Arzuların ünvanı – “Qarabağ Universitetində təhsil almaq bizim üçün fəxrdir”

29 Noyabr, 2026 - 14:33
Arzuların ünvanı

Üç il əvvəl Qarabağda yeni bir tarix yazılmağa başladı. Bilik və elm məbədinə, gələcəyə inamın və böyük arzuların ünvanına çevrilən Qarabağ Universitetinin əsası qoyuldu. Bu gün universitet müasir təhsil imkanları ilə yanaşı, müəllimlərin və tələbələrin ortaq məqsədləri, zəhməti və uğurları ilə inkişaf edir. Onların hər biri Qarabağın dirçəlişinə, Xankəndidə həyatın canlanmasına və ölkəmizin elmi-intellektual potensialının güclənməsinə töhfə verir. Universitetin üçillik fəaliyyəti Vətənə xidmətin, quruculuğun və gələcəyə inamın hekayəsidir. “Azərbaycan müəllimi” Qarabağ Universitetinin müəllim və tələbələri ilə görüşərək bu hekayəni oxucularına təqdim edir.

“Qarabağ Universitetində fəaliyyət göstərmək fəxarət hissidir”

- 2021-ci ildə Dövlət Proqramı çərçivəsində Böyük Britaniyanın Ekseter Universitetində doktorantura təhsilinə başlamışam. 2026-cı ildə təhsilimi başa vurduqdan sonra Xankəndidə, Qarabağ Universitetində çalışmağa qərar verdim. 

Qarabağda, xüsusilə Xankəndidə fəaliyyət göstərmək mənim üçün böyük fəxarətdir. Bu torpaqlara qayıdışın və quruculuq prosesinin bir parçası olmaq, öz əməyimizlə Vətənə fayda vermək istəyirik. 

Dövlət Proqramı çərçivəsində təhsil aldıqdan sonra Vətənə qayıdaraq dövlətimizə və xalqımıza xidmət etməliyik. Qazandığımız biliklərin ölkəmizin inkişafına töhfə verməsi bizim üçün həm məsuliyyət, həm də qürur mənbəyidir.

Əli Məmmədov, 
Qarabağ Universitetinin müəllimi, Dövlət Proqramının məzunu

“Qarabağ Universitetində təhsil almaq bizim üçün fəxrdir”

- 2024-cü ildə 654 balla Qarabağ Universitetinin “Hüquqşünaslıq” ixtisasına qəbul olmuşam. Universitetimizi seçmək mənim üçün sadəcə ali təhsil müəssisəsi seçimi deyildi. Əslən qarabağlı olduğum üçün bu qərar xüsusi məna daşıyırdı. 

Topladığım balla ölkəmizdə hüquq təhsili verən digər ali məktəblərə də qəbul ola bilərdim. Buna baxmayaraq, seçim siyahımda ilk sırada Qarabağ Universitetini qeyd etdim. Burada təhsil almaq böyük fəxrdir. Tələbə olmaqla yanaşı, Qarabağ Zəfərinin tanıdılmasına və regionun inkişafına töhfə verdiyimizi düşünürük. Tədris prosesi müasir yanaşmalara əsaslanır, nəzəri biliklərlə yanaşı, praktik məşğələlərə də geniş yer verilir. Tələbələrin dolğun universitet həyatı yaşaması üçün də əlverişli şərait yaradılıb. Biz universitetin ilk qəbul tələbələriyik və inşallah, ilk məzunları da olacağıq. Gələcəkdə istintaq sahəsində fəaliyyət göstərməyi, eyni zamanda, imkan yaranarsa, Qarabağ Universitetində müəllim kimi çalışmağı arzulayıram.

Əli Rüstəmzadə, 
Qarabağ Universitetinin III kurs tələbəsi

“Xaricdə qazandığım bilik və bacarıqları gənclərə ötürürəm”

- Bakalavr təhsilimi Bakı Dövlət Universitetində biologiya, magistratura təhsilimi isə Böyük Britaniyanın Qlazqo Universitetində bioinformatika üzrə almışam. Qarabağ Universitetinə gəlməyimin əsas səbəblərindən biri yeni yaradılmış Təbiət elmləri fakültəsinin komandasına qoşulmaq və universitetin inkişafına töhfə vermək istəyimdir. Xaricdə qazandığım bilik və bacarıqları gənclərə ötürmək mənim üçün çox önəmlidir. Burada tələbələrin motivasiyası və bioinformatikaya marağı məni xüsusilə sevindirir. Azərbaycanda bu sahə hələ geniş yayılmasa da, tələbələr mütəmadi olaraq mənə müraciət edir, onu daha dərindən öyrənmək və gələcək karyeralarını bu istiqamətdə qurmaq üçün məsləhətlər istəyirlər. 

Qarabağ Universitetinin üstünlüklərindən biri də burada çalışan müəllimlərin müxtəlif ölkələrdə qazandıqları təcrübəni tədrisə tətbiq etmələridir. Biz də öz təcrübəmiz əsasında karyera məsləhətçiliyi kimi yanaşmaları tətbiq etməyə başlamışıq. Məqsədimiz tələbələrə daha geniş imkanlar qazandırmaqdır.

Səmayə Tağızadə, 
Təbiət elmləri fakültəsinin akademik məsləhətçisi

“Universitetin ilk tələbəsi olmaq xüsusi fürsətdir”

- Qarabağ Universitetinin SABAH qruplarında təhsil alıram. Universitetin tələbəsi olmaq mənim üçün böyük fəxrdir. Qarabağ torpaqlarında yenidən qurulan ali təhsil ocağının ilk tələbələri olmaq hər gəncə nəsib olmayan xüsusi fürsətdir. 

Universitet mənə zəngin təcrübə, bilik və unudulmaz xatirələr qazandırıb. Xaricdə təhsil almış, yüksək bilik və təcrübəyə malik müəllimlərdən dərs almağımız inkişafımız üçün geniş imkanlar yaradır. Burada tələbə həyatı həqiqətən unikaldır. Çünki biz həm Xankəndidə, Qarabağ torpaqlarında yaşayır, həm də bu tarixi universitetin tələbəsi olmağın məsuliyyətini daşıyırıq. 

Universitetdə sosial fəallığımızı artırmaq üçün müxtəlif tədbirlər, intellektual oyunlar, tələbə klublarının və Tələbə Gənclər Təşkilatının layihələri həyata keçirilir. Xankəndidə təşkil olunan qaçış marafonu da belə tədbirlərdəndir. 

Gələcək hədəflərim arasında xarici dil biliklərimi inkişaf etdirmək, beynəlxalq sertifikatlar əldə etmək və xaricdə təhsil almaq da var.

Əbdülkərim Babayev, 
“Maliyyə” ixtisası üzrə IV kurs tələbəsi

“Qarabağ Universitetində arzularımı həyata keçirdiyimə görə xoşbəxtəm”

- Qarabağ Universitetində, xüsusilə onun klinikasında çalışmaq mənim üçün çoxsaylı duyğuların ifadəsidir. Qarabağın işğalı və 30 il doğma torpaqlardan uzaq qalmaq bizim üçün böyük mənəvi ağrı olub. Bu gün Qarabağda yaşamaq və işləmək həmin uzunmüddətli həsrətin sona çatması, mənəvi yaranın sağalması deməkdir. 

Mən İkinci Qarabağ müharibəsinin iştirakçısı, müharibə veteranıyam. İndi Qarabağ Universitetində çalışmaq, Tibb və sağlamlıq elmləri fakültəsinin qurucu müəllimlərindən biri olmaq başladığımız missiyanı quruculuq yolu ilə davam etdirməkdir. 

Bu fəaliyyətin mənim üçün başqa bir mənası da var. Azərbaycan Tibb Universitetində tələbə olarkən gələcəkdə həkimliklə yanaşı, bildiklərimi tələbələrə öyrətməyi arzulayırdım. Qarabağ Universitetində bu arzum gerçəkləşib. 

 Hazırda həm klinikada həkim kimi insanlara yardım edir, həm də tələbələrə bilik və təcrübəmi ötürürəm. Arzularımı doğma Qarabağda həyata keçirmək mənə böyük xoşbəxtlik verir.

Rəşad Sultan, 
Qarabağ Universiteti Klinikasının həkimi, Tibb və sağlamlıq elmləri fakültəsinin müəllimi

“Burada olmaq çox böyük şərəfdir”

- Qarabağ Universitetinin yaradılması ilə bağlı Prezident Sərəncamı imzalandığı gündən mənim də əsas arzularımdan biri burada çalışmaq idi. Uzun müddət təhsil sahəsində fəaliyyət göstərdiyim üçün bu universitetin komandasına qoşulmağı istəyirdim. Nəhayət, bu yay müraciət etdim və ailəmlə birlikdə Xankəndiyə köçmək qərarı verdik. 

Qarabağ Universitetində çalışmaq tarixi Zəfərimizin nəticələrinin möhkəmləndirilməsinə, bölgədə həyata keçirilən quruculuq işlərinə elmi, mədəni və sosial baxımdan töhfə vermək deməkdir. 

Qarabağ Universiteti böyük missiya daşıyır. O, yalnız mütəxəssis yetişdirmir, həm də regionun mədəni və sosial həyatının canlanmasına xidmət edir. Tələbələr şəhərə yeni nəfəs gətirir, müəllimlərlə birlikdə regionun inkişafı, tədqiqi və iqtisadi potensialının artırılması istiqamətində çalışırlar. Bu prosesin bir parçası olmaq mənim üçün qürurvericidir.

Cəmilə İsmayılzadə, 
İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri

“Tələbə həyatı rəngarəng və zəngindir”

- Qarabağ Universitetinə gəlməzdən əvvəl də gənclərlə iş sahəsində fəaliyyət göstərmişəm. Qarabağ bölgəsində yaşayan gənclər, məktəblilər və yeniyetmələrlə müxtəlif layihələr həyata keçirmiş, könüllüləri bu proseslərə cəlb etmişik. Həmin fəaliyyətlər Qarabağa bağlılığımı daha da gücləndirib.
 
Universitetin yaradılmasından sonra burada çalışmağa qərar verdim. Hazırda Tələbələrlə İş Mərkəzində fəaliyyət göstərirəm. Gənclərlə bir arada olmaq, Xankəndidə sosial həyatın formalaşmasına və inkişafına dəstək vermək mənim üçün xüsusi zövqdür.
 
Könüllülük proqramı çərçivəsində tələbələr Şuşada, Xankəndidə və Ağdamda keçirilən yerli və beynəlxalq tədbirlərdə iştirak edirlər. Universitetin tədbirlərinin təşkilində də fəal rol oynayırlar. Beləliklə, tələbələr akademik biliklərlə yanaşı, ünsiyyət, komanda işi və digər sosial bacarıqlarını da inkişaf etdirirlər. 

Lamiyyə Məmmədova, 
Tələbələrlə İş Mərkəzinin böyük mütəxəssisi

“Qarabağ Universiteti həyatımda xüsusi yer tutur”

- Orta məktəbi bitirdiyim il Qarabağ Universiteti ilk dəfə tələbə qəbul edirdi. Universiteti seçmək qərarına gəldikdən sonra digər ali məktəbləri seçim siyahımdan çıxardım. 

Bu qərarımın əsas səbəblərindən biri Qarabağın bizim üçün xüsusi əhəmiyyəti və azad edilmiş torpaqların yenidən qurulmasında iştirak etmək istəyim idi.  

Gözlədiyim kimi, universitetdə tamamilə fərqli və doğma mühitlə qarşılaşdım. Burada müəllimlərlə tələbələr arasında səmimi münasibət var. Onlarla rahat ünsiyyət qurur, fikirlərimizi bölüşür və ehtiyac olduqda dəstək alırıq. 

Mentorluq proqramı da inkişafımız üçün faydalı imkanlardan biridir. Ötən il iştirak etdiyim proqram çərçivəsində mentorlarımızla fərdi və qrup görüşləri keçirir, ixtisasımız, şəxsi inkişafımız və layihələrimizlə bağlı məsləhətlər alırdıq. 

Universitetə qəbul olduğumuz ilk il Xankəndidə indiki qədər tələbə və sakin yox idi. Şəhərin gözümüzün qarşısında yenidən canlandığını gördük. Universitetdə yaranan doğmalıq həm təhsilimizə, həm də şəxsi və sosial inkişafımıza müsbət təsir göstərir.

Elvin Əliyev, 
Mühəndislik fakültəsinin “Kompüter mühəndisliyi” ixtisası üzrə III kurs tələbəsi

“Bu universiteti seçməyimdən çox məmnunam”

- Ötən tədris ilində 620 balla Qarabağ Universitetinin Tibb ixtisasına qəbul olmuşam. Seçimimdən çox məmnunam. Burada keçirdiyim iki il ərzində müxtəlif tədbirlərdə iştirak etmiş, yeni insanlarla tanış olmuş və bir çox layihəyə qoşulmuşam. 

Universitetdə müəllimlərlə tələbələr arasında güclü birlik və qarşılıqlı dəstək var. Hər hansı sualımız və ya ehtiyacımız olduqda müəllimlərimizə rahatlıqla müraciət edə bilirik. Onlar tələbəyönümlü yanaşmaları, diqqət və qayğıları ilə seçilirlər. 

Hər gün universitetə böyük həvəslə gəlirəm. Bakıda yaşasam da, evə gedəndə Xankəndiyə qayıdacağım günü səbirsizliklə gözləyirəm. Şəhərin özünəməxsus ab-havası var. 

İlk dəfə universitetə gələndə yuxarı kurs tələbələri Bakıya gedəndən sonra Xankəndi üçün darıxacağımızı deyirdilər. O zaman buna inanmasam da, ilk tətilimdə onların haqlı olduğunu anladım. Xankəndi üçün darıxmaq universitet həyatımla bağlı ən gözəl və unudulmaz hisslərdən biridir.

Nərgiz Gözəlova, 
Tibb və sağlamlıq elmləri fakültəsinin II kurs tələbəsi

“Qarabağ Universitetində çalışmaq ayrı bir şərəfdir”

- Qarabağ Universitetinin Tibb və sağlamlıq elmləri fakültəsində baş müəllim vəzifəsində çalışıram. Buraya gəlməzdən əvvəl Dövlət Proqramı çərçivəsində Fransanın Paris Universitetində doktorantura təhsili alırdım. 

Doktorantura təhsilimin son mərhələsində Qarabağ Universitetinin yaradılması xəbəri mənim üçün yeni imkan açdı. Təhsilimi başa vurduqdan sonra burada çalışmağa qərar verdim. Bununla bağlı müraciətim müsbət dəyərləndirildi və universitetlə əməkdaşlığa başladım. 

Qarabağ Universitetində fəaliyyət göstərmək, bu torpaqlarda quruculuq işlərinə qoşulmaq mənim üçün xüsusi şərəf və qürur hissidir.
 
Fakültəmizi və tədqiqat laboratoriyamızı sıfırdan qurmuşuq. Hazırda bu istiqamətdə işlərimizi davam etdirir, elmi araşdırmalar aparırıq. İnanıram ki, yaxın gələcəkdə universitetimizdə, xüsusilə fakültəmizdə tədris və elmi tədqiqat sahələrində mühüm uğurlar əldə olunacaq.

Yusif Əfəndizadə, 
Qarabağ Universitetinin müəllimi