Buranı gəlib görmək lazımdır - Türkiyəli gənclərin Naxçıvanda tələbəlik  həyatı

20 Oktyabr, 2026 - 09:27
Buranı gəlib görmək lazımdır

Naxçıvan deyəndə ağlımıza sakit küçələr, tarixi memarlıq abidələr, mehriban insanlar və qaynar tələbə həyatı gəlir. Elə Türkiyədən gələrək burada memarlıq təhsili alan Eylül və Sibel üçün bu şəhər yalnız universitet həyatı deyil, həm də özlərini tanıdıqları, gələcəklərini müəyyənləşdirdikləri bir məkandır.

Böyük şəhərlərin izdihamından uzaq, sakit həyat tərzi, zəngin tarixi mədəni irsi və insanlarının mehriban münasibəti ilə seçilən Naxçıvan xaricdən gələn tələbələr üçün fərqli təcrübə vəd edir. Xüsusilə Naxçıvan Dövlət Universitetində “Memarlıq” ixtisası üzrə təhsil alan gənclər üçün şəhər yalnız dərs keçilən məkan deyil, həm də tarixi tikililəri, şəhərsalma xüsusiyyətləri və memarlıq ənənələri ilə öyrənmə imkanları yaradan bir mühitdir.

“Azərbaycan müəllimi” bu mühitin bir parçası olan Türkiyənin Mardin və İstanbul şəhərlərindən Naxçıvana gələrək, Naxçıvan Dövlət Universitetinin “Memarlıq” ixtisası üzrə üçüncü kursda təhsil alan Eylül Alu və Sibel Isırqan ilə söhbətləşib. 

Naxçıvanın memarlıq irsi onun diqqətini çəkən əsas xüsusiyyətlərdəndir 

Türkiyənin Mardin şəhərindən olan Eylül Alu artıq dörd ildir Naxçıvanda yaşayır və “Memarlıq” ixtisası üzrə təhsil alır. Onun sözlərinə görə, Naxçıvanı seçməsində bir neçə amil rol oynayıb. Bunlardan biri Türkiyəyə yaxınlıq və nəqliyyat baxımından gediş-gəlişin rahat olmasıdır. Digər mühüm səbəb isə şəhərin tələbə həyatı üçün yaratdığı şəraitdir.

Eylül bildirir ki, Naxçıvan haqqında əvvəlcədən araşdırma aparıb, universitet barədə məlumat toplayıb. Burada təhsil alan dostlarının tövsiyələri də onun qərarına təsir göstərib.

Şəhərdə yaşadığı müddət ərzində Naxçıvana münasibəti daha da müsbət istiqamətdə formalaşıb. O, Naxçıvanı sakitliyi və insana verdiyi rahatlıqla fərqləndirir: “Açığı, Naxçıvan mənim özümü daha rahat hiss etdiyim şəhərlərdən biridir. Sakit həyat tərzi insana özünə vaxt ayırmaq, rahat düşünmək və dərslərinə diqqət yetirmək imkanı verir”.

Eylülün fikrincə, böyük şəhərlərlə müqayisədə Naxçıvanda həyatın daha sakit keçməsi tələbələrə təhsillərinə və şəxsi inkişaflarına çox vaxt ayırmağa imkan yaradır. 

Türkiyəli gənc üçün şəhərin tarixi abidələri xüsusi maraq doğurur. Naxçıvanın memarlıq irsi onun diqqətini çəkən əsas xüsusiyyətlərdəndir: “Bir memarlıq tələbəsi kimi baxanda, tarixi abidələrin ətraf mühitlə uyğunluğu məni çox təsirləndirir. Həmin abidənin öz ruhunu daşıması və şəhərin ümumi görünüşü ilə uyğunlaşması vacibdir. Bu tarazlığı hər yerdə yaratmaq asan deyil”.
Eylülün sözlərinə görə, Naxçıvanın tarixi abidələri ilə tanışlıq ona nəzəri biliklərini real nümunələr üzərində müşahidə etmək imkanı verib. Universitetdə keçirilən dərslərlə yanaşı, şəxsi maraqları əsasında etdiyi səfərlər də onun memarlıq dünyagörüşünü zənginləşdirib.

O, Naxçıvanın tarixi mədəni irsinə sahib çıxmasını şəhərin üstünlüklərindən biri hesab edir və burada təhsil almaqdan məmnun olduğunu bildirir.

Eylül gələcək peşə həyatı ilə bağlı planlarının olduğunu, xüsusilə Türkiyəyə qayıtdıqdan sonra memarlıq və tikinti sahəsində çalışmaq istədiyini deyir. Onun Mardinlə bağlı planlarında ailəsinin bu sahədəki fəaliyyəti də mühüm yer tutur.
Mardin də tarixi memarlıq nümunələri ilə seçilən şəhər olduğundan, Eylül burada qazandığı bilik və təcrübələri doğma şəhərində tətbiq etmək istəyir. O, gələcəkdə ailəsinin tikinti sahəsindəki fəaliyyəti ilə əlaqəli işlərdə iştirak etməyi düşünür.
 
“Müəllimlərimiz bizə çox dəstək olurlar”

İstanbuldan Naxçıvana gələn Sibel də “Memarlıq” ixtisası üzrə üçüncü kurs tələbəsidir. O, əvvəllər İstanbulda universitetdə təhsil alsa da, sonradan təhsilini yarımçıq qoyaraq, bacısı ilə birlikdə  Naxçıvana gəlib. Bu qərarında şəhərin sakitliyi və dostunun tövsiyəsi mühüm rol oynayıb.

Sibel İstanbulun böyük və hərəkətli şəhər olduğunu deyir. Onun fikrincə, şəhərin sıxlığı və gündəlik həyatın gərginliyi insanın psixoloji rahatlığına da təsir göstərir. Naxçıvana gəlişi isə onun üçün yeni başlanğıc olub: “İstanbulun sıx və hərəkətli həyatına alışmışdım. Lakin Naxçıvana gəldikdən sonra sakitliyin və daxili rahatlığın insan həyatında nə qədər önəmli olduğunu daha dərindən anladım. Burada özümü daha rahat, hüzurlu hiss edir, sanki özümlə baş-başa qalmaq və daxili dünyamı yaxşı tanımaq imkanı qazanıram”.

Sibel bildirir ki, Naxçıvanın mehriban insanları, zəngin mədəni mühiti və özünəməxsus gündəlik həyat tərzi onun şəhərə qısa müddətdə uyğunlaşmasına böyük kömək edib. Yerli sakinlərin səmimi münasibəti, qonaqpərvərliyi və ünsiyyətə açıq olması Sibelin burada özünü yad hiss etməməsinə, əksinə, doğma bir mühitdə, sanki öz evindəymiş kimi rahatlıq tapmasına şərait yaradıb.

Memarlıq tələbəsi kimi Sibel şəhərə yalnız sakin və ya tələbə gözü ilə deyil, həm də gələcək mütəxəssis kimi baxır. Onun fikrincə, küçələrin yaşıllaşdırılması, kölgəliklərin yaradılması və piyadalar üçün daha əlverişli mühitin formalaşdırılması şəhərin yaşayış keyfiyyətini yüksəldə bilər.

Sibel üçün Naxçıvanın memarlıq irsi təhsil prosesinin mühüm hissəsidir. Universitetdə qazandığı nəzəri bilikləri şəhərin tarixi abidələrini müşahidə etməklə möhkəmləndirdiyini deyir: “Diqqətimi xüsusilə tarixi tikililərin şəhərin ümumi görünüşü ilə əlaqəsi çəkir. Hesab edirəm ki, memarlıq nümunələri aid olduqları ərazinin mədəni kimliyini qoruyub saxlamalıdır. Naxçıvanda tarixi abidələrə və mədəni irsə göstərilən diqqət müsbətdir. Bu mühit memarlıq tələbələri üçün əyani öyrənmə imkanları yaradır”.
Türkiyəli gənc bildirir ki, şərtlər imkan verərsə, təhsilini davam etdirməyi düşünür. Gələcək planlarından danışan Sibel Türkiyəyə qayıdaraq orada işləməyi nəzərdə tutduğunu, lakin Naxçıvanda qalaraq əmək fəaliyyətini burada davam etdirmək ehtimalını da istisna etmədiyini vurğulayır.

Naxçıvanda təhsil aldıqları müddətdə hər iki tələbə universitetdəki münasibətlərdən razı qaldıqlarını bildirir. Onların sözlərinə görə, müəllimlərin dəstəyi və tələbələr arasında qurulan ünsiyyət tədris prosesinə uyğunlaşmağı asanlaşdırır.

Sibel xüsusilə azərbaycanlı müəllimlərin tələbələrə münasibətini yüksək qiymətləndirir: “Müəllimlərimiz bizə çox dəstək olurlar. Anlamadığımız yerləri təkrar-təkrar izah etməyə çalışırlar. Həm müəllimlər, həm də tələbələr arasında sıx ünsiyyət var. Bu da aramızdakı səmimi münasibətləri daha da gücləndirir”.

Tələbələrin sözlərinə görə, qarşılıqlı dəstək yalnız dərslərlə məhdudlaşmır. Gündəlik həyatda da tələbələr bir-birinə kömək edir, müxtəlif məsələlərin həllində dəstək göstərirlər. Bu münasibətlər başqa ölkədən gələn gənclərin yeni mühitə uyğunlaşmasını asanlaşdıran amillərdəndir.

Naxçıvanda yaşadıqları müddətdə tələbələr şəhərin mərkəzi ilə yanaşı, müxtəlif bölgələrdə də olublar. Xüsusilə tarixi yerlərə maraq göstərən tələbələr üçün bu səfərlər həm asudə vaxtın səmərəli keçirilməsi, həm də şəhərin tarixi mədəni xüsusiyyətlərini yaxından tanımaq baxımından əhəmiyyətlidir.

Tələbələr Naxçıvanda yerli mətbəxə uyğunlaşmaqda ciddi çətinlik çəkmədiklərini deyirlər. Azərbaycan və Türkiyə mətbəxləri arasında oxşarlıqların çox olması onların bu mühitə alışmalarını asanlaşdırıb.

Tələbələr burada həm yeni biliklər qazana, həm də dünyagörüşlərini genişləndirə bilərlər

Tələbələr Naxçıvanda təhsil almaq istəyən gənclərə öz tövsiyələrini də verirlər. Onların fikrincə, başqa ölkədə təhsil almaq ilk baxışdan müəyyən çətinliklər yarada bilər. Lakin ortaq dil, mədəni yaxınlıq, insanların münasibəti və universitetdəki dəstək bu prosesi asanlaşdırır.

Eylül Azərbaycanı Türkiyə üçün yaxın və doğma ölkə kimi xarakterizə edir. O düşünür ki, Naxçıvanda tələbələr həm yeni biliklər qazana, həm də sakit mühitdə öz dünyagörüşlərini genişləndirə bilərlər: “Nə qədər başqa ölkəyə gəlsək də, burada özümüzü  evimizdəki kimi hiss edirik. Bura bizim qardaş ölkəmizdir. Ünsiyyət və bilik baxımından düşünürəm ki, tələbələr çox çətinlik çəkməzlər. Naxçıvanın sakitliyi və tarixi yerləri insanın dünyagörüşünü genişləndirir”.

Eylül Naxçıvanı yalnız təhsil almaq üçün deyil, həm də gəzmək və tanımaq üçün tövsiyə edir. Onun fikrincə, şəhərin tarixi-mədəni mühiti insanlara fərqli təcrübə qazandıra bilər.

Sibel isə Naxçıvanın gələcək inkişaf potensialına diqqət çəkir. O, şəhərin mədəni zənginliyini və investisiya imkanlarını vurğulayaraq yeni layihələrə ehtiyac olduğunu bildirir: “Naxçıvan həm mədəniyyət, həm də investisiya baxımından çox zəngin və potensialı olan bir şəhərdir. Düşünürəm ki, burada daha çox investisiya layihələri həyata keçirilməlidir”.

Naxçıvanda keçirdikləri illər Eylül və Sibel üçün yalnız universitet auditoriyalarında qazanılan biliklərdən ibarət deyil. Bu illər həm də başqa bir mədəniyyəti yaxından tanımaq, tarixi memarlığı öyrənmək, yeni dostluqlar qurmaq və gələcək həyat istiqamətlərini müəyyənləşdirmək imkanı yaradıb.