İstedadların kəşf olunduğu, gələcəyin qurulduğu lisey - REPORTAJ
Uğurlu məktəb anlayışı müasir dövrdə yalnız yüksək imtahan nəticələri və akademik nailiyyətlərlə məhdudlaşmır. Əsl uğur şagirdlərin hərtərəfli şəxsiyyət kimi formalaşmasında, onların bilik və bacarıqlarının inkişafında, sağlam mənəvi-psixoloji mühitin yaradılmasında və gələcəyə inamla addımlayan gənclərin yetişdirilməsində təzahür edir. Bu uğurun arxasında isə daim öyrənən, yeniliklərə açıq olan, peşəkarlığı və fədakarlığı ilə seçilən müəllimlər, eləcə də təhsili inkişafın əsas prioriteti hesab edən bir məktəb kollektivi dayanır. Bu təhsil ocağı eyni zamanda yalnız bilik öyrədilən məkan deyil, həm də arzuların formalaşdığı, istedadların üzə çıxdığı, gələcəyin qurulduğu bir inkişaf mühitidir. Burada hər bir dərs yeni bir kəşfə, hər bir müəllim şagirdin həyatında iz qoyan bir yol göstəricisinə, hər bir uğur isə böyük hədəflərə doğru atılan növbəti addıma çevrilir.
Belə təhsil mühitinin yaradılması istiqamətində fəaliyyəti, peşəkar pedaqoji heyəti və təhsilə müasir yanaşması ilə seçilən Sumqayıt şəhəri 23 nömrəli Texniki fənlər təmayüllü lisey də nümunəvi ümumtəhsil müəssisələrindən biridir.
“Azərbaycan müəllimi” oxucularına adıçəkilən liseyin təhsil mühitindən, müəllimlərin peşəkar fəaliyyətindən, şagirdlərin nailiyyətlərindən söz açan reportajı təqdim edir.
“Ali məktəbə qəbul olmaqdan öncə şagird məktəbdə özünü inkişaf etdirməyi öyrənməlidir”
Səhər tezdən məktəbin qapısından içəri addımlayanda bizi adi təhsil müəssisəsi yox, enerjili bir elm ocağı qarşılayır. Dəhlizlərdə divarları bəzəyən rəsm əsərləri, olimpiada medalları və şagirdlərin layihələri bu məktəbin niyə "uğurlu" adlandırıldığının ilk vizual sübutudur. Bura sadəcə dərslərin keçirildiyi yer deyil, gələcəyin qurulduğu bir məkandır.
Liseyin direktoru Reyhan Yunisova bizi qarşılayaraq təhsil müəssisəsi barədə ətraflı məlumat verir, dəhlizdə yer alan stend və fotoşəkilləri təqdim edir. Lisey rəhbəri qeyd edir ki, bu ildən Sumqayıt şəhər 23 nömrəli tam orta ümumtəhsil məktəbi 23 nömrəli Texniki fənlər təmayüllü liseyinə çevrilib. Təhsil ocağı 1973-cü ildə tikilib, 2021-ci ildə isə cari təmir edilib. Hazırda liseydə 1957 şagird təhsil alır. Ümumi 159 işçidən 127-si pedaqoji heyətdir. R.Yunisova 2017-ci ildən bu ümumtəhsil müəssisəsinə rəhbərlik etdiyini diqqətə çatdırır: “Direktor olaraq fəaliyyətə başladığım tədris ilindən qarşıma hədəflər qoymuşdum. Məktəb şagirdləri iki qrupa ayırmışdım: akademik göstəriciləri yüksək olanlar və fərqli bacarıqlara malik olan şagirdlər. Məktəbdə müxtəlif müsabiqələr təşkil edərək şagirdlər arasında seçim etdik. “İstedadlı şagirdlərlə iş” mövzusunda qrant layihə yazdım və layihəm uğur qazandı. “Bacarıqlı əllər” müsabiqəsi təşkil edərək məktəbdə qabiliyyəti olan şagirdləri seçdik və sonradan “Sabahın alimləri” müsabiqəsində, qrant layihələrində onların bilik və bacarıqlarından istifadə etdik. Akademik göstəriciləri yüksək olan şagirdlərə isə məntiqi təfəkkürü inkişaf etdirən tapşırıqlar verdik və onlar illər keçdikcə Lütfi Zadə adına Riyaziyyat-Məntiq Olimpiadasında , respublika fənn müsabiqələri və digər bilik yarışlarında uğurlar qazandılar, xaricdə beynəlxalq səviyyədə ölkəmizi təmsil etdilər, medallarla qayıtdılar. Açığı, bu yola çıxdığımız ilk illərdə həm valideynlər, həm müəllimlər tərəfindən inamsızlıqla üzləşirdim. Bu gün qürurla deyə bilərəm ki, görülən işlərin nəticəsi olaraq məktəbimiz son 6 ildə respublika fənn olimpiadalarının, fənn müsabiqələrinin nəticələrinə görə ilk 10-luqdan düşmür. Eyni zamanda “Sabahın alimləri” müsabiqəsində hər il medal qazanırıq”.
Liseyin 2025-2026-cı tədris ilində nail olduğu nəticələr barədə danışan direktor bildirir ki, RFO-da şagirdlər 11 medal əldə edib. Onlardan 1-i qızıl, 5-i gümüş, 5-i bürünc medal olub. Belə ki, informatika fənni üzrə 1 qızıl, 2 gümüş, Azərbaycan dili və ədəbiyyatı üzrə 2 gümüş, 1 bürünc, fizika üzrə 1 gümüş, kimya üzrə 1 gümüş, 1 bürünc, tarix fənni üzrə 1 bürünc, coğrafiya üzrə 1 bürünc medal qazanılıb. “Məzunlarımızın 5 nəfəri blok imtahanına girmədən RFO-da qazandıqları medal ilə dövlət universitetlərində təhsil almaq hüququ qazanıblar. Ötən illərdə 2 şagirdimiz də informatika fənnindən RFO-da medal qazanaraq ali məktəblərə qəbul olunub. Liseyin builki məzunu Tuncay Əmiraslanlı Mançester Universitetinin Aerokosmik mühəndislik fakültəsinə qəbul olub. Məzunumuzun əldə etdiyi nailiyyət onun uzunmüddətli uğurlu təhsil göstəricilərinin nəticəsidir. O, müxtəlif illərdə respublika fənn müsabiqələrində və olimpiadalarında fizika və astronomiya fənləri üzrə yüksək nəticələr göstərərək qızıl, gümüş və bürünc medallara layiq görülüb. Tuncay, eyni zamanda, buraxılış imtahanlarında yüksək nəticələr əldə edərək IX sinif üzrə maksimum 300, XI sinif üzrə isə 275,6 bal toplayıb. Onu da əlavə edim ki, 2025-2026-cı tədris ilinin yekununda XI siniflər üzrə 11 nəfər məzunumuz qızıl və gümüş nişanlara layiq görülüb”.
Reyhan Yunisovanın sözlərinə görə, 2025-2026-cı tədris ili üzrə liseyin şagirdləri RFM-də 5 qızıl, 1 gümüş, 1 bürünc medal qazanıblar: “Şagirdlərimiz kimya fənni üzrə 3 qızıl, 1 gümüş, təbiət fənni üzrə 2 qızıl, informatika üzrə 1 bürünc medal qazanıblar. Kenquru beynəlxalq riyaziyyat müsabiqəsində biri VI , digəri IV sinif olmaqla 2 şagirdimiz uğur qazanaraq medala layiq görülüb. III sinif şagirdimiz Miray Səmədova “BilBacar” müsabiqəsində III yerə çıxıb. Hazırda Azərbaycan dili fənni üzrə RFO-da gümüş medalçımız Nuray Zeynallı XI kimya üzrə bürünc medalçımız Məhəmməd Nəcəfli X, Azərbaycan dili üzrə bürünc medalçımız Səbrin Qafarlı IX sinifdə oxuyurlar və bu il də onlara böyük ümidlər bəsləyirik. Uğurlu məktəb dedikdə mənim üçün əsas məsələ nizam intizam və şagirdlərin məktəbi özünə doğma məkan bilməsi, eyni zamanda onların gələcək həyatlarını qurmaq üçün lazımi bacarıqlara yiyələnməsidir. Bunun üçün ali məktəbə qəbul olmaqdan öncə şagird məktəbdə özünü inkişaf etdirməyi öyrənməlidir”.
“Əsl uğur hər bir uşağın daxilindəki potensialı tapıb üzə çıxarmaqdır”
Dəhlizdəki stenddə şəklini gördüyümüz təcrübəli fizika müəllimi Alina Abbasovaya yaxınlaşırıq. Sinif otağına doğru addımlayaraq özü haqqında məlumat verən müəllim qeyd edir ki, fəaliyyəti dövründə Elm və Təhsil Nazirliyinin Fəxri Fərmanı, “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi" döş nişanı ilə təltif edilib. Şagirdləri 2022-ci ildə "Sabahın alimləri" müsabiqəsində bürünc, RFM-də 2 qızıl, 1 bürünc medal, 2023-cü ildə RFO-da fizika fənni üzrə qızıl, 2024-cü ildə astronomiya və fizika fənləri üzrə qızıl, 2025-ci ildə fizika üzrə bürünc, astronomiya üzrə qızıl, 2026-cı ildə isə fizika üzrə gümüş, astronomiya üzrə isə qızıl medal qazanıblar.
Zəng çalınır. Alina müəllimlə birgə sinif otağına daxil oluruq. Dərs başlayır. Diqqət yetiririk ki, burada ənənəvi, sıxıcı mühazirə yoxdur. Şagirdlər qruplara bölünərək praktiki tapşırıqlar həll edirlər.
“Biz artıq şagirdləri sadəcə informasiya ilə yükləmirik. Onlara informasiyanı necə tapmağı və analiz etməyi öyrədirik. Bizim üçün uğur sadəcə şagirdin imtahandan yüksək bal toplaması deyil. Əsl uğur hər bir uşağın daxilindəki potensialı tapıb üzə çıxarmaqdır. Texnologiyanı təhsilə inteqrasiya edirik, lakin insani dəyərləri və yaradıcılığı həmişə ön planda tuturuq”, - deyə Alina müəllim vurğulayır.
“İşimə olan sevgim və şagirdlərimin nailiyyətləri ən böyük motivasiyamdır”
Söhbətimizi liseyin digər müəllimləri ilə davam etdiririk. Dilbər Pirəliyeva liseydə 35 ildir ingilis dili müəllimi olaraq çalışır. Bu il oktyabrın 5-də ingilis dili fənni üzrə buraxılış siniflərinin uğurlu nəticələrinə görə Elm və Təhsil Nazirliyinin Fəxri Fərmanı ilə təltif edilib. Qeyd edir ki, illərin təcrübəsi ona dilin qaydalarını əzbərləməklə öyrənilməməsini sübut edib: “Ən yaxşı yol dil mühiti yaratmaq və öyrəndiyin dildə danışmaqdır. Şagird səhv etməkdən qorxmadan danışmalı, ingilis dilində filmlərə baxmalı və maraq dairəsinə uyğun mətnlər oxumalıdır. Sevindirici haldır ki, şagirdlərimiz diqqətlərini təhsilə yönəldib, ingilis dilinə maraqları böyükdür. Uşaqlarla işləmək insanı qocalmağa qoymur. Hər yeni dərs ili mənim üçün yeni bir başlanğıcdır. Mənə görə, müəllim özü də ömürlük tələbə olmalıdır. Mən hələ də yeni tədris metodları öyrənirəm, texnologiyadan geri qalmamağa çalışıram. İşimə olan sevgim və şagirdlərimin nailiyyətləri mənim ən böyük motivasiyamdır”.
Liseyin coğrafiya müəllimi İlqar Sadıxov fəaliyyətinə 2016-cı ildə Lerik rayonunda başlayıb. Daha sonra 2021-ci ildə MİQ imtahanında iştirak edib və 57 bal toplayaraq liseydə fəaliyyətə başlayıb: “Artıq 6-cı ildir ki, burada çalışıram və bundan çox məmnunam. Liseydə hər kəsin bir-birinə hörmətlə yanaşdığı işgüzar, eyni zamanda doğma bir mühit var. Müəllimlik fəaliyyətim dövründə müəyyən uğurlar əldə etməyə müvəffəq olmuşam. Keçən il Elm və Təhsil Nazirliyinin Fəxri Fərmanına layiq görülmüşəm. Həmçinin bundan öncəki illərdə şagirdlərim respublika fənn olimpiadalarında 1 qızıl, 1 gümüş və 2 bürünc olmaqla 4 medal qazanıblar. Hesab edirəm ki, biz təhsilverənlər əldə etdiyimiz uğurlarla kifayətlənməyib daim yenilik axtarışında olmalı, özümüzü inkişaf etdirməliyik. Beləliklə, şagirdlərimizə də daha çox bilik ötürmüş olarıq”.
Sevinc Əhmədova ibtidai sinif müəllimidir və pedaqoji fəaliyyətə 2009-cu ildən başlayıb. 2026-cı ildən bu liseydə fəaliyyət göstərir. Sevinc müəllimin sözlərinə görə, ibtidai sinif müəllimi uşağın məktəbə və cəmiyyətə adaptasiyasını təmin edən əsas bələdçidir: “Şagirdlərimin yaş xüsusiyyətlərini nəzərə alaraq, oyun əsaslı öyrənməyə üstünlük verirəm. Hər bir uşağın qavrama sürəti və öyrənmə tərzi fərqlidir. Rollu oyunlardan, qrup işlərindən, dərsi daha rəngarəng etmək üçün müxtəlif vasitələrdən istifadə edirəm. Onu da qeyd edim ki, bizim liseydə müəllim, şagird və valideynlər arasında səmimi əməkdaşlıq mövcuddur. İbtidai sinif müəllimi olduğum üçün mütəmadi olaraq valideynlərlə ünsiyyətdəyəm. Müəllimin tapşırığı, valideynin nəzarəti və məsuliyyəti nəticəsində uğurlu bir iş ortaya çıxır. İbtidai sinif uşağın hələ dünyagörüşünün, xarakterinin tam formalaşmadığı bir dövrdür. Bu məqamda əsas məsələ dərsi uşağın həyatı ilə əlaqələndirmək və onlarda öyrənmək həvəsi yaratmaq, dünyagörüşünün genişlənməsinə və özünəinamının yaranmasına təsir etməkdir”.
“Hər bir nəticə insanın gələcək hədəflərinə doğru atdığı addımlardan biridir”
Şagirdlərlə söhbət edərkən onların daxili dünyasını anlamağa, təhsil mühitinin təsirini və gələcəyə baxışlarını öyrənməyə çalışırıq.
Solmaz Hüseynzadə X sinif şagirdidir. Bildirir ki, buraxılış imtahanında 250 bal toplayıb: “Bu nəticənin mənim üçün əhəmiyyəti var. Düşünürəm ki, hər bir nəticə insanın gələcək hədəflərinə doğru atdığı addımlardan biridir. Ən çox maraq göstərdiyim fənlər biologiya, kimya və ingilis dilidir. Hədəfim xarici ölkələrin nüfuzlu ali məktəblərinin birində “Biotexnologiya” ixtisası üzrə təhsil almaqdır. Bu sahəni seçməyimin əsas səbəbi gələcəkdə özümü inkişaf etdirərək elmi tədqiqatlarda iştirak etməkdir”.
Fəridə Babayeva IX sinifdə oxuyur və riyaziyyat, kimya, biologiya fənlərini çox sevir. “Bu il də olimpiadada iştirak etməyə hazırlaşıram. Ümid edirəm ki, uğur qazanacağam. Buraxılış imtahanlarında yüksək bal toplamaq, “Psixoloq” ixtisasına yiyələnmək ən böyük arzularımdandır”.
Esad Məmmədli VIII sinif şagirdidir. Ən çox üstünlük verdiyi fənlər fizika, riyaziyyat, kimya, biologiya, Azərbaycan dili və informatikadır: “Bu fənlər yeni biliklər qazanmağıma və dünyanı daha yaxşı anlamağıma kömək edir. Məqsədimə çatmaq üçün yaxşı oxumağa, biliklərimi artırmağa və məsuliyyətli olmağa çalışıram. İnanıram ki, səylə çalışaraq gələcəkdə peşəkar pilot ola bilərəm”.
Sinif əlaçısı Gülay Qasımzadə VII sinifdə oxuyur. O, mütaliyəni çox sevir, səlis nitqə malikdir: “Arzum neft-qaz və ya kimya mühəndisi olmaqdır. Bununla yanaşı, ətraf mühitin qorunması istiqmətində işlər görərək öz töhfəmi vermək istərdim”.
Nurlan Seyidməmmədov da VII sinifdə oxuyur. Qeyd edir ki, təbiət fənlərini çox sevir: “Arzum stomatoloq olmaqdır. Bu yolda uğur qazanmaq üçün ən vacib amil nizam-intizamlı çalışmaq, uzun bir təhsil yolu keçməkdir”.
Nuray Babayeva hər tədris ilini əla qiymətlərlə bitirən VII sinif şagirdidir. O, dəqiq fənlərə, yeni texnologiyalara maraq göstərir, xüsusilə riyaziyyatı, kimyanı, ingilis dilini çox sevir. Ən böyük arzusu Harvard Universitetində “Süni intellekt mühəndisi” ixtisası üzrə təhsil almaqdır.
Uğur heç də əlçatmaz deyil...
Liseydən ayrılarkən bir daha əmin oluruq ki, uğur heç də əlçatmaz deyil. Düzgün idarəetmə, peşəkar və fədakar müəllim heyəti, sağlam təhsil mühiti və şagirdlərin maraq və potensialını üzə çıxarmağa yönəlmiş yanaşma bir araya gəldikdə, yüksək nəticələr əldə etmək tamamilə mümkündür.




