Bir nəslin yaddaşındakı Zəfər - 247 nömrəli məktəbdən REPORTAJ

3 Noyabr, 2026 - 12:17
Bir nəslin yaddaşındakı Zəfər - 247 nömrəli məktəbdən

8 Noyabr – Zəfər Gününün altıncı ildönümü ərəfəsində Bakı şəhəri 247 nömrəli tam orta məktəbdə “Qəhrəmanlıqdan Zəfərə!” adlı tədbir keçirilib. Məktəbə daxil olan kimi dəhlizlərdəki rəsmlər, şagirdlərin hazırladığı əl işləri, Vətənə və Zəfərə həsr olunan guşələr həmin günün ovqatını hələ tədbir başlamamışdan duymağa imkan verirdi. Məktəbin dəhlizləri ilə irəlilədikcə bir fikir məni müşayiət edirdi: bizim nəslin uşaqlığı işğal tarixini əzbərləməklə, xəritədə itirdiyimiz torpaqları axtarmaqla, hər əlamətdar gündə Qarabağın həsrətini dilə gətirməklə keçib. İndiki şagirdlər isə həmin torpaqların azad olduğu, Zəfərin tarixə çevrildiyi bir ölkədə məktəbə gedirlər. Bəlkə də bu hissi tam olaraq izah etmək çətindir. Amma bir həqiqət var: onların uşaqlığına bizim uşaqlığımızdan fərqli bir qürur miras qalıb.

Məktəbin dəhlizlərində də bu qürurun izləri görünürdü. Şagirdlərin rəngarəng əl işləri, rəsm əsərləri, Azərbaycanın tarixi-mədəni irsini əks etdirən təsvirlər bizi qarşılayırdı. Xüsusilə “Şəhərsalma və Memarlıq İli”nə həsr olunan əsərlər diqqət çəkirdi. Hər biri özünəməxsusluğu ilə seçilən bu işlər məktəblilərin istedadından, həmin istedadı üzə çıxarmağa çalışan müəllimlərin zəhmətindən xəbər verirdi.

Dəhlizdə Zəfərə həsr olunmuş xüsusi guşə və şagirdlərin hazırladığı “Əsgərə məktub” da diqqətimi çəkdi. Bizi balaca Ömər qarşıladı. İnklüziv sinifdə təhsil alan Ömər Vətənə həsr olunmuş şeir söylədi. Onun səsi bu həqiqəti bir daha yada saldı: bu Vətən hamımızındır. Burada hər kəs bərabər təhsil alır, böyüyür, öz istedadını üzə çıxarır, gələcəyini qurur.

Şəhid ailələrinin üzvləri, ictimaiyyət nümayəndələri və fəxri qonaqların iştirak etdiyi “Qəhrəmanlıqdan Zəfərə!” adlı tədbirdə əvvəlcə Dövlət Himni səsləndi, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Ardınca səhnə uşaqların ifasında canlanan Vətən hekayəsinə çevrildi. Əllərində milli musiqi alətimiz tarla səhnəyə çıxan iki şagird, arxa fonda çiçəklənən Azərbaycan mənzərəsi, rəqs edən uşaqlar... Xorun ifasında səslənən “Səndə mənim şanlı tarixim varaqlanır” misrası sanki bütün bu mənzərəni tamamlayırdı.

Hərbi geyimli şagirdlərin meydana daxil olması ilə səhnənin ovqatı dəyişdi. Onların hər biri verilən çağırışa cavab verir, əsgər obrazında Vətənin keşiyində dayananları xatırladırdı. “Sən varsan, biz də varıq, müqəddəs yurdum!” sözləri ilə davam edən kompozisiya məktəblilərin dilindən səslənən sədaqət andı təsiri bağışlayırdı. Bu səhnədə uşaqların ifasında bir mesaj vardı: Vətənə bağlılıq yaş tanımır.

Daha sonra səhnədə Xocalı faciəsinə həsr olunmuş kompozisiya təqdim edildi. Əsgər obrazındakı şagirdin Xocalıda olduqlarını bildirməsi ilə tamaşaçılar işğal illərinin ağrılı xatirələrinə qayıtdılar. Arxa fonda Xocalı soyqırımını əks etdirən ağır görüntülər nümayiş olundu. Səhnədəki uşaqlar gözlərini yumdular. Bu anı izləyərkən insanın ağlına dünyanın illərlə xalqımızın yaşadığı faciələrə göz yumması gəlirdi. Sonra uşaqlar gözlərini açdılar. Sanki bu dəfə yaddaşını itirməyən, dərdini unutmayan, torpağının azadlığına qovuşmaq üçün mübarizəsindən dönməyən xalqın iradəsi səhnədə canlandı.

Ardınca ana obrazının yer aldığı səhnəcik başladı. Oğlundan zəng gözləyən ana nəhayət, telefonun səsini eşidir. Ancaq bu, gözlədiyi adi zəng deyil, övladından gələn son zəngdir. Səhnə məktəbin şəhid məzunu İsmayıl Kərimli və onun anasının hekayəsini xatırladırdı.

Bu səhnənin məhz noyabrın 3-də – İsmayılın şəhid olduğu gündə təqdim edilməsi də təsadüfi deyildi. Məktəb öz məzununun xatirəsini onun şəhidlik tarixində yad edir, qəhrəmanlığını şagirdlərə bir daha xatırladırdı. Bir məktəbin yetirməsinin həyat hekayəsi səhnədə canlandırılsa da, zalda oturan hər kəs bilirdi ki, bu taleyi yaşayan minlərlə ana, minlərlə ailə var.

İsmayıl Kərimlinin valideynləri Ceyhun və Rəna Kərimovlar da tədbirdə iştirak edirdilər. Bu məktəb onlar üçün doğma məkandır. Hər il məktəbə gəldiklərini, keçirilən tədbirlərdə iştirak etdiklərini deyən valideynlər Zəfər Gününün hər bir azərbaycanlı üçün xüsusi əhəmiyyət daşıdığını vurğuladılar: “Bu məktəb bizə çox doğma bir məktəbdir. Biz bu məktəbə hər il gəlirik və tədbirlərin hamısında iştirak edirik. Zəfər Gününü qeyd etmək bizim hər birimizin borcudur. Çünki bu, qəhrəmanlarımızın bizə bəxş etdiyi bayramdır”, – Ceyhun Kərimov bildirdi.

İsmayılın valideyni üçün Zəfər Günü həm də övladının canı bahasına qazanılan qələbənin təcəssümüdür. Azad edilmiş torpaqlara bu gün rahat gedə bilməyimizin şəhidlərimizin fədakarlığı sayəsində mümkün olduğunu vurğulayan ata bütün Azərbaycan xalqına təbriklərini çatdırdı.

İsmayıl bu məktəbin məzunu idi. Məktəb illərindən sonra hərbi xidmətə yollanmış, Vətənin müdafiəsi yolunu seçmişdi. Xocavənd və Şuşa istiqamətində gedən döyüşlərdə iştirak etmişdi. Kəşfiyyatçı olan İsmayılın döyüş yolu, aldığı təltiflər və qəhrəmanlığı valideynlərinin yaddaşında yaşayır. O, 3 noyabrda qəhrəmancasına şəhid olmuşdu.

İsmayılın anasının danışığında isə qürurla yanaşı, övlad həsrətinin ağırlığı da duyulurdu. Hərbi xidmətə yola salarkən onunla sağollaşa, özündə bu gücü tapa bilmədiyini söyləyən ana bu gün geriyə baxanda oğluna demək istədiyi son sözləri dilə gətirdi: “Bu gün mənə desəydilər ki, İsmayıla son sözümü deyə bilərəm, deyərdim: İsmayıl, sən düz yoldasan. Sən əsl kişiyə xas olan namus, qeyrət yolunu seçdin. Səninlə qürur duyuram”.

Bu sözlərdə bir ananın övladına sevgisi və heç vaxt bitməyən qüruru vardı. İsmayılın adı həmin gün ailəsinin xatirələri ilə yanaşı, məzunu olduğu məktəbin divarları arasında, şagirdlərin təqdim etdiyi kompozisiyada da yaşayırdı.

Tədbirin sonunda şəhid ailələrinin üzvləri və fəxri qonaqlar Zəfər Gününün tarixi əhəmiyyətindən, xalqımızın qəhrəmanlıq salnaməsindən, şəhidlərimizin əvəzsiz fədakarlığından danışdılar. 44 günlük Vətən müharibəsində xalqımızın birliyi, ordumuzun rəşadəti və Ali Baş Komandanın rəhbərliyi ilə qazanılan tarixi Zəfərin Azərbaycan tarixinin qızıl səhifələrinə əbədi həkk olunduğu vurğulandı.

Bəli, bu Zəfər şəhidlərimizin qanı, qazilərimizin sağlamlığı, əsgər və zabitlərimizin igidliyi bahasına qazanılıb. Onun sevincini yaşamaqla yanaşı, bu böyük fədakarlığı gələcək nəsillərə anlatmaq da bizim borcumuzdur. Məktəbdə keçirilən tədbirin hər səhnəsi, hər şeiri, hər mahnısı məhz bu yaddaşın qorunmasına xidmət edirdi.

Tədbir başa çatanda yenidən dəhlizlərdəki rəsmlər, məktublar, uşaqların əl işləri yadıma düşdü. Bir az əvvəl həsəd apardığım uşaqlara bu dəfə başqa hisslə baxdım. Onlar azad Qarabağı xəritədə həsrətlə axtarmayacaq, işğal illərinin ağrısını bizim kimi yaşamayacaqlar. Onlar öz Vətənlərində qalib xalqın övladları kimi yaşayacaqlar. Şəhidlərin adını, qəhrəmanların tarixini öyrənəcək, bu torpağın hansı fədakarlıqlar bahasına azad edildiyini biləcəklər.

Ən böyük arzumuz da budur: bu uşaqlar Vətəni sevməyi müharibənin ağrısını yaşayaraq deyil, azadlığın, sülhün və quruculuğun içində öyrənsinlər. Zəfərin bizə əmanət etdiyi gələcək məhz onların əlindədir...

Bir nəslin yaddaşındakı Zəfər - 247 nömrəli məktəbdən
Bir nəslin yaddaşındakı Zəfər - 247 nömrəli məktəbdən
Bir nəslin yaddaşındakı Zəfər - 247 nömrəli məktəbdən
Bir nəslin yaddaşındakı Zəfər - 247 nömrəli məktəbdən
Bir nəslin yaddaşındakı Zəfər - 247 nömrəli məktəbdən
Bir nəslin yaddaşındakı Zəfər - 247 nömrəli məktəbdən
Bir nəslin yaddaşındakı Zəfər - 247 nömrəli məktəbdən
Bir nəslin yaddaşındakı Zəfər - 247 nömrəli məktəbdən