Kitabların işığında böyüyən nəsil – Hil kənd məktəbindən REPORTAJ  

25 Noyabr, 2026 - 09:25
Kitabların işığında böyüyən nəsil

Bir kitabın səhifələrində bəzən bütöv bir ömür gizlənir. Bir cümlə insanın düşüncəsini dəyişir, bir qəhrəmanın taleyi ona həyat dərsi verir, bir hekayə isə xəyal dünyasının qapılarını açır. Rəqəmsal dünyanın insan həyatına sürətlə nüfuz etdiyi müasir dövrdə kitabın sehrinə qapılan, onunla dostluq edən uşaqlar da az deyil. Qusarın Hil kəndində yerləşən Kərim Kərimov adına Hil kənd 1 nömrəli tam orta məktəbin kitabxanası da məhz belə bir ünvandır. Bilik axtaranların, mütaliə sevənlərin və gələcəyini düşünən nəslin görüş yeridir.
“Azərbaycan müəllimi” kənd məktəbinin müasir kitabxanasından reportajı təqdim edir.

Kitab rəfləri arasında yaşanan zəngin dünya

Kərim Kərimov adına Hil kənd 1 nömrəli tam orta məktəb 1928-ci ildən fəaliyyət göstərsə də, 2016-cı ildə yenidən tikilərək istifadəyə verilib. Məktəbin kitabxanası da yenilənib, burada hər kitabın öz oxucusunu gözlədiyi, hər rəfin yeni bir kəşfə yol açdığı zəngin bir mütaliə mühiti yaradılıb. Ümumi kitab fondu 11 min 893 nüsxədən ibarət olan kitabxanada 9 min 610 dərslik, 1 065 bədii kitab, 688 uşaq ədəbiyyatı və dünya ədəbiyyatı klassiklərinin əsərləri qorunub saxlanılır.

Kitabxananın rəfləri arasında dolaşan şagirdlərin marağı da diqqətdən yayınmır. Kimisi nağıl qəhrəmanlarının sehrli dünyasına səyahət edir, kimisi macəra dolu əsərlərin qəhrəmanları ilə yeni üfüqlər kəşf edir, kimisi isə klassik ədəbiyyatın dərin mənalarına varır. Kitabxanada yaradılan bu mühit uşaqlarda mütaliə vərdişlərinin formalaşmasına, müstəqil düşünmə və oxuyub-anlama bacarıqlarının inkişafına xidmət edir.

Kitabxanaçının 22 illik zəhməti

Bu zəngin mütaliə mühitinin formalaşmasında kitabxana müdiri Mənsurə Məmmədrzayevanın əməyi danılmazdır. O, 2004-cü ildən məktəbin kitabxanasında çalışır.İllərdir kitabların mühafizəsi, oxucuların düzgün istiqamətləndirilməsi və şagirdlərdə mütaliəyə marağın artırılması istiqamətində fəaliyyət göstərir.

Mənsurə Məmmədrzayeva üçün kitabxanaçılıq yalnız kitabları rəflərə düzmək və oxuculara təqdim etməklə məhdudlaşmır. Onun sözlərinə görə, kitabxanaçı hər bir kitab haqqında məlumatlı olmalı, oxucunun maraq və yaş xüsusiyyətlərini nəzərə alaraq ona düzgün seçim etməyə kömək göstərməlidir: “Kitabların və oxucu formulyarlarının qeydiyyatının aparılması, kitabxananın səliqəli saxlanılması, kitabların düzgün qaydada düzülməsi, eyni zamanda bütün kitablar haqqında məlumatlı olmaq mənim əsas vəzifəmdir. Şagird gəlib məndən hər hansı mövzuda kitab istəsə, ona uyğun kitab haqqında məlumat verməyi bacarmalıyam. Çalışıram ki, kitabxanaya yeni daxil olan hər nəşr haqqında məlumatım olsun. Buna görə özüm də mütəmadi olaraq mütaliə edirəm”. 

Kitabxana müdiri şagirdlərin kitaba marağını artırmaq üçün müxtəlif maarifləndirici tədbirlərin təşkilinə də xüsusi diqqət yetirir. Məktəbdə şair və yazıçıların yaradıcılıq gecələri, intellektual oyunlar, kitab müzakirələri və nağıl saatları keçirilir. “Ucadan oxu” və “Sürətli oxu” kimi tədbirlər isə şagirdlərin oxu bacarıqlarının inkişafına töhfə verir. 

Mənsurə Məmmədrzayeva qeyd edir ki, şagirdlərə kitab seçərkən əvvəlcə onların maraq dairəsi öyrənilir, daha sonra yaşlarına uyğun bir neçə kitab təklif olunur. Son seçim isə oxucunun öz öhdəsinə buraxılır. Məqsəd uşaqlarda kitaba məcburiyyətdən deyil, maraqdan doğan sevgi yaratmaqdır.

Kitab seçimi hər şagirdin öz dünyasıdır

Kitabxanaya üz tutan şagirdlərin maraq dairəsi müxtəlif olsa da, onları birləşdirən ortaq xüsusiyyət mütaliəyə sevgidir. Xüsusilə macəra və fantastika janrında olan əsərlər, Azərbaycan xalq nağılları və milli ədəbiyyat nümunələri məktəblilərin diqqətini daha çox cəlb edir. Kiçikyaşlı oxucular qısa və şəkilli nağıllara üstünlük verdiyi halda, yuxarı sinif şagirdləri dünya və Azərbaycan ədəbiyyatının tanınmış nümunələrini oxumağa maraq göstərirlər.

Məktəbin XI sinif şagirdi Aslan Əmiraslanovun sevimli əsərlərindən biri “Koroğlu” dastanıdır. O, dastanın baş qəhrəmanının igidliyini, cəsarətini, haqsızlığa qarşı mübarizəsini və vətənpərvərliyini özünə nümunə hesab edir: “Həftənin müəyyən günlərində ədəbiyyatla maraqlanmaq üçün kitabxanaya üz tuturam. “Koroğlu” dastanı ən çox sevdiyim kitablardan biridir. Dastanın baş qəhrəmanı Rövşən igidliyi, cəsarəti və güclü zehni ilə diqqətimi çəkir. Öz xalqını qorumaq üçün canından keçməyə hazır olan qəhrəmandır. Şagirdlərə tövsiyə edərdim ki, dərslərdən əlavə bədii ədəbiyyat da oxusunlar. Çünki kitab insanın dünyagörüşünü və söz ehtiyatını artırır. Ümummilli Lider Heydər Əliyev kitabxanalar haqqında demişdir: “Kitabxana xalq, millət üçün, cəmiyyət üçün müqəddəs bir yer, mənəviyyat, bilik, zəka mənbəyidir”.

X sinif şagirdi Gülpəri Atlıxanova isə Azərbaycan ədəbiyyatına xüsusi maraq göstərir. Sevdiyi fənn biologiya olsa da, bədii ədəbiyyat məktəblinin asudə vaxtının ayrılmaz hissəsidir.Mirzə İbrahimovun əsərləri onun sevimli kitabları sırasındadır: “Azərbaycan xalq şairlərinin və yazıçılarının əsərlərini oxumağı sevirəm. Mirzə İbrahimovun “Gələcək gün” və “Böyük dayaq” əsərləri xüsusilə xoşuma gəlir. Bu əsərlərdə zəhmətkeş,Vətənini sevən və qayğısına qalan qəhrəmanlar var. Ev tapşırıqlarımı yerinə yetirdikdən sonra kitabxanadan götürdüyüm bədii ədəbiyyatı oxuyuram.Şagirdlərə arzu edərdim ki, imtahanlara yaxşı hazırlaşsınlar, boş vaxtlarında isə bədii ədəbiyyata da zaman ayırsınlar”.

Dünya ədəbiyyatına maraq göstərənlər arasında XI sinif şagirdi Nahid Nurəliyev də var.İngilis dilini öyrənməyə xüsusi maraq göstərən Nahid mütəmadi olaraq kitabxanadan istifadə edir. Onun sevimli əsərlərindən biri Cek Londonun “Bəyaz diş” romanıdır: “Cek Londonun əsərində təsvir olunan hadisələr mənim diqqətimi cəlb edir. Romanda vəhşi təbiətdə doğulmuş bir heyvanın tədricən əhliləşməsi və insan dünyasına uyğunlaşması prosesi əks olunub. Məktəbdən sonra dərslərimi hazırlayıram, əlavə vaxtım qaldıqda isə bədii kitab oxuyuram. Telefondan əsasən təhsil məqalələrini axtarmaq, imtahan suallarını həll etmək və bəzən qısaca dincəlmək üçün istifadə edirəm. Şagirdlərə kitabxanalardan daha çox yararlanmağı və dil bacarıqlarını inkişaf etdirməyi tövsiyə edirəm”.

X sinif şagirdi Aynur Hüseynova isə tarix fənninə və dünya ədəbiyyatına böyük maraq göstərir. Aleksandr Dümanın “Qraf Monte-Kristo” romanını oxuyan Aynur əsərin baş qəhrəmanı Edmond Dantesin ədalət axtarışından, cəsarətindən və həyat mübarizəsindən təsirləndiyini deyir.“Romanın baş qəhrəmanı Edmond Dantesin keşməkeşli həyatı məni kitabdan ayrılmadan hadisələrin necə bitəcəyini öyrənməyə sövq edir.Dərslərimdən əlavə vaxtım olduqda, xüsusilə tətillərdə bədii əsərlər oxuyuram. Söz ehtiyatlarını artırmaq üçün şagirdlərə kitabxanadan tez-tez istifadə etməyi məsləhət edərdim. Kitabxanalar təkcə kitab oxumaq üçün deyil, həm də şəxsi inkişaf və araşdırma aparmaq üçün etibarlı məkanlardır”.

Kitab sevgisi gələcəyə aparan yoldur

Müasir dövrdə informasiya texnologiyalarının gündəlik həyatın ayrılmaz hissəsinə çevrilməsi kitabxanaların rolunu və əhəmiyyətini bir daha gündəmə gətirir. Hil kənd 1 nömrəli tam orta məktəbinin şagirdlərinin fikirləri isə göstərir ki, ənənəvi kitab mütaliəsi hələ də öz dəyərini qoruyur. Onlar telefondan təhsil məqsədilə yararlansalar da, bədii ədəbiyyata vaxt ayırmağı da unutmurlar.
Məktəbin kitabxana müdiri Mənsurə Məmmədrzayeva da gələcəkdə fəal oxucuların sayının daha da artmasını, şagirdlərin kitabxananın imkanlarından geniş istifadə etməsini arzulayır. O, məktəblilərə sevdikləri kitabları dostlarına və sinif yoldaşlarına hədiyyə etməyi tövsiyə edir. Çünki kitab paylaşmaq həm dostluğun, həm də mütaliə sevgisinin gözəl ifadəsidir. “Kitab sizin ən yaxın dostunuzdur, gəlin hər gün daha bir az kitab oxuyaq”, – deyə Mənsurə Məmmədrzayeva şagirdlərə səslənir.

Bəli, kitabların dili səssizdir, amma söylədikləri çoxdur. Onlar insana düşünməyi, müqayisə etməyi, öyrənməyi və həyatı daha dərindən anlamağı öyrədir. Qusar rayonunun Kərim Kərimov adına Hil kənd 1 nömrəli tam orta məktəbinin kitabxanasında isə bu səssiz söhbət hər gün davam edir. Hər açılan kitab, hər çevrilən səhifə və hər yeni oxucu gələcəyin daha bilikli, daha düşüncəli nəslinin formalaşmasına atılan kiçik, amma dəyərli addımdır.