Bütün xəbərlər
22 may, 12:35

Bu il Respublika fənn olimpiadalarında (RFO) Lənkəranın 3 şagirdi qızıl medal alaraq həm məktəblərinin, həm də bölgələrinin adını ucaldıblar.

Onların ikisi – Tofiq Ağayev və ikiqat qızıl medalçı Ülviyyə Xasiyeva eyni təhsil müəssisəsinin - Lənkəran rayonunun Liman şəhərinin Vasif Həsənov adına 2 nömrəli tam orta məktəbin, digəri - ikiqat qızıl medalçı Ümid Əlizadə isə Lənkəran şəhər S. Kazımbəyov adına 6 nömrəli tam orta məktəb-liseyin şagirdidir.

Uğurları ilə həm məktəblərinin, həm də bölgələrinin adını ucaldan bu şagirdlərin uğur hekayələri əzm, zəhmət və müəllim dəstəyi ilə formalaşıb. Onlar qazandıqları qızıl medallarla yanaşı, həm də fənlərinə olan dərin sevgiləri, gələcəyə dair məqsədləri ilə diqqət çəkirlər.

“Azərbaycan müəllimi” bu şagirdlərin uğur hekayələrini qələmə alıb. 

“Gələcəkdə savadlı tarix müəllimi olmaq istəyirəm”

XI sinif şagirdi Tofiq Ağayev olimpiadaya hazırlıq prosesinin olduqca zəhmət tələb etdiyini deyir: “Bu il tarix fənnindən qızıl medal qazanmışam. Respublika fənn olimpiadalarına hazırlıq prosesi olduqca zəhmət tələb edirdi, amma bir o qədər də maraqlı idi. Olimpiada zamanı məni ən çox həyəcanlandıran final turu oldu. Çünki bu tur, adətən, daha çətin keçir. Amma mənim üçün olimpiadada heç bir çətinlik olmadı. Bu uğur məni çox sevindirdi. Ailəm və müəllimlərim də olimpiadadakı uğuruma çox sevindilər. Gələcəkdə tarix üzrə təhsil almaq və bu sahədə savadlı müəllim olmaq istəyirəm. Olimpiadada iştirak edəcək hər bir şagird əvvəlcədən bunun üçün ciddi hazırlaşmalıdır. Olimpiada zəhmət tələb edən prosesdir. Buna görə də şagird öz üzərində çox çalışmalı və ətrafındakı bütün müəllimlərdən öyrənməlidir. Ailəmin və müəllimlərimin hər zaman mənə inanmaları uğurumda mühüm rol oynadı. Xüsusilə direktorumuz Afaq İsgəndərzadə və fənn müəllimim Nazim Həsənovun mənə dəstək olması uğur qazanmağımın əsas səbəblərindəndir”.

“Bu qələbə daha böyük hədəflər üçün başlanğıcdır”

Ülviyyə Xasiyeva Azərbaycan dili və ədəbiyyat fənni üzrə artıq ikinci dəfədir ki, RFO-nun qızıl medalçısı olur. İlk qızıl medalını 2023-cü ildə qazanıb. Onun uğur yolunu həm əzmkarlıq nümunəsi kimi, həm də müəllimlərinə olan sonsuz güvəni ilə səciyyələndirmək olar: “XI sinifdə oxuyuram. Olimpiadadakı qalibiyyət mənim üçün heç də asan olmadı. Bu fənni daha mükəmməl bilmək üçün səylə çalışdım, müxtəlif mənbələri araşdırdım və fənn müəllimimdən dəstək aldım. Olimpiadaya hazırlıq prosesi çətin olsa da, çox şey öyrəndim və təcrübə qazandım. Məni ən çox həyəcanlandıran final mərhələsinin üzərimdə olan məsuliyyəti idi. Uzunmüddətli hazırlığım zamanı əldə etdiyim bilikləri üç saat ərzində göstərməli idim. Bu, həm böyük məsuliyyət tələb edirdi, həm də gərginlik yaradırdı. Sevinirəm ki, bu çətin və məsuliyyətli yolun sonunda arzuma çatdım. Bu uğur təkcə iki medalla bitmir, qazandığım təcrübə, öyrəndiyim dərslər mənim üçün ən böyük qazanc oldu. Bu uğur mənə sübut etdi ki, inad və çalışqanlıq heç vaxt qarşılıqsız qalmır. Qələbə qazandım, eyni zamanda, bu qələbənin daha böyük hədəflər üçün bir başlanğıc olduğunu da anladım. Ailəm və müəllimlərimin dəstəyi bu yolun ayrılmaz hissəsi idi”.

 “Olimpiada mənə əzmkarlıq, qərarlı olmaq kimi həyati bacarıqları qazandırdı”

Ülviyyə gələcəkdə hüquq sahəsində fəaliyyət göstərmək istəyir: “Gələcəkdə hüquq sahəsində təhsil almaq və çalışmaq istəyirəm. Olimpiadada qazandığım təcrübə mənə yalnız bilik və bacarıqlarımı inkişaf etdirmək imkanı vermədi, həm də əzmkarlıq, qərarlı olmaq kimi həyati bacarıqları qazandırdı. Hüquq sahəsindəki məqsədlərimə çatmaq üçün bu təcrübə mənə özümə daha çox inanmağı, qarşıma çıxan çətinlikləri aşmağı və daha böyük məqsədlər üçün irəliləməyi öyrətdi. Olimpiadada iştirak etmək istəyən şagirdlərə tövsiyəm budur ki, dərin və əsaslı öyrənməyə çalışın, çünki hər uğurun arxasında mütəmadi və planlı hazırlıq dayanır”.

Ülviyyə məktəbin direktoruna və müəllimlərinə xüsusi minnətdarlıq bildirməyi də unutmur: “Fənn olimpiadalarında qazandığım ilk nailiyyətdə mənə güvənən, dəstək olan mərhum direktorumuz Ramiz Məmmədovun rolu danılmazdır. Olimpiadada növbəti qələbəmdə isə ən böyük dəstəkçim məktəbimizin direktoru Afaq müəllimdir. O, bu yolda mənə inandığını dəfələrlə dilə gətirdi, böyük motivasiya verdi və cəsarətləndirdi. Sevinirəm ki, onun mənə olan ümidlərini doğrultdum. Qazandığım bütün uğurlara görə məktəbimizin direktoru Afaq İskəndərzadə başda olmaqla, müəllimlərim Mirməhəmməd Sadıxova, Natəvan Tağıyevaya, Rəqsanə Xasıyevaya (həm də anam) və üzərimdə əməyi olan digər müəllimlərimə minnətdarlığımı bildirirəm”.

“Məqsədim ikiqat qızıl medalçı olmaq idi”

Coğrafiya fənni üzrə RFO-da ikiqat qızıl medalçı olan IX sinif şagirdi Ümid Əlizadə həm də bu il yarımfinal mərhələsində maksimal nəticə göstərib: “RFO-da coğrafiya fənni üzrə ikiqat qızıl medalçıyam. Coğrafiyaya marağım uşaq yaşlarımdan başlayıb. Mən hələ məktəbə başlamamışdan əvvəl Azərbaycanın bütün rayonlarını, ölkələri və onların paytaxtlarını, eləcə də hazırda mənə adi gələn, lakin hələ uşaqkən bəzi coğrafi terminləri, hətta düsturları bilirdim. Uşaq vaxtı təbiətə marağım çox olub, istəmişəm ki, getdiyim, gördüyüm yerlər haqqında ətraflı məlumat sahibi olum, beləcə, öyrənmək məndə əvvəl marağa, daha sonra isə tələbə çevrilib. RFO-ya çox böyük əzmlə çalışırdım. Sözügedən olimpiada hazırlığına günümün yarısından çoxunu sərf edirdim, çünki məqsədim var idi – ikiqat qızıl medalçı olmaq. Məsələn, müəllimlərim mənə bir kitab nəşrindən test işlədirdisə və ya dərs keçirdisə, mən onunla kifayətlənmirdim, daha çox çalışırdım. Çətinliklərim, əlbəttə ki, olurdu. Həyat çətinliklərlə gözəldir. Mənim ən çox əziyyət çəkdiyim məsələ vaxtla bağlı idi. Vaxtımı çox düzgün bölüşdürürdüm, amma sanki 24 saat da mənə bəs etmirdi. Daha çox çalışmaq üçün əlimdən nə gəlirdisə, etməyə hazır idim və elədim də”.

Ümidə bu yolda dəstək olan hər kəs ailə qədər doğma olub: “Artıq bu il başa düşdüm ki, ailə dedikdə, sadəcə valideynlər yada düşmür. Düzdür, valideynlərim də daim bu yolda mənə dəstək olublar, lakin müəllimlərimin və yaxınlarımın dəstəyi böyük olub. Müəllimlərim RFO yolunda mənə, əslində, ailənin nə olduğunu öyrətdilər”.

Ümid gələcəkdə diplomat olmaq istəyir: “Gələcək məqsədim diplomat olmaqdır. Şagirdlərə tövsiyəm odur ki, səy göstərmək işin çox az hissəsidir. Düzgün çalışırsınızsa, deməli, işi yarılamısınız. Lakin əgər həqiqətən məqsədiniz varsa, deməli, siz artıq bacarmısınız”.

Bu məktəblilərin uğur hekayələri bir daha sübut edir ki, zəhmət, istək və düzgün istiqamət olduqda nəticə qaçılmazdır. Həm fənn müəllimlərinin, həm də məktəb rəhbərliyinin, eləcə də ailənin, valideynlərin dəstəyi bu şagirdlərin uğurlarında əsas dayaq nöqtələridir. Liman şəhər 2 nömrəli tam orta məktəbin iki şagirdinin eyni vaxtda qızıl medal qazanması isə bu təhsil ocağında keyfiyyətli elmi mühitin formalaşdığını göstərir. Bu uğurlar təkcə şəxsi nailiyyət deyil, bölgə təhsili adına da böyük qürur mənbəyidir.

Şərhlər

Xəbər lenti

31 iyul, 17:47

Tətil üçün güclü pedaqoji alət: Animasiya filmləri

31 iyul, 16:52

Dövlət Agentliyi: Peşə təhsili müəssisələrinə qəbulda fəallıq müşahidə edilir

31 iyul, 16:31

MİQ üzrə vakansiya seçimi başlayır

31 iyul, 16:28

Musiqi ədəbiyyatı fənni üzrə test imtahanı keçiriləcək

31 iyul, 16:23

Özəl bağçalar üçün MTİS üzrə təlim keçirilib

31 iyul, 16:19

Hansı universitet mənə uyğundur? Cavabı sərgidə axtaranlar – REPORTAJ

31 iyul, 15:55

Avropa Universitetləri Futzal Çempionatının qalibi olan komanda ilə görüş keçirilib

31 iyul, 15:47

Avqust ayına olan hava proqnozu açıqlanıb

31 iyul, 15:13

BMU-da iqlim böhranı ilə bağlı hakatonun iştirakçıları ilə görüş keçirilib

31 iyul, 14:46

Aydın Mirzəzadə: Bir vaxtlar yüksək sayılan qəbul nəticələri bu gün artıq orta hesab olunur

31 iyul, 14:11

Səs yazısı yayılan direktorla bağlı araşdırma aparılacaq – RƏSMİ AÇIQLAMA

31 iyul, 13:39

İtaliya-Azərbaycan Universitetinin ilk tələbələri məzun oldular

31 iyul, 13:32

Baş Dövlət Yol Polisi İdarəsindən valideynlərə ÇAĞIRIŞ

31 iyul, 13:27

Şəkli ilə dünyada, sazı ilə səhnədə məşhurlaşdı – Aşıq sənətini yaşadan məktəblilərin hekayələri

31 iyul, 13:22

Ali məktəblərin akkreditasiya meyarları müzakirəyə çıxarılıb – Yeni sənəd hazırlanıb

31 iyul, 13:17

Beynəlxalq Təhsil İcmalı – İyul 2025

31 iyul, 13:13

“Memarlıq” üzrə qabiliyyət imtahanı ilə bağlı apellyasiya komissiyası yaradılacaq

31 iyul, 12:19

Sabahın hava proqnozu açıqlanıb

31 iyul, 12:10

Həvəsləndirmə tədbirləri tətbiq olunan məktəblər üzrə vakansiya seçimi başladı

31 iyul, 12:06

"Yenilənən məktəblər": Mingəçevir şəhəri İ.Kişiyev adına 17 nömrəli tam orta məktəb – FOTOLAR

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.