“Uşaqlarımızın çoxu məktəbə gələndə qaşıq tutmağı belə bacarmır” – İnternat məktəbindən REPORTAJ

14 Noyabr, 2026 - 10:03
“Uşaqlarımızın çoxu məktəbə gələndə qaşıq tutmağı belə bacarmır”

Onlar hər şeyi məktəbdə öyrənirlər. Məktəb onlar üçün həyatın özü, həyata hazırlığın “praktika”sıdır.
Deyəcəksiniz, məktəb hamı üçün eyni anlama gəlir. Elədir, amma bu kateqoriyadan olan insanlar üçün məktəb əsl başlanğıcdır.  Söhbət sağlamlıq imkanları məhdud, konkret desək, görmə qabiliyyətini itirmiş, çox zəif görən uşaqlar üçün 5 nömrəli Respublika xüsusi internat məktəbindən gedir. 

Onlara həyatda lazım olacaq vərdişlər burada aşılanır

Məktəbin direktoru İradə Vəzirovanın sözləri ilə desək, başqa məktəblərin şagirdləri evdə qazandıqları vərdişləri məktəblərdə möhkəmləndirirlərsə, onlar hər şeyi məhz burada öyrənirlər. Gəlin görək “hər şey” ifadəsinin içərisində nələr var: “Uşaqlarımızın çoxu məktəbə gələndə qaşıq tutmağı, jaketini düymələməyi, saçını daramağı belə bacarmır. Bunları biz onlara məktəbdə öyrədirik. Ayaqqabılarının bağını bağlamaq, idman hərəkətləri etmək, sağ və solu tanımaq, arxa və ön tərəfi müəyyənləşdirmək, ətrafı hiss etmək – bütün bu bacarıqları şagirdlərimizə birinci sinifdən başlayaraq müəllimlər və tərbiyəçilər öyrədirlər. Ailələr övladlarının digərlərindən müəyyən mənada fərqləndiyini nəzərə alaraq onları həddindən artıq əzizləyir, nəsə etmələrinə imkan vermirlər. Nəticədə uşaqlar özləri sərbəst hərəkət etməyə alışmırlar. Məsələn, köynəyini, jaketini geyinməyi belə bacarmırlar”.
Bu məktəbdə uşaqlara gündəlik vərdişlər aşılanır: “Bir-birləri ilə davranış, kollektivdə və sinifdə özünü aparmaq, oturub-durmaq qaydaları, böyüklərə hörmət etməyi öyrədirik və bütün bunlar tədris prosesinin bir hissəsidir.

Ona görə də şagirdlərlə müxtəlif vaxtlarda çoxsaylı maarifləndirici söhbətlər aparırıq. Bu söhbətlərdə psixoloqumuz, həkimimiz və biologiya müəllimimiz iştirak edirlər. Bəzi siniflərlə ayrıca, bəziləri ilə isə ümumi söhbətlər təşkil edirik. Bu görüşlər müxtəlif tədbirlər şəklində keçirilir və birtərəfli xarakter daşımır. Uşaqlar da öz suallarını verə, onları maraqlandıran məsələləri müzakirə edə bilirlər. Məsələn, oğlanların özünəməxsus sualları olduğu üçün onlarla ayrıca görüşlər və təlimlər təşkil edirik. Həmin sualları həm psixoloq, həm də həkim cavablandırır. Yəni bu məsələlərə müxtəlif istiqamətlərdən yanaşırıq. Nəticədə, şagirdlərimiz məktəbi bitirərkən həyata tam hazır olurlar”.

Bir sözlə, gigiyenik qaydalara əməl etməkdən, özünəqulluqdan tutmuş təhsilə qədər bütün bilik və bacarıqlar onlara məktəbdə aşılanır: “Məqsədimiz uşaqlara yalnız təhsil vermək deyil, həm də onları müstəqil həyata hazırlamaq, yəni müstəqil yaşamaq üçün lazımi bacarıqlar aşılamaqdır”. 

Vacib bacarıqlardan biri onların özünün yeyə bilməsidir. Direktorun sözlərinə görə, məktəbdə qida rejimi - yemək saatları və yeməyin tərkibi Nazirlər Kabinetinin qərarına uyğun müəyyənləşdirilib: “Dövlətimiz uşaqlara, xüsusilə də internatlarda təhsil alan şagirdlərə böyük qayğı göstərir. Onların qidalanma qaydaları, hansı qidaları və gündə neçə dəfə qəbul etmələri qaydalara uyğun müəyyənləşdirilir, yeməklər vitamin və qida dəyəri nəzərə alınaraq hazırlanır. Bütün bunlar əvvəlcədən hesablanır. Buna görə də məktəbdə qalan uşaqlara hər gün müəyyən olunmuş vaxtda 6, sadəcə təhsil alanlara isə 4 dəfə yemək verilir”.

Məktəbdə həm tədris təşkil olunur, həm də yataqxana var

Qeyd edək ki, 90 yaşlı məktəbdə 295 şagird təhsil alır. Onların təlim və tərbiyəsi ilə 55 pedaqoq, 34 tərbiyəçi məşğul olur. Bu tədris ilində məktəbi 28 şagird bitirəcək.

Üçmərtəbəli məktəb binası həm tədris, həm də yataqxana üçün nəzərdə tutulub. III mərtəbə tamamilə yataqxanadır. 145 yerlik yataqxanada hazırda 118 nəfər uşaq və yeniyetmə qalır.

Tədris binası 350 şagird yerlikdir. Məktəb üçün ayrılmış avtobus da şagirdlərin ixtiyarındadır.

Bəziləri 4 hərf öyrənib, bəzilərinin isə hələ də barmaq uclarının hissiyyatı formalaşdırılır

Bu il məktəbə 11 şagird I sinfə gəlib. Hazırda onlar Brayl əlifbasını öyrənirlər. Direktor İradə Vəzirova bildirir ki, Brayl əlifbasını oxuya bilmək üçün barmaq uclarının həssaslığı çox vacibdir. Bu duyğunu hələ körpəlikdən formalaşdırmaq üçün uşaqların qarşısına qablarda noxud, darı, mərci, lobya və düyü qoyulur. Onlar bu dənli bitkilərlə oynaya-oynaya nəyin nə olduğunu ayırd etməyi öyrənirlər. Bir neçə ay ərzində barmaq uclarının hissiyyatı güclənən uşaqlara növbəti mərhələdə xüsusi “altılıq” adlandırılan Brayl yazı aləti vasitəsilə nöqtələr qoymaq və həmin qabarıqları hiss etmək öyrədilir. Yalnız bu mərhələdən sonra onlar hərfləri öyrənməyə başlayırlar.

Bir sinfə giririk. Zeynəb, Osman, Musa, Ömər, Ayşə qarşılarındakı qutuların içindəkilərini böyük maraqla ayırd eləməyə çalışırlar.
Zeynəb Məmmədova “Azərbaycan müəllimi”nə deyir ki, nəinki dənli bitkiləri ayıra bilir, artıq 4 hərf də öyrənib. 
Musa yoldaşlarından bir az geri qalır, onda hələ hissiyyat formalaşdırmağa çalışılır.

Ayşə Məmmədova əlindəki qutunun içindəkiləri sayır: “Noxud, lobya, mərci...”.

Osman Zauroğlu da dənliləri yaxşı ayırd edir: “Noxud, mərci, qarabaşaq, lobya...”. Dediyinə görə, məktəbi çox sevir.
Ömər sinif yoldaşlarından bir az irəli keçib, o, artıq nöqtələri düzə bilir.

Sərhad Fərhadlı məktəbə çoxdan gəldiyini deyir: “Burada yazı yazıram, rəqəmləri öyrənirəm. 4 hərfi – “n”, “a”, “ə”, “i”ni öyrənmişəm”.

Sərhad gecə də məktəbdə qalır. İnci Novruzova isə ondan fərqli olaraq məktəbə gedib-gələn uşaqlardandır. O, artıq hərfləri öyrənir. 

Dördüncülər almanca mahnı oxuyur, Azərbaycan dilində cümlə təhlil edirlər

İbtidai siniflərin birində isə alman dili dərsidir. Buna baxmayaraq, sinif müəllimi Nigar İsmayılova da şagirdlərinin yanındadır. Məktəbdə 2009-cu ildən fəaliyyət göstərən Nigar xanım bu məktəbin məzunlarındandır. İbtidai sinif müəllimidir. Sertifikatlaşdırmada uğur qazananlardandır. 

Alman dili müəllimi Yeganə Əliyeva burada şagird olub. O da sertifikatlaşdırmadan uğurla keçib. Artıq  8 ildir ki,  müəllimdir. “İllər öncə burada şagird idim. Məzun olduğum məktəbdə müəllim olmaq zövq verir”, - deyir.

Bəlkə bir gün aralarından bu məktəbdə dərs keçəcək olan şagirdləri parta arxasında fəal idilər. Bir-bir özlərini alman dilində təqdim edib, “Azərbaycan müəllimi”ndən olan qonaqlarını xarici dildə qarşıladılar. Bu sinfin çoxdanışanı Kənandır. Dediyinə görə, almancanı həvəslə öyrənir. 

Zeynəb Abışova alman dili ilə yanaşı, Azərbaycan dili və riyaziyyatı da sevir.

Qonşu sinifdə “Dərsdənkənar Azərbaycan dili” dərsidir. İbtidai sinif müəllimi Yeganə Ağazadənin sinfindəyik. Gənc  müəllim sertifikatlaşdırma prosesindən uğurla keçərək 57 bal toplayıb. Məktəbin parlaq müəllimlərindəndir: “Uşaqların görmə dərəcəsi baxımından qarışıq sinifdir, 10 şagirdimizin bir hissəsi Brayl əlifbası ilə, bir hissəsi ümumtəhsil məktəblərində şagirdlərin istifadə etdiyi dərs vəsaitləri ilə işləyir. Bizim tifloqrafika ilə işləyən uşaqlarımız da var. Hazırda sinfimdə 3 qızım - Damla, Mərvə və Ayan Brayl əlifbası ilə işləyir. Onların xüsusi qrifelləri və yazı lövhələri var. Yazılarını həmin vasitələrlə yazırlar. Digər şagirdlərim isə qələm və dəftərdən istifadə edərək normal yaza bilirlər. Çalışırıq ki, digər şagirdlər kimi ümumtəhsil məktəblərində qəbul olunmuş qaydada işləyə bilsinlər”.

Müəllimləri ilə söhbətimizi maraqla dinləyən uşaqlar arada bizə qoşulurlar. Məsələn, autizm spektri pozuntusunun yüksək funksional alt kateqoriyalarından biri olan “Asperger” sindromu olan Mehdi Əliyev dərslə məşğul olduğunu söyləyir, “Kitabdakı dərslə”, - deyə “Azərbaycan dili” kitabını göstərir. Müəllimi deyir ki, keçən ildən onda çox böyük irəliləyiş var: “Sinifdə oturuşu-duruşu, özünü aparmağı formalaşıb, sosiallaşmağa başlayıb. Belə uşaqlarda zəka səviyyəsi üstün olsa da, sosiallaşmaqda, özünü ifadə etməkdə çətinlik çəkirlər. Amma Mehdi artıq bunları edir”.

Mehdinin əl qabiliyyəti də yaxşıdır, bayraqları sevir: “Yeməkləri də sevirəm. Amma bişirməyi yox, yeməyi sevirəm. Qaynanmış yumurta bişirə bilərəm”.

Ötən il sinif yoldaşları pizza bişiriblər. Meyvə şirələri sıxaraq kokteyllər hazırlayıblar. Bu macəra dolu “Sosial-məişət yönümü” adlı məşğələlərindən Ruqəyya həvəslə danışır: “Meyvə salatı, pizza etmişik. Çox ləzzətli idi. “Yeni il salatı” da hazırlamışıq. Qonaq gəlsə, şirniyyat da bişirə bilirəm. Qonağa şorba da bişirərəm”.

Ruqəyya hər gün məktəbə gedib-gəlir. “Anam aparıb-gətirir. Məktəbə həvəslə gəlirəm”, - deyir.

Damla Hacıyeva ilə Hüseyn Əhmədzadə də söhbətə qoşulurlar. Sevdikləri fənlərdən, yeməklərdən danışırlar, bacarıqlarını nümayiş etdirməyə çalışırlar. Deyirlər, qayğanaq bişirə bilir, bud, makaron, dolma yeməyi xoşlayırlar.

Rəşid Rəşidov Azərbaycan dilində keçdiyi dərsdən sərrast danışır: “Zərf keçmişik. Cümlə quruluşunu nümunələrlə öyrənirik. Müəllim bizə cümlə dedi, cümlədə zərfi aydınlaşdırdıq. “Mən üzüaşağı düşdüm” cümləsində “üzüaşağı” zərfdir”. 
Ayan Atayeva Azərbaycan dili, riyaziyyat, həyat bilgisi dərslərindən danışır. 

Mərvə Rüstəmlinin ünsiyyət problemi olduğundan hansı yeməyi sevdiyini, hansı yeməyi bişirdiyini demədi. Müəllimi onun hər şeyi bilsə də, hətta ona da cavab vermədiyini deyir: “Ondan cavab almaq üçün hər yola baş vururam. Bir çox hallarda “Mənə demirsənsə, yoldaşına de”, - deyir, bu yolla cavabını öyrənirəm. Əslində, məktəbə gələndə, ümumiyyətlə, danışmırdı, indi xeyli açılışıb”.

Görmə qabiliyyətini tamamilə itirməyənlər daha çətin öyrənirlər

Qarışıq sinifdə çətinliklərdən biri də görmə qabiliyyətini tamamilə itirməyən uşaqlara Brayl əlifbasını öyrətməkdir. Gözü görürsə, bu məktəbdə nə işi var? Məsələ burasındadır ki, bəzən Brayl əlifbası görməni tamamilə itirməmək üçün də tövsiyə edilir: “Bəzən uşaqların gözləri zəifləməyə doğru gedir və onları xilas etmək, tamamilə zəifləməsinin qarşısını almaq üçün Brayl əlifbası ilə təhsil tövsiyə olunur”.

Yeganə Ağazadənin sözlərinə görə, Damla və Ayanda da məhz belə olub. Valideynlər onları orta ümumtəhsil məktəbinə qoysalar da, tibbi komissiyalar direktorların təqdimatı ilə hər biri haqqında təhsillərinə xüsusi internat məktəbində davam etmək barədə qərar verib. 

Maraqlıdır ki, belə bir qərar sadəcə aşağı sinif yox, həm də yuxarı sinif şagirdləri üçün verilə bilər: “Həmin uşaqlar çox vaxt özlərinə sığışdırmır, qəbul etməkdə çətinlik çəkirlər. Bu halda Braylı öyrənmək daha da çətinləşir. Ümumiyyətlə, görən insana Braylı öyrətmək 5-6 dəfə daha çətindir. Görməsi olduğu üçün oğrun-oğrun baxır, bu da hissiyyatın inkişafını ləngidir”.

Yeganə müəllim bu uşaqların adi ümumtəhsil məktəblərində qarşılaşdıqları çətinliklərdən də danışıb: “Adi məktəblərdə təhsil almaq onlar üçün çox çətindir. Məsələn, Damla əvvəllər o qədər sıxılırdı ki, lövhə qarşısında nağıl belə danışa bilmirdi. İndi isə bu çətinliyi aşıb və istənilən mövzuda sərbəst danışır. Digər məktəblərdə belə uşaqlar özlərini yad hiss edirlər. Sinifdə şagird sayı çox olduğu üçün müəllim onlara fərdi vaxt ayıra bilmir və nəticədə bu uşaqlar diqqətdən kənarda qalırlar”.

Səkkizincilər bir əlində 8 qarpız tutmağa çalışırlar

Bəli, Brayl əlifbası asan deyil, yazanda sağdan sola yazır, soldan sağa oxuyurlar. Direktor İradə Vəzirova bildirib ki, məhz bu səbəbdən hər hərfin yerini düzgün bilməlidirlər: “A hərfi də 1-ci nöqtədir, 1 rəqəmi də. Fərqləndirmək üçün rəqəmi ifadə edən birinci nöqtədən əvvəl xüsusi işarə qoyurlar. Xüsusən riyazi əməliyyatlar, kimyəvi reaksiyaları bu əlifba ilə öyrənmək çətindir”.
Bu çətinliyi artıq hiss etməli olan uşaqlarla bir aradayıq. VIII sinif şagirdləri həm riyazi tənliklər qurur, həm də kimyəvi reaksiyalar aparır, çətin məsələlər həll edirlər. Ancaq hazırda onlar texnologiya dərsindədirlər. Günün tapşırığı çiçəkdir. Uşaqlar çiçəkləri təsəvvür etdikləri kimi, xəyallarındakı yerdə “bitirəcəklər”.

Narınc İbadzadə əldə çox gözəl görünən qızılgül düzəldir. Məktəb direktorunun dediyinin əksinə olaraq, o, riyaziyyatı nəinki sevir, hətta “Məncə, asandır”, - deyir. 

Zəhra İsmayılova da riyaziyyat sevgisindən danışır. Gül onun da bugünkü işidir, amma dediyinə görə, çiçəklərin fərqi yoxdur, hamısı gözəldir.  

Mirəli Seyidov bütün fənləri sevsə də, gələcəkdə musiqi müəllimi olmaq istəyir: “Qarmon müəllimi olacağam. Piano, sintezator da çala bilirəm. Əvvəllər tara da getmişəm, amma indi çıxmışam”.

Müəllimi Mirəliyə tarix müəllimi olmaq istədiyini xatırladır. “Tarixə sevgimdə heç nə dəyişməyib. Gələcəkdə baxacağam”, - deyən yeniyetmə buna akademik göstəricilərindən, buraxılış imtahanı nəticələrindən asılı olaraq qərar verəcəyini deyir. 

Qeyd edək ki, musiqi onların əksəriyyətinin məşğul olduğu əsas bacarıqlardandır. 

Sinifdə əksəriyyət gül düzəldir, bir Vasif Şükürlü çiçəyi də, onun yerini də fərqli düşünüb: “Ev şəkli çəkirəm. Gülləri evin ətrafında çəkməyi fikirləşirəm”.

Vasif məktəb səhnəsində də tez-tez yer alır. Müəllimləri onun aparıcılıq qabiliyyətindən məktəb tədbirlərində istifadə edirlər. Bu il VIII siniflərin iştirakı ilə Zəfər bayramı münasibətilə təşkil edilən bayramın aparıcısı da məhz o olub: “Bacardığım qədər dərslərimi də yaxşı öyrənirəm. Fənləri bir-birindən ayırmıram, hamısını oxuyuram. Ancaq ən çox ədəbiyyatla Azərbaycan tarixini sevirəm”.
Pirağa Məhərrəmli də ədəbiyyatsevərdir. Gələcəklə bağlı çoxlu arzuları var: “Məsələn, mən tarda III sinifdə oxuyuram. Gələcəkdə həm tar müəllimi, həm ədəbiyyat müəllimi olmaq istəyirəm, həm də aktyorluğu seçim deyirəm. Bir sözlə, xəyallarım çoxdur”.

VIII sinif şagirdi olsa da, yaşından böyük görünən Əlihəsən Abdullazadə ilə məktəbin akt zalında tanış olduq. Deyir Zəfər bayramı tədbirini bu il səkkizincilər hazırlayıb. Səhnədə o da yer alıb: “Elçi obrazındayam.  Səhnədə əlimdə bayraqla gəlib anama xəbər verirəm ki, “Ana, ana, Şuşa azad olub”. Ulu babam Şuşada yaşayıb, ona görə mənə bu rolu veriblər, amma özüm Nardarandanam”.

Əlihəsən nağara çalmağı da sevir: “Əvvəl nağaraya gedirdim, sonra həkimim qoymadı, dedi ki, başıma ziyandır”.

Buraxılış imtahanından çıxan onbirincilərin daha çox bal toplamaqla bağlı hədəfləri var

XI siniflər riyaziyyat dərsindədirlər. Müəllim Reyhan Damadayeva 52 bal toplayaraq sertifikatlaşdırmada uğur qazanıb: “Əvvəl ümumtəhsil məktəbində çalışmışam. 15 ildir bu məktəbdə işləyirəm”.

Şagirdləri arasında buraxılış imtahanında uğur qazananlar olduğunu deyib. Onlardan biri Aylin Ağayeva özündən narazıdır: “Buraxılış imtahanından 180 bal topladım, zəif nəticə göstərdiyim üçün bir az narazıyam. Oxuyucu olmadı, bəzi çətinliklər yarandı. Ancaq XII sinif buraxılış imtahanına hazırlaşıram, daha yaxşı nəticə göstərməyə çalışacağam”.

Aylin məzun olduqdan sonrakı planlarından da danışıb: “Milli Konservatoriyada oxumaq istəyirəm. Estrada vokal ifaçısı olacağam. Musiqidən başqa, kitab oxumağı da sevirəm. Axırıncı dəfə “İsgəndərnamə”ni, “Koroğlu” dastanını oxumuşam”. 

Cavidan Bayramov tarix fənnini sevir, qarmon çalır. Ancaq gələcəyini tam fərqli sahədə - turizmdə görür. 

Fidan Quliyeva Azərbaycan və rus dillərini öyrənməyi sevir: “Mən qarmon ifaçısıyam. Bir çox tədbirlərdə iştirak etmişəm. Ulu Pndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş festivalda və “Payız əfsanələri”ndə I yerə layiq görülmüşəm. Pianino da çala bilirəm. İstəsəniz, sizin üçün ifa edə bilərəm. Məktəb tədbirlərində iştirak edirəm. Bu yaxınlarda kitab sərgisində də qarmon çaldım”.

Növbəti sinifdə Azərbaycan dili və ədəbiyyat dərsidir. Bu sinifdə dərs keçən Lamiyə Bayramova da Brayl əlifbası istifadəçisi olan müəllimlərdəndir. 13 ildir çalışır: “Əvvəl ev təliminə gedirdim. Evdə təhsil də maraqlıdır, amma sinifdə dərs keçmək daha yaxşıdır”.
Bu sinfin nümunəvi şagirdləri Aylin Abbasova və Hüseyn Ağahəsənli hər gün məktəbə gəlir, həvəslə bilik və bacarıqlar öyrənirlər. 

Məktəbin məzunları 

12 illik təhsil sistemi qüvvədə olan məktəbin məzunlarının özünəməxsus ixtisas seçimləri də diqqət çəkir. İradə Vəzirovanın sözlərinə görə, şagirdlər əsasən 1 nömrəli Tibb Kollecində Masaj-müalicə fakültəsinə maraq göstərirlər: “Şagirdlərimizin görmə məhdudiyyəti ilə yanaşı, başqa xəstəlikləri də olur. Bu da seçimlərinə təsir göstərir. Özünə daha çox güvənənlər ali məktəblərə qəbul olurlar. Elə şagirdlərimiz də var ki, əvvəldən seçimlərini masaj ixtisası üzrə edirlər”.

İradə Vəzirova məktəbin məzunlarından danışarkən indiyədək ən yüksək bal toplayan Nihad Əlizadənin adını da qeyd edib. 5 nömrəli Xüsusi internat məktəbinin məşhur məzunu Bakı Dövlət Universitetinin Mexanika və riyaziyyat fakültəsinə 596 bal ilə qəbul olub. Və bu il universiteti fərqlənmə ilə bitirib.

2026-cı ilin buraxılış nəticələrindən danışan direktor İradə Vəzirova bildirib ki, 4 nəfər ali məktəbə qəbul olub, digərləri isə kollec və peşə təhsili mərkəzlərində təhsillərini davam etdirirlər. Ali məktəb olaraq Odlar Yurdu Universiteti, Qərbi Kaspi Universiteti, Azərbaycan Milli Konservatoriyası, Azərbaycan Dövlət Pedaqoji Universitetini seçiblər. Qalanları Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Texniki Universitetinin nəzdində fəaliyyət göstərən kolleclərdə oxuyurlar: “Əvvəllər şagirdlərimiz ümumi orta təhsil səviyyəsindən sonra təhsillərini davam etdirirdilər. Lakin bu il peşə təlimi istiqaməti də diqqət mərkəzində oldu. Peşə Təhsili üzrə Dövlət Agentliyinin bir neçə əməkdaşının şagirdlərimiz arasında apardığı iş sayəsində bu il X sinif şagirdlərindən peşə istiqamətini və kollecləri seçənlər oldu. Hazırda həmin şagirdlərin hamısı təhsilini davam etdirir”.

Poliklinikalarda çalışan bu məktəbin məzunlarıdır 

“Hazırda məzunlarımızı ən çox poliklinikalarda, hətta rayonlarımızın xəstəxanalarında görə bilərsiniz”, - deyən İradə Vəzirova məzunları ilə məktəbin əlaqələrindən də söz açıb: “6 il əvvəl məktəbi bitirən bir neçə məzunumuz məktəbə gəlmişdilər. Öz iş yerlərindən, nailiyyətlərindən danışdılar. Çox razı idilər, həyatlarını qura biliblər. Məzunlarımızın bəziləri təhsillərini xaricdə davam etdirir, magistratura səviyyəsində təhsil alırlar. 18 və 16 nömrəli poliklinikalarda çalışan məzunlarımız xüsusilə çoxdur”.

Ətrafımızda bizdən fərqli insanların olduğunu unutmayaq

200-dən çox şagirdin təhsil aldığı məktəbin dəhlizlərində, 12 şagirddən təşkil edilən siniflərin divarlarında uşaq bağırtıları cingildəmir. Dəhlizdə iki-iki dolaşan şagirdlərin davasını yox, mehriban söhbətini görə bilərsiniz ancaq. Adətən onlardan biri zəif görəndir, heç görməyən yoldaşı ilə gözünün işığını paylaşır. Onlar mərhəmətini paylaşır, sevgilərini paylaşırlar. Paylaşdıqca çoxalan sevgi ilə həyata sarılırlar. Gəlin elə edək ki, həyata sarıldıqları o bağlar qopmasın. Gəlin, ətrafımızda bizdən fərqli insanların olduğunu unutmayaq!

“Uşaqlarımızın çoxu məktəbə gələndə qaşıq tutmağı belə bacarmır”
“Uşaqlarımızın çoxu məktəbə gələndə qaşıq tutmağı belə bacarmır”