Adını dərslikdə gördü, sərgidə kitabını axtardı – REPORTAJ
Bakı Ekspo Mərkəzinə daxil olduğumuz ilk andan Azərbaycan milli musiqisinin doğma, həzin sədaları bizi qarşılayır. Musiqiyə qarışan insan səsləri, rəngarəng kitab stendləri, dəhlizlərdə gəzişən məktəblilər, tələbələr, gənclər, müəllimlər, yazıçılar... Kimi kitabların səhifələrini vərəqləyir, kimi axtardığı əsəri tapmaq üçün stendləri bir-bir dolaşır. Kimi sevdiyi yazıçı və şairlə ilk dəfə üz-üzə görüşür, kimisi isə çoxdan oxuduğu bir əsərlə bağlı sualını elə müəllifin özünə ünvanlayır.
Sərginin ən xoş mənzərələrindən biri isə burada uşaqların və gənclərin çoxluğudur. Rəqəmsal texnologiyaların, süni intellektin gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrildiyi bir dövrdə onların kitab rəfləri qarşısında dayanıb həvəslə seçim etməsi mütaliənin hələ də öz yerini qoruduğunu göstərir.
Elə sərginin builki devizi də bu mənzərə ilə səsləşir: “Həyat ekrandan böyükdür: bir uşaq, bir kitab, bir gerçək dünya”.
Oktyabrın 21-də Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə işə başlayan XII Bakı Beynəlxalq Kitab Sərgisi 27 oktyabradək davam edəcək. Bu il sərgidə 148 yerli, 32 ölkədən isə 59 xarici nəşriyyat və təşkilat təmsil olunur. Yeddi gün ərzində 300-dən çox müxtəlif səpkili tədbirin, o cümlədən kitab təqdimatlarının, yazıçılarla görüşlərin, imza günlərinin və ədəbi müzakirələrin keçirilməsi nəzərdə tutulur.
Azərbaycanla yanaşı, müxtəlif ölkələrin nəşriyyat və ədəbiyyat nümayəndələrinin iştirakı sərgiyə beynəlxalq məzmun qazandırır. Bizi isə bu böyük tədbirdə daha çox uşaqların, gənclərin kitabla münasibəti, onların nə oxuduqları, hansı əsərləri seçdikləri və mütaliə haqqında düşüncələri maraqlandırır.
“Arzu edirəm ki, hər kəs öz kitabını tapsın”
Sərginin builki fəxri yazarları hamımızın yaxşı tanıdığı Xalq şairi Sabir Rüstəmxanlı və uşaq yazıçısı Reyhan Yusifqızıdır. İlk həmsöhbətimiz də məhz Reyhan Yusifqızı olur.
Yazıçı ilə söhbətimiz uşaq ədəbiyyatına münasibətdən başlayır. O, son illər bu sahədə müşahidə etdiyi dəyişikliklərdən razılıqla bəhs edir. Bildirir ki, müasir uşaqların kitablardan gözləntiləri də dəyişib:
“Uşaq ədəbiyyatına maraq getdikcə artır. Yaxşı kitabların həm dizayn, həm də məzmun baxımından sayı çoxaldıqca uşaqların marağı da artır. Uşaqlarımız müasir, maraqlı, dünya standartlarına cavab verən kitablar istəyirlər. Onlar dünyada hansı proseslərin baş verdiyini, başqa ölkələrdə uşaqların nələr oxuduğunu, nə etdiyini bilmək istəyirlər. Uşaq yazıçıları da bu məlumatları onlara çatdırırlar”.
Reyhan Yusifqızı sərgidə çoxlu uşaqla, xüsusilə öz oxucuları ilə qarşılaşmaqdan duyduğu sevinci də bizimlə bölüşür. Uşaqların üzündəki təbəssümü onların kitaba sevgisi ilə əlaqələndirən yazıçı söhbətimizi belə bir arzuyla tamamlayır:
“Çox şadam ki, bu gün burada çoxlu uşaqlar, oxucularımı görürəm. Hər kəsin üzündə təbəssüm, bir nur var. Bu, kitabdan düşən işıqdır. Arzu edirəm ki, hər kəs öz kitabını tapsın. Həyatında azacıq da olsa, zərrə qədər də dəyişiklik edə biləcək həmin kitabı... Qoy dünyamız daha işıqlı olsun”.
Yazıçının bu sözlərində uşaq ədəbiyyatının əsas missiyası da öz ifadəsini tapır. Axı uşağın özünə yaxın bildiyi bir kitabı kəşf etməsi onun mütaliə ilə uzunmüddətli dostluğunun başlanğıcına çevrilə bilər...
Sərgidə həmsöhbət olduğumuz Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov da belə tədbirlərin mütaliə mədəniyyətinin inkişafına verdiyi töhfələrdən danışır.
Deputat bildirir ki, kitab sərgiləri yalnız yeni nəşrlərin təqdimatı ilə məhdudlaşmır, həm də oxucuların, xüsusilə gənclərin ədəbi mühitlə yaxından tanış olmasına şərait yaradır:
“Bu sərgilərin keçirilməsi oxuya, mütaliəyə, kitaba marağın artırılması baxımından çox önəmlidir. Vətəndaşlarımız yeni nəşrlərlə, kitablarla tanış olur, gənclərimiz bu istiqamətdə görülən işlər barədə məlumat əldə edirlər. Eyni zamanda, müxtəlif mövzular və kitablar ətrafında müzakirələr aparılır. Hesab edirəm ki, bütün bunlar gənclərin mütaliəyə marağının artırılmasına töhfə verir”.
Uşaqlıqdan başlayan dostluq...
Müxtəlif ölkələri təmsil edən iştirakçılar, fərqli dillərdə nəşrlər, müəlliflərlə söhbətlər... Kitab bu sərgidə yalnız oxucu ilə deyil, ayrı-ayrı xalqların ədəbiyyatı və mədəniyyəti ilə də ünsiyyət vasitəsinə çevrilir.
Ziyarətçilər arasında dünyaşöhrətli fotoqraf Reza Deqatiyə də rast gəlirik. Onunla söhbətimiz bizi illər əvvələ, məktəb xatirələrinə aparır.
Əslən azərbaycanlı olan fransalı fotoqraf deyir ki, uşaq vaxtı müəllimi şagirdlərə ən yaxşı dostları haqqında yazı yazmağı tapşırıb. Sinif yoldaşları öz dostlarından bəhs etsələr də, onun cavabı bir qədər fərqli olub:
“Mən yazmışdım ki, mənim ən yaxşı dostum kitabdır. Sonra da bunun səbəbini izah etmişdim. Çünki hələ uşaqlıqdan çox kitab mütaliə edirdim”.
Reza Deqati bu xatirəsini bölüşərkən indiki nəslin də kitabla dostlaşmasının vacibliyini vurğulayır. Onun fikrincə, uşaqları mütaliəyə həvəsləndirmək üçün təhsil müəssisələri və aidiyyəti qurumlar daha fəal çalışmalıdırlar.
Reza Deqatinin illər əvvəl məktəb partasında yazdığı o kiçik inşa əslində böyük bir həqiqəti xatırladır: uşaqlıqda qazanılan mütaliə vərdişi insanı illər boyu müşayiət edə bilər.
Kitabın yalnız fərdi inkişafda deyil, həm də xalqlar arasında ədəbi əlaqələrin genişlənməsindəki rolu barədə isə yazıçı Mirmehdi Ağaoğlu ilə həmsöhbət oluruq.
O bildirir ki, Bakı Beynəlxalq Kitab Sərgisi ildən-ilə genişlənir və Azərbaycan ədəbiyyatının xaricdə tanıdılması üçün yeni imkanlar açır:
“Bu cür sərgilər Azərbaycan yazıçılarının, ədəbiyyatımızın dünyada tanıdılması baxımından çox əhəmiyyətlidir. Yazıçılarla xarici nəşriyyatlar, naşirlər arasında görüşlər təşkil olunur. Onlar bizi, biz onları tanıyırıq”.
Yazıçı, naşir və oxucunun görüş yeri
Sərginin ən çox ziyarət olunan hissələrindən biri nəşriyyatların yerləşdiyi stendlərdir. Müxtəlif janrlarda və qiymətlərdə kitablar oxuculara təqdim olunur. Burada yeni nəşrlərlə tanış olmaq, müəlliflərlə görüşmək, kitabları endirimli qiymətlərlə əldə etmək mümkündür.
“Qədim Qala” nəşriyyatının direktoru, naşir Şöhlət İxtiyaroğlu ilə söhbətimiz zamanı öyrənirik ki, belə tədbirlər nəşriyyatlar üçün də xüsusi əhəmiyyət daşıyır.
O, sərginin əsas üstünlüyünü yazıçı, naşir və oxucunu bir araya gətirməsində görür:
“Burada yazıçı, oxucu və naşir görüşür. Oxucu yazıçıya suallarını verə, imza mərasimlərində iştirak edə, fikir mübadiləsi apara bilir. Bu da sərgini oxucular üçün daha maraqlı və yaddaqalan edir”.
Şöhlət İxtiyaroğlu kitabların əlçatanlığının da vacib olduğunu söyləyir. Bildirir ki, stendlərində müxtəlif qiymət kateqoriyalarında kitablar var. Sərgi günlərində bəzi nəşrlərə 30, hətta 50 faizədək endirim tətbiq olunur.
Stendləri gəzdikcə görürük ki, sərginin üstünlüklərindən biri də seçim müxtəlifliyidir. Oxucu bura konkret bir kitab almaq üçün gəlsə də, rəflər arasında heç planlaşdırmadığı, bəlkə də uzun müddətdir axtarıb tapa bilmədiyi başqa bir əsər, bir romanla qarşılaşa bilər.
Universitet kitabxanalarından sərgi salonlarına
Sərgidə geniş yer ayrılan istiqamətlərdən biri də ali təhsil müəssisələrinin elmi və pedaqoji nəşrləridir. Universitetlər burada professor-müəllim heyətinin hazırladığı kitabları, dərs vəsaitlərini, elmi tədqiqatların nəticələrini təqdim edirlər.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin stendində bizi ali təhsil müəssisəsinin kitabxana əməkdaşı Tamilla Əsgərova qarşılayır.
O bildirir ki, universitet hər il bu sərgidə iştirak edir. Professor-müəllim heyətinin hazırladığı nəşrlər arasında kino, teatr və rəssamlıq sahələrinə aid kitablar üstünlük təşkil edir.
Daha sonra Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin stendinə yaxınlaşırıq.
Universitetin Kitabxana-İnformasiya Mərkəzinin rəhbəri Səlahət Mahmudova deyir ki, burada nümayiş etdirilən kitabların əksəriyyəti ali təhsil müəssisəsinin alimlərinə məxsusdur.
Onun sözlərinə görə, universitetdə hazırlanan elmi nəşrlərin həm yerli mütəxəssislərə, həm də xarici qonaqlara təqdim edilməsi xüsusi əhəmiyyət daşıyır.
Sərgidə kitabxana fonduna yeni daxil olmuş əsərlərlə yanaşı, nadir kitab nümunələri də nümayiş olunur.
Bir qədər irəlidə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) stendi yerləşir.
Universitetin elm və innovasiya məsələləri üzrə prorektoru Rövnəq Rzayev burada təqdim olunan nəşrlərin ali təhsil müəssisəsinin elmi fəaliyyətinin nəticələrini əks etdirdiyini söyləyir.
Prorektorun sözlərinə görə, sərgidə professor-müəllim heyətinin müxtəlif ixtisaslar üzrə hazırladığı dərs vəsaitləri, elmi nəşrlər, həmçinin beynəlxalq nəşriyyatların kitablarından Azərbaycan dilinə tərcümə edilmiş əsərlər təqdim olunur.
Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminov isə söhbətimiz zamanı diqqəti tələbələrin mütaliə vərdişlərinə yönəldir. Universitetin sərgidə ikinci dəfə iştirak etdiyini bildirən rektor hesab edir ki, gənclər kitab oxumağı yalnız imtahanlara hazırlıqla məhdudlaşdırmamalıdırlar:
“Tələbələr kitabları yalnız imtahandan keçmək üçün oxumamalıdırlar. Mütaliə onların özlərini inkişaf etdirməsi, gələcək layihələrdə iştirak etməsi üçün böyük fürsətdir”.
Tarix dərsliyindən kitab sərgisinə...
Sərgi ilə bağlı təəssüratlarını bölüşən ziyarətçilərdən biri də fiziki tərbiyə müəllimi Təbriz Feyzullayevdir.
O, belə tədbirlərin gənclərə müxtəlif müəllif və janrlarla tanış olmaq imkanı verdiyini bildirir. Özünün isə daha çox detektiv əsərlərə və romanlara üstünlük verdiyini söyləyir. Onun fikrincə, bu janrlar gənc oxucuların da sevdiyi ədəbi istiqamətlərdəndir.
Sərginin ən səmimi həmsöhbətləri isə sabahımıza ümid verən uşaqlardır. Onların kitablara münasibətini, mütaliə ilə bağlı düşüncələrini elə özlərindən öyrənirik.
Bakının 308 nömrəli tam orta məktəbinin VII “B” sinif şagirdi Nurlan Məhərrəmovla tanış oluruq. Ətrafımızdakı kitabların çoxluğundan söz açarkən öyrənirik ki, Nurlan daha çox tarixi əsərləri sevir.
Səbəbini soruşduqda izah edir ki, keçmişdə insanların necə yaşadıqlarını, cəmiyyətin hansı qaydalarla idarə olunduğunu, tarixi şəxsiyyətlərin fəaliyyətini öyrənmək ona maraqlıdır.
Nurlan sərgidən əliboş ayrılmayacaq. Artıq özünə kitab da seçib. Özü də milli mətbuatımızın banisi Həsən bəy Zərdabi haqqında.
Niyə məhz bu kitabı aldığını soruşuruq.
“Həsən bəy Zərdabi ilə ilk dəfə V sinif tarix dərsliyində tanış olmuşam. Onun insanların hüquqlarının qorunması, varlı və kasıb təbəqələr arasında ədalətli münasibətin olması ilə bağlı fikirləri məndə maraq yaradıb. Buna görə də onun haqqında daha çox məlumat əldə etmək üçün bu kitabı almağa qərar verdim”, - deyə Nurlan söyləyir.
Məktəb dərsliyində oxuduğu bir mövzu Nurlanda əlavə araşdırma aparmaq istəyi yaradıb. İndi isə o, kitab sərgisində həmin marağın ardınca gəlib.
Həmin məktəbin digər şagirdi Murad Qadaşovun seçimləri isə tamam fərqlidir. O, fantastik əsərləri sevir və sərgidə də məhz bu janrda kitablar axtarır.
Digər məktəbli Murad Səfərli isə tarixə üstünlük verir. Onun fikrincə, tarixi kitablar keçmişimiz haqqında biliklərin gələcək nəsillərə ötürülməsində mühüm rol oynayır.
Həmsöhbətimiz məktəbli Duyğu Həmidzadə isə macəra janrının həvəskarıdır.
Duyğu söyləyir ki, sərgidə sevdiyi janrda çoxlu kitab var və artıq onlardan bir neçəsini alıb. O, kitablarla yanaşı, burada nümayiş etdirilən rəsmləri, müxtəlif aksesuarları da bəyənib.
Beləcə, məktəblilərin hər birinin öz zövqü, fərqli maraqları, cavab axtardığı sualları var.
Nurlan keçmişin izinə düşür, Murad fantastik dünyalara üz tutur, Duyğu isə macəra dolu hekayələrə üstünlük verir. Zövqləri, seçimləri fərqli olsa da, onları birləşdirən ortaq cəhət kitaba sevgi, hər yeni səhifədə nəsə öyrənmək, kəşf etmək əzmidir.
Sərgini gəzməyə davam etdikcə müxtəlif yaşlardan olan insanların kitaba marağının şahidi oluruq. Yazıçılar oxucularla görüşür, naşirlər yeni əsərlərini təqdim edir, universitetlər elmi nəşrlərini nümayiş etdirir, məktəblilər isə öz zövqlərinə uyğun kitabların axtarışındadırlar.
Bütün bu görüşlər arasında yaddaşımızda ən çox qalan isə uşaqların kitab seçərkən göstərdikləri maraq, onlarla həmsöhbət olarkən hiss etdiyimiz həvəsdir.
Bəzən mütaliənin əhəmiyyətindən uzun-uzadı danışırıq. Halbuki Nurlanın tarix dərsliyində tanıdığı Həsən bəy Zərdabi haqqında əlavə kitab almaq istəyi bunun ən sadə və təsirli nümunələrindən biridir. Bir dərsdə yaranan maraq onu kitab sərgisində yeni axtarışa sövq edib.
XII Bakı Beynəlxalq Kitab Sərgisinin uşaqlar üçün əhəmiyyəti də yalnız buradakı nəşrlərin çoxluğu ilə ölçülmür. Əsas məsələ həmin kitablardan hansının uşağın marağını oyatması, onu növbəti kitabı oxumağa həvəsləndirməsidir.
Sərgi salonundan ayrılarkən girişdə eşitdiyimiz milli musiqinin sədaları hələ də qulağımızdadır. Ancaq bu dəfə düşüncəmizdə daha çox məktəblilərlə söhbətlərimiz, onların seçdikləri kitablar və Reyhan Yusifqızının bir arzusu qalır: “Arzu edirəm ki, hər kəs öz kitabını tapsın”.
Bəlkə də bu gün həmin uşaqlardan biri məhz o kitabı tapdı. Bir müddət sonra onun səhifələrini yenidən açacaq, yeni biliklər qazanacaq, yeni suallar verəcək. Kim bilir, bəlkə də növbəti dəfə sərgiyə artıq başqa bir kitabın axtarışında ikən gələcək.
Mən isə düşünürəm ki, kitab sərgisinin əsl uğuru yalnız neçə kitabın nümayiş olunmasında deyil, neçə uşağın buradan mütaliəyə daha böyük həvəslə ayrılmasındadır.




