Bütün xəbərlər
1 sentyabr, 11:30

Əlçatanlıq artır, keyfiyyət yüksəlir 

Məlumdur ki, qlobal çağırışlar dönəmində hər bir ölkənin inkişafının təməlində duran ali təhsilin əhəmiyyətli rolu günü-gündən artmaqdadır. Strateji hədəflərə nail olmaq istiqamətində bütün səylər təhsildən, xüsusən də ölkənin insan kapitalını yetişdirən, onun inkişafını təmin edən ali təhsil sistemində baş verən modernləşmə proseslərindən birbaşa asılıdır. Dəyişikliklər ali təhsilin əlçatanlığı və əhatəliliyinin təmin olunması ilə sıx bağlıdır. Müasir trendlər Azərbaycan ali təhsil sistemi qarşısında hansı vəzifələr qoyur? Ali təhsil sahəsində əlçatanlıq və əhatəliliyin təmin olunması vəziyyəti necədir?

Aydındır ki, istənilən ali təhsil müəssisəsinin yüksək keyfiyyətli mütəxəssis hazırlığı sahəsində uğurları onun keyfiyyət göstəricilərində öz əksini tapır. Universitetlərimizin ötən illər ərzində keyfiyyət göstəricilərinin artması özünü qlobal reytinqlərdəki fəallığında da əyani surətdə göstərir. Şübhəsiz ki, həm tədris prosesinin təkmilləşməsi, həm müasir tədris proqramlarının tətbiqi, eləcə də alimlərin nəşr aktivliyinin artması konkret ali məktəbin göstəricilərinin yaxşılaşması, onun valideynlər, abituriyentlər üçün cəlbediciliyinə, ali təhsilin əhatəliliyinə yol açır. 

Beynəlxalq reytinqli universitetdə təhsil 

Bu baxımdan son illərdə müşahidə etdiyimiz müsbət tendensiyalardan biri ali təhsil müəssisələrimizin beynlxalq reytinqlərdə mövqeyinin yaxşılaşması dinamikasıdır. Bu dinamika təkcə universitetlərimizin beynəlxalq nüfuzunun artması demək deyil, həm də gənclər üçün keyfiyyətli, beynəlxalq səviyyəli universitetdə təhsil almaq deməkdir. Təsadüfi deyildir ki, gənclərlə söhbətlərdə ixtisas seçimlərində reytinqli ali məktəblərə üstünlük verənlərin sayının artmasını müşahidə etmək olar. 

Məlumdur ki, reytinqlər ali təhsil müəssisəsinin beynəlxalq məkanda nüfuzunun artırılmasına, o cümlədən tələbə, müəllim və tədqiqatçılar üçün ali təhsil müəssisələri arasında seçim etməyə dəstək göstərir. Ali təhsil müəssisəsinin məzunlarının məşğulluq göstəricilərini ehtiva edir. 

Azərbaycan ali təhsil müəssisələrinin beynəlxalq reytinqlərdə təmsil olunması onların qlobal rəqabətə davamlılığını artırır və beynəlxalq nüfuz göstəricilərinin yaxşılaşdırılmasına xidmət edir.  COP29 çərçivəsində Bakıda “QS Quacquarelli Symonds” təşkilatı tərəfindən açıqlanan “Dünyanın ən yaxşı universitetlərinin reytinq siyahısı: dayanıqlılıq 2025”in nəticələrinə əsasən, bu tədqiqatda ilk dəfə Azərbaycanın 7 universiteti təmsil olunub. 

Ölkə tarixində ilk dəfə 6 universitetimiz “QS 2026 dünyanın ən yaxşı universitetlərinin reytinqi”ndə TOP 1000-ə daxil olub. Ümumi olaraq, sözügedən reytinqdə Azərbaycan universitetlərinin sayı 9-a yüksəlib. 

İlk dəfə 28 Azərbaycan universiteti “Times Higher Education Impact 2025” reytinqində təmsil olunub. Bu il sözügedən reytinqdə təmsil olunan Azərbaycan universitetlərinin sayı 18-dən 28-ə yüksəlib. Bu, ötən illə müqayisədə 1.5 dəfə artım deməkdir. Sözügedən 28 universitetdən 25-i ümumi reytinq cədvəlində yer alır.

Bütün bunlar ali təhsildə keyfiyyət göstəricilərinin yüksəlməsinin nəticəsidr ki, bu da özünü ali təhsil müəssisəsinin təhsil xidmətlərinin əlçatanlığının artmasında göstərir. 

“2022-2028 Dövlət Proqramı”

Ölkə Prezidentinin sərəncamı ilə təsdiq olunmuş “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı”na əsasən, hər il 500 nəfərədək Azərbaycan Respublikası vətəndaşının xaricdə nüfuzlu ali təhsil müəssisələrində ali təhsilin bakalavriat, magistratura və doktorantura səviyyələrində təhsil alması nəzərdə tutulub və uğurla icra olunur.  2022-2024-cü illərdə Dövlət Proqramı çərçivəsində xarici ali təhsil müəssisələrində təhsil yerlərinin 80 faizini magistratura səviyyəsi təşkil edib. 2025-ci ildən başlayaraq isə 25 faizindən çox olmayan hissəsi bakalavriat və 20 faizindən çox olmayan hissəsi doktorantura səviyyəsini əhatə edir. 

Proqram çərçivəsində 2024-2025-ci tədris ilində bakalavriat səviyyəsi üzrə 125, magistratura səviyyəsi üzrə isə 375 nəfər olmaqla, 2025-2026-cı tədris ili üzrə isə 125 bakalavriat, 356 magistratura və 19 doktorantura səviyyəsində olmaqla, ümumilikdə 500 nəfər təhsil almaq hüququ qazanıb. Proqram iştirakçısı seçilən 500 nəfərdən 160 nəfəri “universitetlər üzrə top 10”da yer alan ali təhsil müəssisələrində təhsil alacaqlar. 

 Bu il proqramın əhatəliliyi daha da artıb. Belə ki, Dövlət Proqramı çərçivəsində ilk dəfə gənclərimizə mədəniyyət və incəsənət sahəsi üzrə xaricdə təhsil imkanı yaradılıb. 

İkili diplom proqramları

“2019-2023-cü illər üzrə Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində Azərbaycan Dövlət Aqrar Universiteti ilə Ege Universitetinin ikili diplom proqramı üzrə bakalavriat səviyyəsində aqronomluq, bitki mühafizəsi, aqromühəndislik, iqtisadiyyat,  Bakı Mühəndislik Universiteti ilə İNHA Universitetinin ikili diplom proqramı çərçivəsində bakalavriat səviyyəsində informasiya texnologiyaları, elektronika mühəndisliyi, elektrik mühəndisliyi və inşaat mühəndisliyi, Azərbaycan Dövlət Pedaqoji Universiteti ilə Corc Vaşinqton Universitetinin ikili diplom proqramı çərçivəsində magistratura səviyyəsində təhsil və insan kapitalının inkişafı, ADA Universiteti ilə Corc Vaşinqton Universitetinin ikili diplom proqramı çərçivəsində magistratura səviyyəsində kompüter elmləri və verilənlərin təhlili, elektrik mühəndisliyi ixtisasları üzrə ikili diplom proqramı icra olunmaqdadır. 

Bundan əlavə, Bakı Dövlət Universiteti ilə İsrailin Yerusəlim İbrani Universiteti arasında “Biotexnologiya” ixtisası üzrə magistratura, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ilə İngiltərənin Vorvik Universiteti arasında “Bərpaolunan enerji mənbələri” ixtisası üzrə magistratura səviyyəsində həyata keçirilən beynəlxalq ikili diplom proqramları sayəsində azərbaycanlı gənclər üçün xaricdə təhsilin əlçatanlığı təmin olunur. 

Prezident İlham Əliyevin 22 iyul 2025-ci il tarixli “Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamına əsasən, ali təhsil sahəsində tətbiq edilən beynəlxalq ikili diplom proqramlarının sayı “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”na uyğun olaraq 8-ə çatdırılacaq və onların icrası 2030-cu ilədək təmin ediləcək.

Hökumətlərarası Təqaüd Proqramları

Azərbaycanlı gənclərin xaricdə təhsili üzrə Hökumətlərarası Təqaüd Proqramları (HTP) ali təhsilin əhatəliliyinin genişləndirilməsinə xidmət edən növbəti uğurlu təşəbbüslərdən biridir. Proqram çərçivəsində Azərbaycan Respublikası vətəndaşlarının xaricdə təhsili digər ölkələrin Azərbaycan vətəndaşları üçün və ya qarşılıqlı olaraq, ayrılan təqaüd yerləri üzrə həyata keçirilir.  HTP Azərbaycan vətəndaşlarına xaricdə təhsil üzrə əlçatanlığın təmin edilməsi üçün əsas alətlərdən biridir.  HTP-nin həyata keçirilməsində əsas məqsəd ölkəmizin gələcək inkişafını təmin edəcək, müasir və gələcək əmək bazarının tələblərinə cavab verən rəqabətqabiliyyətli və yüksəkixtisaslı peşəkar kadrlar hazırlanması üçün tərəfdaş ölkələrin aparıcı ali təhsil müəssisələrində təhsil almağa şərait yaratmaqdır. Hazırda Çin, Latviya, Macarıstan, Qazaxıstan, Rumıniya, Rusiya, Tacikistan, Türkiyə, Slovakiya, Qırğızıstan kimi ölkələr üzrə təhsilin müxtəlif səviyyələrində HTP imkanları vardır. HTP üzrə tərəfdaş ölkələrin coğrafiyasının genişləndirilməsi istiqamətdə beynəlxalq əməkdaşlıq davam etdirilir. 

Proqram çərçivəsində 2025-2026-cı tədris ilində Macarıstanda 130, Çində isə 43 nəfər Azərbaycan vətəndaşı ali təhsil almaq hüququ qazanıb. Onlar təhsillərini bu ölkələrin aparıcı universitetlərində bakalavriat, magistratura və doktorantura səviyyələrində, ölkənin iqtisadi inkişafı üçün prioritet olan ixtisas istiqamətləri üzrə davam etdirəcəklər. Bundan əlavə, 2025-2026-cı tədris ili üzrə 8 nəfər Azərbaycan vətəndaşı proqram çərçivəsində Rumıniyanın ali təhsil müəssisələrində təhsil alacaq. 

Yeni ali təhsil müəssisələri 

Ali təhsil sistemində əhatəlilik baxımından diqqətəlayiq yeniliklərdən biri Qarabağ Universitetinin,  Türkiyə-Azərbaycan Universitetinin (TAU),  İtaliya - Azərbaycan Universitetinin yradılması və uğurlu fəliyyətini göstərmək  olar. Yeni ali təhsil müəssisələrində ölkəmizin sosial-iqtisadi inkişafına töhfə verəcək yüksək bilik və bacarıqlara sahib kadrlar hazırlanır. 2024/2025-ci tədris ilində universitetə Qarabağ Universitetinin bakalavriat səviyyəsinə 1104 tələbə qəbul olub, qəbul planı 98,5 faiz yerinə yetirilib. 2025-2026-cı tədris ili üzrə isə ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplayan 127 gənc Qarabağ Universitetini seçib. Bu il Qarabağ Universitetinə 1200-1500 nəfər əlavə tələbənin qəbulu planlaşdırılır. Türkiyə-Azərbaycan Universitetində (TAU) tədris 2024/2025-ci tədris ilində başlayıb. İlk fəaliyyət ilində TAU-nun kompüter mühəndisliyi, sənaye mühəndisliyi və qida mühəndisliyi ixtisaslarına 87 gənc qəbul olub. Bu il isə bu rəqəmin 150-yə çatdırılması planlaşdırılır. İtaliya-Azərbaycan Universiteti ADA Universitetinin bazasında fəaliyyət göstərir. 2024-2025-ci tədris ilində ilk dəfə 160 plan yeri üzrə tələbə qəbuluna başlayıb. Universitetdə “Dizayn”, “Qida mühəndisliyi”, “Aqronomluq” ixtisasları tədris olunur. 

“SABAH qrupları” layihəsi

Ali təhsil sistemində əmək bazarının günü-gündən sürətlə dəyişən tələblərinə uyğunlaşmaq, eyni zamanda rəqabətəadavamlı ali təhsil sisteminin formalaşdırılması bu sahədə XXI əsr tələblərinə uyğun mütəxəssislərin hazırlanmasını zəruri edir. Bu baxımdan ali təhsil sahəsində uğurla həyata keçirilən SABAH layihəsinin əhatəliliyinin genişləndirilməsi də universitet təhsilində əlçatanlığın təmin olunmasına mühüm töhfə verir. 

Məlumdur ki, Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda ali təhsil sisteminin məzmun və keyfiyyət göstəricilərinin müasirləşməsi məqsədilə ali təhsildə tətbiq olunan yeni məzmunlu proqramların əhatə dairəsinin və keyfiyyətinin artırılması üçün tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. Bu baxımdan ali təhsildə tədrisin keyfiyyətinin yüksəldilməsi məqsədilə yaradılmış və 2014-cü ildən fəaliyyətə başlayan SABAH proqramı çərçivəsində ali təhsil sistemində yeni məzmunlu proqramların tətbiqi təcrübəsi özünü doğruldub. Hazırda SABAH qrupları 10 ali təhsil müəssisəsini əhatə edir. SABAH qrupları Qarabağ Universitetində, Naxçıvan Dövlət Universitetində və Sumqayıt Dövlət Universitetində də açılıb. Eyni zamanda bu il ilk dəfə olaraq ADA Universiteti, Bakı Ali Neft Məktəbi, Azərbaycan İdman Akademiyası, Azərbaycan Dövlət Aqrar Universiteti və Xəzər Universitetinin də SABAH proqramlarında iştirakı nəzərdə tutulur.

Azərbaycan Respublikası Prezidentinin “Ali təhsildə yeni məzmunlu təhsil proqramlarının əhatə dairəsinin genişləndirilməsi və maliyyələşdirilməsi barədə” müvafiq Sərəncamına əsasən, SABAH proqramının əhatə dairəsinin genişləndirilməsi nəzərdə tutulub. Beləliklə də ali təhsildə tədrisin keyfiyyətinin yüksəldilməsi məqsədilə yaradılmış və 2014-cü ildən fəaliyyətə başlayan SABAH proqramı çərçivəsində ali təhsil sistemində yeni məzmunlu proqramların tətbiqi təcrübəsi özünü doğruldur və bu proqramının əhatə dairəsi 2025-2026-cı tədris ilindən başlayaraq mərhələlərlə 2028-ci ilədək genişləndiriləcək. 

Bundan əlavə, Elm və Təhsil Nazirliyinin Kollegiyasının müvafiq  qərarına uyğun olaraq,  “Ali təhsil müəssisələrində SABAH proqramının təşkili ilə bağlı Tələblər” təsdiqlənib. Tələblər SABAH qruplarının cəlbediciliyini artırmaqla yanaşı, universitetlərimizin  müasirləşməsi, beynəlxalq görünürlülüyünün  daha da yaxşılaşmasına töhfə verəcək. 

Yeni məzmunlu proqramlar hazırlanıb

Qeyd edək ki, 2019-cu ilin fevral ayında bakalavriat və magistratura səviyyəsi üzrə ixtisasların yeni təsnifatı təsdiq edilib və təsnifata uyğun olaraq yeni proqramların və məzmunun hazırlanması ali təhsil müəssisələri tərəfindən həyata keçirilir. Bu müddət ərzində proqramların yenilənməsi həyata keçirilib. Ali təhsil proqramlarında təhsilin məzmunu müasirləşdirilib, əmək bazarının tələblərinə, beynəlxalq səviyyədə rəqabətli məzmuna uyğunlaşdırılması yönündə addımlar atılıb.

Xüsusilə də 2025-ci ildə Nazirlər Kabinetinin müvafiq qərarı ilə ixtisasların təsnifatlarının yenilənməsi ali təhsildə keyfiyyətli mütəxəssis hazırlığının təmin olunması baxımından mühüm addımdır. Bu, əmək bazarının tələbləri nəzərə alınmaqla bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura (rezidentura) səviyyələrinin ixtisas təsnifatlarında dəyişikliklərin edilməsi və ali təhsil pilləsinin səviyyələri üzrə ixtisasların uyğunluğunun təmin edilməsinə xidmət edir.  Təsnifatda bakalavriat səviyyəsi üzrə 153, magistratura üzrə 129 ixtisas öz əksini tapıb. Dəyişikliklər yeni təhsil proqramlarının (proqram təminatı, mühəndisliyi, kibertəhlükəsizlik, qida texnologiyaları, data analitikası, yaşıl texnologiyalar, alternativ və bərpaolunan enerji mütəxəssisləri və s.) hazırlanmasını zəruri edib. Bu tədbirlər keyfiyyətli ali təhsilin təmin edilməsini nəzərdə tutur ki, bu da özündə ali təhsilin səviyyələri üzrə elmi innovasiyaların istehsalata transferini təmin edən, beynəlxalq rəqabətə davamlı ali təhsil sisteminin formalaşması, ayrı-ayrı təhsil proqramları üzrə yüksək səriştəli mütəxəssislərin və elmi-pedaqoji kadrların hazırlanmasını ehtiva edir. Bu hədəflərə nail olunması ali təhsildə keyfiyyətin təminatıdır.

Əlçatan ali təhsilə doğru

Məlum olduğu kimi, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” sənədində mühüm istiqamətlərdən biri ali təhsildə əlçatanlığın təmin olunmasından ibarətdir. Ali təhsildə əlçatanlıq əmək bazarında işlə təmin olunmanın asanlaşdırılmasına töhfə verir, ali təhsildə inklüzivliyi təmin edir. Valideyn himayəsindən məhrum olunmuş, şəhid ailə üzvləri, müharibə veteranları, müharibə əlillərinin övladları, orqanizmin funksiyalarınınpozulmasına görə müəyyən edilmiş şəxslər, məcburi köçkünlər və digər sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərin təhsil müəssisələrində təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilir.

Bu baxımdan, ölkəmizdə əhalinin aztəminatlı təbəqələrindən olan şəxslərin təhsilə əlçatanlığını təmin etmək, təhsil almaqda bərabər imkanlar yaratmaq və təhsilin əhatə dairəsini genişləndirmək məqsədilə Təhsil Tələbə Krediti Fondu tərəfindən 59 mindən çox kredit rəsmiləşməsi aparılıb və əhatəliliyin artırılması nəzərdə tutulub. 

Ali təhsil müəssisələrində dövlət sifarişli yerlərin sayının artması ali təhsilin daha da əlçatan olmasını, ömürboyu təhsil konsepsiyasını dəstəkləyərək təhsilin fasiləsizliyini təmin edir. 

2024-2025-ci tədris ili üçün ölkəmizin ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələrinə əsasən, bakalavriat səviyyəsi üzrə 59026, magistratura səviyyəsi üzrə isə 14104 yer ayrılıb. 2025-2026-cı tədris ili üçün ali təhsil müəssisələrinə tələbə qəbulu üçün 60.489 plan yeri ayrılıb.  Plan yerlərinin 28.401-i dövlət sifarişlidir. Bu, o deməkdir ki, dövlət sifarişi yerlərin sayı ötən il ilə müqayisədə 2.04% və ya 568 yer artıb. Ötən illə müqayisədə plan yerləri 2.21% (1309 yer) artırılıb. 2025-2026-cı tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul planının artması ali təhsildə əlaçatanlığın genişlənməsi tendensiyasından xəbər verir. Belə ki, müsabiqənin nəticələrinə əsasən, bu il 57236 nəfər (o cümlədən 6461 subbakalavr) ali təhsil müəssisələrinə qəbul olunub. 27956 (o cümlədən 1728 subbakalavr) nəfər dövlət sifarişi əsasında, 29280 (o cümlədən 4733 subbakalavr) nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib. Ali təhsil müəssisələrinin qəbul planı 96.27% dolub. Qeyd olunan rəqəmləri ötən ilin müvafiq məlumatları ilə müqayisə etsək, bu il tələbə adını qazananların sayının daha da artmasını müşahidə edə bilərik. Ötən ilə nisbətən bu il tələbə olanların sayı 1580 nəfər daha çoxdur. Bu il dövlət sifarişi əsasında qəbul olunanların sayı da ötənilki göstəricidən 839 nəfər çoxdur. Ümumiyyətlə, son illər qəbul planında dövlət sifarişli yerlərin sayının artırılması nəticəsində ödənişsiz oxumaq imkanı əldə edən tələbələrin sayı çoxalmaqda davam edir.

Son illərin statistik rəqəmlərinə əsasən, əlçatanlıq ali təhsil müəssisələrinə qəbulun dinamikasında da özünü göstərib. 2025-2026-cı tədris ili üçün ali təhsil müəsssələrinə 128 mindən çox abituriyent müraciət edib. Bu rəqəm əvvəlki illərlə müqayisədə rekord hesab edilir. 2024-cü ildə 115245, 2023-cü ildə 107188, 2022-ci ildə isə 99 538 abitutiyent ali məktəb və kolleclərə qəbul üçün müraciət edib. Beləliklə, son 3 ildə tələbə olmaq istəyənlərin sayı 25 min nəfərdən çox artıb. Bu il ali təhsil müəssisələrinə sənəd qəbulu verənlərin sayı 124 min nəfərdən çox olub.

Plan yerlərinin sayındakı 15 illik dinamikaya baxsaq, 2010-cu ildə ali məktəblərə qəbul plan yeri 29 min olubsa, 2025-cü ildə bu rəqəm 60 mindən artıqdır ki, bu da 2 dəfə artım deməkdir. 

Qeyd edək ki, ki,  “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda dövrün sonuna ali təhsil müəssisələrinə qəbul olunanların sayının hər il 75 min nəfərə çatdırılması hədəf olaraq müəyyən edilib.

Beləliklə də ali təhsilin müxtəlif pillələrində əhatəliliyin artırılması istiqamətində həyata keçirilmiş mütərəqqi dəyişikliklər ölkəmizin ali təhsil müəssisələrinin beynəlxalq reytinq göstəricilərinin yüksəlməsinə, dünyada beynəlxalq rəqabətliliyinin, nüfuzunun güclənməsinə xidmət edir. 

Şərhlər

Xəbər lenti

3 sentyabr, 18:11

DİM imtahan nəticəsini AÇIQLADI

3 sentyabr, 17:20

Məktəblilərimiz Yeniyetmələrin Avropa İnformatika Olimpiadasında uğurla çıxış ediblər

3 sentyabr, 17:20

Naxçıvanda qəbul imtahanında yüksək nəticə göstərmiş məzunlarla görüş keçirilib

3 sentyabr, 17:15

Nazir: Naxçıvan və Şahbuzun məzunları ilk beşlikdə yer alıblar

3 sentyabr, 17:13

İlk proqramçının izi ilə: Ramin Mahmudzadəyə həsr olunan final mərasimi keçirilib

3 sentyabr, 17:05

Fuad Nəcəfli: "Təhsilə qoyulan sərmayə ölkənin gələcəyinə qoyulan sərmayədir”

3 sentyabr, 16:47

Rektor: “Dissertasiyalarda süni intellektdən istifadənin qarşısını almaq üçün səylər göstərilir”

3 sentyabr, 16:30

TİF ilə İş adamları Cəmiyyətinin Milli Assosiasiyası arasında Əməkdaşlıq Memorandumu imzalanıb

3 sentyabr, 16:26

Sentyabr konfransı: Təhsilin keyfiyyəti təhlil edildi, yeni yol xəritəsi cızıldı

3 sentyabr, 16:10

MDU-ya 116 yeni müəllim işə götürülüb

3 sentyabr, 15:54

Xırdalanda şagird sayı çoxalır, Xızıda azalır – Məsələ sentyabr konfransında gündəmə gətirildi

3 sentyabr, 15:31

Xırdalanın 3 məktəbinə şagird yerdəyişməsi dayandırılıb

3 sentyabr, 15:27

Samuxda məktəb kollektivi vahid geyim formasına keçir

3 sentyabr, 14:37

İlk dəfə BANM-də bonus sistemi tətbiq olunacaq

3 sentyabr, 14:34

Məktəblilər üçün yeni intellektual yarışlar start götürür

3 sentyabr, 13:54

“Bebras” müqabiqəsinin qaliblərinin mükafatlandırılma mərasimi keçirilib

3 sentyabr, 13:09

“Universitetlər dəyişikliklərin lokomotivi ola bilər” – Qərib Mürşüdov

3 sentyabr, 12:46

Bağça müdiri nöqsanlara görə işdən çıxarıldı

3 sentyabr, 12:46

NDU-da fəlsəfə doktoru proqramı üzrə qəbul imtahanı keçirilib

3 sentyabr, 12:31

Bu kolleclərə yeni təyinatlar oldu

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.