“Məhz burada öyrəndim ki, insan hədəfsiz inkişaf edə bilməz” – Sığınacaqdan REPORTAJ

19 Noyabr, 2026 - 17:04
“Məhz burada öyrəndim ki, insan hədəfsiz inkişaf edə bilməz”

Tay-tuşları 5-6, 7-8, hətta 9-10-cu siniflərə gedir, amma onların bəziləri hərfi yenicə öyrənməyə başlayıb, məhz oxumaq istəyi ilə həyatını dəyişməyə qərar verib, qəti addım atıb. Atası da, anası da ola-ola onların bir çox hüquqları tapdanıb. Təəssüf doğuran tərəfi də odur ki, onların sadəcə təhsil yox, sadə insani hüquqları - oynamaq, gülmək, sərbəst hərəkət etmək hüquqları əllərindən alınıb. Şiddət görüb, işgəncəyə məruz qalıb, ağır travmalarla sığınacağa sığınıblar. Hətta aralarında elə uşaqlar var ki, özləri yardım istəyib, kiminsə onların dərdinə çarə tatmağını gözləmədən “102”yə zəng edərək “Bizi sığınacağa yerləşdirin”, - deyə müraciət ediblər. Budur, onlar artıq burdadırlar, “Təmiz dünya” İctimai birliyinin “Mehriban” Qadın və Uşaq Sığınacağında.

Hər gün onlarla bağlı maraqlı paylaşımlar edən sığınacaq sədri Mehriban Zeynalovanın təhsil almaq üçün əlindən gələn hər şeyi edən məktəbyaşlı uşaqların özlərini necə xilas etdikləri, sığınacağın onlara dəstək paylaşımları bizi sığınacaqda yaşayan, inkişaf edən, qarşısındakı məqsədə doğru israrla irəliləyən uşaqlarla yaxından tanış olmaq arzusu oyandırdı və “Azərbaycan müəllimi” yolunu məhz buradan saldı.

Məhəlləyə yayılan uşaq səsləri bu evi nişan verir

Sığınacağa doğru addım-addım yaxınlaşırıq. Ünvan yaxınlaşdlqca səslər də aydınlaşır. Səsə doğru addımlarımızı sürətləndiririk. Xoşbəxt uşaq səsləri uzaqdan da bu evi işarə verir.

Qapını açıb içəri girəndə həyətdə maraq dolu baxışlarla qarşılaşırıq. Payız havasının yaz havasına bənzədiyi günlərdən biri olduğundan uşaqlar sərbəst vaxtlarını həyətdə keçirirlər. Top oynayır, qaçıb-tutur, gülüb-əylənirlər. Kim deyər ki, onlar ata zorakılığının, ana biganəliyinin, ya da qohum-əqrəba dedi-qodusunun qurbanalarıdırlar? 

Həyət qapısından girənin kimliyni bilməsələr də, necə qarşılayacaqlarını bilirlər. Heç kəs vəziyyətini pozmur, oyunlarına davam edirlər.  Hiss olunur ki, bu qapıdan yad adamın girişinə təəccüblənmirlər, zərif bir şəkildə yol göstərir, kimə yaxınlaşmalı olduğumzu deyir, bizi özlərinin mehriban həyat bələdçilərinə, ən böyük dəstəkçilərinə yönəldirlər. Bizim də ilk bələdçimiz Yaqut xanım olur, necə ki, uşaqların çoxu bura gələndə üzlərinə qapı açan məhz o olub.

Günün ilk mübahisəsi sülh yolu ilə həll edildi

Çox keçmir bir uşaq ağlaya-ağlaya yaxınlaşır…  Deyəsən, bir-birləri ilə sözləri çəpləşib axı. Nədir, yoxsa dostluq, mehribanlığın ömrü qısadır? İki balaca arasında çıxan “kriz” birinin o birini Yaqut xanıma şikayət etməsinə gətirib çıxarıb. Şikayəti araşdıran Yaqut xanım mübahisəni sülh yolu ilə həll edir. 7 yaşlı Duyğuya (adlar şərtidir – R.D.) bəzi reallıqlar, məsələn, yaşca böyük olması xatırladılır.  Onun “böyük”lüyünü dərk etməsi elə çox vaxt almır və özü nə etməli olduğunu bilir. Dönüb bapbalaca Rüfətdən ağlaya-ağlaya üzr istəyir. Rüfətin cavabı nə olacaq? O da maraqla dikdiyimiz gözlərimizi yolda qoymadan cavab verir: “BağısDadım”.

Günə başlarkən

“Mehriban” Qadın-Uşaq Sığınacağına bir şənbə günü reallaşdırdığımız ziyarət saatları Rüfətlə Duyğunun mübahisəsi ilə başlasa da, ara tez sakitləşdi və qısa müddətdə uşaqlar sakitliyi bərpa etdilər. Həftəsonu olduğundan hamı sığınacaqdadır. Onların boş, rahat vaxtı ancaq şənbə və bazar günləri olur.

Uşaqların Eka xanımı - sığınacağın direktoru Elnurə Zeynalova “Azərbaycan müəllimi”nə gündəlik proqramlarını açıqlayaraq deyir ki, şənbə günü sadəcə ingilis dili müəllimləri gəlir, həm aşağı, həm də yuxarı yaş qrupları ilə ayrı-ayrı məşğul olur. Amma bazar günlərini tamamilə uşaqların istirahətinə ayırıblar: “Uşaqları çox yükləmək istəmirəm, səhər bir az çox yatsınlar. Çünki onsuz da həftənin bütün günləri məşğuldurlar, dərslər həddindən çox olur. Bazar günü saat 11 üçün yoqa dərsləri salmışıq. İstədik ki, bu dərslərdə uşaqlar nəfəs texnikalarını öyrənsinlər, bir qədər rahatlaşsınlar, beyinlərini dincəltsinlər. Müsbət nəticəsini, effektivliyini görürük. Xüsusilə balaca uşaqlara çox yaxşı təsir edir. Çünki uşaqların əksəriyyəti hiperaktivdir. Yoqa zamanı isə hər şey sakit və tələsmədən həyata keçirilir. Görürəm ki, bəziləri çalışır və yaxşı da alınır. Bu məşğələlər həm də fikirlərini toplamağa kömək edir. Meditativ hərəkətlər, tələsmədən, yavaş-yavaş yerinə yetirilən tapşırıqlar, sakitləşdirici məşqlər onlar üçün çox faydalıdır”.

Həftə ərzində isə uşaqlar günə səhər saatlarından başlayırlar. Əvvəlcə səhər növbəsində dərs keçənləri göndərir, onlar məktəbdən qayıdana qədər günorta növbəsinə gedənlərlə məşğul olurlar: “Dərsləri çox olduğuna görə fəaliyyətimizin əsas hissəsini tədris proqramları təşkil edir. Uşaqların dərsləri o qədər çoxdur ki, əlavə fəaliyyətlər üçün vaxt ayırmaq da çətinləşir. Bununla belə, müxtəlif fəaliyyətlərimiz və əyləncəli məşğələlərimiz də var. Yeməkdən sonra bir qədər dincəlirlər. Çünki məktəbdən gəlib yenidən dərsə başlamaq onlar üçün asan deyil”.

Sığınacaqda əyləncə saatı: rəsm çəkir, rəqs edirlər

Elnurə xanımın sözlərinə görə, günün proqramına bəzi əyləncələr salınır: “Məsələn, rəsm çəkirlər, kino saatlarımız olur. Kinolara bəzən ayrı-ayrı baxırlar. Kiçik yaş qrupu daha çox cizgi filmlərinə, uşaq filmlərinə baxırlar. Böyük qrup yuxarı mərtəbədə axşam saatlarında arzuladıqları film və seriallara baxmağa icazə veririk. Ən çox rəqs etməyi sevirlər. Çalışırıq ki, hər rəqs barədə məlumatlı olsunlar, oynamağı bacarsınlar. Böyük yaş qrupunda olan uşaqlarımızın qarşısına milli rəqsləri balacalara tanıtmaq şərti qoymuşuq, çünki özləri türk mahnıları ilə rəqs etməyi sevirlər. Ona görə şərtimizə uyğun olaraq əvvəlcə milli rəqs edirlər, sonra istədikləri başqa rəqslərə keçirlər”.

Havanın xoş olduğu günlər təmiz havada gəzinti, piknik, oyunlar da uşaqların sevdiyi fəaliyyətlərdəndir: “Yaxınlıqda uşaqların gəzib oynaya biləcəyi yer var. Ətraf üçün çox narahatlıq yaratmamaq üçün yaşadığımız evdə müəyyən məhdudiyyətlər tətbiq edirik. Onsuz da ətrafımızda yaşayanlara səsimiz, hay-küyümüzlə narahatlıq veririk, ona görə axşam saatlarında bütün fəaliyyətlərini, sərbəst danışıb-gülmələrini tez məhdudlaşdırırıq, amma gəzinti saatlarında tam sərbəst olur, heç nədən narahat olmadan əylənirlər”.

Sığınacaqda yazı yazmaq CƏZASI

Gənc direktorun sözlərinə görə, uşaqlar təhsilin hər şeydən öndə gəldiyini yaxşı bilirlər. Hər nə fəaliyyət olursa olsun, dərsdən sonraya planlaşdırırlır. Maraqlıdır ki, sığınacaqda uşaqlara verilən cəza da təhsillərinə, inkişaflarına xidmət edir. Elnurə Zeynalovanın sözlərinə görə, uşaqların çəkindiyi bir şey cəza metodu olaraq  seçilir. Yazı yazmaq məşhur cəzalardan biridir: “Uşaqlar üçün cəzadır, amma bizim üçün bu cəza onların əl bacarıqlarının inkişafına xidmət edir. Bir uşağımız hərfləri tanısa da, sərbəst yaza bilmirdi. Həddən çox dəcəl olduğu üçün yazı yazmaq cəzası tez-tez alırdı və bir müddət sonra yazısının düzəldiyini görüb özü də həvəsləndi və yazı onun üçün cəza olmaqdan çıxdı”.

Sığınacağın artıq cəza siyahısından çıxan “otaq cəzası” da məşhurdur. Amma artıq “otaq cəzası” ləğv edilib. Elnurə Zeynalova səbəbini belə açıqlayıb: “Cəzanı verirdik, sonra görürdük uşaqlar gedib yatırlar, cəzadan çox mükafat olurdu, ona görə daha bu cəzanı vermirəm. Balacalara yazı cəzası verirəm, böyüklərdən isə küsürəm. Mənim küsməyimə dayana bilmirlər”.

Sığınacaq onun üçün təhsil deməkdir: “Polis ola bilməsəm, idman müəllimi olacağam”

Məlikməmməd (ad şərtidir –R.D.) təsdiq edir, gül alıb barışdığını deyərək söhbətə qoşulur: “Bu cəzanı mən də almışam, səbəbini indi xatırlamıram, amma sonra daha otaq cəzası verilmədi. İndi bir səhvim olanda Eka xanım məndən küsür. Gedib ona gül alıb gəlirəm, üzr istəyirəm, barışırıq. Eka xanımı çox sevirəm, onu hamı sevir”.

Məlikməmməd sözə qoşulmuşkən onun sığınacaq tarixçəsi ilə də maraqlanırıq. Dediyinə görə,  sığınacağa gündüz gəlir: “Sığınacağa gündüz gəlirdim, sonra daimi qalmaq istədiyimi dedim. 5 il daimi qaldım, bacım da yanıma gəldi. Amma 14 yaşından sonra oğlanları burada daimi saxlamırlar. Mən də 14 yaşıma çatandan sonra yenidən gündüz gəlməyə başladım, amma bacım burada yaşayır. Səhər evdən məktəbə gedirəm, qayıdanda sığınacaq avtobusu ilə bura gəlirəm, axşam yeməyindən sonra çıxıb evə gedirəm. Atam və əmim ilə bir evdə qalırıq”.

Sığınacaq onun üçün təhsil deməkdir: “Riyaziyyatı çox sevirəm. IV sinfə qədər məktəbə getsəm də, oxumurdum. V sinifdən, yəni bura gələndən sonra təhsilə sıfırdan başladım. Hazırda ingilis dilində kurslara qoşuluram, buraxılış fənlərindən əlavə hazırlıq keçirəm. Polis olmaq istəyirəm. Polis ola bilməsəm, idman müəllimi olacağam. Uşaqlıqdan bir neçə idman növü ilə məşğil olmuşam. 2 il kikboksinqə getmişəm, güləş, kapoeyra ilə məşğul olmuşam. Yarışlarda iştirak etmişəm. Hətta Bakı birinciliyinə nail olduğum yarışlar olub, ölkə üzrə II və  III olmuşam. Kapoeyra və kikboksinq üzrə də yer tutmuşam. Amma indi burada idman etmək üçün şərait var, qantellərlə məşq edirəm”.

Rayonda atamla anam bir yerdə yaşayırdım, ailəmiz bütöv idi, amma biz təhsil almırdıq, mən uşaqlarla tez-tez dalaşırdım. Ondansa, belə yaxşıdır. Mənə önəmli olan təhsil almaq, idmanla məşğul olmaqdır”.

Sığınacağın oxu zalında

Məlikməmmədlə söhbətləşə-söhbətləşə uşaqların adətən dərslərini hazırladığı otağa daxil oluruq.Üstü kitablarla dolu böyük dairəvi masa, baş tərəfdə ayrıca kitab dolabı, divan… Burada bir neçə qız sakitcə oturub dərslərini hazırlayır. Qızlarla tanış olur, söhbətləşmək üçün razılıqlarını alırıq. Elnurə Zeynalova bununla bağlı əvvəlcədən xəbərdarlıq edib dedi ki, burada onları heç nəyə məcbur etmirlər.

“Polisə müraciət edib məni sığınacağa yerləşdirmələrini xahiş etdim”

Söhbətləşməyə razılıq verən qızlardan birindən özünə istədiyi adı verməsini xahiş edirik, o da “Aydan” adı verir. Biz onu ata-anasının verdiyi adla yox, özünün verdiyi adla çağıracağıq. 1 ildən çoxdur burada yaşayan Aydan hazırda X sinifdə oxuyur: “Məktəbə arada gedirdim, qiymətlərim “3” olurdu. Ailəmizdə vəziyyət oxumağıma imkan vermirdi. Polisə müraciət edərək məni sığınacağa yerləşdirmələrini xahiş etdim”.

Gözlərində qətiyyət var. O dəqiqə görünür ki, inadkardır, həyatda məqsədləri var, nə istədiyini bilən bir qızdır və o, oxumaq, arzularını təhsil alaraq reallaşdırmaq istəyir.

2 qardaşını anası ilə qoyub təkbaşına qismətə qarşı gəlib, taleyində dönüş yaradıb. Yaşayış yerini dəyişməklə məktəbi də dəyişib. Yeni mühit, yeni sinif, yeni yoldaşlar, dostlar, bir sözlə hər şey dəyişib: “Sığınacacaqdan gəldiyimi bilənlər azdır, amma gizlətdiyim üçün yox. 2-3 qız dostum var, onlar nə yaşadığımı özüm icazə verdiyim qədər bilirlər. Məktəbə sığınacaqdan getdiyimi bilməyənlər də var, amma bunu deməkdən çəkindiyim üçün deyil, söz düşmədiyi üçün deməmişəm. Yeni məktəbdə daha yaxşı dərs keçirik, mən də daha yaxşı oxuyuram”.

Onun üçün bütün uğurlar təhsildən başlayır

Hüquqşünas olmaq uşaqlıqdan arzusu olub: “Atam tərəfdə hüquqşünas çoxdur. Atam da hüquq təhsili alıb. Bir ara sosial işçi olmağa qərar vermişdim, çünki yaxşı oxuya bilmirdim, hüquqşünas ola bilməyəcəkdim. Amma sığınacaqda yaşamağa başlayandan sonra keyfiyyətli təhsil almağa başladım və hüquqşünas ola biləcəyimə ümidlərim yenidən artdı”.
Onun hüquqşünas olmaq arzusuna səğınacaqdan da dəstək verirlir. İstər buraxılış imtahanı verəcəyi fənlər, istərsə də III ixtisas qrupu üzrə imtahanlarda tələb olunan nəticəni göstərə bilməyi üçün əlavə hazırlıqlara qoşulmasına dəstək göstərilir. 

Deyir xəyalı yox, hədəfləri var: “Hədəfim budur ki, ali məktəbə qəbul olan kimi könüllülük fəaliyyətinə qoşulacağam. Çünki iş təcrübəm olmadan heç kəs məni işə götürməz”.

Vəkillik istiqamətini seçəcək. Arzularına nə qədər yaxınlığına gəlincə, dediyinə görə, bunun üçün həlledici addımı artıq atıb: “Hər şey təhsildən başlayır. Universitetə girmək belə buradan başlayır”.

“Buraya gələndən sonra məktəbə gedirəm”

Söhbətimizi aralanan qapı yarımçıq kəsdi. İçəri bir oğlan girdi, əlində “Azərbaycan dili” kitabı var. Dərsini hazırlamağa gəlib. Dediyinə görə, burada dostları çoxdur. Onlarla “Qaçdı-tutdu” oynayırdı. Oyunu yarımçıq qoyub dərs oxumağa gəlib: “İstədim ki, dərslərimi tez hazırlayım, gedim oynayım”.

Razimin (ad şərtidir) cəmi 9 yaşı var. Mehriban Qadın və Uşaq Sığınacağında bacısı ilə qalır, ona görə də heç darıxmır. Sığınacaqdakı uşaqların çoxu kimi, o da məktəbə getməyib: “Bura gələndən sonra məktəbə gedirəm”.

O qədər də yaxşı oxumadığını deyir. Gələcəkdə idmançı olacaq. “Boks daha yaxşıdır”, - desə də, hələ hansı idman növü üzrə idmançı olmaq istədiyini bilmir. Məktəbdə dostlaşdığı xeyli oğlan adı sayır, ancaq sığınacaqda ancaq Azər (ad şərtidir) ilə dostluq edir.
Sözünün çəpləşdiyi dostları ilə münasibətlərindən də söz açır: “Dalaşırıq, sonra gəlib bir-birimizdən üzr istəyirik”.

O, buraya nə vaxt gəldiyini bilmir, ancaq sözlərindən nə qədər uzun müddət keçdiyi aydın görünür: “Xalamgil Yaqut xanımla danışıb gəlirlər. Mən bura gələndə xalamoğlu kiçik idi, indi gələndə gördüm ki, nə boyda olub. Çox böyüyüb. Qardaşı da əsgər gedib”.

“Anamın ilk sualı bizim təhsilimizi davam etdirib-etdirə bilməyəcəyimiz oldu”

Zalda dərslərini hazırlayan digər qız – Banunun isə 15 yaşı var. O da hüquqşünas olmaq istəyir, hərçənd bunun üçün özünü gecikmiş də sayır: “Uşaqlıqdan polis olmaq istəmişəm. Ancaq ailəmdə həbsdə olan adam olduğu üçün polis ola bilməyəcəyimdən arzumun istiqamətini dəyişdim. Vəkil olacağam. Yalnız atamla anamın mənim müdafiəmə ehtiyacı olarsa, onların vəkili olaram”.
Sığınacağa rayondan gəlib. Rayon məktəbində yaxşı oxuyub, hətta imtahan verib təmayüllü məktəbə qəbul olub: “Nəslimizdə hamı uşağını məktəbdən tez çıxarıb, heç kim oxutmurdu, ən yaxşı oxuyanları mən idim. Qavrama qabiliyyətim yaxşıdır, hələ hazırlıqda oxuduğum vaxtdan vurma cədvəlini əzbərləmişdim. Riyaziyyatı yaxşı bilirdim, zəif cəhətim o idi ki, test işləyə bilmirdim. Buna baxmayaraq, təmayüllü məktəbə qəbul olundum. Məktəbimizdə çox gözəl müəllimlər vardı, hazırlıq kimi dərs keçirdik”.
Ali təhsil almaq üçün Almaniyada, Avropadakı universitetlərdə oxumaq barədə düşünürmüş: “Amma indi o qədər həvəsli deyiləm. Böyüdükcə reallıqla daha çox hesablaşıram”.

“Atamı buraxmaq istəmirdim, anam da mənə görə məcburən atamın yanına qayıdırdı”

Məktəbdə əlaçı olan Banu deyir onun təhsili ilə ən çox anası maraqlanıb: “Anam bacılarımı və məni götürüb polisə müraciət etdi, onlar da bizi sığınacağa göndərdilər. Elə yadımdadır ki, qapını üzümüzə Yaqut xanım açdı. Anamın ilk sualı bizim təhsilimizi davam etdirib-etdirə bilməyəcəyimiz oldu”.

Qızlar üçün oxumağa şərait olsa da, anaları mütəmadi şiddətə məruz qalıb və 4 qızı ilə birlikdə evi tərk etmək məcburiyyətində qalıb: “Anam bacılarımla bundan əvvəl 2 dəfə sığınacağa gəlmişdi, mən atamı sevir, onu tək buraxmaq istəmirdim. Anam da mənə görə məcburən atamın yanına qayıdırdı. Atam II qrup əlildir, pis vərdişləri də var, üstəlik, anama əziyyət verirdi. Ailəmizdə çox söz-söhbət olur, tez-tez polis işə qarışır, atam polislə də dalaşır, anamı döyürdü. Bizi də 102-yə zəng edib problem olmadığını deməyə məcbur edirdi”.

Sığınacaq isə fərqlidir. Burada özünü böyük bir ailənin üzvü kimi hiss edir: “Böyük uşaqlar balacalara bələdçilik edir, qayğı göstərirlər. Məsələn, məktəbə getdiyimiz avtobusda balacalara nəzarət edirik. Buradakı həyat maraqlıdır. Məktəbdə məndən bu qədər uşaqla bir yerdə haradan gəldiyimi soruşanlar olur. Onlara bu uşaqların hamısı bacı-qardaşımdır, deyirəm”.

Banunun 3 bacısı var. 2 bacısı hələ balacadır, bir bacısının isə oxumağa yox, peşəyə həvəsi var: “Bacım saç ustası olmaq istəyir”.
Banu deyir sığınacaqda ona hədəfinin olmağını öyrədiblər: “Burada bizi maraqlı təlimlərə cəlb edir, fərqli istiqamətlərdə bilgiləndirirlər. Məhz burada öyrəndim ki, hədəfi olmasa, insan irəliləyə, inkişaf edə bilməz”.

Mehriban Zeynalova: “Oxuyan uşaqları dəstəkləyirik, oxumaq istəməyənləri stimullaşdırırıq”

“Təmiz dünya” İctimai Birliyinin nəzdində 2006-cı ildən fəaliyyət göstərən Qadın və Uşaq Sığınacağında 60-a yaxın qadın və uşaq üçün yer var. 650-yə yaxın ana və uşaq hər il buradan kömək alır.

Təşkilatın “Oxuyan uşaqları dəstəkləyirik, oxumaq istəməyənləri stimullaşdırırıq”, - deyən sədri Mehriban Zeynalova “Azərbaycan müəllimi”nə müsahibəsində bildirib ki, zorakılığa məruz qalmış qadınlara və uşaqlara, valideyn himayəsindən məhrum uşaqlara təhlükəsiz sığınacaq verir, onlara gündəlik qayğı göstərir, təhsil və tibbi yardım almalarına kömək edirlər: “Sığınacağa qəbul olunan şəxslər əsasən uzun illər gender əsaslı zorakılığa məruz qalmış qadınlar və uşaqlardır. Hazırda sığınacaqda yerləşdirilənlərin əksəriyyəti sosial xidmətlər tərəfindən istiqamətləndirilmiş, nəzarətə götürülmüş uşaqlardır. Aralarında zorakılığa məruz qalmış, valideyn laqeydliyi ilə üzləşmiş, təhsildən yayınan, məcburi əməyə cəlb olunma hədəsi olan uşaqlar üstünlük təşkil edir”.

Ancaq Mehriban Zeynalova deyir sığınacaq yatmaq, havayı yemək yeri deyil: “Bura gələnlər həyatını, taleyini dəyişməyə qərar verənlər olmalıdır”.

Bu qərarı verib sığınacağa üz tutan qadın və uşaqların təhsil planı hazırlanır, risklər qiymətləndirilir və hər birinin təhlükəsizliyi üçün zəruri tədbirlər görülür, hər addımına nəzarət edilir.

Valideyn varsa, uşağın ailəyə inteqrasiyasına çalışırıq

Mehriban Zeynalova sığınacaqda tətbiq edilən “günərzi” rejimindən danışıb. Onun sözlərinə görə, sığınacağın əsasnaməsinə görə, 12 yaşa qədər oğlan uşaqları sığınacağa daimi yerləşdirilir: “Sosial xidmətlər valideyni olan uşağı sığınacağa yerləşdirirsə, onun yaşına görə başqa müəssisəyə keçirilməsi çətinləşir. Ona görə uşağın ailəyə inteqrasiyasının təmin edilməsinə çalışırıq. Lakin bu prosesdə də uşaq nəzarətdə saxlanılır. Uşaq səhər məktəbə gedir, məktəbdən qayıdır, dərslərini hazırlayır, yeməyini yeyir və axşam ata-anasının yanına gedir. Bu bir layihə deyil, uşaqların nəzarətdə saxlanılması məqsədilə atdığımız addımdır”.

Hazırda sığınacaqda 2 belə oğlan şagird olduğunu vurğulayan M.Zeynalova qeyd edib ki, uşaqyönümlü fəaliyyət göstərən təşkilat bütün prosesi uşağın mənafeyinə uyğun qurur. Uşaqla bağlı qərar vermədən öncə iş aparılır: “Bununla bağlı sorğular keçirilir, şəxsin davranışı öyrənilir. Müşahidələrimiz, gündəlik kamera görüntüləri, onların söhbətləri, işə gedib-gəlmə saatları nəzarətə alınır. Təhlillərdən sonra uşağın valideynlə getməsi, yaxud gün ərzində sığınacaqda qalması ilə bağlı qərar veririk. Əsas məqsəd uşağın valideyn üçün əlavə gəlir mənbəyinə çevrilməsinin qarşısını almaqdır. Uşağın laqeydliklə üzləşməsi, qanuni hüquqlarının pozulması, təhsildən yayındırılması və ya iqtisadi çətinliklərlə üzləşməsi kimi halların qarşısını almağa çalışırıq. Bu uşaqlar üçün də sosial xidmətlərə müraciət edib uşaqların ailədə vəziyyətinə nəzarət etdik və ürəkaçan nəticə əldə edə bilmədik. Valideynin diqqət və qayğı göstərməməsi, uşağa marağın və dəstəyin yetərincə olmaması səbəbindən günərziyə davam edirik”.

“Uşaqlar emosional olur və müəyyən təsirlərə tez məruz qaldıqlarından onların davranışlarını izləməyə çalışırıq”, - deyə vurğulayan mütəxəssis sadəcə 12 yaşından yuxarı olan oğlanlar deyil, elə sığınacaqdan çıxan qızlara da nəzarətin zəruriliyini qeyd edib: “Sığınacaqdan çıxmış, lakin üzərində nəzarət imkanımız olmayan qızlar da var. Sığınacaqda olmasalar da, çalışırıq ki, onların davranışına və təhsilinə də nəzarət edək. Çünki onların qayğısına qalmaq hər şeydən üstündür. Ailə qayğısını hiss etmədən, ya da onların öz ayaqları üzərində dayana biləcəyinə əmin olmadan onları buraxsaq, işimizin nəticəsi olmaz”.