Kəlbəcərə qayıdan uşaqlıq, məktəbdə yazılan gələcək
Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 25 noyabr Kəlbəcər Şəhəri Günü günü kimi qeyd olunur.
Azad olunmuş digər bölgələr kimi burada da tikinti bərpa işləri sürətlə davam edir. Ölkənin müxtəlif şəhər və rayonlarında yerləşən məcburi köçkünlər mərhələli şəkildə azad yurda köçürülür. Azad Kəlbəcərə sakinlər yeni ümidlər, arzularla dönür, firəvan həyat qururlar. Quruculuğun vacib hissələrindən biri də təhsil sahəsində atılan addımlardır. Vaxtilə burada yarımçıq qalan dərslər, şagird arzuları yenidən gerçəkləşir. Elə Bəhmən Cəfərov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbində olduğu kimi.
“Azərbaycan müəllimi” olaraq azadlığına qovuşan Kəlbəcərdə fəaliyyətə başlayan adıçəkilən ilk təhsil müəssisəsində olduq.
Məktəb ötən ilin 15 sentyabrında modul tipli binada fəaliyyətə başlayıb, 2025-2026-cı tədris ilində məktəbin tək və ilk məzunu tələbə adını qazanıb.
Məktəbin ibtidai sinif müəllimi Yasəmən Məmmədova Kəlbəcərə gələndə özünü müəllim kimi yox şagirdi kimi hiss elədiyini bildirir. Azad Kəlbəcərdən müsahibə verməyin ayrı hiss olduğunu deyir: "Kəlbəcərə qayıtdıqdan sonra elə bilirəm ki, həyat gülür mənim üçün. Məktəbə ilk daxil olanda xatirələr məni özümün şagird olduğum illərə apardı. Həmin günləri yaşamaq, dəhlizdə yerimək, ilk dəfə sinfə girmək, uşaqların gözündəki sevinci görmək əlbəttə ki, duyğuların ən gözəlidir".
Yasəmən müəllim uşaqların ilk dəfə Kəlbəcəri görməsinə baxmayaraq çox məlumatlı olduqlarını,illərdir burda yaşayırmış kimi özlərini doğma hiss etdiklərini deyir: “"Məcburi köçkün" adı insanların həyatında çətin izlər qoyub. Uzun illər torpaq həsrəti ilə yanan qəlblər indi bərpa-quruculuq işlərinin bir parçası olmaq üçün çırpınır, canlı şahidi olur. Hər axşam bir cüt göz gözümə zillənirdi. Anam “Nə var, nə oldu? Nəsə yoxdur? Telefonda bir xəbərlərə bax”, - deyirdi. Hər axşam bütün xəbərlərə göz atır, cəmi bir cümlə axtarırdım. Nəhayət o gün gəldi. Közü sönmüş ocaqlardan qığılcım alovlandı.Kəlbəcərimizə qovuşduq.
Bilirsiniz, uşaqlıq illərim burada keçib, indi isə yenidənqurmaya şahidlik edirəm”.
Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Kəmalə Hacıyeva burada təhsil alan hər bir uşağın sabaha yazılan ümid, qurulan gələcəyin bir parçası olduğunu qeyd edir: "Məktəb divarları arasında səslənən uşaq gülüşləri Kəlbəcərin yenidən dirçəlişinin ən gözəl rəmzidir. Bu gün Kəlbəcərdə məktəb zəngi yalnız dərsin başlanmasını deyil, 32 illik həsrətdən sonra doğma yurdda təhsilin yenidən canlanmasını ifadə edir. Sinif otaqlarında əyləşən uşaqlar Kəlbəcərin mədəniyyətini, tarixini və quruculuğunu yaşadacaq nəsildir. Ən böyük arzumuz doğma torpağımızda yetişən savadlı, vətənpərvər və müasir düşüncəli gənclər görməkdir".
Kəmalə müəllim bir vaxtlar şagird kimi təhsil aldığı, uşaqlıq xatirələrini yaşadığı məktəbdə bu gün müəllim kimi fəaliyyət göstərir. Vaxtilə müəllimlərinin qarşısında əyləşərək bilik qazandığı siniflərdə indi özü şagirdlərə dərs deyir. Bunun sadəcə peşə deyil, həyatın ona bəxş etdiyi ən böyük mənəvi qayıdışlardan biri olduğunu vurğulayır: "İllər əvvəl bu məktəbdə gələcəyim haqqında xəyallar qururdum. Bu gün isə həmin məktəbdə başqa uşaqların arzularına yol açmağa, onların bilikli, savadlı, vətənpərvər şəxsiyyətlər kimi yetişməsinə çalışıram. Bir zamanlar bu məktəbin şagirdi olmuş insanın illər sonra buraya müəllim kimi qayıtması sözlə ifadə olunması çətin olan bir hissdir.İnanıram ki, Kəlbəcərin gələcəyi bu məktəbdə yetişən uşaqların əlindədir. Biz müəllimlərin vəzifəsi onlara yalnız bilik vermək deyil, həm də doğma torpağın tarixini, mənəvi dəyərlərini, Vətən sevgisini aşılamaqdır. Bu gün Kəlbəcər yenidən qurulur, inkişaf edir, gözəlləşir. Burada yeni evlərdə ailələrin ocağı yanır, məktəbdə uşaqların səsi eşidilir, gələcəyin təməli qoyulur”.
Bir zamanlar ailələrinin məcbur çıxarıldığı torpaqda indi şagird kimi təhsil alan, gələcəyini quranlar var. O şagirdlərdən biri də VIII sinif şagirdi Sara Nəcəfzadədir.

Sara Kəlbəcərdə yenidənqurulan həyatın bir parçası olduqlarını söyləyir: "Atamgilin bir zamanlar ayrılmağa məcbur olduğu bu torpaqda bu gün təhsil alıram. Onların qovuşmaq istədiyi doğma yurdda mənim uşaqlığımın və təhsilimin yeni səhifəsi başlayır. Bu həm böyük xoşbəxtlik, həm də məsuliyyətdir.Məncə insanın yaşının az olması onun böyük işlərin bir parçası olmasına mane deyil”.
Sara ailəsinin Kəlbəcər haqqında çox danışdığını deyir. Bir zamanlar Kəlbəcəri xatirələrindən təsvir etdiyini, indi isə həmin gözəllikləri öz gözləri ilə görmək, həmin torpaqda yaşamaq və təhsil almaq imkanı qazanmağın sevincini dilə gətirir: "Bu gün ailəmin danışdığı xatirələrin bir hissəsini öz həyatımda yaşayıram. Mənə doğma torpağın gözəlliklərindən, dağlarından, bulaqlarından, təbiətindən danışılanda həmişə hiss edirdim ki, onların qəlbində Kəlbəcərin yeri hər zaman tamamilə başqadır. "İstəyərdim ki, Kəlbəcər məktəbləri gələcəkdə yüksək təhsil səviyyəsi və müasir imkanları, uğurlu şagirdləri ilə tanınsın. Burada yetişən uşaqlar ölkəmizin müxtəlif sahələrində uğur qazansınlar və öz torpaqlarının inkişafına xidmət etsinlər".
Özü müharibə dövrünün, eləcə də məcburi köçkünlüyün gətirdiyi çətinlikləri, həsrətini yaşasa da övladlarının Kəlbəcərdə təhsil almasına sevinən valideynlərdən biri də Fariz Nəcəfovdur. 2025-ci ilin sentyabr ayında arzuları gerçəkləşən ailəyə Kəlbəcərdə övladlarının təhsil alması, burada yaşamaq nəsib olub.
F.Nəcəfov Kəlbəcərin gündən-günə gözəlləşdiyini deyir. O, övladı Saranın dərslərinə daha çox həvəslə və məsuliyyətlə yanaşdığını, Kəlbəcərin gələcəyinə təhsili ilə töhfə vermək istədiyini qeyd edir: "Kəlbəcərin yenidən qurulmasının ən gözəl tərəflərindən biri də burada uşaqların gələcəyinə şərait yaradılmasıdır. Uşaqlığımın keçdiyi yurdda övladımın təhsil alması, onlarla birgə itirdiyimiz illəri bərpa etmək fərqli duyğular hiss etdirir. Biz valideynlərin gəncliyinin qayıdışı övladlarımızın simasında olur deyə bilərəm”.

Kəlbəcərdə yaşamağı sadəcə coğrafi bir yerdə məskunlaşmaq deyil, tariximizin, milli kimliyimizin və mənəvi dəyərlərimizin bir parçası olmaq kimi görən Murad Şahmuradlı IX sinifdə oxuyur. O, Kəlbəcərdə təhsilə cəlb olunmağın verdiyi sevinci belə ifadə edir: "Kəlbəcərdə təhsil almaq sözlə ifadə edilməsi çətin olan bir duyğudur. Gələcəkdə hüquqşünas olmaq istəyirəm. Zənnimcə Kəlbəcərin inkişafı yalnız qurulan yollarda, infrastrukturda deyil, qanunun və hüququn aliliyindədir. Mən də ölkəmizin hüquqi inkişafına öz töhfəmi vermək istəyirəm. Düşünürəm ki, insan ən böyük uğurlarından biri də qazandığı bilikləri öz xalqı və dövləti naminə istifadə etməsidir".
Bir vaxtlar Kəlbəcərli xatirələri dinləyən uşaqlar indi o xatirələri canlı yaşayır, bu torpaqlarda öz gələcəklərini yazırlar.
Gələcəyinin yazıldığı 6-cı ilin mübarək, Kəlbəcər!




