40-dən çox şirkət eyni masada: Yeni başlanğıcların əsası qoyuldu - REPORTAJ
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi tərəfdaş olduğu şirkətlərlə fərqli formatda – səhər yeməyi süfrəsində bir araya gəlib. Aralarında illərdir əməkdaşlıq edən müəssisələrlə yanaşı, tərəfdaşlığa yenicə başlayan, hətta sadəcə razılığı əldə olunan kiçik, orta və hətta böyük biznes sahələrinə aid ayrı-ayrı şirkətləri təmsil edən rəhbər şəxslər və nümayəndələr də var. Səmimi müzakirə mühiti yaranıb, iki ilin aralığı olduğundan tərəflər qarşılıqlı əməkdaşlıqla bağlı həm hesabat verib, həm də söz verib, vəd alıblar.
“Tələbələrimizin real iş mühiti ilə tanışlığı məhz işəgötürənlərin yanında reallaşır”
Sözə Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Şaban Cəərçiyev başlayıb. Peşə təhsilinin üstünlüyündən danışan mərkəz direktorunun fikrincə, bu təhsil pilləsi qısa zamanda az xərclə əmək bazarına çıxışı təmin etdiyindən ən tələb olunan sahədir. Onun sözlərinə görə, sənayenin tələblərinə cavab verən, müasir tələblərə uyğun infrastruktura sahib olan Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində ixtisaslı kadrlar yetişdirmək üçün işəgötürənlərlə sıx əlaqə vacib sayılır:
“Bu, bir həqiqətdir ki, peşə təhsilinin gələcəyi özəl tərəfdaşlarla qurulan sıx və güclü əməkdaşlıqdan asılıdır. Məsələn, Sənaye və İnnovasiyalar üzrə Peşə Təhsil Mərkəzi güclü infrastrukturu olan, yaradılanda hər cür avadanlıqlarla təmin edilən bir müəssisədir. Amma razılaşmalıyıq ki, texnologiya da sürələ dəyişir, 5 il əvvəl alınan avadanlıq indi köhnə sayılır. Bir və ya bir neçə il ərzində eyni avadanlığın yenisi çıxır və bir təhsil müəssisəsi hər il eyni avadanlığı yeniləmək imkanına malik deyil. Eyni zamanda, tələbələrimizin yeni avadanlıqlarla işləməklə yanaşı, real iş mühiti ilə tanışlığı da məhz işəgötürənlərin yanında reallaşır. Odur ki, tələbələrimizin inkişafı sizlərlə birlikdə qurduğumuz ekosistemdən keçir”.
Təcrübə ver, həm işçi, həm nüfuz qazan
Üstəlik, bu əməşdaşlıqda qazanan sadəcə təhsil müəssisəsi deyil:
“İşəgötürən şirkət üçün bizimlə əməkdaşlıq çox yaxşı fürsətdir, öz kadrını özü formalaşdırır. İnternetdə sorğu əsasında tapdığınız işçi ilə özünüzün yetişdirdiyiniz kadr eyni ola bilməz. 10 nəfər təcrübəyə göndərdiyimiz tələbəmizin 3-4-ü bəyənib işə götürürsünüz. Bəs işə götürmədiyiniz qalan 6 nəfər necə olur? Onlar təhsili bitəndən sonra iş üçün qapısını döydüyü iş yerlərində məhz sizin müəssisənizdə təcrübə keçdiyini deyirlər”.
İşəgötürənlərlə əməkdaşlıq tələb edən, təcrübəni məhz real iş mühitində nəzərdə tutan dual təhsil modeli barədə məlumat verən Ş.Cəərçiyev bu təhsil modeli ilə yetişdirilən kadrlara əmək bazarında böyük tələb olduğunu qeyd edib. Tərəfdaşlarını bu formatda qarşılıqlı fəaliyyəti genişləndirməyə dəvət edib. İlk dəfə sınaqdan çıxartdıqları formatın – səhər yeməyində görüşün son olmayacağını qeyd edib.
İş adamları peşə təhsil mərkəzlərində biznes sahəsinə inteqrasiyadan məmnundurlar
Tədbirdə iştirak edən 30-dan çox şirkətin rəhbəri təhsil müəssisələri ilə əməkdaşlıq çərçivəsində əldə etdikləri uğurlara əsaslanaraq bu tərəfdaşlıqdan onların da faydalandıqlarını bildiriblər. Hazırda əməkdaşlığı davam edənlər prosesdə yeni ildən yeni mərhələyə start verəcəklərini qeyd ediblər. İş adamları peşə təhsil mərkəzlərində biznes təfəkkürünün formalaşmasında, biznes sahəsində müşahidə etdikləri inteqrasiyadan məmnun olduqlarını deyib, dövlət təhsili müəssisələrinin inkişafına töhfə verməkdə həvəsli olduqlarını vurğulayıb, peşə təhsili sahəsində əməkdaşlığa verdikləri əhəmiyyətdən danışıblar. Onlar istehsal və təhsil müəssisələri arasında əməkdaşlığı vacib hesab ediblər.
“Bizə peşə təhsili alanlar daha çox lazım olur”
“Az İnşaat Holding”in Baş direktoru Fərid Abdullayevin “Azərbaycan müəllimi”nə bildirdiyinə görə, artıq 2 ildir ki, müəyyən istiqamətlərdə Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi ilə əməkdaşlıq qurulub: “Yaxın vaxtlarda əməkdaşlığımızın nəticələrini açıqlayacağıq. Hazırda kadrlarla iş üzrə şöbəmiz bu işlə məşğuldur. Tezliklə 10 nəfərə yaxın tələbənin işə götürülməsi ilə bağlı məlumatları açıqlayacağıq. Ümumiyyətlə, təcrübədə olan tələbələrin işə götürülməsi ilə bağlı təcrübəmiz var, universitetlərlə əməkdaşlıqda yaxşı nəticələrimiz qeydə alınıb. Bunu artıq Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi ilə də reallaşdıracağıq. İnşaat sahəsində olduğumuzdan bizə daha çox peşə təhsili alanlar lazım olur. Məsələn, 10 nəfər universitet məzununa ehtiyac olursa, 100 nəfər peşə təhsili olan mütəxəssis axtarırıq. Bizə lazım olan ustalar, briqadirlər məhz peşə təhsilində yetişirlər”.
“Təcrübəyə qatılan kadrlarla işimizin nəticəsi olsun istəyirik”
“TİS” şirkətinin də universitetlərlə sıx əlaqəsi var. Şirkətin rəhbəri Cəlil Hüseynov bildirib ki, onlar təhsil səviyyəsindən asılı olmayaraq, kadrların işə münasibətinə önəm verirlər: “Biz kadrların içərisindəki iş yanğısına fikir veririk. Bizlə işləyib-işləməməyindən asılı olmayaraq, təcrübəyə qatılan kadrlarla işimizin nəticəsinin olmasını istəyirik. İndiyədək universitetlərlə uğurlu nəticələnən əməkdaşlığımız olub. Hətta yayda Ali Neft Məktəbindən gələn təcrübəçiləri təcrübələrinin ikinci ayında işə götürdük. Təcrübənin kadrların yetişməsində rolu danılmazdır. Təcrübəyə gələn hər tələbə bunu qeyd edir ki, 3 ayda öyrəndiklərini 4 illik təhsil dövründə öyrənə bilməyiblər. Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi ilə də məhz bu səviyyədə əməkdaşlığa inanırıq. İlk görüşümüzdə mərkəzə onlar üçün laboratoriya qurmağa hazır olduğumuzu da bildirmişik. Lazım olanda mütəxəssislərimiz seminar keçirə bilərlər. Bir sözlə, biz də müəssisəmizin mərkəz tələbələri arasında tanınmasında maraqlıyıq”.
Cəlil Hüseynovun fikrincə, işdə inkişaf üçün təcrübəli mütəxəssisləri işə götürməyə üstünlük versələr də, həmin mütəxəssislərdən öyrənib şirkətin ehtiyat kadr bazasını təşkil edəcək işçilərə də ehtiyac böyükdür: “İlk dəfə deyil, biz 6-7 ildir ki, təhsil müəssisələri ilə əməkdaşlıq çərçivəsində təcrübəçiləri sonradan işə alır, onları özümüz yetişdiririk. Təcrübəli mütəxəssislərin daha yaxşı təklif alıb başqa yerə getməsi hər zaman gözləniləndir. Müəssisənin uğuru üçün bu ehtimal nəzərə alınmalı, şirkətlərin özünün yetişdirdiyi ehtiyat kadrlar mütləq olmalıdır. Hətta indiki mühəndis mütəxəssislərimizin hamısını universitetlərdən götürmüşük və hazırda onlar yüksək əməkhaqqı ilə işə davam edirlər”.
“Dual təhsil insanlarımız üçün əsl fürsətdir”
30 ildir ki, qablaşdırma sahəsində fəaliyyət göstərən “Tuna” QSC-nin təsisçisi Rəşid Çolaqov bildirib ki, qeyri-formal təhsil sahəsində nəticələri olub, artıq bu işi peşə təhsilində də görəcəklər: “İndiyədək özümüz işə götürüb kadrları yetişdirirdik. Artıq kadrlarımızı peşə təhsili alanlar arasından seçəcəyik. Bizə ən böyük faydası budur ki, seçim imkanlarımız genişlənib. Hər il Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzindən 23 tələbəni təcrübə üçün götürürük. Bu il ola bilsin ki, rəqəm artsın. Şirkətimizdə tələbələrdən kompüterlə işləmək bacarığı tələb edən işlər var. Təcrübəyə gələnlər arasında yüksək səviyyəli kadrlar əldə edirik. Qeyd edim ki, operatorlar üçün belə kurslar xaricdə 30 min avro dəyərindədir. Bunu nəzərə alanda, peşə təhsili mərkəzlərində verilən dual təhsil insanlarımız üçün əsl fürsətdir. Bu baxımdan peşə təhsilini dəstəkləyirik. Onlar bizim yan bağçamızdır, istehsalımız onlar olmadan alınmaz”.
“İş yerində təcrübədə daha yaxşı öyrənirik”
İsbəndiyar Məmmədov Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə TəhsilMərkəzində “Avtomobil diaqnostikası və təmiri ustası” ixtisası üzrə təhsil alır. “Hyundai” avtosalonunda maraqlı təcrübə keçir: “Aldığım peşə təhsili nə qədər yüksək səviyyədə olsa da, işi yerində öyrənməyin əvəzini vermir. Birbaş təhsildən əmək bazarına keçid mənim üçün uğursuz nəticələnə bilərdi. Baxmayaraq ki, bizim müəssisədə kifayət qədər avadanlıq var, mütəmadi olaraq avtomobillər üzərində işləyirik, auditoriyalardan çox emalatxanalarımızda oluruq, yenə də iş yerində, şirkətlərdə təcrübədə daha çox öyrənirik. Məsələn, avtosalona fərqli maşınlar, həm köhnə, həm yeni avtomobillər, fərqli problemlərlə gəlir. Maşınları fərqli insanlar gətirirlər. Biz iş yerində həm də insanlarla işləməyi öyrənirik”.
“Mərkəzdə vətəndaş, problemli əməkdaş yoxdur ki, mən onların problemini həll edib təcrübə qazanım”
Tamilla Yuniszadə “İnformasiya kommunikasiya texnologiyaları üzrə texnik” ixtisası üzrə III kursda təhsil alır: “I kursdan təcrübəyə başlamışam. Mərkəzdə nə qədər yaxşı təhsil, təlim şəraiti qurulsa da, real iş mühitində əldə edilən təcrübəni qazanmaq fərqlidir. Mərkəzdə vətəndaş, problemli əməkdaş yoxdur ki, mən onun problemini həll edib təcrübə qazanım. “Kapitalbank”da həmin mühit var. Məndən çözülməsi tələb edilən problemləri, stresli iş həyatını məhz iş yerində görür, həll edirik”.
“Oxuduğum və çalışdığım iki müəssisə arasında da əməkdaşlığın qurulması faydalı olar”
Nicat Abdullayev “Kompüter sistemlərində proqramlaşdırma” ixtisası üzrə təhsil alır: “Hazırda əmək bazarında informasiya texnologiyaları avadanlıqlarının satışı üzrə məşğul olan şirkətdə çalışıram. Satış mütəxəssisiyəm, vəzifəmi yüksəltmək şanslarım yaranır, amma təhsilim olmadığı üçün bu, mümkün olmurdu. Mən də təhsil almağa qərar verdim. Araşdıraraq bu qərara gəldim ki, bu istiqamətdə ən yaxşı təhsili Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində ala bilərəm. İxtisasım üzrə müəyyən təcrübəyə sahib olduğum üçün müəllimlərimə, qrupda yoldaşlarıma müəyyən məsələlərdə kömək edə bilirəm”.
İşlədiyi müəssisə ilə təhsil aldığı müəssisə arasında əməkdaşlıq yoxdur. Nicat bu əməkdaşlığın qurulmasının faydalı ola biləcəyi qənaətindədir: “Bu görüşdə eşitdiklərimdən sonra düşünürəm ki, oxuduğum və çalışdığım iki müəssisə arasında da əməkdaşlığın qurulması faydalı olar. Yəqin ki, bunun üçün mən də cəhd edəcəyəm”.
“Çox arzulayardım ki, iş adamları əməkdaşlığa cəhd etsinlər”
Zəhra Məmmədli “İnteryer dizayn” ixtisası üzrə təhsil alır. O isə ixtisasını daha yaxşı öyrənə biləcəyi yaxşı iş yerlərinin olmamasından şikayətlənir: “Qrafik dizayner” ixtisası üzrə daha çox təcrübə proqramları açılır, interyer dizayner kimi istədiyim səviyyədə təcrübə qazanacağım iş yeri tapa bilmirəm. Çox arzulayardım ki, bu sahə üzrə də müəssisəmizlə iş adamları əməkdaşlığa cəhd etsinlər”.
Təhsilini universitetdə davam etdirəcəyini deyən tələbə işə götürənləri təhsil aldığı Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinə dəvət edir.
Tədris ilinin sonunadək daha 15 işəgötürənlə əməkdaşlıq başlayacaq
Şaban Cəərçiyev iş adamları ilə səhər yeməyində görüşü onlara verilən dəyər kimi qiymətləndirib. “Azərbaycan müəllimi”nə açıqlamasında mərkəz direktoru bildirib ki, qeyri-rəsmi mühitdə fikirlər daha səmimi olur: “Bu görüşdə əvvəlcədən əməkdaşlığımız olan şirkətlərlə yanaşı, tərəfdaşlığımız hələ kağız üzərində olanlar da var. Düşünürük ki, bu format onlar üçün də maraqlı oldu. Razılaşdığımız məsələlərin real mənzərəsini gördülər və qərarlarının yanlış olmadığını anladılar. Bunu görüş çərçivəsində söylənən fikirlərdən də aydın görmək olardı”.
Direktorun sözlərinə görə, mərkəzin artıq 115 tərəfdaşı var: “Auto-Azerbaijan” MMC, “Hyundai”, “Toyota servis” hazırda müəssisəmizin tələbələrini ən çox işə götürən şirkətlərdir”.
Artıq müəyyən razılıq əldə olunanlar da var: “Tədris ilinin sonunadək daha 15 işəgötürənlə əməkdaşlıqla bağlı razılaşmalarımız rəsmiləşəcək”.


