Çin dilini öyrənirlər, gələcəyə körpü qururlar - REPORTAJ
“Bir dil, bir insandır, iki dil iki insan” deyimini yəqin ki, çoxunuz eşitmisiniz. Çünki hər yeni dil insanı başqa bir mədəniyyətlə tanış edir, ona fərqli düşüncə tərzini anlamaq və dünyaya başqa pəncərədən baxmaq imkanı yaradır.
“Azərbaycan müəllimi” olaraq Naxçıvan Dövlət Universitetinin (NDU) Xarici dillər fakültəsində, bu fərqli dünyaya açılan qapıdayıq.
Dünyanın ən çətin dili
Bizi bura gətirən bu il ilk dəfə qəbul aparılan “Tərcümə (Çin-Azərbaycan dilləri)” ixtisasının tələbələri ilə eyni auditoriyada olmaq, onların dərs prosesini izləmək, müəllim və tələbələrlə söhbətləşmək istəyidir. Auditoriyanı tapmaq o qədər də çətin olmur, oradan yeni bir dilin, gənc və enerjili müəllimin səsi eşidilir. O, Çin dilində sözləri tələffüz edir, tələbələr isə təkrar edirlər. Bir daha, bir daha... Səslər bir-birinə qarışır, tələbələr düzgün tələffüz etməyə çalışırlar.
Bəs Çin dilini öyrənmək tələbələr üçün nə deməkdir? Onları bu dili öyrənməyə cəlb edən nədir və Naxçıvanda Çin dilinin tədrisi onları qane edirmi?
Bu suallara cavab tapmaq üçün bir azdan tələbələrlə söhbət edəcəyik, amma ilk olaraq dərsi izləmək üçün icazə alıb, bir kənarda əyləşirik.
Çin dilinin mürəkkəb işarələrini öyrənmək, onları yadda saxlamaq heç də asan deyil. Tələbələr də bu çətinliyin fərqindədirlər. Bununla belə, onların dərsə marağı və fəallığı diqqətdən yayınmır.
Maraqlıdır ki, ABŞ Xarici Xidmət İnstitutu (FSI) dilləri mənimsəmə müddətinə görə kateqoriyalara bölür. Ən çətini olan V kateqoriya, təxminən 88 saat və ya 44 həftə çəkən dillərdən birincisi Çin (Mandarin və Kanton) dilidir. Müasir Çin əlifbasında 87 min heroqlif var. Bu heroqliflərin bir çoxu bir-birindən əhəmiyyətsiz dərəcədə fərqlənir, lakin tamamilə başqa mənalar verir. Bir heroqlif bir söz ola bilər və ya təkcə bir hərf olar. Dilin çətin tərəflərindən biri də odur ki, dili zəif bilən insan mətndə nə yazıldığını tam başa düşə bilməz.
Bütün bunlara baxmayaraq tələbələr öyrənməyə çox meyillidirlər. Bilmədiklərini süni intelektdən də soruşur, öz aralarında təkrar edirlər. Hələ təzə öyrəndikləri üçün tələffüsləri də fərqli səslənir. Elə səslər var ki, onlar burunda deyilməlidir.
Müşahidə etdiyimiz odur ki, tələbələr səhv etməkdən çəkinmirlər, çünki bilirlər ki səhv etdikcə daha da püxtələşəcək və asan öyrənəcəklər.
“Naxçıvan Dövlət Universitetinin tələbələri çox fəal və səmimidirlər”
Çindən dəvət olunmuş müəllim Xiaofen Zhangdır dərsi çox həyəcanla izah edir. Yeni gəlməyinə baxmayaraq 40 yaşlı müəllimlə tələbələr arasında səmimi bir ünsiyyət də yaranıb. Bir-birlərini ingilis dilində başa salsalar da, bəzən bir işarə, kiçik təbəssüm belə fikirlərini çatdırmağa yetir.
Məlumat üçün bildirək ki, Xiaofen Zhang Çinin Qansu əyalətinin Tianshui şəhərində yerləşən Tianshui Normal Universitetinin əməkdaşıdır. O NDU ilə Çin Universitetləri arasında olan əməkdaşlıq çərçivəsində Naxçıvana gələn mütəxəssislərdən biridir.
Tələbələr Çin dilində öyrəndikləri yeni sözləri öz aralarında təkrar edərkən, biz də müəllim ilə qısaca söhbət edirik. Bu Naxçıvana ilk gəlişidir. Universitet tərəfindən Naxçıvanda Çin dilini tədris etmək imkanı təklif edildikdə bir az tərəddüt etsə də, sonradan bu təklifi dünyanı daha yaxından kəşf etmək və zəngin təcrübə qazanmaq üçün gözəl fürsət kimi dəyərləndirib. Naxçıvana gələndən sonra isə, fikirləri müsbət yöndə tamamilə dəyişib. Deyir ki, bura çox gözəl, sakit və təmiz şəhərdir: “Buranın kifayət qədər təhlükəsiz və dinc bir yer olduğunu gördüm. Naxçıvanın məhz bu dinc mühitini və insanlarının çox səmimi, istiqanlı olmasını həqiqətən çox sevdim. İnsanları çox səmimi və həyatsevərdir. Naxçıvan Dövlət Universitetinin tələbələri də çox fəal və səmimidirlər. Bu da məni çox sevindirir”.
Çinli müəllimi NDU-ya gətirən digər səbəb isə yeni yerlər görmək və fərqli mədəniyyətlərlə tanış olmaq istəyidir: “Çində belə bir qədim deyim var: Min kitab oxumaqdansa, min kilometr yol getmək yaxşıdır”. Yəni insan yalnız oxumaqla kifayətlənməməli, həm də dünyanı gəzib görməlidir”.
Müəllimə tələbələrlə olan səmimi münasibətinin diqqətimi çəkdiyimi deyirəm. Gülümsəyərək “Çin dili ixtisasının tələbələri bu dili öyrənməyə daha ciddi yanaşır və daha çox həvəs göstərirlər”-, deyir. Qeyd edir ki, Naxçıvan Dövlət Universitetində “Çin dili tərcüməçiliyi” ixtisası ilə yanaşı, Beynəlxalq münasibətlər və memarlıq fakültələrində də Çin dili tədris olunur: ““Çin dili” ixtisasında təhsil alan tələbələrlə digər ixtisasların tələbələrinin Çin dilinə münasibəti eyni deyil. “Digər ixtisasların tələbələri üçün Çin dili ikinci dil olduğuna və əsas ixtisas sahələrinə daxil olmadığına görə onlar bu dilə nisbətən daha az diqqət yetirirlər. “Çin dili” ixtisasının tələbələri isə Çin mədəniyyətini və həyat tərzini öyrənməyə daha çox maraqlıdırlar”.
Yeni gəlməyinə baxmayaraq “Çin ilə Naxçıvan arasında təhsil infrastrukturu baxımından hansı fərqliliklər var”-, deyə soruşuruq. İlk növbədə deyir ki, Çindəki tələbələrlə buradakı tələbələr arasında da müəyyən fərqlər var: “Naxçıvanda tələbələrin böyük hissəsi öz evlərindən universitetə gəlir və ya kirayə evlərdə yaşayırlar. Çində isə vəziyyət fərqlidir, orada tələbələrin günü daha çox kampus daxilində keçdiyi halda, burada gənclər şəhər mühiti ilə daha sıx təmasdadırlar. Çin dilinin tədrisi metodları baxımından isə, yeni olduğu üçün, hələ ki burada Çindəki qədər geniş imkanlar yoxdur. Tədris metodları da auditoriyalarda mövcud olan imkanlara uyğun olaraq dəyişə bilir. Amma buna baxmayaraq biz tədris prosesində Naxçıvan Dövlət Universitetinin təqdim etdiyi geniş imkanlardan yararlanırıq. Zəruri avadanlıqlarla təmin olunmuş auditoriyalarda dərslərimizi uğurla davam etdiririk”.
Müəllimə təşəkkür edən zaman zəng də çalınır. Yeni dərsə başlamazdan əvvəl, fürsətdən istifadə edib, tələbələrlə də söhbətləşirik.
Xatırladım ki, bu yeni ixtisas üzrə 15 plan yerindən 14-ü dolub.
“Çin dili gələcəyin peşə imkanlarına açılan qapıdır”
Müsahibimiz, qrup nümayəndəsi Turan Babayev yüksək qəbul balı ilə universitetə daxil olan tələbələrdən biridir. O, bu balla başqa ixtisasları, hətta başqa universitetləri də seçə bilərdi. Amma Çin dilinə olan marağı və gələcək hədəfləri onu bura gətirib. Naxçıvan Dövlət Universitetində bu ixtisasın açılması xəbərini böyük sevinclə qarşılayıb. Universitetin rəsmi sosial media hesablarında ixtisas haqqında məlumatla tanış olduqdan sonra araşdırma aparıb və burada təhsil almağa qərar verib.
Tələbə deyir ki, son illərdə Çində texnologiyanın sürətlə inkişaf etməsi, eləcə də Azərbaycanla Çin arasında əlaqələrin genişlənməsi bu dili öyrənməyi daha aktual edir: “Düşünürəm ki, gələcəkdə bu dili yaxşı bilən mütəxəssislərə ehtiyac artacaq və iş imkanları daha çox olacaq. Son illərdə Çin dilinə marağım artmışdı. Çin dilinin Naxçıvan Dövlət Universitetində tədris olunmasını arzulayırdım. Burada dərslərin müvafiq mütəxəssislər tərəfindən keçirilməsi çox yaxşıdır. Çinli müəllimlərlə ingilis dili vasitəsilə ünsiyyət qururuq. Bu da həm dili öyrənməyimizə, həm də ingilis dili biliklərimizi inkişaf etdirməyimizə kömək edir. Digər fənlərimiz də öz sahələrini yaxşı bilən müəllimlər tərəfindən tədris olunur”.
Tələbənin sözlərinə görə, tədris prosesi maraqlı keçir və hazırda ciddi çətinliklə üzləşməyib. Bununla belə, yeni dili dərindən mənimsəmək üçün qarşıda onu davamlı çalışma və səbr tələb edən bir yol gözləyir. Gələcək karyerası ilə bağlı isə müsahibimizin bir neçə istiqamətdə planları var: “Bu ixtisas üzrə təhsil alanlar üçün çoxlu iş imkanları var. Beynəlxalq münasibətlər, turizm, logistika və biznes kimi sahələrdə işləmək mümkündür. Hələ konkret qərar verməmişəm. Amma əsas məqsədim bu dörd il ərzində Çin dilini çox yaxşı öyrənməkdir. Magistratura təhsili almağı da düşünürəm.Hətta gələcəkdə Çinin ali təhsil müəssisələrindən birində magistraturada oxumaq istəyirəm”.
Turan Çin dilini öyrənmək istəyən gəncləri əvvəlcədən araşdırma aparmağa, motivasiyalı olmağa və yeni dil öyrənməkdən çəkinməməyə çağırır.
“Çin dili gələcək üçün çox funksional bir dildir”
Uşaqlıqdan Asiya ölkələrinə maraq göstərən digər müsahibimiz tələbə Nazilə Şükürova bu marağını gələcək peşə seçiminə yönəldib. Onun bu seçimi isə təsadüfi deyil. Gənc tələbə həm dilin imkanlarını, həm də Çin mədəniyyətini yaxından tanımaq istəyir: “Çin dilinin gələcəkdə yaratdığı imkanlar digər dillərlə müqayisədə daha çoxdur. Məsələn, ətrafımızdakı insanların çoxu ingilis dilində danışa bilir, amma Çin dilində danışanların sayı azdır. Buna görə də düşünürəm ki, Çin dili gələcək üçün çox funksional bir dildir”.
İxtisas seçimi zamanı müxtəlif universitetləri araşdıran Nazilə üçün Naxçıvan Dövlət Universitetində bu ixtisasın açılması daha əlverişli seçim olub:
“Bu il Naxçıvan Dövlət Universitetində “Çin dili” ixtisasının açılması mənim üçün yaxşı oldu. Burada tədrisə cəlb olunan kadrlar da çox peşəkardırlar. Ona görə də buranı seçdim. Həm də ailəmə yaxın olmaqla burada təhsil almaq mənim üçün daha rahatdır”.
Çin dilini öyrənmək asan olmasa da, Nazilə dərslərin maraqlı keçdiyini deyir: “Çin dilinin müəyyən çətinlikləri var və bu dili öyrənmək o qədər də asan deyil. Amma dərslərimiz çox maraqlı olduğundan vaxtın necə keçdiyini hiss etmirik. Xarici dil öyrənmək çox yaxşıdır. Bu, insanın həm dünyagörüşünü artırır, həm də biliyini zənginləşdirir.
Əvvəldən də Çin mədəniyyətinə marağım var idi, amma universitetə qəbul olunduqdan sonra daha çox öyrənməyə başladım. Çinin çox valehedici mədəniyyəti var”.
Həmsöhbətimizin gələcək planları da seçdiyi ixtisasla bağlıdır. Nazilə bakalavr təhsilini başa vurduqdan sonra magistratura təhsilini xaricdə, Asiya ölkələrindən birində davam etdirmək istəyir. Onun üçün ən arzuolunan seçim isə Çindir.
Bakıda yaşasa da, dilə olan marağı onu Naxçıvana gətirib
Yeni ixtisas, fərqli dil və gələcək üçün böyük hədəf seçən tələbələrdən biri də “Çin dili” ixtisası üzrə təhsil alan Fatimə Zeynalovadır. Fatimə Bakıda yaşasa da, dilə olan marağı onu Naxçıvana gətirib: “Yaxşı ki, Naxçıvan Dövlət Universitetini seçmişəm. Burada dərslər yaxşı təşkil olunur, müəllimlər mövzuları başa düşməkdə bizə kömək edirlər. Tədris prosesi ilə bağlı hələlik ciddi çətinlik yaşamıram. Hər şeyi yaxşı qavramağa çalışıram”.
Naxçıvan şəhəri də tələbədə xoş təəssürat yaradıb: “Naxçıvan çox gözəl şəhərdir, xoşuma gəlir. Əvvəllər də ailəmlə birlikdə bura gəlirdik. Şəhər mənə həmişə gözəl təsir bağışlayıb”.
Gələcək planlarından danışan tələbə magistratura təhsilini davam etdirmək istəyir. Xüsusilə Çinlə bağlı təhsil imkanları onun maraq dairəsindədir. Seçdiyi dili daha dərindən öyrənmək və gələcəkdə bu sahədə ixtisaslaşmaq əsas hədəflərindəndir.
Çin dilini öyrənməkdən Çində yaşamaq arzusuna
Naxçıvan Dövlət Universitetində “Çin dili” ixtisası üzrə təhsil alan birinci kurs tələbəsi Əli Abbasov isə 321 bal toplayaraq arzuladığı ixtisasa qəbul olub. Yeni dillər öyrənməyə marağı onun seçimində əsas rol oynayıb: “Bu ixtisası seçim zamanı birinci yerə yazmışdım. Çin dilinə marağım var idi. Yeni dillər öyrənməyi sevdiyim üçün bu ixtisası araşdırdım və seçdim. İxtisasın yeni olması və builki qəbul balları da mənim üçün müəyyən imkan yaratdı.Bu ixtisasa qəbul olmaq mənim üçün həqiqətən maraqlı və sevindirici oldu”.
Universitet həyatına yeni başlayan gənc üçün Çin dilini öyrənmək həm maraqlı, həm də müəyyən çətinlikləri olan bir prosesdir: “Dərslərimizə yeni başlamışıq. Bir aydan çoxdur ki, təhsil alırıq və artıq müəyyən biliklər əldə etmişik. Amma bəzi çətinliklər də olur. Çünki bu dili uşaqlıqdan, məktəb illərindən öyrənməmişik. Çin dilinin işarələri, onların yazılışı və yazı qaydaları kifayət qədər çətindir. İlk vaxtlarda tələffüz də mənə çox çətin gəlirdi. Amma yavaş-yavaş öyrənirik”.
Bəs gənc tələbənin gələcək planları nələrdir? Məlum olur ki, onun arzuları yalnız Çin dilini öyrənməklə məhdudlaşmır: “Gələcək planlarımdan biri Çinə getmək, orada yaşamaq və bizneslə məşğul olmaqdır. Digər tərəfdən, Azərbaycanda qalıb Çin dilini tədris etməyi də düşünürəm”.
Əlbəttə ki, müasir texnologiyalar da tələbələrin dil öyrənməsinə kömək edir. İnternet resurslarından istifadə, əlavə məşqlər və evdə təkrarlar yeni dilin mənimsənilməsini asanlaşdırır. Tələbələr də dərslərdə qazandığı bilikləri evdə möhkəmləndirməyə çalışırlar.
Onların hər biri Naxçıvan Dövlət Universitetində yaradılan tədris imkanlarından razılıqla danışırlar. Tələbələr Çinli və Türkiyədən gələn müəllimlərin dərslərə cəlb olunmasını bu dili və mədəniyyəti daha yaxından tanımaq baxımından əhəmiyyətli hesab edir.
Bu ixtisas gələcəkdə tələbələr yeni imkanlar yaradacaq
Digər tələbələrin də fikirləri təxminən bu şəkildədir. Amma tənəffüs fasiləsi bitdiyi üçün, tələbləri sinfə daxil olan, Türkiyədən gələn müəllim Yasəmin Qumru ilə yalnız buraxıb, adutoriyanı tərk edirik.
Müəllim və tələbələrin yüksək enerjisi bizdə belə bir fikir formalaşdırır ki, qarşıda onların öyrəniləcək yeni sözləri, mənimsəniləcək yazı işarələri və arzuladığı planları olsa da, yeni dil öyrənməyə maraqla başlayanlar üçün bu ixtisas gələcəkdə yeni imkanlar yaradacaq. Hazırda ölkəmizdə Çin dili üzrə mütəxəssislərə də ehtiyac var.




