Ondan qalan “Bir şəkil”: Xocalı şəhidinin hekayəsi filmdə

29 Oktyabr, 2026 - 13:24
Ondan qalan “Bir şəkil”:

Qar üstündə bir şəkil. Qəhrəman ömürdən geriyə qalan tək şəkil. Soyuq dekabr günü qarlı havada başlayıb sərt şaxtalı, qar üstündə bitən ömrün ifadəsinə çevrildi o şəkil. Qəhrəman ömrə həsr oluan filmin adı oldu “Bir şəkil”.

Şəkil şəhid qəhrəman Şöhrət Həsənovun şəkli, “Bir şəkil” onun qəhrəmancasına bitən ömrünə həsr olunan filmdir. 

Şəhid Namiq Həmzəyev adına 238 nömrəli tam orta məktəbin direktoru Xuraman Osmanovanın layihə rəhbəri, Vətən müharibəsi qazisi Nicat Cəlilovun rejissoru, jurnalist Orxan Aslanın ssenari müəllifi olduğu filmin Nizami Kino Mərkəzində təqdimatı keçirildi.

“Azərbaycan müəllimi”nin də qatıldığı təqdimat gecəsində şəhid Şöhrət Həsənovun ailəsi, onu tanıyan  xocalılar, o cümlədən şəhid verənlər, müharibə qəhrəmanlarının ailələri, yaxınları da vardı.

Xocalıda müəllim çatışmayanda müəllim, hərbçi çatışmayanda döyüşçü olub

Usub Həsənovun 14 övladı dünyaya gəlib. Şöhrət Həsənov 14 uşaqdan sağ qalan yeganə övladı olub. Bakıda ali təhsil alarkən anasının xəstəliyini eşidib Xocalıya qayıdıb. İnstitutda təhsilini yarımçıq qoysa da, təhsildən tamamilə kənarda qalmayıb. Sonra təhsilini Xankəndində davam etdirib. Əlinə diplomunu almadan müəllimliyə başlayıb, 60-ci illərdə – Xocalıda müəllim çatışmazlığı olan dövrdə kənddə müəllimlik edib. Sonra pillə-pillə yüksəlib, 48 illik ömrünə müxtəlif vəzifələr sığdırıb. Xocalı soyqırımı baş verəndə rayon icra hakimiyyətində məsul vəzifədə olub. 1992-ci il fevralın 25-də erməni hücumu başlayanda əlinə silah alıb, Xocalı sakinlərinin çayı sağ-salamat keçirilməsində iştirak edib, son gülləsinədək döyüşüb və ayağından aldığı güllə yarasından şəhadətə yüksəlib. 1 gündə göstərdiyi qəhrəmanlıq dillərə dastan olub, "İgidliyə görə" medalına layiq görülüb.

Filmə köçən ömür

Bakıda - Şəhidlər xiyabanında uyuyan şəhidimiz son qəhrəmanlığına, yəni xocalılıların mühasirədən çıxarılmasında iştirakına qədər rayonunu mühasirədən çıxartmağa çalışıb. "Xocalının səsi" qəzetinin əsasını qoyaraq blokadada olan rayonun, sözün əsl mənasında, səsi olmağa, bu səsi Azərbaycan hökumətinə, hətta dünyaya çatdırmağa çalışıb. Haqqında çəkilən filmdə də qeyd edilib ki, o, Xocalıda həm qələmi, həm silahı ilə döyüşüb.

Şagirdlərin fəal iştirakı gecəyə rəng qatdı

“Bir şəkil” filminin təqdimat mərasimi Bakıda şəhid Namiq Həmzəyevin adını daşıyan 238 nömrəli tam orta məktəbin şagirdlərinin hazırladığı maraqlı bədii hissə ilə başladı. Günü-gündən abadlaşan Xocalıdan görüntülərin müşayiəti ilə səhnəyə çıxan məktəblilər maraqlı kompozisiyalar hazırlamışdılar. Onların müəllimi Aygün Teymurova ilə birlikdə çıxışı xüsusi maraq oyatdı. Məktəblilərin repertuarında məhz o gecə üçün hazırlanan və Şöhrət Həsənova həsr olunan mahnı da vardı.

Film kimi ömür 

Xocalı şəhidi Şöhrət Həsənovdan geriyə bir şəkli qalsa da, ömrünün şahidləri çoxdur. Filmin yaradıcı heyəti onların izinə düşüb. Şəhidlər xiyabanında uyuyan qəhrəmanın şərəfli həyatının şahidlərini axtarıb, tapıb, danışdırıb və hər birinin fikrini, ürək sızladan, amma eyni zamanda insanı qürurlandıran xatirələrini filmə köçürüb. Necə deyərlər, onu tanıyanların, ailə üzvlərinin xatirələrini sənədləşdirib. Qəhrəmanı tanıyan, sağlığında sevincini-kədərini, çörəyini paylaşanlar - ömrünün şahidləri filmdə onu bir qəhrəman kimi, şəxsiyyət kimi, vətənpərvər kimi xarakterizə ediblər. 

5 qızın qəhrəman atası

Qızları Aygün, Almaz, Gülnarə, Ruhiyyə və Bəyaz filmdə də, elə filmdən sonra səhnədə də atalarından sakit danışa bilmədilər.
Onların atası fevralın 25-də vətən üçün can verib, amma bir neçə gün nəşini tapmayıblar. Həmin ağrılı günlərdə xocalıların qızlara “Şöhrət erməniyə can verən oğul deyil”, - deyə verdiyi təsəlli qızlara necə təsir edibsə, bu inamla qızı Bəyaz 1 il onun öldüyünü qəbul edə bilməyib. O günlər, atalarından sonra keçən illər heç asan olmayıb. Atalarının 5 balası yaşadıqları həmin günlərin ağırlığını 34 il sonra da gözyaşı ilə anlatdı...

Bir gözləri ağladı, amma bir gözləri güldü... həm övlad kimi onun istəyinə əməl edib təhsil aldıqları üçün, həm də xalq olaraq Xocalıda qar üstünə tökülən şəhid qanlarının qisası alındığı üçün. 

“Onu gəlişindən tanıyırdım”

Həkim olan 4 bacısından fərqli olaraq müəllimliyi seçən ən kiçik bacı Bəyaz “Azərbaycan müəllimi”nə deyib ki, ailələrində təhsilə çox önəm verilib: “Atam şəhid olanda 13 yaşım vardı. Amma hər anını, hər hərəkətini xatırlayıram, ayağını necə soyunduğu, qapını necə açdığı, qəzeti necə oxuduğu gözümün önündədir. Onu gəlişindən tanıyırdım. Heç vaxt bizə əl qaldırmazdı, amma baxışından özümüzü yığışdırardıq. Hər birimiz çalışırdıq özümüzü elə aparaq ki, həmin baxışla nəzəri bizə çevrilməsin. Atam bizi çox sevirdi, hər birimizin potensialını bilirdi. Qız övladının təhsilinə, karyerasına xüsusi önəm verirdi, “Qızlar mənim dövlətimdir”, - deyirdi”.

Nəvələri də onun adına layiq olmağa çalışır

Şövkət Həsənovun sağlığında doğulan ilk nəvəsi Nərmin Əlilli də müəllimliyi seçib: “Təhsilli babamın savadlı qızlarının davamçısı kimi hiss edirəm özümü. Ailə qurduğum üçün müəllimlik edə bilməsəm də, hazırda müəllimlərin işə qəbulu müsabiqəsində iştirak etməyə hazırlaşıram, müəllim olub uşaqlarımızın təhsil almalarında iştirak edəcək, babamın adına layiq olmağa, yoluna sadiq qalmağa çalışacağam”.

Ailənin növbəti Şöhrət Həsənovu isə hərbi xidmətə hazırlaşır. “Universiteti bitirmişəm, hərbi borcumu yerinə yetirməyə hazırlaşıram”.

Şəhid babasının adını daşıması ilə fəxr edən Şöhrət Həsənov hərbi borcunu yerinə yetirməyi bu ada layiq olduğunu göstərməyin yollarından biri hesab edir: “Deyirlər babama həm xasiyyətcə, həm də zahirən oxşayıram. Ona sevgini anam mənə ötürüb. Adını daşıyan nəvəsi kimi mən də babamın adına layiq yaşayacağam”. 

Şəhid haqqında sənədli filmdə böyük sənətkarlar da rol aldı

“Bir şəkil” filmində iki böyük sənətkar da iştirak edib. Filmdə şəhid qəhrəmanı tamaşaçıya yazar rolunda iştirak edən Şamil Süleymanlı təqdim edir. O, şəhid borcundan bu cür çıxmağa çalışıb: “Siz bizim dilimizin uzun, başınızın uca yerisiniz”.

Filmi səsləndirən Nürəddin Mehdixanlı Şöhrət Həsənovu tanıdığını, Xocalı soyqırımı və ondan əvvəlki ağır günlərin şahidlərindən olduğunu dedi: “Bu gün kimlərsə Kərbəla müsibətindən danışmaq istəyir. Mənim kərbəlam Xocalıdır. Xocalını unutmayın. Xocalını unutmadıqca heç kim bizə qalib gələ bilməz. Biz o müsibəti unutmayaq ki, başımıza yeni fəlakətlər gəlməsin”.

“Filmdə də o şəkil öz sözünü deyəcək”

Filmin ideya müəllifi və rejissoru Nicat Cəlilov “Azərbaycan müəllimi”nə film haqqında danışarkən bildirib ki, yaradıcı heyət tanınmayan qəhrəmanları üzə çıxarmağa çalışır: “Bu filmimiz də indiyədək çoxluğun tanımadığı qəhrəmanlardan biri haqqındadır. Onu Xocalı rayon sakinləri çox gözəl tanıyır, istəmişik ki, filmimizlə onu Azərbaycana tanıdaq”.

Rejissor filmin adını belə izah edib: “Xocalı soyqırımı zamanı yandırılan evlərdən biri də Şöhrət Həsənovun evi olduğu üçün ondan bu günə gəlib çatan bir şəkil qalıb. Filmin adını “Bir şəkil” qoymağımız bununla əlaqədardır”.

Rejissor deyir o, qar üstündə şəkillə qəhrımanın qar üstündə bitən ömrünü ifadə edib: “Xocalı soyqırımı qurbanlarının şəkil və görüntülərini hər birimiz yaxşı xatırlayırıq. Hər şey qarlı, soyuqlu gecədə baş verir. Şöhrət Həsənov da o qarlı gecədə şəhid oldu. Bu gün onun qəhrəmanlığını göstərə biləcək kadrlar, görüntülər yoxdur. Yalnız o şəkildir və çox hadisələr, faciələr görən həmin şəkil çox söz deyir. Filmdə də o şəkil öz sözünü deyəcək”.

“...eşitmişdim, bu senaridə həm də gördüm”

Ssenari müəllifi Orxan Aslan “Azərbaycan müəllimi”nə bu filmin ssenarisi təklifini alanda keçirdiyi hisslərdən danışıb: “Əvvəlcə tərəddüd elədim, şəhid haqqında ssenari yazmaq qürurverici olmaqla yanaşı, çox böyük məsuliyyətdir. Sonra araşdırdım, ailə üzvlərindən müsahibələr aldım, mətni hazırlamağa nə vaxt başladığımı xatırlamıram. Bir də onu gördüm ki, çoxdan işə başlamışam”.

Müəllif onu təsirləndirən məqamlardan da danışıb: “Şöhrət Həsənovun qızı Bəyaz xanımın bir ifadəsi oldu. Dedi ki, atam dəfn olunandan bir il sonra onun ölümünü dərk etdim. Ona qədər hələ də elə bilirdim ki, atam yaşayır. Məni şəhidimizin qızları ilə arasındakı bağ çox təsirləndirdi. Qızların atalarına, ataların qızlarına həssaslığı barədə eşitmişdim, bu ssenaridə həm də gördüm”.

“Bu şəxsiyyət bütün ömrü boyu rastına çıxan hər boşluğu doldurmağa çalışıb”

Filmin ideya müəllifi Xuraman Osmanova isə Şöhrət Həsənovun bu həyatda öz üzərinə götürdüyü müəllim rolundan təsirlənib. O, “Azərbaycan müəllimi”nə müsahbəsində belə deyib: “Şöhrət Həsənovun həyatı haqqında məlumat əldə edərkən məni ən çox təsirləndirən onun hələ 17  yaşında müəllimlik etməyi olub. Onun həyatı ilə tanışlıqdan sonra özümçün belə bir nəticə çıxartdım. Bu şəxsiyyət bütün ömrü boyu rastına çıxan hər boşluğu doldurmağa çalışıb”.

Xuraman Osmanova məktəb direktoru olaraq idarə etdiyi təhsil müəssisəsində başladıqları işi davam etdirəcəklərini deyib, hətta növbəti filmin anonsunu verib:  “Məktəbimizin “Unutmarıq, unutdurmarıq” adlı rubrikası var. Bu rubrika çərçivəsində  məktəbdə silsilə tədbirlər keçirilir. Eyni zamanda, qəhrəmanlar haqqında filmlər çəkilir. Şöhrət Həsənov haqqında bu sənədli film də keçirdiyimiz silsilə tədbirlərin  tərkib hissəsi olaraq meydana çıxdı. Bu, artıq IV belə filmimizdir. Uşaqlarımız qəhrəmanlarımızı tanımalıdırlar. Ona görə şəhidlərimizin həyatı ilə bağlı  imkan daxilində film çəkir, yaşayan qəhrəmanlarımızla görüşlər təşkil edirik. Bu da vətənpərvərlik hissinin aşılamasında çox önəmlidir. V filmimiz də artıq hazır olmaq üzrədir”.
Qeyd edək ki, “Bir şəkil” filmi artıq “YouTube”a yerləşdirilib.


Filmə buradan baxa bilərsiniz: