Gələcəkdə hansı peşəni seçəcəksən? – Balacalar seçimlərini indidən edirlər 

31 Oktyabr, 2025 - 12:15
Gələcəkdə hansı peşəni seçəcəksən? – Balacalar seçimlərini indidən edirlər 
Gələcəkdə hansı peşəni seçəcəksən? – Balacalar seçimlərini indidən edirlər 
Gələcəkdə hansı peşəni seçəcəksən? – Balacalar seçimlərini indidən edirlər 

Uşaqların təhsil dövründən başlayaraq gələcəkdə hansı peşə və ya sahə ilə məşğul olacaqlarını düşünmələri, öz bacarıq və maraqlarını kəşf etmələri onların gələcəkdə uğurlu və məmnun həyat sürmələrində mühüm rol oynayır. Karyera planlaması və peşə seçimi prosesi yalnız gənclik dövründə deyil, uşaqlıq yaşlarında formalaşmağa başlayır. Bu yaşlarda atılan düzgün addımlar uşaqların potensialını reallaşdırmaq və uğurlu bir karyera qurmaq üçün möhkəm təməl yaradır.

Orta məktəb şagirdlərinin yeniyetməlik dövründə peşə seçimində tez-tez öz qərarlarını dəyişməsini müşahidə edirik. Bu qərarsızlığın onların  həyatına təsiri ilə bağlı real proqnozlar formalaşdırmaqda problem yaşayırlar. Bu səbəbdən ibtidai sinifdən başlayaraq uşaqların inkişaf xüsusiyyətlərinə uyğun peşəyönümlü fəaliyyətlərin həyata keçirilməsi və şagirdlərin maarifləndirilməsi vacib hesab edilir.

 “Azərbaycan müəllimi” Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən umumtəhsil məktəblərin gənc müəllimlərinin mövzuya yanaşmasını öyrənib, şagirdlərlə söhbət edib.

“Bəlkə gələcəkdəki ixtiraların yaradıcıları elə mənim bu qəhrəmanlarım olacaq?!”

Parta arxasında əyləşən balaca həkim, polis, pilot, dənizçi, hakim, kosmonavt və aşpazlar

Yollandığımız Abşeron rayonu Masazır kənd 4 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Ülviyyə Məmmədova haqqında çox eşitmişdik. Qatıldığı müsabiqələrdə, iştirak etdiyi layihələrdə qazandığı uğurlardan, müəllifi olduğu dərs vəsaitlərindən öncə maraqlı tədris üslubu, yetişdirdiyi uğurlu şagirdləri barədə məlumatlı idik. Dərs dediyi sinif otağına daxil olanda gördüyümüz mənzərə isə bizim müsbət təəccübümüzə səbəb oldu. Parta arxasında məktəb formasında əyləşən şagirdlərin əvəzinə rəngarəng geyimlərdə balaca həkim, polis, pilot, dənizçi, hakim, kosmonavt, aşpaz və digər peşə nümayəndələrini görmək çox xoş təsir bağışladı. Sinif hazırlıqlı şəkildə bizim gəlişimizi gözləyirdi. Proyektor lövhədə isə peşələrlə bağlı görüntü vardı və Ülviyyə müəllim şagirdlərə mövzunu izah edirdi. 

Məlumat üçün qeyd edək ki, Ülviyyə Məmmədova ADPU-nun “İbtidai təhsilin pedaqogikası və metodikası” ixtisasını bitirib. MİQ imtahanında 53, sertifikasiya imtahanında isə test mərhələsində 57, müsahibə mərhələsində 40 (ümumilikdə 97/100) bal toplayıb. 2018-ci ildən eTwining layihəsi iştirakçısı, məktəbə eTwining nişanı gətirən müəllim olub. 2023-cü ildə səmərəli pedaqoji fəaliyyətinə görə Elm və Təhsil Nazirliyi tərəfindən fəxri fərmanla təltif edilib. Eyni zamanda “Körpü” nəşriyyatında 1-4 siniflər üzrə dərs vəsaitlərinin müəlliflərindən biridir. 

“Şagirdlərimə kiçik yaşlarından gələcəkdə seçə biləcəkləri peşələr haqqında məlumatlar verirəm”

“Şagirdlərin düzgün karyera seçimi etməsi üçün nələr edirsiniz?” sualını cavablandıran Ülviyyə müəllim bildirir ki, hər bir şəxs erkən yaşlarından gələcəkdə kim olacağının xəyallarını qurur: “İnsanın həyatında edəcəyi ən mühüm seçimlərdən biri də peşə seçimidir. Peşə şəxsin maraq və bacarıqlarını özündə tamamlamalıdır. Bir müəllim olaraq şagirdlərimə kiçik yaşlarından başlayaraq gələcəkdə seçə biləcəkləri peşələr haqqında məlumatlar verirəm. Təbii ki, 6-10 yaş arasında peşə anlayışı onlar üçün hələ mücərrəddir. Həyati əhəmiyyətli olan bu cür önəmli mövzu haqqında onlarda fikir oyatmaq, düzgün seçim və yanaşma tərzlərini formalaşdırmaq biz müəllimlərin üzərinə düşür. Mən şagirdlərimlə peşə seçimi haqda intensiv şəkildə söhbətlər aparıram, fərqli peşə sahələri ilə bağlı rollu oyunlar təşkil etməklə dərslər hazırlayıram. Onu da qeyd edim ki, hər dəfə özləri kiçik görünən, əslində isə böyük düşünən balaca dostlarımızın maraqlı fikirləri ilə qarşılaşıram”. 

“Bəlkə elə gələcəkdəki ixtiraların yaradıcıları elə mənim bu qəhrəmanlarım olacaq?!”

Müəllimin sözlərinə görə, bəzən gənclər orta məktəbi bitirdikdən sonra peşə seçimi ilə bağlı qərar verməli olduqda nə edəcəklərini bilmədən peşələrini çaşqınlıqla seçir və nəticədə özlərinə və ailələrinə yanlış seçim ucbatından məyusluq yaşadırlar: “Bu səbəbdən müəllim şagirdlərini peşə və ixtisaslar üzrə tələb olunan bilik, bacarıq və səriştələr barədə məlumatlandırmalı, onlarda ixtisas və peşə seçimi prosesində bilik, bacarıq və səriştələrdən istifadəetmə qabiliyyətini formalaşdırmalı, maraqlarına, bacarıqlarına, qabiliyyətlərinə və şəxsi keyfiyyətlərinə uyğun olaraq, müvafiq ixtisas və peşə seçiminə yönləndirməli, məsləhətlər verməlidir”. 

“Dünyamızda sürətlə yayılmaqda olan süni intellekt, cəmiyyətimizin inkişafına, tələbatına uyğun olaraq yaranmaqda olan müasir peşələr haqqında şagirdlərə bilgi vermək o qədər də çətin olmur. Çünki uşaqlarımız elə bu texnologiyaların əhatəsindədir. Gündəlik həyatdan, istifadə etdiyimiz texnologiyalardan nümunələr gətirməklə, qısa video və animasiya nümayiş etdirməklə şagirdləri məlumatlandırıram. Həkim, müəllim, polis və s. kimi ənənəvi peşələri müasir peşələrlə və imkanlarla müqayisə edərək izah edirəm. Onlarda gələcəkdə lazım gələrsə, arzuladıqları, ancaq olmayan hansı peşəni yaratmaq istəyəcəkləri barədə fikirlər oyadıram. Bilmək olmaz, bəlkə elə gələcəkdəki ixtiraların, yeniliklərin yaradıcıları elə mənim bu qəhrəmanlarım olacaq?! Hər bir müəllim üçün hər bir şagirdi uğurlu qəhrəmandır!” – deyə Ülviyyə Məmmədova qeyd edir.

Balacalar gələcək peşələri haqqında nə bilirlər?

Ülviyyə müəllimin fikirlərini öyrəndikdən sonra balaca “peşə sahibləri” ilə söhbət edirik. Birinci sinif şagirdlərinin peşələr haqqında nə bildiklərini, düşündüklərini öyrənmək maraq doğurur. İlk yaxınlaşdığım şagird hərbi geyimdə əyləşən oğlandır. Onun adı Azad Əhmədzadədir və böyüyəndə hərbçi olacağını, Vətənimizi qoruyacağını deyir. Bildirir ki, dərslərini yaxşı oxumaqla yanaşı, futbol məşqlərinə gedir, idmanla məşğul olur: “Hərbçi həm bilikli, həm də güclü olmalıdır”, - deyir Azad. 

Ağ xalatlı Hülya Carullayeva isə böyüyəndə diş həkimi olacağını söyləyir. Özü həkimə getməkdən, dişlərini müalicə etdirməkdən qorxmur. Bildirir ki, uşaqların dişini onları incitmədən müalicə edəcək. Hülya uşaqlara hər gün dişlərini fırçalamağı tövsiyə edir.

Ümid Vəliyev parta arxasında skafandrda əyləşib. Deyir ki, böyüyəndə kosmonavt olmaq istəyir, raketlə kosmosa, başqa planetlərə uçmağı arzulayır. Səkinə Şahvələdli də həkim geyimində əyləşib. O, böyüyəndə uşaq həkimi olmaq, onları xəstəliklərdən müalicə etmək xəyalları qurur. Ömər Novruzov isə cərrah geyimindədir, qarşısındakı qutunun içərisində cərrah alətləri var. Ömər xüsusilə yaralı əsgərləri sağaltmaq istədiyini qeyd edir. 

Polis geyimində qaş-qabaqlı bizi seyr edən oğlana yaxınlaşıb adının Fateh olduğunu öyrənirik. Fateh Qocayev niyə məhz polis olmaq isədiyini belə izah edir: “Oğruları, pis adamları tutacam ki, uşaqlar onlardan qorxmasın”. Əlində çəkic hakim geyimində əyləşən isə Miray Əbilovadır. O, ədaləti qoruyacağını, qanunları biləcəyini, bunun üçün isə dərslərini yaxşı oxumalı olduğunu söyləyir. 

Cizgi filmlərinə baxdıqdan sonra dənizçi olmaq istəyib

Qırmızı formada oturan Müşfiq Kazımzadə və Əsli Məmmədsoy yanğınsöndürən olmaq istəyirlər. Onlar yaşıdlarına ehtiyatlı olmağı, təhlükə doğuran əşyalarla oynamamağı, valideynlərinin tövsiyələrinə qulaq asmağı məsləhət görürlər. 

Rafet Hüseynli pilot geyimində əyləşib. Böyüyəndə təyyarə idarə edəcəyini, ölkələri gəzəcəyini deyir. Almaz Namazova isə təyyarə bələdçisi geyimindədir. “Stüardessa nə edir?” sualına Almaz cavab verir ki, təyyarə sərnişinləri ilə salamlaşır və sağollaşır. 

Melisa Musazadə aşpaz geyimindədir. Böyüyəndə dadlı yeməklər, şirniyyatlar bişirəcək. Ən sevdiyi yeməklər isə kotlet və dolmadır. Amir Məlikzadə dənizçi olacağını, gəmi idarə edəcəyini qeyd edir. Amir bu arzusunun cizgi filmlərinə baxdıqdan sonra yarandığını bildirir. Göy rəngli idman geyimində əyləşən Aslan İsayev cüdo idman növü ilə məşğuldur. Deyir, yarışlarda iştirak edib medallar qazanacaq, çempion olacaq. Uşaqların əksəriyyəti müəllim, polis və həkim olacaqlarını söyləyirlər. 

“Biz mütəmadi olaraq dərsdə peşələr, onların önəmi haqqında öyrənirik” 

Birinci sinif şagirdlərinin fikirlərini öyrəndikdən sonra Ülviyyə müəllimin ibtidai siniflərdə dərs dediyi 5 "ç" sinfinin bir neçə şagirdinin də fikirlərini alırıq. 

Gülay Abdurrəhmanlı müstəntiq olmaq arzusundadırlar: “Bu peşəni seçməkdə məqsədim hadisələri araşdırmaq və insanlara əlimdən gələcəyi qədər kömək etmək istəyidir. Biz mütəmadi olaraq dərsdə peşələr, onların önəmi haqqında öyrənirik”. 

Röyal Hacıyev cərrah olmaq istəyir. Bildirir ki, həkimlik çox məsuliyyətli və şərəfli peşədir, insanlardan yalnız bilik deyil, cəsarət istəyir: “Mən ona görə həkim olmaq istəyirəm ki, yeni xəstəliklər yarana bilər və onların qarşısını almaq üçün həkimliyi öyrənəcəyəm. İnsanların orqanlarında böyük problemlər ola bilir və onları aradan qaldırmaq üçün cərrah olmaq arzusundayam. Ailəmizdə həkim yoxdur”. 

Mehman Əli maliyyəçi olmağı düşünür. Qeyd edir ki, maliyyəçi iqtisadiyyatın inkişafında böyük rol oynayır. Bu peşəni seçməsi qohumlarının  əksəriyyətinin həmin ixtisas üzrə fəaliyyət göstərməsi ilə əlaqəlidir: “Məktəbi bitirib təhsilimi ingilis dilində ADA Universitetində “Maliyyə” ixtisası üzrə davam etdirməyi arzulayıram”. 

Dəniz Hüseynli hüquqşünas olmağı hədəfləyib. Bu peşəni seçməkdə məqsədi ədalətli cəmiyyət və insanların rahat yaşaması üçün gözəl mühit yaratmaqdır.

Nəticə olaraq onu deyə bilərik ki, fərdi bacarıqların üzə çıxarılması və gələcək karyeraya istiqamətlənmə orta məktəbdən başlamalıdır. Qloballaşan və daim dəyişən əmək bazarı fonunda şagirdlərin erkən yaşlardan maraq və meyillərinə uyğun istiqamətlənməsi, peşə və ixtisaslar haqqında məlumatlandırılması mühüm əhəmiyyət daşıyır. Bu baxımdan karyera yönümlü şagird inkişaf planlaması məktəblərin qarşısında duran əsas vəzifələrdən biridir.