
Təhsil mühitinin keyfiyyətinin artırılması yalnız akademik nailiyyətlərlə məhdudlaşmır. Məktəblərdə psixoloji xidmətin təşkili, müvafiq maarifləndirmə işinin aparılması da şagirdlərin sağlam inkişafı üçün əsas şərtdir. Xüsusilə yeniyetməlik dövründə şagirdlərin üzləşdiyi depressiya, bullinq, bəzi ailələrdə yaşanan problemlər, imtahan stresi kimi məsələlər də gənclərin təlim nəticələrinə ciddi təsir göstərir. Məhz bu səbəbdən həm depressiya düşüncələrinin qarşısını almaq, həm də imtahanla bağlı yaranan narahatlıqları azaltmaq üçün yeniyetmələrə vaxtında düzgün psixoloji dəstək göstərmək olduqca önəmlidir.
Yeniyetmələrdə depressiyaya meyillilik: əsas səbəblər
Mingəçevir Dövlət Universitetinin (MDU) Pedaqogika və psixologiya kafedrasının baş müəllimi, pedaqoq-psixoloq İlhamə İsmayılova bildirir ki, yeniyetməlik dövrünün psixoloji xüsusiyyətlərinə depressiyalara meyillilik və tənqidi qəbul etməmə daxil olduğu üçün onlar bəzən real həyat problemlərinə həddən artıq emosional yanaşırlar. Bu emosional həssaslıq psixoloji təzyiqlərə qarşı yeniyetməni zəiflədir. Uşaqlıqda məruz qaldığı zorakılıq, ailədə yaşanan çətinliklər, sevgi çatışmazlığı, yaxın insanların gözləntilərini yerinə yetirə bilməmə qorxusu da yeniyetmənin depressiyaya meyilliliyini artıra bilər.
İlhamə İsmayılova əlavə edir ki, depressiya adətən nəticədir. Nəticəyə gələnə qədər uşağın hansı tərbiyəni aldığına, ailədə və məktəbdə hansı psixoloji təcrübələrdən keçdiyinə və xüsusən də onun temperament tipinə ciddi nəzər salmaq lazımdır. Bu baxımdan melanxolik uşaqlar daha çox qayğı və fərdi yanaşma tələb edirlər. Motivasiya baxımından isə bu cür həssas uşaqlara vaxtında dəstək göstərmək, onlara həm psixoloji, həm də akademik sahədə “sən bacaracaqsan” mesajını doğru şəkildə çatdırmaq vacibdir. Ailə və məktəb mühitinin müsbət yanaşması, yeniyetmənin özgüvənini artıraraq, neqativ düşüncələrdən uzaqlaşmasına şərait yaradır.

Yeniyetmələrin psixologiyası: depressiyaya həssaslıq
İlhamə İsmayılova qeyd edir ki, bu dövrdə daha həssas temperamentə sahib olan yeniyetmələr, ailə və məktəbdə yaşadıqları uğursuzluğu, imtahanlarda əldə edə bilmədikləri nəticələri böyük bir problem kimi qəbul edərək özlərinə qapana və ya sosial mühitdən uzaqlaşa bilərlər. Bu səbəbdən məktəb psixoloqları və müəllimlər yeniyetmələrin davranış dəyişikliklərini, səssizliyə ya da aqressiyaya yönəlmə kimi əlamətləri vaxtında izləməli, məsələnin kökünə varmağa çalışmalıdırlar. Bəzən sadə motivasiyaedici söhbətlər, gəncin qayğılarını dinləmək və ona ümidverici fikirlər səsləndirmək belə, problemin dərinləşməsinin qarşısını ala bilər.
Qeyri-adekvat gözləntilər və ailə təzyiqi, gəncin həm akademik, həm də emosional yükünü ağırlaşdırır. İlhamə İsmayılova qeyd edir ki, valideynlər bəzən fərqində olmadan uşağa həddən artıq məsuliyyət yükləyirlər. “Sən yüksək nəticə göstərməlisən, biz sənə güvənirik” kimi sözlər, ilk baxışda motivasiya üçün səslənsə də, uşağın mənəvi məsuliyyətini çoxaldır. Bu gözləntiləri qarşılayacağına dair inam sarsıldıqda isə yeniyetmə depressiyaya və hətta ağır stres düşüncələrinə sürüklənə bilər”. Bundan əlavə, “Mən bütün qazancımı sənin təhsilinə sərf edirəm” kimi ifadələr, bəlkə də övladına verilən dəyərin göstəricisidir, ancaq nəticədə yeniyetmədə “Uğursuz olsam, bütün xərclər boşa çıxacaq” qorxusu yaranır. Bunun qarşısını almağın yolu, uşağa balanslı dəstək vermək və “uğursuzluq ehtimalı”nın da normal qarşılanmalı olduğunu göstərməkdir.
Psixoloqa görə, valideyn və müəllimlərin əsas məqsədi, uşağa həm məsuliyyət hissini aşılamaq, həm də uğursuzluğa qarşı psixoloji dayanıqlıq yaratmaqdır. Burada bir neçə mühüm addım tövsiyə olunur:
Müntəzəm dialoq: Uşaqla gündəlik və ya həftəlik söhbətlər apararaq, onun fikir və hisslərini dinləmək. Yalnız “nəticə necə oldu?” soruşmaqdansa, hazırlıq prosesində üzləşdiyi çətinlikləri və ehtiyaclarını öyrənmək.
Məktəb-ailə əməkdaşlığı: Məktəb psixoloqları, sinif rəhbərləri, fənn müəllimləri və valideynlər arasında sıx koordinasiya, uşağın problemlərini erkən mərhələdə aşkarlayıb həll etməyə imkan yaradır.
Maarifləndirici tədbirlər: İmtahan öncəsi və sonrası şagirdlərlə stresin idarə olunması, vaxt bölgüsü, sağlam yuxu rejimi kimi mövzularda seminar və məsləhət görüşləri keçirmək.
.jpg)
Etibarlılıq və məxfilik: Uşaqlar psixoloqa və ya müəllimə etibar etməli, problemlərini açıq söyləyə biləcəklərini hiss etməlidirlər. Bunun üçün gizlilik və hörmət prinsiplərinin qorunması zəruridir.
İlhamə İsmayılova qeyd edir kı, yeniyetmələrin psixoloji sağlamlığında sosial şəbəkələr və media da mühüm rol oynayır. Rəqəmsal texnologiyaların geniş yayıldığı bir dövrdə, yeniyetmələr informasiyanı əsasən sosial şəbəkələrdən alırlar. Depressiv mövzuların media tərəfindən sensasiya məqsədilə yayımlanması həssas qruplara mənfi təsir edir. Ayrıca, sosial şəbəkələrdəki mənfi yorumlar və ya bullinq halları yeniyetmənin özgüvənini azaldır, emosional tükənməyə və daha ciddi psixoloji problemlərə yol aça bilər. Eyni zamanda, imtahan stresi dönəmində sosial mediada yayılan yalançı uğur hekayələri və şişirdilmiş nailiyyətlər də əlavə basqı yaradır. Buna görə, ailə və məktəb mühiti uşaqlara sağlam internet mədəniyyətini öyrətməli, “hər kəsin eyni sürətlə irəliləmədiyini” anlatmalıdır.
Psixoloqun fikirlərinə görə depressiya ilə bağlı xəbərləri işıqlandırarkən, media orqanları həssas davranmalı və maarifləndirici yanaşmanı önə çəkməlidir. Şəhər və rayonlarda, xüsusən də ailələrlə və müəllimlərlə görüşlər təşkil edərək imtahan stresi və yeniyetmə psixologiyasındakı digər çətinliklər haqqında zəruri biliklər ötürülməlidir. İctimai xadimlər, gənclər təşkilatları, mədəniyyət mərkəzləri, dini icmalar da yeniyetmələrin psixoloji müdafiəsinə və onların motivasiyasına dəstək ola bilər.
İ.İsmayılova qeyd edir ki, yeniyetmələrin imtahan stresi və digər çətinliklərə necə reaksiya verdiklərini izləmək, risk qruplarını müəyyən etmək üçün əsas addımdır. Bunu üçün, uzunmüddətli kədərli və melanxolik əhvali-ruhiyyəyə diqqət yetirmək vacibdir. “Bezmişəm, yorulmuşam, artıq heç nə istəmirəm” kimi ifadələrin tez-tez səsləndirilməsi, əvvəlki sosial aktivlikdən uzaqlaşmaq, sinif yoldaşları ilə münasibətdən qaçmaq; davranışda qəfil dəyişikliklər, aqressiv və ya məğlubiyyətçi əhvali-ruhiyyənin güclənməsi; ailənin çətin vəziyyətdə olması, valideynlərin boşanması və ya zorakılığa məruz qalma kimi hallar gözardına vurulmamalı, şagirdə psixoloji dəstək göstərilməlidir.

İmtahan stresi və uğursuzluq qorxusu
Yeniyetmələrin psixoloji sağlamlığına ən böyük təsir göstərən amillərdən biri də məhz imtahanlardır. Şəki şəhəri 8 nömrəli məktəbin psixoloqu Sevinc Abdullayeva vurğulayır ki, “ilk olaraq şagirdlərdə imtahan qabağı yaranan həyəcan səviyyəsini ölçürük. Daha sonra bu həyəcanın kökündə duran əsas səbəbləri araşdıraraq, onların idarə olunması üçün maarifləndirici görüşlər təşkil edirik. Tez-tez rastlaşdığımız problemlər – zamanı düzgün planlaşdıra bilməmək, inadkarlıq, davamlı olaraq dərs oxumağı təxirə salmaq və uğursuzluq qorxusudur. Bu qorxu, yeniyetmənin emosional yükünü artırır. Onlar bəzən özlərini “bacarıqsız” hiss edərək ümidsizliyə qapılırlar. İmtahanların mütəmadi olması, məktəbdə və cəmiyyətdə rəqabət mühitinin yüksəkliyi bu gərginliyi daha da dərinləşdirir”.
Mütəxəssis “normal həyəcan”la “psixoloji pozuntu yarada biləcək həyəcan” arasında fərqə xüsusi diqqət ayrılmasının vacibliyini bildirir. Psixoloq bildirir ki, şagirdə uğursuzluğun müvəqqəti bir mərhələ olduğunu, hər halda yeni bilik və təcrübə qazandırdığını başa salmaq lazımdır. Bu zaman yeniyetmə özünü daha inamlı hiss edəcək, uğursuz nəticəni “son” yox, “yeni bir mərhələ” kimi qəbul edəcəkdir.
Motivasiyaedici yanaşma
Mingəçevir şəhəri 14 nömrəli məktəbin psixoloqu Günel Abdullayevanın sözlərinə görə, travma erkən yaşlarda başlayırsa, bu travmalar yeniyetmədə daha sonrakı yaşlarda dərin həyəcan və təşviş pozuntusuna səbəb ola bilər. Ona görə də biz birinci sinifdən etibarən uşaqların psixoloji durumunu mütəmadi izləyirik. Uşaqlara kiçik yaşlardan etibarən sağlam psixoloji bünövrə qazandırmaq, onların yeniyetməlik dövründə güclü dayanıqlığa malik olmalarına kömək edir”.

G. Abdullayeva qeyd edir ki, məktəb psixoloqu daim şagirdlərin arasında olmalı, siniflərdə müşahidə aparmalı və vacib məqamları müəllimlərlə və lazım gəldikdə valideynlərlə bölüşməlidir. Bu prosesdə gizlilik və etibarlılıq prinsiplərini qorumaq şərtdir.
Psixoloq xatırladır ki, bəzən valideynlərin özlərinin də psixoloji problemləri olur; onlar təşviş, panik atak kimi hallar yaşadıqları üçün, uşaqlar da daha həssas böyüyür. Bu vəziyyətlərdə təkcə şagirdlə yox, valideynlərlə də fərdi iş aparmaq gəncin ümumi inkişafına müsbət təsir göstərir.
İmtahan stresi dönəmində psixoloqların rolu daha da artır. Şagirdlərə fərdi məsləhətlər verərək, düzgün planlama, emosiyaları idarəetmə və problemlərə pozitiv yanaşma yolları göstərirlər. Bu isə uğursuzluq qorxusunu azaltmaqla yanaşı, yeniyetmələrin özgüvənini də gücləndirir.
G.Abdullayevanın fikrincə, regionlarda psixoloji mərkəzlərin formalaşdırılması zəruridir: Təkcə böyük şəhərlərdə yox, rayon və qəsəbələrdə də psixoloji məsləhət mərkəzlərinin yaradılması və gənclərin oraya asan çıxışı təmin edilməlidir. Bunun üçün psixoloqların peşəkar səviyyəsinin artırılması, müxtəlif ixtisasartırma proqramları, təlimlər və seminarlar vasitəsilə müasir metod və yanaşmalar öyrədilməli, praktikada tətbiq edilməlidir. Şagirdlərin böyük qruplarla məşğul olması, qrup terapiyaları, sinif yoldaşlarının bir-birinə qarşı daha anlayışlı davranmasını təmin etməklə bullinqi və tənhalığı azaltmağa, eləcə də imtahan stresi ilə mübarizədə həmrəyliyi artırmağa kömək edir.

Psixoloji dəstəklə uğurlu gələcəyə doğru
Beləliklə təhsil mühitində yeniyetmələrin psixoloji sağlamlığını qorumaq, onların gələcək həyat keyfiyyətini yüksəltmək üçün həlledici faktordur. Məktəbdə davamlı psixoloji monitorinq aparılması, risk qruplarına daxil olan şagirdlərin erkən aşkarlanması, imtahan stresi və ailə basqılarının aradan qaldırılması istiqamətində görülən işlər, gənclərin həm depressiv düşüncələrdən, həm də imtahan nəticələrindən doğan məyusluqlardan qorunmasında mühüm rol oynayır.
Gənclərimizə vaxtında verilən dəstək, onlara təkcə imtahanlar dövrünü uğurla keçməyə deyil, öz potensiallarını kəşf etməyə və şəxsi inkişaf yolunda pozitiv addımlar atmağa kömək edir. Pozitivliyə köklənmək, hətta kiçik bir uğursuzluğun belə böyük qələbələrə aparan yolun başlanğıcı ola biləcəyini göstərir.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər