“Rəqəmsal məktəb” - Naxçıvan məktəblərində nələr dəyişir? - REPORTAJ
Bir vaxtlar şagirdin qiymətini öyrənmək üçün valideynin məktəbə gəlməsi, müəllimin gündəlik qeydlər aparması, məktəb rəhbərliyinin isə hesabatlar hazırlaması tələb olunurdu. İndi bu proseslərin bir qismi vahid rəqəmsal platformada birləşir. Müəllim, şagird, valideyn və məktəb rəhbərliyi eyni rəqəmsal mühitdə təhsil prosesinin iştirakçısına çevrilir.
Bəs bu yenilik məktəbin gündəlik həyatında necə tətbiq olunur? Elektron jurnal müəllimin işini nə dərəcədə asanlaşdırır, valideynə hansı imkanları yaradır, şagirdin məsuliyyətinə və təlim nəticələrinə necə təsir göstərir? “Rəqəmsal məktəb” layihəsinin gətirdiyi üstünlüklər nələrdir?
“Azərbaycan müəllimi” bu suallara cavab tapmaq üçün “Rəqəmsal məktəb” layihəsinin tətbiq olunduğu Naxçıvan şəhərinin bir neçə ümumtəhsil məktəbində olaraq müəllimlərlə söhbətləşib, onların yeni sistemin tətbiqi ilə bağlı təəssüratlarını öyrənib.
İlkin mərhələdə 20 orta ümumtəhsil müəssisəsi elektron jurnal platformasına qoşulub
Naxçıvan Muxtar Respublikasında təhsil sahəsində rəqəmsallaşmanın genişləndirilməsi istiqamətində atılan bu addım 2026–2027-ci tədris ilindən etibarən reallaşdırılmağa başlanıb. Bu barədə bizə məlumat verən Naxçıvan MR Təhsil Nazirliyi Aparatının şöbə müdiri Məmməd Bayramovun sözlərinə görə, ilkin mərhələdə 20 ümumtəhsil məktəbi elektron jurnal platformasına qoşulub.
O bildirib ki, layihə tədris prosesinin daha çevik və şəffaf idarə olunmasına, məktəbdaxili sənədləşmənin elektronlaşdırılmasına, müəllim, şagird və valideyn arasında operativ məlumat mübadiləsinin təmin edilməsinə xidmət edir: “Sistemin tətbiqinə hazırlıq məqsədilə Elm və Təhsil Nazirliyinin dəstəyi ilə məktəblərin rəhbər və pedaqoji heyəti üçün onlayn təlimlər təşkil olunub. Keçirilən təlimlərə 19 məktəb rəhbəri, 21 direktor müavini və 203 müəllim olmaqla ümumilikdə 243 nəfər cəlb edilib. İştirakçılara platformanın funksional imkanları, elektron jurnalın iş prinsipi, şagirdlərin davamiyyət və təlim nəticələrinin sistemə daxil edilməsi, eləcə də digər əməliyyatların yerinə yetirilməsi qaydaları izah olunub”.
Şöbə müdirinin verdiyi məlumata görə, hazırda platformaya qoşulmuş 20 ümumtəhsil məktəbində 1200-dən artıq müəllim və 14 mindən artıq şagird sistemdən yararlanmaq imkanına malikdir: “Elektron jurnalın əsas üstünlüklərindən biri valideynlər üçün yaradılan imkanlardır. Belə ki, valideynlər və şagirdlərin qanuni nümayəndələri platformanın müvafiq bölməsində qeydiyyatdan keçməklə övladlarının təlim nəticələrini, dərsə davamiyyətini və digər göstəricilərini izləyə bilirlər. Eyni zamanda məktəblə əlaqə yaratmaq, məktəb rəhbərliyinə müraciət etmək, rəy bildirmək və sorğular göndərmək mümkündür”.
Məmməd Bayramovun fikrincə, bu imkanlar valideynlərin təhsil prosesində iştirakını artırmaqla yanaşı, məktəb-valideyn əməkdaşlığının gücləndirilməsinə, təhsilalanların nailiyyətlərinə nəzarətin asanlaşdırılmasına və şəffaflığın təmin edilməsinə xidmət edir.
Rəqəmsal vasitələr şagirdi passiv dinləyicidən fəal iştirakçıya çevirir
İlk yolumuzu saldığımız Naxçıvan şəhər İ.Səfərli adına 1 nömrəli tam orta məktəbdə diqqətimizi çəkən məqamlardan biri müəllimlərin gündəlik tədris prosesində rəqəmsal vasitələrdən istifadəyə artıq alışması idi. Elektron jurnalın tətbiqi burada sadəcə kağız jurnalın kompüterlə əvəzlənməsi deyil, tədris prosesinin idarə olunmasında yeni yanaşmanın formalaşması kimi qiymətləndirilir.
Məktəbdə olduğumuz zaman informatika müəllimi Ceyran Məmmədova ilə də söhbətləşirik. O, rəqəmsal texnologiyaların dərslərin təşkilində yaratdığı imkanlardan danışarkən şagirdyönümlü təlim prinsipini xüsusi vurğulayır: ““Rəqəmsal məktəb” ənənəvi tədrisi daha maraqlı və əlçatan edir. Bildiyimiz kimi, kurikulumda şagirdyönümlülük prinsipi ön plandadır. Şagirdyönümlü təlim şagirdin maraqlarını, öyrəndiklərini və həyatda baş verənləri əlaqələndirir. Sinif otağında elektron resurslardan, interaktiv lövhələrdən, onlayn tapşırıqlardan istifadə şagirdlərin dərsdə fəal iştirakı və müəllim-şagird arasında operativ əlaqə ilə hiss olunur. Nəticədə təlim daha maraqlı və səmərəli təşkil edilir”.
Müəllim hesab edir ki, rəqəmsallaşma ilə şagirdlərin dərsdəki rolu da dəyişir: “Ümumiyyətlə, bu dəyişikliklə şagirdlər passiv dinləyicidən prosesin fəal iştirakçısına, tədqiqatçısına çevrilirlər. Dərslər daha dinamik və interaktiv keçir”.
Ceyran Məmmədova informatika fənnini tədris etdiyindən müasir texnologiyaların tətbiqinə xüsusi diqqət yetirdiyini bildirir. Onun sözlərinə görə, dərslərində interaktiv lövhədən, elektron təqdimatdan, video və onlayn testlərdən istifadə edir. Bu vasitələr mürəkkəb mövzuların vizuallaşdırılmasına, şagirdlərin materialı daha yaxşı mənimsəməsinə şərait yaradır: “İnformatika fənnini tədris etdiyim üçün informasiya-kommunikasiya texnologiyaları sahəsindəki yenilikləri daim araşdırır, öz biliklərimi təkmilləşdirirəm. Texnologiya sürətlə inkişaf edir və biz müəllimlər bu sürətə uyğunlaşmalıyıq. Bunun üçün mütəmadi olaraq Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin və beynəlxalq platformaların təşkil etdiyi rəqəmsal bacarıqlar üzrə təlimlərdə iştirak edirəm. Həmkarlarımla təcrübə mübadiləsi aparır, yeni tədris tətbiqlərini araşdıraraq dərslərimə inteqrasiya edirəm”.
Rəqəmsal vasitələrin dərs prosesində ən çox hansı dəyişikliklərə səbəb olduğu barədə danışan Ceyran Məmmədova vaxtdan səmərəli istifadə və dərsin məzmununun zənginləşməsini önə çəkir: “Əvvəllər müəllimlər mövzulara uyğun olaraq hər hansı obyektləri lövhədə çəkməyə və ya izah etməyə xeyli vaxt sərf edirdilər. İndi isə həmin prosesləri bir neçə saniyə ərzində vizual və animasiyalı şəkildə göstərə bilirik. Bu da müzakirə və praktik tapşırıqlar üçün daha çox vaxt qazandırır. Ümumiyyətlə, “Rəqəmsal məktəb” layihəsi dərslərimi daha müasir və interaktiv edib. Mövzuları daha rahat izah edir, şagirdlərin dərsə marağını və iştirakını artırıram”.
Onun sözlərinə görə, ənənəvi dərsdə əsasən izah və yazı üstünlük təşkil etdiyi halda, rəqəmsal dərsdə mövzular daha əyani, maraqlı və interaktiv təqdim olunur. Ənənəvi tədris daha çox dərsliklə məhdudlaşır və bütün sinfə eyni templə yanaşılırdısa, rəqəmsal vasitələr hər şagirdin qavrama səviyyəsinə uyğun tapşırıqların yerinə yetirilməsinə imkan verir.
Müəllim əlavə edir ki, rəqəmsal vasitələr şagirdlərdə araşdırma, müstəqil düşünmə və öyrənmə həvəsi yaradır. Bu da onların biliklərini praktikada tətbiq etməsinə və daha yaxşı nəticələr əldə etməsinə şərait yaradır: “Yeniliklər düzgün və məqsədyönlü tətbiq edildikdə şagird nailiyyətlərində nəzərəçarpan inkişaf müşahidə olunur. Xüsusilə əyani və rəqəmsal vasitələrdən istifadə şagirdlərdə əzbərçilikdən uzaq, tənqidi və analitik düşünmə bacarıqlarını formalaşdırır. Dərs prosesinin düzgün qurulması şagirdlərin məktəbə və öyrənməyə marağını yüksəldir. Bir tərəfdən müəllimin işini asanlaşdırır, digər tərəfdən isə yenilikləri izləməyi, daim öyrənməyi və özünü inkişaf etdirməyi tələb edir”.
Valideynlərlə əməkdaşlığa da xüsusi önəm verdiyini deyən Ceyran Məmmədova elektron jurnalın bu münasibətləri daha da asanlaşdırdığını bildirir: “Valideynlərlə qarşılıqlı fikir mübadiləsi apararaq şagirdlərin təhsilində əməkdaşlığa önəm verirəm. Artıq “Rəqəmsal məktəb” layihəsi Naxçıvan şəhər orta ümumtəhsil müəssisələrində tətbiq olunduğu, elektron jurnaldan istifadə edildiyi üçün valideynlər övladlarının təlim nəticələri, sinifdə davranışları haqqında məlumatlarla məkan fərqi olmadan platformanın “Valideyn” bölməsindən istənilən vaxt tanış ola bilirlər”.
Fizika dərslərində rəqəmsal imkanlar
Yolumuzu “Rəqəmsal məktəb” layihəsinin tətbiq olunduğu digər təhsil müəssisəsinə – Naxçıvan Qızlar Liseyinə salırıq. Rəqəmsal texnologiyaların tədrisə inteqrasiyası fizika kimi mürəkkəb qanunauyğunluqların izahını tələb edən fənlərdə də yeni imkanlar yaradır. Naxçıvan Qızlar Liseyinin fizika müəllimi Həmidə Adilova hesab edir ki, “Rəqəmsal məktəb” şagirdlərə fərdi yanaşmanı genişləndirir, dərsləri daha interaktiv edir: “Mürəkkəb fizika qanunlarını izah edərkən rəqəmsal tapşırıqlardan və onlayn test platformalarından istifadə edirəm. Texnoloji alətləri tədrisə daha dərindən inteqrasiya etmək üçün yeni rəqəmsal vasitələri öyrənirəm. Rəqəmsal vasitələr dərsləri daha çevik, əlçatan və vizual edir. Şagirdlər dərs materiallarına istənilən vaxt baxa, mürəkkəb məsələləri qrafik modellər üzərində daha tez qavraya bilirlər”.
Həmidə Adilova ənənəvi və rəqəmsal dərslər arasındakı fərqi belə izah edir: “Ənənəvi dərslərdən fərqli olaraq, rəqəmsal dərs rəqəmsal resurslar, ani əks-əlaqə və şagirdlərin fərdi tempinə uyğunlaşma imkanları verir. Rəqəmsal vasitələrin tətbiqi şagirdlərin dərsə marağını artırır, onları daha fəal edir və imtahanlara hazırlıq nəticələrinə müsbət təsir göstərir. Eyni zamanda materialların yoxlanılmasını və izahını sürətləndirir. Deyə bilərəm ki, ümumilikdə işimizi sistemləşdirib və asanlaşdırıb”.
Ən böyük üstünlük vaxta qənaət və məlumatların dəqiqliyidir
Yolumuzu saldığımız növbəti təhsil ocağı olan Heydər Əliyev adına tam orta məktəb 1175 şagirdi, 80 müəllimi olan ən böyük orta ümumtəhsil müəssisələrindən biridir. Məktəbə daxil olanda ilk diqqətimizi çəkən müəllimlərin gündəlik fəaliyyətlərində baş verən dəyişikliklər barədə söhbətlər oldu. Aparılan söhbətlərdə artıq təkcə dərsin təşkili, şagirdlərin davamiyyəti və qiymətləndirilməsi deyil, həmçinin bu proseslərin necə qeydə alınması, valideynə hansı formada çatdırılması və məktəb rəhbərliyinin bütün bunları necə izləməsi də yeni müzakirə mövzusuna çevrilib.
2004-cü ildən pedaqoji fəaliyyətlə məşğul olan məktəbin fizika müəllimi Nailə Əhmədova elektron jurnalın tətbiqinin müəllimlərin gündəlik işində yaratdığı dəyişikliklərdən danışarkən ilk növbədə vaxt amilini qeyd edir: “Rəqəmsal sinif jurnalına keçid, ilk növbədə, işimizi xeyli asanlaşdırıb. Əvvəllər jurnalın doldurulmasına, mövzuların və tarixlərin qeyd edilməsinə daha çox vaxt sərf edirdik. İndi isə proqramda tematik planlar, mövzular və alt standartlar hazır şəkildə təqdim olunur. Müvafiq məlumatları seçərək daha rahat işləyə bilirik”.
Nailə Əhmədovanın sözlərinə görə, sistemin digər üstünlüyü şagirdlər haqqında qeydlərin aparılması və həmin məlumatların valideynlər tərəfindən də izlənilə bilməsidir. Bu, həm şagirdlərin, həm də müəllimlərin məsuliyyətini artırır. Qiymətləndirmənin hansı vaxtda aparıldığı da sistemdə dəqiq görünür.
O, ənənəvi və elektron jurnal arasındakı fərqi belə ifadə edir: “Ənənəvi jurnalda məlumatlar əl ilə yazılırdı. Bəzən diqqətsizlikdən tarixlərdə və digər qeydlərdə səhvlərə yol verilə bilirdi. Rəqəmsal jurnalda isə tarixlər və proqram məlumatları hazır olduğundan bu cür səhvlərin qarşısı alınır. Ən əsası, vaxta qənaət edirik və həmin vaxtı şagirdlərə, dərsin daha səmərəli təşkilinə ayıra bilirik”.
Müəllim elektron jurnalın dəqiqlik və məsuliyyət baxımından da əhəmiyyətli olduğunu düşünür: “Rəqəmsal jurnalda əsas üstünlüklərdən biri düzgünlük və dəqiqlikdir. Müəllim bilir ki, yazdığı qiymətləndirmə və qeydlər sistemdə əks olunur və izlənilir. Buna görə də hər bir məlumatı diqqətlə və dəqiq daxil etməlidir. Bu, müəllimlərin məsuliyyətini də artırır”.
Nailə Əhmədova hesab edir ki, rəqəmsal jurnal şagirdlərin məsuliyyətinə də təsir göstərir. Çünki şagird bilir ki, dərsdəki fəaliyyəti və aldığı qiymət valideyninə də dərhal məlum olacaq: “Əvvəllər şagird bəzən gündəliyini evdə unutduğunu deyə bilərdi. Valideyn övladının qiymətindən gec xəbər tuturdu. İndi isə valideyn məktəbdən çıxmadan belə övladının dərsdəki fəaliyyəti və qiymətləndirilməsi haqqında məlumat əldə edə bilir. Bu da valideyn-məktəb-şagird əlaqəsini daha da gücləndirir”.
Valideyn müəllimin fəaliyyətini də izləyə bilir
Heydər Əliyev adına tam orta məktəbin ingilis dili müəllimi Ülviyyə Mehdiya artıq dörd ildir bu təhsil müəssisəsində çalışır. O, “Rəqəmsal məktəb”i müasir texnologiyaların təhsil sistemində tətbiqi kimi qiymətləndirir və platformanın müəllimlərlə yanaşı, şagird və valideynlər üçün də üstünlüklər yaratdığını deyir: “İlk növbədə, vaxta qənaət edirik. Əvvəllər ənənəvi jurnaldan istifadə edirdik və onun doldurulması daha çox vaxt aparırdı. Bəzən məlumatları əl ilə yazarkən səhvlərə yol verilirdi və həmin səhvləri düzəltmək də çətin olurdu. Rəqəmsal sistemdə isə bu proses xeyli asanlaşıb”.
Müəllimin diqqət çəkdiyi digər məqam isə valideynlərin müəllimin fəaliyyəti ilə bağlı rəy bildirmək imkanının olmasıdır: “Valideyn müəllimin fəaliyyəti ilə bağlı rəyini qeyd edə bilir və bu rəylər məktəb rəhbərliyi tərəfindən də izlənilir. Bu, müəllimin məsuliyyətini daha da artırır. Həm valideynin, həm məktəb rəhbərliyinin, həm də şagirdin müəllimin fəaliyyətini izləməsi bizi işimizə daha məsuliyyətlə yanaşmağa sövq edir”.
Ülviyyə Mehdiyeva layihənin şagirdlərin dərsə marağına və təlim nəticələrinə müsbət təsir göstərəcəyini düşünür. Müəllim platformadan istifadə ilə bağlı keçirilən təlimlərdə də iştirak edib: ““Rəqəmsal məktəb”in tətbiqi ilə bağlı keçirilən təlimlərdə də iştirak etmişəm. Həm "Rəqəmsal məktəb"in imkanları, həm də müasir texnologiyalardan və proqramlardan istifadə ilə bağlı məlumatlar əldə etmişik. Təlimlər çox faydalı oldu, həqiqətən, bir çox yenilik öyrəndim. Bu biliklər gündəlik işimizdə bizə kömək edir. Həmkarlarımıza da imkan olduqca, xüsusilə tənəffüslərdə sistemdən istifadə ilə bağlı dəstək göstəririk”.
Məktəb rəhbərliyi bütün prosesi vahid platformadan izləyir
Elektron jurnalın tətbiqi yalnız müəllimlərin gündəlik fəaliyyətində deyil, məktəbin idarə olunmasında da dəyişikliklər yaradıb. Heydər Əliyev adına tam orta məktəbin direktoru Həsən Məmmədovla söhbətimiz zamanı məlum olur ki, sistemin tətbiqinə məktəbdə cəmi iki ay əvvəl başlanılsa da, artıq bir sıra üstünlüklər müşahidə edilir.
Direktorun sözlərinə görə, müəllimlər yeni sistemə uyğunlaşmağa çalışırlar. İlk mərhələdə müəyyən çətinliklərin yaranması gözləniləndir. Bu baxımdan Təhsil Nazirliyi tərəfindən təşkil olunan təlimlər müəllimlərin elektron jurnaldan düzgün istifadə etməsinə kömək edir: “Elektron jurnaldan yalnız kompüter vasitəsilə deyil, mobil telefonla da istifadə etmək mümkündür. Bu da sistemi daha əlçatan və rahat edir. Elektron jurnal dərsin qeydiyyatının aparılması, şagirdlərə rəy və şərhlərin yazılması, valideynlərlə əlaqənin qurulması baxımından müəllimlər üçün əlverişlidir”.
Direktorun sözlərinə görə, valideynlər də platforma vasitəsilə övladlarının həmin gün dərsdə iştirak edib-etmədiyini, hansı fəndən qiymət aldığını, müəllimin onun haqqında hansı qeydləri apardığını izləyə bilirlər. Bununla yanaşı, məktəbə gəlmədən məktəb rəhbərliyinə müraciət etmək, direktorla əlaqə saxlamaq və qəbul üçün müraciət göndərmək mümkündür.
Həsən Məmmədov elektron jurnalın məktəb rəhbərliyinin işini də xeyli asanlaşdırdığını vurğulayır: “Artıq hər bir müəllimin fəaliyyətini, şagirdlərin davamiyyətini və elektron jurnalların vaxtında doldurulmasını sistem üzərindən izləyə bilirik. Əvvəllər bu məlumatları əldə etmək üçün ayrı-ayrı müəllimlərdən soruşmaq, jurnalları bir-bir yoxlamaq lazım gəlirdi. İndi isə bütün məlumatlar vahid platformada əks olunur. Məsələn, hər hansı müəllim elektron jurnalı vaxtında doldurmayıbsa və ya müəyyən çatışmazlıq varsa, bunu sistemdə görürük, müəllimə məlumat veririk və problemin aradan qaldırılmasını təmin edirik”.
Direktorun diqqət çəkdiyi məqamlardan biri də kiçik summativ qiymətləndirmələrin nəticələrinin təhlilidir. Əvvəllər hər bir jurnalın ayrı-ayrılıqda yoxlanılması tələb olunurdusa, indi müvafiq fənni seçməklə müxtəlif siniflər üzrə qiymətləndirmə nəticələrinə baxmaq mümkündür. Bu da şagirdlərin hansı mövzuları yaxşı mənimsədiyini, hansı sahələrdə çətinlik çəkdiyini müəyyənləşdirməyə imkan verir.
Elektron jurnalın qiymətləndirmədə şəffaflıq və dəqiqlik yaratması da məktəb rəhbərliyinin xüsusi vurğuladığı üstünlüklərdəndir : “Əgər sonradan qiymətdə dəyişiklik edilərsə, bu dəyişiklik də tarix və dəqiq vaxt göstərilməklə sistemdə əks olunur. Əlbəttə, müəllim texniki səhvə yol verdikdə onu düzəldə bilər və bütün dəyişikliklərin qeydə alınması məsuliyyəti və şəffaflığı artırır. Valideyn də bu dəyişiklikləri görə bilir”.
Həsən Məmmədov ilkin müşahidələrin sistemin şagirdlərin davamiyyətinə və dərsə hazırlığına müsbət təsir göstərdiyini bildirir.
Yeni mərhələ: təhsildə şəffaflıq və operativlik
Yolumuzu saldığımız təhsil müəssisələrində apardığımız müşahidələr və müəllimlərlə söhbətlər göstərir ki, elektron jurnalın tətbiqi təhsil prosesinin müxtəlif iştirakçıları üçün fərqli, lakin bir-birini tamamlayan imkanlar yaradır. Müəllimlər gündəlik sənədləşməyə sərf etdikləri vaxta qənaət edir, məktəb rəhbərliyi tədris prosesini vahid platformadan izləyir, valideynlər isə övladlarının fəaliyyəti barədə daha operativ məlumat əldə etmək imkanı qazanırlar.
Naxçıvanda 20 orta ümumtəhsil müəssisəsində tətbiqinə başlanılan elektron jurnal platforması rəqəmsal transformasiya istiqamətində atılan mühüm addımlardandır. Layihənin əhatə dairəsinin genişlənməsi ilə onun tədrisin idarə olunmasına, məktəb-valideyn münasibətlərinə və şagirdlərin təlim nailiyyətlərinə təsirinin daha aydın görünəcəyi gözlənilir.
Ənənəvi jurnaldan rəqəmsal platformaya keçid, əslində, yalnız məlumatların elektronlaşdırılması deyil. Bu, eyni zamanda məktəbin gündəlik həyatında operativlik, hesabatlılıq, şəffaflıq və qarşılıqlı əlaqənin yeni mərhələsidir.




