Burada divarlar da sənətdən danışır – Yenilənən İncəsənət Gimnaziyasından REPORTAJ
Bu təhsil müəssisəsinin dəhlizlərində addımladıqca hər qapının arxasından başqa bir dünyanın səsi gəlir. Bir sinifdən pianonun həzin sədaları eşidilir, digərində musiqi alətlərinin səsi bir-birinə qarışır. Başqa bir otaqda vokalçılar səslərini cilalayır, aktyorluq dərsində obrazlar canlanır. Pəncərədən boylananda isə tamam başqa mənzərə açılır: bir şagird fırçasını kətan üzərində gəzdirir, digəri heykələ forma verir, bir başqası ilmə-ilmə toxuyaraq öz əl işini yaradır. Burada hər otağın öz ahəngi, hər şagirdin öz ifadə dili var.
1959-cu ildən fəaliyyət göstərən İncəsənət Gimnaziyası müxtəlif dövrlərdə fərqli adlarla tanınıb. Adı dəyişsə də, illər boyu qoruduğu missiya dəyişməyib: incəsənətə marağı və istedadı olan uşaqların yetişməsinə yol açmaq. Əsaslı təmirdən sonra müasir görkəmdə fəaliyyətini davam etdirən gimnaziyada bu gün də hər otaqdan gələn ayrı səs, hər emalatxanada yaranan yeni iş eyni hekayənin fərqli səhifələridir. Bu hekayənin qəhrəmanları isə hələ məktəbli olsalar da, öz sənət yollarının ilk addımlarını atırlar. Ümumtəhsil fənləri ilə yanaşı, musiqi, təsviri və tətbiqi sənət, səhnə sənəti kimi istiqamətlərdə davam edən tədris prosesi şagirdlərin həm bilik qazanmasına, həm də yaradıcılıq imkanlarını üzə çıxarmasına şərait yaradır. İncəsənət bu məktəbdə təhsil həyatının özüdür.
Dəhliz boyunca irəlilədikcə divarlardan asılmış rəsmlər diqqətimizi çəkir. Rənglərin, xətlərin və obrazların bir araya gəldiyi bu tablolar gimnaziyanın divarlarını bəzəyən adi dekorlar deyil. Burada təhsil alan şagirdlərin əl əməyinin, təxəyyülünün və dünyaya baxışının ifadəsidir. Hər əsərdə bir uşağın özünəməxsus baxışı, hər rəngdə onun duyğularından bir iz var. Bu rəsmləri seyr edə-edə təsviri sənət kabinetinə daxil oluruq.
“Bizim ortaq dilimiz fırça və boyadır”
Bizi Azərbaycan Rəssamlar İttifaqının üzvü, Prezident təqaüdçüsü, qabaqcıl təhsil işçisi İlqar Əkbərov qarşılayır. Söhbətimizə binanın əsaslı təmirdən sonra yenidən istifadəyə verilməsinin yaratdığı sevincdən başlayır. Onun sözlərindən aydın olur ki, bu qayıdış həm də yaradıcılıq təhsilinin öz təbii axarına dönməsidir.
“Biz üç ildir ki, bu günü gözləyirdik”, - deyən İlqar müəllim təmir müddətində yaşanan çətinlikləri xatırlayır. Əvvəl başqa məktəbdə dərs keçməli olublar, daha sonra onlayn təhsilə keçiblər. Ancaq təsviri sənət kimi praktik bacarıqların, əl vərdişlərinin və fərdi yanaşmanın mühüm rol oynadığı sahədə ekran qarşısından öyrətməyin öz sərhədləri var.
İndi isə şagirdlər yenidən doğma gimnaziyalarındadır. Müəllimin sözlərində bu qayıdışın sevincini duymaq çətin deyil. Siniflərdəki canlanma, uşaqların üzündəki təbəssüm, kollektivin həvəslə işə başlaması onun üçün yeni imkanların xəbərçisidir. İlqar Əkbərov inanır ki, yaradılan şərait şagirdlərin yaradıcılıq potensialını daha dolğun üzə çıxarmağa, onları yeni sərgilərə və layihələrə aparmağa imkan verəcək.
Bu kabinetdə fırça və boyalarla başlayan söhbət tədricən gimnaziyanın gələcək planlarına doğru genişlənir. Qarşıda Zəfər Gününə həsr olunan işlər var. Kompozisiya dərslərində şagirdlərə Zəfər tariximiz haqqında məlumat verilir, şəhidlərin xatirəsi yad edilir. Müəllim deyir ki, uşaqların təxəyyülü və dünyagörüşü əsasında yaranan rəsm əsərlərini bir araya gətirərək sərgi təşkil etməyi planlaşdırırlar. Digər tarixi mövzular da onların yaradıcılıq gündəliyində yer alır.
Amma bu gimnaziyada sənət sinif otaqlarının divarları arasında qalmır. İlqar müəllimin danışdıqlarından bəlli olur ki, şagirdlərin yaradıcılıq yolunun bir istiqaməti də beynəlxalq təcrübə və mədəniyyətlərarası ünsiyyətdir: “2007-ci ildən etibarən müxtəlif ölkələrdə fəaliyyət göstərən eyni profilli təhsil müəssisələri ilə əməkdaşlıq qurulur. İlk əlaqələr Türkiyənin İzmir şəhərində yerləşən Gözəl sənətlər liseyi ilə başlayıb. Onlar Bakıya gələrək ustad dərsləri keçib, şagirdlər üçün müxtəlif tədbirlər təşkil edib, konsert proqramı təqdim edib və sərgilər keçiriblər. Biz də onların tədbirlərində iştirak etmişik. Bu əməkdaşlıqdan ilhamlanan digər Türkiyə şəhərləri ilə də əlaqələrimiz genişlənib. Məsələn, Trabzon şəhəri ilə qarşılıqlı səfərlər həyata keçirilib. Ötən ilin may ayında Ankarada da bir tədbir keçirildi. Şagirdlərimizin işlərini orada nümayiş etdirdik və çox gözəl nəticələr əldə etdik. Beləliklə, beynəlxalq əlaqələrimiz getdikcə genişlənir”.
Rəssam kimi özü də müxtəlif ölkələrdə keçirilən plenerlərə dəvət alır, fərqli mədəniyyətləri təmsil edən sənət adamları ilə bir araya gəlir: “Beynəlxalq tədbirlərdə müxtəlif dövlətlərdən olan rəssamlar bir araya gəlirlər. Hər kəs fərqli dildə danışsa da, bizim ortaq dilimiz fırça və boyadır. Mənim bilmədiyimi başqası mənə öyrədir, mən də bildiklərimi başqaları ilə bölüşürəm. Bu, həqiqətən də, çox gözəl təcrübə və mədəniyyət mübadiləsidir”.
“Doğma evimizə qayıtmışıq”
Təsviri sənət şöbəsində söhbətimiz davam edərkən diqqətimizi dekorativ-tətbiqi sənətin başqa bir istiqaməti cəlb edir. Gimnaziyada rəssamlığın yanında xalq sənətimizin qədim növlərindən biri olan xalçaçılıq da öyrədilir. Müəllim Minə Məmmədova bu sənətin incəliklərindən danışarkən bildirir ki, burada şagirdlər ibtidai sinifdən başlayaraq XI sinfə qədər xalçaçılığın sirlərinə yiyələnirlər. Onun sözlərinə görə, xalçaçılığa maraq kifayət qədər böyükdür: “Çox sevinirik ki, doğma evimizə qayıtmışıq. Artıq fəaliyyətimizə qaldığımız yerdən davam edirik. Xalçaçılığa da maraq böyükdür, şagirdlərimizin sayı çoxdur”.
Təsviri sənət kabinetindən ayrılıb dəhlizlə irəliləyirdik. Elə bu dəmdə qapıların birinin arxasından həzin musiqi sədaları eşidilir. Addımlarımızı yavaşıdırıq. Musiqinin sehrinə qapılıb qapını aralayırıq. İçəridə bizi gülərüzlü, balaca bir qızcığaz qarşılayır. Təbəssümündə ifa etdiyi melodiyanın özü qədər incə, bir az da sirli-sehirli nəsə var.
Bu balaca pianoçu Fərəh Soltanlıdır. Gimnaziyanın üçüncü sinfində oxuyur, pianino dərslərində musiqinin dilini öyrənir. Hələ qarşısında uzun bir yol var, amma gələcəklə bağlı arzusu artıq bəllidir: müəllim olmaq istəyir, özü də pianino müəllimi. Öyrəndiklərini başqalarına öyrətmək istəyir.
“Şagirdlərin vətənpərvərlik ruhunda böyüməsinə xüsusi diqqət yetiririk”
Bu gimnaziyanın özəlliyi odur ki, burada uşaqlar musiqi, rəssamlıq və digər sənət sahələrində bacarıqlarını inkişaf etdirməklə yanaşı, ümumtəhsil fənlərini də öyrənirlər. İbtidai sinif müəllimi Kəmalə Mədətova ilə söhbətimizdə, ilk növbədə, doğma məktəbə qayıdışın sevincindən danışırıq. Onun sözlərinə görə, başqa məktəbdə tədrisi davam etdirmək müəyyən çətinliklər yaratsa da, indi dərslər öz qaydasına düşüb. Şagirdlər həm ümumtəhsil, həm də seçdikləri incəsənət istiqamətləri üzrə məşğələlərə qatılır, dərslər cədvəl əsasında davam edir: “İbtidai siniflərdə oxuyan uşaqlarımız arasında rəssamlıq, fortepiano, tar və digər incəsənət sahələri üzrə təhsil alanlar var. Uşaqlar dərslərə xüsusi həvəslə gəlir və incəsənətin müxtəlif sahələrinə böyük maraq göstərirlər”.
Ancaq ibtidai sinifdə uşaqlara qazandırılanlar bilik və bacarıqlarla məhdudlaşmır. Məktəb illəri həm də şəxsiyyətin formalaşdığı, milli-mənəvi dəyərlərə münasibətin yarandığı dövrdür. Kəmalə müəllim də bu məqama xüsusi diqqət çəkir: “Məktəb uşaqlara yalnız bilik vermir, onların tərbiyəsində də mühüm rol oynayır. Təhsillə yanaşı, şagirdlərin milli-mənəvi dəyərlərə bağlılığına, vətənpərvərlik ruhunda böyüməsinə xüsusi diqqət yetiririk. Məqsədimiz uşaqların Vətənə layiqli vətəndaş kimi yetişməsi üçün əlimizdən gələni etməkdir”.
Dəhlizlərdə gəzişdikcə özümüzü sanki bir tamaşanın pərdəarxası məkanında hiss edirik. Hər qapının arxasında başqa məşq, başqa ifa, başqa yaradıcılıq dünyası var. Bəzən sadəcə dayanıb dinləmək, bəzən də içəri boylanıb bu dünyanın bir parçasına çevrilmək istəyirsən. Milli musiqimizin səsini eşitdiyimiz tar sinfinə yönəlirik.
“İncəsənət Gimnaziyası Azərbaycanda özünəməxsusluğu ilə seçilən təhsil müəssisəsidir”
Burada bizi tar müəllimi Rəşad Babayev qarşılayır. 2009-cu ildən gimnaziyada çalışan müəllim üçün bu illər şagirdlərin ilk ifalarından müsabiqə və konsertlərdə qazandıqları uğurlara qədər uzanan bir yol deməkdir. Müəllimin sözlərinə görə, gimnaziyanın əsaslı təmirdən sonra yenilənmiş şəraiti müəllim və şagirdlərin fəaliyyətinə yeni ruh gətirib: “Gimnaziyada yaradılan imkanlar həm müəllimlərin işinə, həm də şagirdlərin dərslərə münasibətinə müsbət təsir göstərəcək. Onu da qeyd edim ki, İncəsənət Gimnaziyası Azərbaycanda özünəməxsusluğu ilə seçilən təhsil müəssisəsidir. Burada uşaqlar 11 illik ümumi təhsillə yanaşı, xoreoqrafiya, rəssamlıq, musiqi, xalq çalğı alətləri və digər istiqamətlər üzrə də təhsil alırlar. Gimnaziyanın fərqi məhz bu iki istiqaməti eyni təhsil mühitində birləşdirməsindədir. Şagirdlər ümumtəhsil fənlərini öyrənərkən, eyni zamanda, seçdikləri sənət sahəsində inkişaf etmək, öz bacarıqlarını peşəkar səviyyəyə çatdırmaq imkanı qazanırlar”.
Heykəltaraşlıq kabinetinin qapısından içəri boylananda isə hər kəsin öz işi ilə məşğul olduğunu görürük. Bir küncdə balaca əllər gilin üzərində gəzir, ona forma verir, başqa bir şagird müəlliminin köməyi ilə rənglərin keçidini öyrənir, digəri natürmort üzərində işləyir.
Əlirza, Cavidan, Elbrus və digər balaca heykəltaraşlar xüsusi alətlərlə gili yonur, ona istədikləri formanı verməyə çalışırlar. İbtidai sinif şagirdi olan bu balacalar, bəlkə də, hələ qələm tutmağı yenicə öyrəniblər. Amma qarşılarındakı materiala elə həvəslə forma verirlər ki, gördükləri işin kiçik yaşlarına sığmadığını düşünürsən.
Sakit dəhlizlərlə irəliləyərkən uzaqdan gələn gur musiqi səsi diqqətimizi çəkir. Səsin gəldiyi otağa doğru addımlarımızı yeyinləşdirib qapını aralayırıq. İçəridə nağara ifa edən bir şagirdlə qarşılaşırıq. Etiraf edək ki, bu mənzərə bizi heyrətləndirir. Yox, qadınların bəzi sahələrdə daha az təmsil olunduğundan, müəyyən musiqi alətlərinin daha çox kişilərin əlində göründüyündən danışmayacağam. Düşünürəm ki, bu stereotipləri çoxdan geridə qoymağın vaxtıdır. Bizi burada təəccübləndirən başqa bir məqamdır: nağaranın gur sədaları arasında ifa edən Nəzrin Əliyevanın üzündəki səmimi təbəssüm, gözlərindəki saf sevinc. Elə bil, o, musiqini əlləri ilə deyil, bütün ruhu ilə ifa edir.
Gimnaziyanın XI sinfində oxuyan Nəzrin 7-8 yaşlarından nağara çalır. Əvvəl Rauf Hacıyev adına 11 illik musiqi məktəbində təhsil alıb, IX sinifdən isə bu gimnaziyaya gəlib. Nağaraya marağının həm öz istəyindən, həm də ailəsinin dəstəyindən yarandığını deyir. Bu illər ərzində müxtəlif müsabiqələrdə iştirak edib, diplomlar, sertifikatlar və birinci yerə görə medal qazanıb: “Əvvəlcə çətin görünür, amma illər keçdikcə insan öyrəşir. Sonra çətinlik hissi azalır, əksinə, bu sahəyə maraq daha da artır”, – deyə Nəzrin bildirir.
Gələcək planları barədə soruşanda cavabı tərəddüdsüzdür: “Nağara müəllimi olmağı arzulayıram, ifaçı kimi də fəaliyyət göstərmək istəyirəm”.
Nəzrin həm də müəllimi Ağakərim Abbasovun ilk məzunu olacaq. Beş ildir gimnaziyada çalışan gənc müəllim üçün bu, beşillik pedaqoji fəaliyyətinin ilk bəhrəsini görmək, şagirdinin qazandığı bilik və bacarıqların növbəti mərhələyə keçidini izləmək deməkdir.
A.Abbasov şagirdlərinin uğurlarından danışarkən onların arasında laureatların, birinci yer qazananların olduğunu vurğulayır. Onun sözlərinə görə, nağara ixtisasına maraq var, bu sahədə qız şagirdlər də təhsil alırlar. Əsaslı təmirdən sonra yaxşılaşan şəraitin isə həm müəllimlərin, həm də şagirdlərin qarşısında yeni imkanlar açacağına inanır.
Kabinetdə söhbətə qoşulanlardan biri də IX sinif şagirdi Ümid Hacıyevdir. Dörd ildir nağarada ifa edən Ümidin bu alətə marağı toy məclislərində gördüyü ifaçılardan başlayıb. Sonra ailəsinin dəstəyi ilə özü də nağara dərslərinə qatılıb. İndi isə gələcək arzularını artıq müəyyənləşdirib: nağara müəllimi olmaq və böyük bir orkestrdə çıxış etmək.
“Atam məni musiqiyə qoyanda bundan xəbərim yox idi”
Gimnaziyanın musiqi dünyasında irəlilədikcə öyrənirik ki, burada artıq öz solo konsertlərini verən şagirdlər də var. Onlardan biri XI sinif şagirdi Fərid Zeynalovdur. Musiqiçi ailəsində dünyaya göz açan Fərid bu ənənəni davam etdirərək fortepianonu öz sənət yoluna çevirib. Üstəlik, onun üçün musiqi artıq dərs məşğələləri və məktəb konsertləri ilə məhdudlaşmır: “2016-cı ildən İncəsənət Gimnaziyasında təhsil alıram. Bir çox respublika və beynəlxalq müsabiqələrin laureatı olmuşam. Rusiya, Türkiyə, İtaliya və digər ölkələrdə keçirilən beynəlxalq tədbirlərdə iştirak etmişəm. Artıq solo konsertlər verirəm və il ərzində bir çox konsert proqramlarında çıxış edirəm”.
Musiqiyə gəlişinin hekayəsi isə özü üçün də maraqlı bir başlanğıc olub. Atası onu fortepiano dərslərinə yazdıranda Fərid hələ qarşıda onu nələrin gözlədiyini bilmirmiş. Zaman keçdikcə bu seçim onun öz seçiminə çevrilib: “Atam məni musiqiyə qoyanda bundan xəbərim yox idi. Mən fortepiano dərslərinə yazıldığımı sonradan öyrəndim. Daha sonra başa düşdüm ki, mən elə bu sahə üçün yaradılmışam. Özümü burada tapdım. İnsan öz yolunu bu qədər erkən tapanda bu, böyük xoşbəxtlikdir. Mən uzun müddət axtarış aparmadan öz istiqamətimi tapdım”.
Fərid gələcəyini də fortepiano ilə bağlayır. Ali təhsilini Bakı Musiqi Akademiyasında davam etdirməyi planlaşdırır.
Fəridin bu uğur yolunda müəllim əməyinin də böyük payı var. Fortepiano müəllimi Sevda Ağayeva 45 ildən artıqdır ki, gimnaziyada çalışır. Fəlsəfə elmləri doktoru olan pedaqoq bu illər ərzində çoxsaylı şagirdlər yetişdirib. Onların arasında konservatoriyaya qəbul olunanlar, xaricdə təhsil alanlar, hazırda müxtəlif yerlərdə çalışan musiqiçilər var: “Uğurlu şagirdlərim xaricdə təhsil alıblar. Hər il konservatoriyaya qəbul olunan şagirdlərim də var. Onların çoxu artıq təhsillərini başa vurub, məzun olub və hamısı işləyir. Xaricdə işləyənlər də var”, - deyə Sevda müəllim yetirmələrinin uğurlarından danışır.
Bu il onun XI sinifdə iki şagirdi var: Fərid və Zeynəb. Müəllim üçün onların qazandığı nəticələr uzun illər ərzində sərf olunan zəhmətin davamıdır. Əsaslı təmirdən sonra gimnaziyaya qayıdışı isə xüsusi sevinclə qarşılayır. Yeni şəraitin müəllimlərin fəaliyyətinə, şagirdlərin hazırlığına və gələcək nailiyyətlərinə müsbət təsir edəcəyinə inanır: “Açığını deyim ki, bu günü çox gözləyirdim və buna çox sevinirəm. Bütün bu illər ərzində müsabiqələrə hazırladığımız çoxlu şagirdlər olub. Təkcə mənim deyil, gimnaziyamızda çalışan digər müəllimlərin də əməyini qeyd etmək lazımdır”.
Gimnaziyanın hər otağına boylansaq, hər sinifdə bir az dayansaq, bəlkə də, bu yazı bitib-tükənməz. Çünki burada hər qapının arxasında başqa bir məşğuliyyət, hər məşğuliyyətin içində isə danışılmağa dəyər bir hekayə var. Bir otaqda xoreoqraf Tahir Eynullayev balaca fidanların ilk rəqs addımlarına istiqamət verir. Onun rəhbərliyi ilə uşaqlar musiqinin ritmini duymağı, hərəkətləri bir-birinə uyğunlaşdırmağı, bədən dili ilə hisslərini ifadə etməyi öyrənirlər.
Başqa bir otaqda isə teatr səhnəsinin pərdələri açılır. Hicran Sadıqzadənin rəhbərlik etdiyi teatr şöbəsində şagirdlər səhnə sənətinin incəliklərinə yiyələnirlər. Pərvanə Talıbova onlara səhnə danışığını öyrədir, sözün aydın və təsirli səslənməsinin, intonasiyanın və ifadənin üzərində işləyir. Hicran Sadıqzadənin rejissorluğu ilə şagirdlər “Göyçək Fatma” nağılını səhnəyə gətirməyə hazırlaşırlar. Tamaşanın ssenarisini isə Ülviyyə Vəlizadə yazıb.
Gimnaziyanın başqa otağında səhnə məşqlərinin mövzusu dəyişir. Rejissor Elnurə Vəliyevanın rəhbərliyi ilə şagirdlər Zəfər Gününə həsr olunmuş səhnə təqdimatına hazırlaşırlar. Digər qrup isə Səməd Vurğunun 120 illik yubileyi üçün məşq edir. Bu dəfə şagirdlərin hazırlığına rejissor Nurmila Rüstəmova rəhbərlik edir.
“Ölkənin incəsənəti yüksək səviyyədə olanda onun mədəniyyətini nümayiş etdirir”
Gimnaziyanın otaqlarını bir-bir gəzərkən bizi müşayiət edən musiqi işləri üzrə direktor müavini Zəhra Aqui bu təhsil ocağının gündəlik həyatı, yetirmələri və illər ərzində qazandığı uğurlar barədə danışır. Musiqişünas olan Zəhra xanımın gimnaziyadakı fəaliyyətinin artıq 32 ili tamamlanıb. Bu illər ərzində o, burada yetişən istedadların inkişafını, onların ilk ifalarından müsabiqə uğurlarına qədər uzanan yolunu yaxından izləyib.
Onun sözlərinə görə, bu il musiqi şöbəsində 405 şagird təhsil alır. Xalq çalğı alətləri, orkestr, nəfəs alətləri, fortepiano və vokal ixtisasları üzrə hazırlıq keçən şagirdlər həm respublika, həm də beynəlxalq müsabiqələrdə dəfələrlə iştirak edərək uğurlar qazanıblar. Zəhra Aqui söhbətimiz zamanı bu nailiyyətlərdən danışarkən qarşıdakı otaqlarda da istedadlı şagirdlərlə tanış olacağımızı xüsusi vurğulayır.
Gimnaziyanın iki il davam edən əsaslı təmir dövrünü də xatırlayan direktor müavini həmin müddətdə müəllimlər, şagirdlər və valideynlər üçün yaranan çətinliklərdən söz açır: “Təmir dövründə yaranan çətinliklərə baxmayaraq, birliyimizi qoruduq və balalarımızın təhsilindən geri qalmasına imkan vermədik. Balalarımız bu illər ərzində də çox gözəl nailiyyətlər əldə edib, müsabiqələrdə iştirak edib və uğurlar qazanıblar. Bundan sonra da bu məktəbdə incəsənətimizi inkişaf etdirəcəyik. Çünki bir ölkənin incəsənəti yüksək səviyyədə olanda onun zövqünü və mədəniyyətini nümayiş etdirir. İnanıram ki, şagirdlərimiz bundan sonra da yeni binada çox gözəl nailiyyətlər və uğurlar əldə edəcəklər”.
“Yaradılmış şərait uşaqların hərtərəfli inkişafı üçün geniş imkanlar yaradır”
Gəzintimizin sonunda gimnaziyanın direktoru Aytən Əhmədova ilə də söhbətləşirik. O, təhsil ocağının tarixindən, fəaliyyət istiqamətlərindən və əsaslı təmirdən sonra yaradılan şəraitdən danışır.
Direktorun sözlərinə görə, 1950-ci ildə fəaliyyətə başlayan gimnaziya ilk dövrlərdən musiqi təmayüllü məktəb kimi tanınıb: “Müxtəlif illərdə burada Azərbaycanın görkəmli və istedadlı sənətkarları təhsil alaraq musiqi sənətinin inkişafına töhfə veriblər. 2001-ci ildən isə gimnaziya Azərbaycan Milli Konservatoriyasının nəzdində fəaliyyət göstərir. 2024-cü ildə Elm və Təhsil Nazirliyinin sifarişi ilə binada əsaslı təmir işlərinə başlanılıb və hazırda tədris yenilənmiş şəraitdə davam etdirilir. Bu, çox gözəl hissdir. Çünki burada hər cür şərait yaradılıb. Müasir dövrün tələblərinə uyğun otaqlar və emalatxanalar istifadəyə verilib.
Bildiyiniz kimi, İncəsənət Gimnaziyasında ümumi təhsil, musiqi, teatr, təsviri və tətbiqi sənət, eləcə də xoreoqrafiya şöbələri fəaliyyət göstərir. Bu şöbələrdə 1214 şagird təhsil alır, onların təhsili ilə 393 müəllim məşğul olur. Yaradılmış şərait uşaqların hərtərəfli inkişafı və müxtəlif ixtisaslar üzrə bilik və bacarıqlarını artırması üçün geniş imkanlar yaradır”.
Direktor bildirib ki, pedaqoji heyətdə müxtəlif sahələrin mütəxəssisləri və tanınmış sənət adamları ilə yanaşı, Azərbaycan Milli Konservatoriyasının professorları da yer alır.
Gimnaziyanın dəhlizlərini gəzdikcə, siniflərdəki məşqləri izlədikcə anlayırıq ki, gördüklərimizin hamısını bir yazıya sığdırmaq mümkün deyil. Hər otaqda ayrıca hekayə, hər ixtisasda fərqli yaradıcılıq dünyası var. Bəzən bir ifa, bəzən şagirdin işinə necə həvəslə yanaşması, bəzən də müəllimin onun üzərində səbrlə çalışması diqqətimizi çəkir. Biz isə bu mənzərənin yalnız bir hissəsini oxucularımıza çatdıra bildik...
Foto: Nəriman İsmayılov




