
Müəllim adı yüksəkdir, müəllim əməyi isə əvəzsiz. Heç bir müəllim insan yetişdirərkən onun mükafatını gözləmir. Buna baxmayaraq, onun əməyinin qiymətləndirilməsi də müəllimə əlavə stimul verir.
Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəblərinin müəllimləri də bu diqqətdən geri qalmır. Belə ki, 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə elm və təhsil naziri Naxçıvanın ümumtəhsil məktəblərinin bir qrup müəllimini “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif edib.
“Azərbaycan müəllimi” təltif olunan müəllimlərlə söhbətləşib. Bu müəllimlərdən biri Culfa rayon Saltaq kənd tam orta məktəbinin direktoru və ibtidai sinif müəllimi Sevinc Mustafayevadır. O, 1978-ci ildə Şərur rayon, indiki Kəngərli rayon Xok kəndində anadan olub. 2000-ci ildə Naxçıvan Dövlət Universitetinin “İbtidai təhsilin pedaqogikası və metodikası” ixtisasını bitirib, 30 illik pedaqoji stajı var.

“Qürur və sevinc hissi keçirdim”
“Mən müəllim ailəsində dünyaya göz açmışam” - deyən müəllimin atası Sadıq Mustafayev də coğrafiya müəllimi olub və Xok kənd tam orta məktəbində 26 il direktor vəzifəsində işləyib. Sevinc müəllim deyir ki, bu peşəni seçməyinin əsas səbəbkarı atası, müəllimləri və bu peşəyə olan vurğunluğudur. Ad almasına gəlincə isə Sevinc Mustafayeva bildirir:
“Bu ada layiq görülmək mənim üçün böyük fəxr və məsuliyyət idi. Əlbəttə, əziyyətimin qiymətləndirildiyini görmək insana motivasiya verir. Gözləmirdim desəm, yalan olar, çünki işimi sevərək və vicdanla görürəm. Amma açığı Elm və Təhsil Nazirliyinin bu əmri açıqlananda mənim üçün sürpriz oldu. Qürur və sevinc hissi keçirdim. Hər zaman qarşılıq gözləmədən, sevə-sevə öz işimi yerinə yetirmişəm. Fəaliyyətimin qiymətləndirilməsi mənə və kollektivimə gələcək üçün bir stimul oldu. Mən bu nişanı öz kollektivimin və şəxsimin əməyinə verilən qiymət kimi qarşıladım”.

Direktor deyir ki, məktəbin məzunları demək olar ki, hər il yüksək nəticələrlə ali məktəblərə qəbul olunurlar: “Bir neçə dəfə Naxçıvan Təhsil Nazirliyi tərəfindən təşəkkürnamə ilə təltif edilmişik. Bu sahədə hər zaman rayon birincisi olmağa çalışmışıq. Uğur üçün, ilk növbədə, məqsəd qoymaq, ardıcıl çalışmaq və daim öz üzərində işləmək vacibdir. Ən əsası isə sevdiyin işi vicdanla yerinə yetirməkdir. Uğur təsadüfi deyil, zəhmətin nəticəsidir. 2024-2025-ci tədris ilində məktəbin XI sinfini 15 şagird bitirib. Onlardan hər biri ali və orta ixtisas məktəbinə qəbul olunublar. 5 nəfər fərqlənmə attestatına layiq görülüb. 2 nəfər 650-dən, 1 nəfər 600-dən, 2 nəfər isə 550 baldan yuxarı nəticə göstəriblər. Uğur məhz budur. Bunu davam etdirmək isə biz müəllimlərin missiyasıdır”.
2021-ci ildə sertifikasiya prosesində iştirak edən müəllim deyir ki, “bu proses mənim üçün həm özümü qiymətləndirmək, həm də zəif və güclü tərəflərimi görmək baxımından çox faydalı oldu”.

Hər bir müəllimin öz metodu var, Sevinc müəllim isə ən çox fəal təlim üsullarından istifadə edir:
“Dərs zamanı şagirdlərin dərsə marağını oyatmaq üçün dərsləri interaktiv və əyləncəli keçirməyə çalışıram. Real həyatdan nümunələr, layihə əsaslı öyrənmə, oyun metodlarından istifadə edirəm. Əsas məqsəd şagirdlərə düşünməyi və tətbiq etməyi öyrətməkdir. Texnologiyanın imkanlarından geniş istifadə edirəm. Məsələn, interaktiv lövhə, müxtəlif təqdimatlar, həmçinin onlayn resurslarla dərsləri daha dinamik və maraqlı etməyə çalışıram.
21-ci əsrin müəllimi yalnız bilik verən deyil, eyni zamanda yol göstərən, motivasiya edən, öyrənməyi öyrədən bir şəxs olmalıdır. Süni intellekt dövrüdür, rəqəmsal savadlılıq, kommunikasiya bacarıqları və adaptasiya qabiliyyəti müasir müəllimin əsas prinsipi olmalıdır”.
S.Mustafayeva deyir ki, şagirdlərinin fikirlərinə dəyər verir, eyni zamanda onlara həm müəllim, həm də bir dəstəkçi olaraq yanaşır: “Bu münasibət motivasiya və öyrənməyə olan marağı artırır. Gələcək fəaliyyətimi Elm və Təhsil Nazirliyinin qarşımızda qoyduğu prioritet məsələlərin məktəbdə tətbiqi və gələcəyimiz olan şagirdlərin daha da savadlı və dünyagörüşə malik şəxs kimi yetişmələrinə həsr edəcəyəm”.
Həm də rəhbər vəzifədə çalışdığı üçün Sevinc müəllim deyir ki, cavan müəllimlərlə işləmək çox maraqlıdır: “Onlar yenilikçi və motivasiyalı olurlar. Tövsiyəm budur ki, daim öyrənsinlər, təcrübəli müəllimlərlə məsləhətləşsinlər və işlərini sevərək görsünlər. Səbirli olmaq və davamlı inkişaf etmək əsas şərtdir.
Həmkarlarıma isə deyirəm ki, bizim işimiz gələcək nəsilləri formalaşdırmaqdır. Bu, həm şərəfli, həm də məsuliyyətli bir vəzifədir. Özümüzü daim inkişaf etdirməli, bir-birimizi dəstəkləməliyik. Birlikdə öyrənərək daha böyük uğurlara imza ata bilərik. Ən əsası isə, unutmayaq: yaxşı müəllim təkcə fənnini yox, həyat dərsini də öyrədir”.

Müəllimlik peşənə qəlbən bağlanmaqdır
"Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi" döş nişanı ilə təltif edilənlərdən biri də Naxçıvan şəhər Qızlar Liseyinin kimya müəllimi Elmira Hüseynlidir. O, 2003-cü ildə Naxçıvan şəhər 15 nömrəli tam orta məktəbi bitirib. NDU-nun “Kimya” ixtisasını bitirərək eyni universitetdə təhsilini magistratura üzrə davam etdirib. Hər iki təhsilini qırmızı diplomla bitirib. O, "Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi" döş nişanı ilə tətlif olunmaqdan çox qürurlandığını bildirir: “Bundan öncə 2021-2023 cü illərdə müxtəlif fəxri fərman və diplomlarla təltif olunmuşdum, bu dəfə tədbirə çağırılanda da gözləyirdim”.
Uşaqları şox sevdiyi üçün pediatr olmaq istəyib, sonra yenə də şagirdlərlə çalışacağını düşünərək müəllimliyi seçib: “Müəllim olmaq istəyim uşaqları hədsiz dərəcə sevməyimdən irəli gəlir. Şagirdlərimin dərsə marağı çox yaxşıdır. Kimya fənni çox ağır olsa da, fənni şagirdlərə sevdirmək üçün əlimdən gələni edirəm. Hər gün ən azı bir dəfə mütləq bir təcrübə aparıram. Şərait yaradıram ki, şagirdlər hər şeyi özləri etsinlər. Onlar maddələrə toxunurlar, maddələrlə işləyirlər və nəticədə öyrənirlər. Şagirdləri həvəsləndirmək üçün kimya fənninə aid stikerlər alıram, onları qiymətləndirirəm. Laboratoriyada olan maddələrlə təcrübə edirəm. Müxtəlif plakatlardan istifadə edirəm”.

19 illik pedaqoji fəaliyyəti olan müəllim deyir ki, bu illərdə həkimliyi seçən şagirdlər yetişdirib: “Bu il 5 qızımız ödənişsiz əsaslarla tibbə qəbul olunub, həkimliyi seçiblər”.
Müəllimliyin tərifini isə belə verir: “Müəllimlik sinfə girib şagirdlərə dərsi izah etməkdən ibarət deyil, müəllimlik həm də hiss etməkdir, sevməkdir. Şagirdlərin arzusunu, sevincini, kədərini, qayğılarını hiss etməkdir. Bunu etdiyiniz müddətdə şagird də sizi çox sevir. Müəllimlik mənə görə başqa aləmdir, peşənə qəlbən bağlanmaqdır, qarda qalan, yağışa düşən şagirdi evlərinə çatdırmaqdır, müəllimlik imkansız uşaqlara maksimum dərəcədə kömək etməkdir. Öz problemini və dərdlərini unudaraq ona nəsə öyrətməkdir. Müəllim dost, bacı, yeri gələndə psixoloq olmalıdır. Müəllimlik uşaqları addım-addım hədəfinə çatdırmaqdır. Uşaqlar saf və təmizdir, o sevgi, qayğı və diqqəti hiss edirlər. Onu da sizə yaxşı şəkildə qaytarırlar”.

Deyir ki, bütün bunlarla bərabər müəllim öz üzərində çox işləməli, gecə-gündüz yeni biliklər, təcrübələr əldə etməlidir: “Mən hər gün mütləq əlavə mütailə edirəm, yeni təcrübələr axtarıram. Bu fənn ağır olduğuna görə əyani şəkildə deyəndə daha yaxşı yadında qalır. Ona görə də təcrübələrlə məşğul olaraq öyrənir və öyrədirəm. Şagirdlərə də dərsdən sonra əlavə dəstək verirəm”.
Qızlar Liseyində gənc müəllimlərlə yanaşı qocaman müəllimlər də işləyir. Elmira müəllim əlavə edir ki, əməkdar müəllimlər, təcrübəçi yaşına bərabər olan müəllimlərlə işləmək onun üçün böyük şərəf, qürur və bir fəxrdir.
Müəllim əməyini qiymətləndirmək, onun fədakarlığını dəyərləndirmək mümkünsüzdür. Çünki hər birimiz onlara borcluyuq.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər