığını və bu bacarıqların əmək bazarına uyğunluğunu texnoloji, demoqrafik və iqtisadi dəyişikliklər fonunda araşdırır.
Hesabatdan aydın olur ki, yaşlı insanların təhsildə iştirak səviyyəsi ölkədən ölkəyə ciddi şəkildə dəyişir.
Belə ki, OECD üzrə yaşlıların təhsildə iştirakı orta hesabla 40% təşkil edir. Finlandiya və Norveçdə bu göstəricilər 58%-ə qədər yüksəldiyi halda, Koreyada 13%, Polşada isə 21% dir. Bu fərqlər Şimali Avropa və ingilisdilli ölkələrdə yaşlılar arasında öyrənmə mədəniyyətinin daha güclü formalaşdığını göstərir. Araşdırmanın nəticələrinə əsasən, son on ildə yalnız Estoniya və İrlandiyada təhsildə iştirak nisbətən (təqribən 5 faiz bəndi) artmışdır. Digər ölkələrdə xüsusilə, Koreya (-26 bənd) və İsraildə (-16 bənd) ciddi eniş müşahidə olunmuşdur. Bu azalma, bir çox ölkədə əmək bazarının təlim imkanları ilə paralel inkişaf etmədiyini və institusional dəstək mexanizmlərinin yetərsiz olması ilə izah olunur. Digər tərəfdən iştirak səviyyəsində gender və sosial status fərqlərinin azalması ümumilikdə müsbət görünsə də, bu dəyişikliklərin əsasən, ümumi iştirakın azalması ilə əlaqədar olduğu da hesabatda vurğulanır. Bu cür kəskin azalma xüsusilə ənənəvi təlimlərdə daha aktiv iştirak edən kişilər və ali təhsilli şəxslər arasında müşahidə olunub.
Yaşlıların təhsili struktur baxımından formal, qeyri-formal və qeyri-rəsmi (informal) təhsili əhatə edir.
Hesabat bu bölgüyə əsasən, aparılan araşdırmanın formal təhsilin iştirak baxımından zəiflədiyini ortaya qoyur. Belə ki, hazırda yaşlıların yalnız 8%-i formal təhsilə cəlb olunur. Bunun əksinə əsasən, iş fəaliyyəti ilə bağlı, akkreditə olunmayan və qısa müddətli tədris proqramları ilə əhatə olunan qeyri-formal təlimlər isə daha geniş yayılmış və ümumi iştirakın 37%-ni təşkil etdiyi hesabatdan aydın olur. Bundan əlavə qeyd olunur ki, qeyri-formal təlimlərin 42%-i bir gündən az, 40%-i isə bir həftədən daha qısa müddəti əhatə edir. Mövcud statistika bu tip proqramların əsasən hüquqi uyğunluq və peşəkar minimal standartların ödənilməsi üçün təşkil olunduğunu göstərir. Nəticə etibarilə, strateji yönümlü bacarıq inkişafı xüsusilə yenidən hazırlanma (reskilling) və ixtisasartırma (upskilling) təlimlərinin əsas məqsədi deyil. Hesabatdan aydın olur ki, formal təhsildə iştirak edən yaşlıların 65%-i ali təhsil almaqdadır. Bu nəticə bəzi ölkələrdə, o cümlədən, Kanada və ABŞ-da yaşlılar üçün ali təhsilə yenidən çıxış və peşə İxtisaslarını təkmilləşdirmək imkanlarının daha geniş olduğunu göstəricisidir. Məlumatlara əsasən, qeyri-formal təlimlərdə ən çox rast gəlinən mövzu "sağlamlıq və təhlükəsizlik" sahəsinə aiddir və bu kateqoriyaya daxil olan təlimlər ümumi iştirakın 18%-ni təşkil edir. Finlandiya, İrlandiya və İtaliya kimi ölkələrdə bu göstərici 25%-dən yuxarıdır. Bu təlimlərin bir çox hallarda hüquqi və inzibati tələblərlə əlaqəli olması, onların əhəmiyyətini azaltsa da, bu sahədəki iştirak səviyyəsi digər sahələrdə də təlimlərin genişləndirilməsinin vacibliyini göstərir. Məsələn, OECD-ə daxil olan ölkələr üzrə informasiya texnologiyaları sahəsində təşkil olunan təlimlər 14% təşkil edir ki, bu göstərici İsrail, Sinqapur və İspaniyada daha yüksəkdir.
Hesabatda yaşlılar üçün təşkil olunan oxu və riyazi savadlılıq üzrə təlimlərin 1% səviyyəsində olması ciddi narahatlıq doğuran məsələlərdən biri kimi qeyd olunur. Bu isə onu göstərir ki, əsas informasiyanı anlamaya və emal etməyə yönəlik baza bacarıqlarının inkişafı bir çox ölkələrin təhsil siyasətində prioritet deyil.
Hesabatda eyni zamanda məşğulluğa cəlb olunmayan şəxslərin daha uzunmüddətli və intensiv təlimlərdə iştirak etməyə meylli olduğuda qeyd olunur. Bu isə onların müxtəlif bacarıqlara sahib olma ehtiyacından irəli gəlir. Bununla yanaşı yaşlıların yarısından çoxu son bir ildə heç bir təlimə qatılmayıb və iştirak planı da yoxdur. Təlimdə iştirak edənlərin isə təxminən 25%-i müəyyən maneələrlə qarşılaşdıqlarını bildiriblər. Ən çox qeyd olunan problemlər arasında isə zaman çatışmazlığı və maliyyə imkanlarının məhdudluğu yer alır. Bu çətinlikləri daha çox qadınlar, gənclər və yüksək təhsilli şəxslər etiraf edirlər.
Hesabatda təlimlərin uğurla həyata keçirilməsində işəgötürənlərin rolu xüsusi vurğulanır. Belə ki, təlimlərin üçdə ikisi iş yerləri tərəfindən maliyyələşdirilir və əksəriyyəti iş saatları çərçivəsində baş tutur. Bu isə əmək bazarı ilə dövlət siyasətləri arasında ortaq məsuliyyətin paylaşılmasının əhəmiyyətini ortaya qoyur.
Əldə olunan məlumatlardan biri də budur ki, yaşlıların təhsildə iştirak səviyyəsinin azalması ilə oxu və riyazi bacarıqların da zəiflədiyi müşahidə olunmaqdadır. Bu tendensiya Koreya və İsrail də aydın izlənməkdədir. Bu qarşılıqlı əlaqə aşağı bacarıqlı fərdlərin öyrənmə imkanlarına daha az cəlb olunması və nəticədə bu bacarıqların daha da zəifləməsi ilə nəticələnən mənfi təsirin mövcudluğunu göstərir.
Hesabatda həmçinin qeyd olunur ki, hazırda tətbiq olunan qısamüddətli və situativ xarakterli təlimlərin yaşlıların davamlı peşə bacarıqlarına yiyələnməsinə və əmək bazarına səmərəli inteqrasiyasına tam dəstək vermir. Bu səbəbdən hesabatda yaşlıların təhsilinin təşkili istiqamətində siyasətdə köklü islahatlara ehtiyac olduğu vurğulanır.
Bütün qeyd olunanları nəzərə alaraq hesabatda aşağıdakı tövsiyələr irəli sürülür.
– Təlim məzmununun əmək bazarının real ehtiyaclarına uyğunlaşdırılması;
– Modul əsaslı və akkreditasiya oluna bilən tədris modellərinin tətbiqi və genişləndirilməsi;
– Maliyyə və vaxt baxımından dəstək mexanizmlərinin gücləndirilməsi;
– Sosial baxımda həssas əhali qruplarına yönəlmiş, inklüziv və davamlı öyrənmə proqramlarının hazırlanması və icrası.
Mənbə: OECD (2025), Trends in Adult Learning: New Data from the 2023 Survey of Adult Skills, Getting Skills Right, OECD Publishing, Paris, https://doi.org/10.1787/ec0624a6-en.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər