Distant Təhsil Mərkəzi: Məsafələri aşan oxumaq istəyi
Bəzən məktəbə gedən yol sinif otağından deyil, bir ekranın işığından keçir. Divarları məsafələrdən, qapıları isə texnologiyadan ibarət olan bu məktəbdə sağlamlıq vəziyyətinə görə ənənəvi təhsildən kənarda qalan uşaqlar bilik dünyasına açılan qapıdan uzaq düşmürlər. Naxçıvan şəhər 2 nömrəli tam orta məktəbin nəzdində yaradılan Distant Təhsil Mərkəzi də məhz bu missiyaya xidmət edir: məsafələri yaxınlaşdırır, ümidləri biliklə birləşdirir.
Bu dəfə “Azərbaycan müəllimi” olaraq yolumuzu məsafələrin təhsilə maneə olmadığı, hər şagird üçün bilik qapısının açıq saxlanıldığı bu mərkəzə salırıq.
Sevgi və və qayğı ilə öyrənmək
Distant Təhsil Mərkəzi sağlamlıq vəziyyətinə görə təhsil müəssisələrinə gedə bilməyən uşaqların təhsil hüququnun təmin olunmasına xidmət edir. 19 oktyabr 2022-ci ildən fəaliyyət göstərən mərkəzdə müasir təhsil texnologiyalarından istifadə edilməklə dərslər onlayn şəkildə keçirilir. İlk vaxtlar 24 şagirdlə fəaliyyətə başlayan mərkəzdə hazırda 39 şagird təhsil alır. Onların tədrisi ilə 19 müəllim məşğul olur.
Burada dərs zamanı yalnız yeni biliklərin öyrədilməsi deyil, həm də uşaqlarla ünsiyyət qurmaq, onların dünyasına daxil olmaq, sevgini və qayğını hiss etdirmək imkanınını da görmək mümkündür. Müəllimlər şagirdlərin fərdi xüsusiyyətlərini nəzərə alaraq müxtəlif tədris üsullarından istifadə edir, valideynlərlə əməkdaşlıq edir, uşaqların dərslərə həvəslə qoşulmaları üçün əllərindən gələni edirlər.
“Oxumaq gözəldir, hər kəsə oxuyun demək istəyirəm”
Mərkəzdə təhsil alan şagirdlərdən biri Kənan Məmmədovdur. O, 2022-ci ildən distant təhsil alır və hazırda IX sinifdə oxuyur. Culfa rayonunun Xanəgah kəndində yaşayan Kənan üçün evdən təhsil almaq həm rahat, həm də əlverişlidir.
Kənanla söhbətimizdə onun dərslərə münasibətindən, sevdiyi fənlərdən və gələcək arzularından danışırıq. O, müəllimlərinin onunla mehriban davrandıdığını, dərslərini sevərək hazırladığını bildirir: “ Ana dili, tarix və ingilis dili dərslərini çox sevirəm. Müəllimlərim mənimlə çox gözəl məşğul olur. Evdə oxuyub-yazmaq çox yaxşıdır. Dərslərimi sevərək hazırlayıram. Başa düşmədiyim sualları müəllimlərimdən , eləcə də anamdan soruşuram”.
Onun sözlərindən hiss olunur ki, distant təhsil yalnız dərsləri evdən izləmək imkanı deyil, həm də müəllimləri və sinif yoldaşları ilə ünsiyyətdə olmaq deməkdir. Kənan Muradın onun yaxın sinif yoldaşı olduğunu deyir. Ən çox sevdiyi müəllimlərindən biri isə Tutu müəllimdir.
Gələcək arzularından danışanda Kənan öz şəxsi biznesinin olmasını istədiyini bildirir. Bunun üçün isə çox oxumalı və çalışmalı olduğunu deyir: “Oxumaq gözəldir, hər kəsə oxuyun demək istəyirəm”.
Kənanın bu sözlərinin arxasında böyük bir istək dayanır: oxumaq, öyrənmək, gələcək üçün arzular qurmaq və həyatın içində olmaq.
“Bu şagirdlərə bilikdən öncə xoş ünsiyyət, sevgi lazımdır”
Mərkəzin ingilis dili müəllimi Sərfinaz Quliyeva 25 illik pedaqoji təcrübəyə malikdir. O, mərkəz fəaliyyətə başladığı gündən burada çalışır. Müəllim ilə söhbətimiz zamanı distant təhsilin özünəməxsus cəhətlərindən, şagirdlərlə ünsiyyətdən, qarşıya çıxan çətinliklərdən və bu uşaqlardan öyrəndiyi həyat dərslərindən danışırıq.
Sərfinaz müəllim ilk onlayn dərsini, həmin gün yaşadığı həyəcanı və şagirdlərlə qurduğu ilk ünsiyyəti xatırlayaraq onların etimadını qazanmağın vacibliyini vurğulayır: “Bilirsiniz, bu şagirdlərə bilikdən öncə xoş ünsiyyət,sevgi lazımdır. İlk onlayn dərsim zamanı o qədər həyəcanlı idim ki... Çünki sağlamlıq imkanları məhdud olan şagirdlərlə işləmək, onlarla düzgün ünsiyyət qurmaq böyük diqqət, eyni zamanda xüsusi yanaşma tələb edir. Bu şagirdlərlə işləmək insana həm mənəvi rahatlıq verir, həm də müəyyən çətinliklər yaradır. Uşaqların özlərinin yaratdığı səmimi mühit, xoş ünsiyyət və dərslərə həvəslə qoşulmaları isə bütün çətinlikləri asanlaşdırır. Ən əsası, onlarla qarşılıqlı etimada əsaslanan münasibət qurmaq və etimadlarını qazanmaqdır”.
Həmsöhbətimiz qeyd edir ki, bu uşaqların sağlamlıq imkanları məhdud olsa da, onların insanlara verdiyi sevgi və stimul çox böyükdür:“Onlar biz müəllimlərə o qədər stimul verirlər ki... Həyata bağlanmaq, insanlara sevgi, səmimiyyət, paylaşmaq kimi hissləri aşılayırlar”.
Müəllim üçün şagirdlərinin minnətdarlığını eşitmək, əməyinin və göstərdiyi dəstəyin qiymətləndirildiyini görmək isə xüsusi mənəvi dəyər daşıyır: “Hətta elə şagirdlərim var ki, həmişə “Müəllim, vaxt ayırıb bizə dəstək olduğunuz üçün çox sağ olun”, – deyirlər. Məncə, bundan gözəl hədiyyə, daha dəyərli mükafat yoxdur”.
Valideynlərlə əməkdaşlıq
Mərkəzdə tədris prosesi yalnız müəllim və şagird münasibətləri ilə məhdudlaşmır. Valideynlər də bu prosesin mühüm iştirakçılarından biri kimi çıxış edirlər. Belə ki, uşaqların dərsləri daha yaxşı mənimsəməsində, öyrəndiklərini möhkəmləndirməsində və müəllimin verdiyi tapşırıqları vaxtında yerinə yetirməsində valideyn dəstəyi xüsusi əhəmiyyət daşıyır.
Sərfinaz müəllim öz pedaqoji təcrübəsindən danışarkən distant təhsil zamanı valideynlərin işini asanlaşdırmaq və onların prosesdə iştirakını daha səmərəli təşkil etmək üçün istifadə etdiyi üsulları da bölüşür:“Şəxsən mən dərs keçərkən valideynlər üçün daha rahat olsun deyə, səsimi yazıb onlara göndərirəm. Şagirdlər səs yazılarını dinləyərək sözlərin düzgün tələffüzünü öyrənir, qaydaları mənimsəyir və təkrar edirlər. Beləliklə, biz müəllim, valideyn və şagird olaraq birgə əməkdaşlıq edirik”.
Göründüyü kimi, distant təhsilin uğurlu təşkili müəllimin bilik və təcrübəsi, valideynin dəstəyi və şagirdin öyrənməyə olan həvəsinin vəhdətindən asılıdır. Bu üçtərəfli əməkdaşlıq tədris prosesinin fasiləsizliyini təmin etməklə yanaşı, şagirdlərin bilik və bacarıqlarının möhkəmlənməsinə, öyrənmə motivasiyasının artmasına və təlim nəticələrinin yaxşılaşmasına da mühüm töhfə verir.
Unudulan sözləri xatırlatmaq üçün fərqli üsullar
Müəllimin sözlərinə görə, şagirdlərlə iş prosesində qarşılaşdıqları əsas çətinliklərdən biri öyrənilən məlumatların yaddaşda uzun müddət qorunub saxlanılmamasıdır. Belə ki, şagirdlər mövzunu dərs zamanı mənimsəsələr də, növbəti dərsdə həmin bilikləri xatırlamaqda çətinlik çəkə bilirlər. Bu zaman müəllim mövzunu yenidən izah edir, müxtəlif nümunələrə müraciət etməklə şagirdlərin yaddaşını möhkəmləndirməyə və öyrəndiklərini daha yaxşı mənimsəmələrinə çalışır.
Təcrübəli pedaqoq dərslərin daha maraqlı, interaktiv və anlaşıqlı təşkili üçün müxtəlif tədris vasitələrindən istifadə etdiklərini də vurğulayır. Onun sözlərinə görə, dərsliklərdəki əyani materiallarla yanaşı, rəqəmsal resurslar da tədris prosesində mühüm rol oynayır: “Onların dərslikləri kifayət qədər şəkillidir. Bununla yanaşı, YouTube və Google platformalarından mövzulara uyğun mahnılar, dinləmə mətnləri və dialoqlar yükləyib onlara dinlədirik. Bəzən səslə, bəzən oyunlarla işləyirik. Bu şəkildə şagirdlərlə ünsiyyət qururuq. Bu üsullarla həm dərsi daha maraqlı edirik, həm də şagirdlərlə ünsiyyətimizi gücləndiririk”.
Sərfinaz Quliyeva uzunillik pedaqoji təcrübəsinə əsaslanaraq qeyd edir ki, şagirdlərin dərslərə münasibəti və müəllimlərlə qurduqları ünsiyyət olduqca səmimidir. Onun fikrincə, bu qarşılıqlı etimad və mehriban münasibət təlim prosesinin daha effektiv və məhsuldar təşkilinə mühüm töhfə verir.
“Onların üzündə təbəssüm görəndə elə bilirəm ki, dünyam işığa qərq olub”
Söhbətimiz irəlilədikcə müəllimin danışığında bir məqam xüsusi diqqət çəkir. O, şagirdlərinə yalnız bilik vermədiyini, onlardan özü də çox şey öyrəndiyini deyir. Bu uşaqlarla keçdiyi hər dərs onun üçün həm müəllimlik təcrübəsi, həm də həyatın dəyərini xatırladan bir görüşdür: “Şəxsən mən o uşaqlardan dözümlülük, səbir, ünsiyyət, xeyirxahlıq öyrənirəm. Hər dəfə dərsə qoşulanda, onların üzündə təbəssüm görəndə elə bilirəm ki, dünyam işığa qərq olub”.
Müəllim xüsusi olaraq vurğulayır ki, hər bir uşağın təhsil almaq və öyrənmək hüququ var. Hər bir uşaq fərqlidir. Onların qavrama sürəti, öyrənmə üsulu və əldə etdikləri nəticələr eyni olmaya bilər. Lakin bu fərqlilik heç kimin təhsil imkanlarını məhdudlaşdırmamalıdır. Əsl təhsilin mahiyyəti yalnız bilik qazandırmaqdan ibarət deyil, o, həm də insanın potensialını üzə çıxarmağa, özünəinamını gücləndirməyə, həyata bağlılığını artırmağa və mənəvi inkişafına töhfə verməyə xidmət edir.
Distant Təhsil Mərkəzində hər gün keçirilən dərslər də məhz bu həyat eşqinin, öyrənmək istəyinin və insan münasibətlərindəki səmimiyyətin bir nümunəsidir. Burada müəllimlər uşaqlara bilik verməklə yanaşı, onların təhsil yolunda irəliləmələri üçün səbr və sevgi ilə çalışırlar. Şagirdlər isə öz növbəsində müəllimlərinə öyrənmək həvəsləri, səmimiyyətləri və həyat sevincləri ilə cavab verirlər.




