Geyim və intizam sağlam təhsil mühitinin əsas şərtləridir – Müəllimlərin mövqeyi

15 Oktyabr, 2026 - 11:26
Geyim və intizam sağlam təhsil mühitinin əsas şərtləridir

Məktəbdə vahid geyim və intizam qaydalarına əməl olunması, dünyəvi təhsil prinsipinin qorunması və milli-mənəvi dəyərlərin şagirdlərə aşılanması sağlam təhsil mühitinin formalaşmasında mühüm rol oynayır. Naxçıvanlı müəllim və məktəb rəhbərləri bununla bağlı öz fikirlərini "Azərbaycan müəllimi" ilə bölüşüblər.

“Təhsildə bir şagird digərlərindən yalnız uğurları ilə diqqət çəkməlidir”

Ə.Sultanlı adına Naxçıvan şəhər 10 nömrəli tam orta məktəbin tədris işləri üzrə direktor müavini, Azərbaycan dili və ədəbiyyat müəllimi Vüsalə Qənbərova bildirib ki, müəllimlər üçün vahid geyimin tətbiqində Naxçıvan təcrübəsi var: “Uzun illərdir vahid formadan istifadə edən bir müəllim kimi deyə bilərəm ki, geyim seçimi keyfiyyətə çox ciddi təsir edir. Şagirdlərin bütün müəllimləri hər zaman eyni formada görməsi onların dərs zamanı fikrinin daha az yayınmasına, diqqətlərini tamamilə dərsə yönəltmələrinə kömək edir. Bütün müəllimlərin vahid formadan istifadə etməsi psixoloji baxımdan da faydalıdır. Sosial vəziyyətindən asılı olmayaraq, hər bir müəllimin eyni qiymətdə paltar geyinməsi pedaqoji kollektivdə sosial bərabərliyi təmin edir. Bu, əksər müəllimin arzusudur ki, heç kimdən, xüsusən də sosial vəziyyəti daha yaxşı olan müəllimlərdən seçilməsinlər”.

Vüsalə Qənbərova vahid məktəbli formasının şagirdlər arasında bərabərliyin qorunmasında da mühüm rol oynadığını vurğulayıb. Onun sözlərinə görə, geyim seçimi şagirdlər arasında fərqliliyin ön plana çıxmasına səbəb olmamalıdır: “Vahid məktəbli formasının tətbiqi, birinci növbədə, şagirdlər arasında fərqliliyi aradan qaldırır. Bu, təhsildə diqqət yetirilməli olan əsas amillərdəndir. Yaxşı və ya pis mənada öz geyimi ilə digərlərindən seçilmək şagirdlər arasında balansı, bərabərliyi ciddi şəkildə pozur. Təhsildə bir şagird digərlərindən geyimi ilə deyil, yalnız uğurları ilə diqqət çəkməlidir”.

Pedaqoq  dünyəvi təhsil prinsipinin əhəmiyyətindən danışarkən müasirliyin Azərbaycan təhsilinin prioritetlərindən biri olduğunu bildirib. Onun fikrincə, dünyəvi təhsil uşaqları inkişafa və müasirliyə aparan, dünya standartlarına cavab verən təhsil modelidir:  “Müasirlik Azərbaycan təhsilinin də prioritetlərindəndir. Milli-mənəvi dəyərlərimizi qorumaqla müasirləşmək, dünya elminə və Avropa mədəniyyətinə sahib olmaq təhsilverənlərimizin və təhsilalanlarımızın əsas məqsədi olmalıdır”.

Müsahibimiz milli-mənəvi dəyərlərin şagirdlərə aşılanmasında müəllimin rolunun əvəzsiz olduğunu vurğulayıb. O bildirib ki, bu dəyərlər ilk növbədə ailədə öyrədilir, daha sonra müəllimlər tərəfindən məktəbdə inkişaf etdirilir: “Milli-mənəvi dəyərlərimiz, adından da göründüyü kimi, bizim dəyərimizdir. Dəyərlərimiz uğrunda tarix boyu hansı savaşlardan keçdiyimizi, necə mübarizə apardığımızı, nələrdən keçdiyimizi bütün dünya bilir. Bu dəyərlərin müqəddəsliyi ilk olaraq ailədə uşaqlara öyrədilir. Daha sonra biz müəllimlər bu hissləri şagirdlərimizə aşılayırıq. Uşaqlar böyüdükcə sevgi aşılanan bu dəyərlərin də sayı artır.

Milli-mənəvi dəyərlərimizə, Vətənə, torpağa sevginin məktəblərdə düzgün təbliğinin nəticəsi idi ki, 2020-ci ildə  44 günlük Vətən müharibəsində minlərlə Vətən oğlu könüllü şəkildə döyüşlərə atıldı, üç mindən çox igidimiz bu yolda şəhid oldu”.

Direktor müavini tətbiq olunan dəyişikliklərin gələcəkdə məktəbdə daha sağlam və nizamlı təhsil mühitinin formalaşmasına töhfə verəcəyinə inandığını bildirib. 

"Qaydalara riayət etmək şagirdləri cəmiyyətin məsuliyyətli üzvləri olmağa hazırlayır"

Babək rayon Hacıvar kənd tam orta məktəbin direktoru Çinarə Hacıyeva məktəbdə vahid geyim və intizam qaydalarına əməl olunmasının bir neçə səbəbə görə vacib olduğunu qeyd edib: "Birincisi, bərabərliyi təmin edir. Vahid geyim şagirdlər arasında maddi vəziyyətə və geyim seçiminə görə fərqlərin ön plana çıxmasının qarşısını alır.

İkincisi, nizam-intizam yaradır. Qaydalara əməl etmək şagirdlərdə məsuliyyət, özünənəzarət və intizam vərdişlərini formalaşdırır.
Üçüncüsü, təhsil mühitini yaxşılaşdırır. Nizamlı və sakit mühit şagirdlərin dərslərə daha yaxşı diqqət yetirməsinə kömək edir.
Dördüncüsü, qarşılıqlı hörməti gücləndirir. Şagirdlər bir-birlərinə hörmətlə yanaşmağı öyrənirlər.

Beşincisi, məktəbi təmsil edir. Vahid geyim məktəbin nüfuzunu və kollektivə aidlik hissini gücləndirir.

Altıncısı, məsuliyyət hissini artırır. Qaydalara riayət etmək şagirdləri gələcəkdə cəmiyyətin məsuliyyətli üzvləri olmağa hazırlayır".
Direktorun fikrincə, vahid geyim və intizam qaydalarına əməl olunması məktəbdə sağlam, təhlükəsiz, bərabərhüquqlu və səmərəli təhsil mühitinin yaradılmasına kömək edir. Bu qaydaların məqsədi şagirdləri məhdudlaşdırmaq deyil, onların təhsil alması və birlikdə inkişaf etməsi üçün əlverişli şərait yaratmaqdır.

Müəllimlərin geyim və davranışları məktəbdə nizam-intizamı gücləndirir

Naxçıvan şəhər 11 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Dürdanə Quliyeva isə bildirib ki, müəllimin geyimi onun nüfuzuna və şagirdlərə münasibətinə müəyyən dərəcədə təsir edir: "Burada əsas məsələ geyimin bahalı və ya dəbli olması deyil, səliqəli, təmiz, ölçülü və müəllimin peşəsinə uyğun olmasıdır. Müəllim yalnız biliyi ilə deyil, davranışı, nitqi və xarici görünüşü ilə də şagirdlərə nümunə olmalıdır.

Vahid məktəbli forması yalnız geyim nümunəsi deyil, həm də məktəbdə sosial bərabərliyin, birlik və həmrəyliyin formalaşmasına xidmət edən vasitələrdən biridir. Bəzən şagirdlərin ailələrinin maddi imkanları fərqli olur. Bəzi ailələr övladlarına bahalı və dəbli geyimlər ala bildikləri halda, digərləri üçün bu, çətinlik yarada bilər. Vahid məktəbli forması geyimdə maddi fərqlərin daha az nəzərə çarpmasına kömək edir və şagirdlərin özlərini kollektivin bərabərhüquqlu üzvləri kimi hiss etmələrini asanlaşdırır.
Məktəbdə vahid geyim və intizam qaydalarına əməl olunması da vacibdir. Bu, məktəbdə intizamı möhkəmləndirir, məktəbə mənsubiyyət hissini artırır və diqqətin təhsilə yönəlməsinə kömək edir. Vahid geyim məktəbdə nizamlı və səliqəli mühitin yaradılmasına şərait yaradır".

Müəllimin fikrincə, dünyəvi təhsil prinsipinin qorunması təhsil sisteminin dini təsirlərdən asılı olmadan, elmi biliklərə, məntiqə, obyektivliyə və ümumbəşəri dəyərlərə əsaslanması deməkdir: "Bu prinsip dinə və dini inanclara hörmət edilməməsi anlamına gəlmir. Dünyəvi təhsilin əsas xüsusiyyətləri elmi biliklərin əsas götürülməsi, bərabər münasibətin təmin edilməsi, təhsildə obyektivliyin qorunması, milli və ümumbəşəri dəyərlərin aşılanmasıdır.

Dünyəvi təhsil prinsipinin qorunması təhsilin keyfiyyətinə və şagirdlərin dünyagörüşünə müsbət təsir göstərir. Bu, onların müstəqil düşünmək, obyektiv qiymətləndirmək, fərqli fikirlərə hörmətlə yanaşmaq və tənqidi düşünmək bacarıqlarını inkişaf etdirir. 
Müəllimlərin vahid geyim və intizam qaydalarına əməl etmələri məktəbdə vahid yanaşmanın formalaşmasına, onların peşələrinə olan məsuliyyətlərini nümayiş etdirmələrinə və şagirdlərdə düzgün davranış qaydalarının formalaşmasına kömək edir. Müəllimlərin geyim və davranışları ilə nümunə olması məktəbdə ümumi nizam-intizamın qorunmasına müsbət təsir göstərir".

Məktəb yalnız bilik verilən məkan deyil… 

Həmsöhbət olduğumuz digər müsahibimiz Ordubad rayon Düylün kənd tam orta məktəbinin direktoru Zülfüqar Həsənov da məktəbdə vahid geyim və intizam qaydalarına əməl olunmasının, müəllimlərin peşəkar görünüşünün və milli-mənəvi dəyərlərin qorunmasının əhəmiyyətini vurğulayıb: “Məktəb yalnız bilik verilən məkan deyil, həm də şagirdlərin şəxsiyyətinin, dünyagörüşünün və vətəndaşlıq mövqeyinin formalaşdığı mühüm tərbiyə ocağıdır. Bu baxımdan müəllimin səliqəli və peşəkar geyimi, davranışı və şəxsi nümunəsi onun nüfuzunun formalaşmasında mühüm rol oynayır. 

Vahid məktəbli formasının tətbiqi şagirdlər arasında sosial fərqlərin ön plana çıxmasının qarşısını almağa, bərabərlik və kollektivə mənsubluq hissini gücləndirməyə xidmət edir. Məktəbdə müəyyən edilmiş geyim və intizam qaydalarına əməl olunması sağlam təhsil mühitinin, qarşılıqlı hörmətin və nizam-intizamın təmin edilməsi baxımından vacibdir". 

Direktor bildirib ki, eyni zamanda, dünyəvi təhsil prinsipinin qorunması, tədrisin elmi biliklər və qanunvericilik əsasında təşkili əsas məsələlərdəndir: “Milli-mənəvi dəyərlərin, ana dilimizə, tariximizə və dövlətimizə hörmət hissinin şagirdlərə aşılanmasında da müəllimlərin üzərinə böyük məsuliyyət düşür.

Məktəb, ailə və cəmiyyətin birgə səyi ilə milli-mənəvi dəyərlərə bağlı, qanunlara hörmət edən, bilikli və məsuliyyətli vətəndaşlar yetişdirə bilərik”.