Xaricdə təhsildən Azərbaycanda karyeraya - DP məzunlarının sərgisindən REPORTAJ
Bir tərəfdə dövlət və özəl qurumların stendlərinə yaxınlaşaraq iş imkanları ilə maraqlanan, CV-lərini təqdim edən gənclər, digər tərəfdə isə uzun müddət görüşmədikləri dostları ilə yenidən bir araya gələn məzunlar... Dünyanın müxtəlif nüfuzlu universitetlərində təhsil almış gənclər bu dəfə Azərbaycanda karyera imkanlarını öyrənmək, gələcək fəaliyyətləri ilə bağlı planlarını bölüşmək üçün Xaricdə təhsil üzrə Dövlət Proqramının məzunları üçün təşkil olunan karyera sərgisində bir araya gəliblər.
Oktyabrın 19-da Bakıda keçirilən sərgi Dövlət Proqramı İdarəetmə Qrupu (DPİQ) və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin birgə təşkilatçılığı ilə baş tutub. Tədbirdə 40-dan çox dövlət və özəl qurum tərəfindən 150-dən çox vakansiya təqdim olunub.
Sərgi məkanında gənclərin fəallığı xüsusilə nəzərə çarpırdı. Məzunlar bir stenddən digərinə yaxınlaşır, təqdim olunan vakansiyalarla maraqlanır, işəgötürənlərin nümayəndələri ilə söhbət edirdilər. Kimisi konkret bir şirkətdə çalışmağı qarşısına məqsəd qoymuşdu, kimisi isə ixtisasına uyğun bütün imkanları dəyərləndirmək istəyirdi.
Bəs xaricdə təhsil almış gənclər Azərbaycanda hansı sahələrdə çalışmaq istəyirlər? Onlar üçün hansı iş imkanları mövcuddur?
“Azərbaycan müəllimi” olaraq sərgidə iştirak edən məzunlarla həmsöhbət olduq, onların karyera planları ilə maraqlandıq, işəgötürənlərin təklif etdiyi imkanlarla tanış olduq.
“Xaricdə qazandığım bilikləri Azərbaycanda tətbiq etmək istəyirəm”
İlk həmsöhbətlərimizdən biri London Universitet Kollecinin (UCL) məzunu Ayla Heybətovadır. O, sərgiyə maliyyə sahəsindəki iş imkanları ilə tanış olmaq üçün qatılıb. Bu il “Menecment” ixtisasının maliyyə istiqaməti üzrə təhsilini başa vuran Ayla Heybətova qazandığı bilikləri Azərbaycanda tətbiq etmək istəyir:
“Əvvəllər də maliyyə sahəsində iş təcrübəm olub. Düşünürəm ki, xaricdə qazandığım biliklər, beynəlxalq mühitdə əldə etdiyim təcrübə, tanış olduğum insanlar və qurduğum əlaqələr gələcək fəaliyyətimə mühüm töhfə verəcək”.
Müsahibimiz həmçinin işləmək istədiyi şirkətləri də müəyyənləşdirib:
“Xüsusilə SOCAR və “PAŞA Management Company”də işləmək istəyirəm. Maliyyə üzrə bilik və bacarıqlarımı həmin şirkətlərdə tətbiq etməklə dövlətə də daha çox töhfə verə biləcəyimi düşünürəm”.
Sərgidə yalnız maliyyə və idarəetmə deyil, yaradıcılıq sahəsində təhsil alan gənclərə də rast gəlirik.
Ostindəki Texas Universitetində dizayn üzrə magistr təhsili alan Lalə Əmirquliyeva da fəaliyyətini Azərbaycanda davam etdirməyi planlaşdırır. Bakalavr təhsilini Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında “Sənaye dizaynı” ixtisası üzrə alan müsahibimiz 2024-cü ildə Dövlət Proqramına müraciət edib.
Onun sözlərinə görə, magistratura proqramının müxtəlif istiqamətləri əhatə etməsi gələcəkdə dizaynın bir neçə sahəsində çalışmasına imkan verir:
“Təhsil aldığım proqram çərçivəsində qazandığım bilikləri sənaye, qrafik dizayn və dizaynın digər sahələrində tətbiq etmək mümkündür. Buna görə də düşünürəm ki, Azərbaycanda müxtəlif istiqamətlər üzrə fəaliyyət göstərə bilərəm”.
Lalə Əmirquliyeva sərgidə sənaye, qrafik və vizual dizayn sahələrində təqdim olunan imkanlarla maraqlandığını, əsas məqsədinin isə Azərbaycanda karyera qurmaq olduğunu deyir.
Söhbətləşdiyimiz digər məzun Tofiq Kərimli də maliyyə sahəsində ixtisaslaşıb. Dövlət Proqramı çərçivəsində Vorvik Universitetində maliyyə üzrə magistr təhsili alan həmsöhbətimiz sərgidə həm özəl şirkətlərin, həm də dövlət qurumlarının təqdim etdiyi imkanlarla maraqlanır. Bakalavr təhsilini Türkiyənin Koç Universitetində “İqtisadiyyat” ixtisası üzrə başa vuran həmsöhbətimiz biliklərini daha çox audit və sabit gəlirli maliyyə alətləri sahəsində tətbiq etməyi düşünür:
“Hazırda sabit gəlirli maliyyə alətləri sahəsində çalışmaq istəyirəm. Bununla yanaşı, audit və ya maliyyə idarəetməsi sahəsində aldığım təhsil və təcrübədən faydalanacağıma inanıram”.
Tofiq Kərimli xüsusilə “PAŞA Holdinq”ə daxil olan şirkətlərin və bəzi nazirliklərin təqdim etdiyi vakansiyalara maraq göstərib:
“Dövlət müəssisələrində, dövlət qulluğunda çalışmaq istərdim. Buna görə də həmin qurumların təqdim etdiyi vakansiyalar və ümumi iş imkanları ilə daha yaxından maraqlanıram”.
“Dövlətin məzunlar üçün belə imkanlar yaratması sevindiricidir”
Sərgidə dövlət sektorunda çalışmaq istəyən gənclər də az deyil. Onlardan biri Edinburq Universitetində dövlət idarəetməsi üzrə magistr təhsilini başa vuran Səbuhi Dadaşovdur.
Bakı Dövlət Universitetinin “Beynəlxalq münasibətlər” ixtisasını fərqlənmə ilə bitirən Səbuhi Dadaşov bilik və bacarıqlarını dövlətə qulluq etmək üçün istifadə etməyə hazır olduğunu deyir. O, məzunlar üçün belə bir sərginin təşkil olunmasını yüksək qiymətləndirir:
“Bu sərgidə iştirak etmək mənim üçün böyük qürurdur. Dövlətin məzunların qayğısına qalması, iş tapmağımız üçün belə imkanlar yaratması sevindiricidir”.
Qoşulmama Hərəkatı Gənclər Təşkilatının protokol şöbəsində bir il çalışan Səbuhi Dadaşov rus, ingilis və fransız dillərini səlis bilir. O, xaricdə qazandığı bilikləri və əvvəlki iş təcrübəsini dövlət sektorunda tətbiq etmək niyyətindədir.
Həmsöhbətimiz sərgidə bir neçə dövlət qurumunun nümayəndəsi ilə görüşməyə və CV-sini təqdim etməyə də imkan tapıb:
“Təşkil olunan karyera sərgisi sayəsində İqtisadiyyat Nazirliyinin, Dövlət Məşğulluq Agentliyinin, eləcə də Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndələri ilə görüşmək imkanı əldə etdim. CV-mi onlara təqdim etmişəm. Ümid edirəm ki, yaxın günlərdə mənimlə əlaqə saxlayacaqlar”.
Məzunların maraq göstərdikləri istiqamətlər arasında şəhərsalma və daşınmaz əmlak sahəsi də var.
Vaşinqton Universitetində daşınmaz əmlak üzrə magistr təhsili alan Elgün Tarverdiyev də sərgiyə ixtisasına uyğun iş imkanları axtarmaq üçün gəlib. O, qazandığı bilikləri investisiyalar, daşınmaz əmlak, şəhərsalma və daşınmaz əmlakın inkişafı sahələrində tətbiq etməyi planlaşdırır:
“Azərbaycanda bu istiqamətdə fəaliyyət göstərən bir neçə şirkət var. “PAŞA Real Estate”, “Sea breeze” və digər şirkətlərdə ixtisasıma uyğun işə başlaya biləcəyimi düşünürəm”.
Elgün Tarverdiyev sərgidə şəhərsalma sahəsi üzrə təqdim olunan imkanlarla tanış olub, həmçinin İqtisadiyyat Nazirliyinin tabeliyində daşınmaz əmlak sahəsində fəaliyyət göstərən qurumun nümayəndələri ilə əlaqə saxlayıb.
“Daşınmaz əmlak sahəsi üzrə seçimlər nisbətən məhdud olsa da, sərgi ixtisasımıza uyğun fəaliyyət göstərən qurumlarla tanış olmaq və gələcək əməkdaşlıq imkanlarını dəyərləndirmək baxımından faydalıdır”.
Texnologiya sahəsində karyera qurmaq istəyən məzunlar da var
Sərgidə diqqətimizi çəkən istiqamətlərdən biri də informasiya texnologiyaları sahəsidir. Şeffild Universitetində informasiya sistemləri üzrə magistr təhsili almış Nigar Ələkbərli gələcək fəaliyyətini “məhsul sahibi” (“Product Owner”) sahəsində davam etdirmək istəyir.
Bakalavr təhsilini Azərbaycan Dövlət Neft və Sənaye Universitetində başa vuran Nigar Ələkbərli daha sonra proqramlaşdırma sahəsində iş təcrübəsi qazanıb. Dövlət Proqramı çərçivəsində Böyük Britaniyada aldığı magistr təhsili isə ona texnologiyaya daha geniş aspektdən yanaşmaq imkanı verib:
“İnsanların texnologiyadan necə istifadə etdiyini, onun imkanlarından daha yaxşı və hər kəs üçün faydalı şəkildə yararlanmağın yollarını öyrənmək istəyirdim. Məqsədim hərtərəfli mütəxəssis olmaqdır. Dövlət və ya özəl şirkətdə yeni texnoloji məhsul tətbiq edilərkən prosesi müxtəlif tərəflərdən qiymətləndirməklə işə öz töhfəmi vermək istəyirəm”.
Əvvəlki iş təcrübəsi bank sektoru ilə bağlı olduğundan müsahibimiz sərgidə daha çox bankların təqdim etdiyi vakansiyalara diqqət yetirib:
“Burada həm özəl, həm də dövlət bankları təmsil olunur. “PAŞA” və ABB-də mənə uyğun vakansiyalar var idi. CV-lərimizi insan resursları üzrə mütəxəssislərlə paylaşdıq, indi cavab gözləyirik”.
Nigar Ələkbərli hesab edir ki, proqramlaşdırma sahəsində qazandığı təcrübə və magistratura təhsili ona seçdiyi istiqamətdə üstünlük verə bilər:
“Fəaliyyətimi “Product Owner” kimi davam etdirmək istəyirəm. Düşünürəm ki, texniki təcrübəmlə magistratura təhsilimin birləşməsi məni bu vəzifəyə daha uyğun edir”.
Bəs işəgötürənlər məzunlara hansı imkanları təqdim edirlər?
Məzunlarla söhbətdən sonra üz tuturuq dövlət və özəl qurumlarının stendlərinə. Burada da özünəməxsus fəallıq müşahidə olunur. İnsan resursları üzrə mütəxəssislər gəncləri mövcud vakansiyalarla tanış edir, onların təhsili, bacarıqları və karyera hədəfləri ilə maraqlanırlar.
Elm və Təhsil Nazirliyinin İnsan resursları sektorunun əməkdaşı Türkan Cəfərli bildirir ki, belə sərgilər məzunlarla qurumların nümayəndələri arasında birbaşa ünsiyyətə imkan yaradır:
“Sərginin əsas məqsədi məzunların həm bir-biri ilə, həm də dövlət qurumları ilə daha yaxından tanış olmasıdır. İnsan resursları üzrə əməkdaşlar onlara mövcud vakansiyalar barədə məlumat verir, məzunlar isə CV-lərini təqdim edir, maraqları və karyera hədəfləri haqqında danışırlar”.
Onun sözlərinə görə, namizədlər haqqında təqdim olunan məlumatlar ümumi bazada toplanır və gələcək iş imkanları üçün dəyərləndirilir.
Sərgidə təmsil olunan qurumlardan biri də Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyidir.
Agentliyin baş məsləhətçisi İlahə Şəfiyeva deyir ki, qurumda artıq Dövlət Proqramının bir neçə məzunu çalışır. Amma agentliyin fəaliyyət istiqamətlərinə uyğun ixtisaslar üzrə təhsil almış digər gənclərlə də maraqlanırlar:
“Əsas fəaliyyət istiqamətlərimiz sırasında antiinhisar nəzarəti, haqsız rəqabətə qarşı mübarizə, dövlət satınalmalarına nəzarət və standartlaşdırma yer alır. Buna görə də iqtisadiyyat, idarəetmə və hüquq istiqamətləri üzrə ixtisaslar bizim üçün xüsusi əhəmiyyət daşıyır. Namizəd axtarışında da ilk növbədə Dövlət Proqramı çərçivəsində bu ixtisaslar üzrə təhsil almış məzunlara diqqət yetiririk”.
“Məzunların işlə təmin olunmasına dəstək göstərməyə çalışacağıq”
Sərginin həmtəşkilatçılarından olan Dövlət Məşğulluq Agentliyi də müxtəlif istiqamətlər üzrə vakansiyalarla təmsil olunur.
Agentliyin İnsan resursları departamentinin əməkdaşı Cavid Hüseynov bildirir ki, Dövlət Proqramı məzunlarına müxtəlif vəzifələr üzrə iş imkanları təklif edilir:
“Agentlik olaraq mütəxəssis, aparıcı mütəxəssis, böyük mütəxəssis və baş mütəxəssis vəzifələri üzrə iş imkanları təklif edirik. Əməkdaşlarımız məzunlara bu vakansiyalarla bağlı məlumat verir və onlara dəstək göstərirlər”.
Cavid Hüseynovun sözlərinə görə, sərgidə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin digər tabeli qurumları da öz vakansiyalarını təqdim edirlər:
“Mümkün qədər çalışacağıq ki, Dövlət Proqramı məzunlarının işlə təmin olunmasına dəstək göstərək”, - o qeyd edib.
Sərgidə həmsöhbət olduğumuz gənclərin karyera planları müxtəlifdir. Maliyyə, dövlət idarəetməsi, dizayn, informasiya texnologiyaları, daşınmaz əmlak... Hər biri öz ixtisasına uyğun istiqamətdə fəaliyyət göstərmək, xaricdə qazandığı bilik və təcrübədən Azərbaycanda faydalanmaq istəyir.
Kimisi CV-sini təqdim edərək işəgötürənlərdən cavab gözləyir, kimisi isə təklif olunan imkanlar arasından ixtisasına və karyera hədəflərinə uyğun seçim etməyə çalışır. Sərgi çərçivəsində qurulan əlaqələrin konkret məşğulluq imkanlarına çevrilməsi qarşıdakı dövrdə özünü göstərəcək. Xaricdə təhsil üzrə Dövlət Proqramının məzunlarını işəgötürənlərlə bir araya gətirən bu sərgi isə gənclərin peşəkar potensialının ölkəmizdə dəyərləndirilməsi, qazandıqları bilik və təcrübənin müxtəlif sahələrdə tətbiqi, eləcə də əmək bazarına inteqrasiyası baxımından əhəmiyyətli platforma rolunu oynayıb.




