Məktəbdə geyim qaydaları: Yanaşmalar necədir? – REPORTAJ
Səhər saatlarında məktəbə doğru irəliləyən şagirdlər bir-birindən öz davranışlarına görə fərqlənirlər. Kimi tələsik addımlayır, kimi dostu ilə söhbət edir, kimi də çantasını çiyninə atıb dərsə hazırlaşır. Amma məktəbli geyimi onları ortaq görünüşdə birləşdirir.
Azərbaycanda məktəblərdə vahid geyim prinsiplərinin tətbiqi ilə bağlı qaydaların gündəlik həyatda necə əks olunduğunu görmək üçün A.Hüseynzadə adına 20 nömrəli tam orta məktəb-liseyə üz tutduq.
Şagirdləri əvvəlcə məktəbin girişində qarşılayan müəllimlər onların geyimlərinə diqqət yetirir, təbəssümlə sinfə yola salırdılar. Zəng vurulan kimi dərsə tələsən uşaqların yanından keçib müəllimlər otağına daxil oluruq. Müəllimlər dərs saatları başlayana qədər burada əyləşir, dərslərinə hazırlaşır, bir-biri ilə fikir mübadiləsi aparırlar.
Elə ilk həmsöhbətimiz rus dili və ədəbiyyatı müəllimi Svetlana Aslanova olur. 1988-ci ildə pedaqoji fəaliyyətə başlayan müəllim 38 ilə yaxındır ki, təhsil sahəsində çalışır. 1995-ci ildən isə 20 nömrəli məktəbdə işləyir.
“Nəzarət edirik ki, şagirdlər məktəbə formada gəlsinlər”
Svetlana müəllim deyir ki, şagirdlərin məktəbə istədikləri geyimdə gəlməsi uşaqlar arasında müəyyən fərqlərin yaranmasına səbəb olur. Buna görə də vahid məktəbli geyimi məktəbdə ümumi görünüşün qorunması baxımından əhəmiyyətlidir. Bu gün isə qaydalara əməl olunmasına daha çox diqqət yetirilir. S.Aslanova çalışdığı məktəbdə həm şagirdlərin, həm də müəllimlərin geyiminə nəzarət edildiyini bildirir: “Öz məktəbimiz haqqında deyə bilərəm ki, müəllimlərimiz məktəbə uyğun, səliqəli geyimdə gəlirlər. Onları məktəb mühitinə uyğun, səliqəli, açıq rəngli köynəklərdə, qara şalvarlarda və ya qara ətəklərdə görmək mümkündür.
Şagirdlər üçün də məktəbli forması müəyyən olunub. Hər il dərslər başlamazdan əvvəl valideynlər artıq bu formanı alır və uşaqlar məktəbə həmin geyimdə gəlirlər. Biz nəzarət edirik ki, şagirdlər məktəbə formada gəlsinlər”.
Bəs məktəbli geyimi ilə bağlı qaydalara əməl olunmadıqda necə davranılır? Svetlana müəllim deyir ki, belə hallara, xüsusilə yuxarı siniflərdə bəzi şagirdlərin əlavə aksesuarlardan istifadəsinə rast gəlinir. Onun sözlərinə görə, böyüməyə can atan yeniyetmələr bəzən bəzək əşyalarına maraq göstərirlər. Belə hallarda isə müəllimlər onlarla söhbət edir, məktəb mühitinə uyğun görünüşün vacibliyini izah edirlər: “Qızların saçları, əlbəttə ki, səliqəli şəkildə yığılmalıdır. Əlavə aksesuarlara, xüsusilə də qız şagirdlərin istifadə etdiyi bəzək əşyalarına gəldikdə, bəzən yuxarı sinif şagirdləri böyüməyə can atdıqları üçün bu cür aksesuarlardan istifadə etməyə çalışırlar. Lakin buna icazə verilmir. Qaydalar da bunu nəzərdə tutur.
Belə hallar baş verdikdə uşaqlarla söhbətlər aparır, onlara bunun düzgün olmadığını izah edirik. Şagirdlərə bildiririk ki, məktəbə bu cür geyimdə gəlmək olmaz. Biz də nəzarət edirik ki, uşaqlar həmişə məktəbli formasında olsunlar və məktəb mühitinə uyğun davransınlar”.
Müəllim qeyd edir ki, məktəbdə geyim qaydalarına nəzarət yalnız dərs ilinin əvvəlində və ya ayrı-ayrı hallarda həyata keçirilmir. Bu, gündəlik işin bir hissəsidir: “Demək olar ki, bu proses hər gün məktəbimizdə yoxlanılır. Şagirdlər hər səhər məktəbə gələndə onların geyimlərinə diqqət yetirilir. Məktəbli formasında gəlməyən uşaqlarla da söhbətlər aparılır”.
“Məktəbdə qaydalara əməl etmək hər birimizin borcudur”
Svetlana Aslanova üçün bu məsələ geyimlə məhdudlaşmır. O hesab edir ki, məktəb uşaqlara bilik verməklə yanaşı, onlara qaydalara əməl etməyi, məsuliyyətli davranmağı və cəmiyyətin dəyərlərinə hörmətlə yanaşmağı da öyrətməlidir: “Məktəbdə müəyyən edilmiş qaydalara əməl etmək hər birimizin borcudur. Biz uşaqları da bu ruhda tərbiyə edirik. Onları vətənpərvər ruhda böyütməyə, Vətənə sevgi, milli dəyərlərə hörmət və vətəndaşlıq məsuliyyəti aşılamağa çalışırıq. Məktəbli formasına gəldikdə, bu qaydalar müəyyən olunub və hamı onlara əməl etməlidir”.
Svetlana Aslanova ilə söhbətimizdən sonra onun gənc həmkarı, ingilis dili müəllimi Sevinc Tağıyevanın da fikirlərini öyrənirik. 2020-ci ildən pedaqoji fəaliyyətlə məşğul olan, son üç ildə isə 20 nömrəli məktəbdə çalışan Sevinc müəllim vahid geyim prinsipinə həm şagirdlərin, həm də müəllimlərin görünüşü baxımından yanaşır: “Şagirdlərin geyim qaydalarının olması, məncə, düzgün qərardır. Çünki hamı eyni formada geyinməlidir. Müəllim də şagirdlər üçün nümunə olmalı, məktəbdə səliqəli görünüşün formalaşmasına töhfə verməlidir”, – deyə o bildirir.
“Davranışlarımızın şagirdlərə təsir göstərdiyini müşahidə edirik”
Sevinc müəllimin fikrincə, pedaqoqun şagirdə təsiri təkcə dərslə məhdudlaşmır. Müəllimin geyimi, davranışı və verdiyi tövsiyələr də uşaqların məktəb mühitində formalaşmasına təsir göstərir. O bu təsiri gündəlik fəaliyyətində də müşahidə etdiyini deyir: “Biz yalnız dərs keçməklə kifayətlənmirik, öz davranışlarımızın da şagirdlərə təsir göstərdiyini müşahidə edirik. Görürük ki, müəllim uşaqla söhbət aparanda, ona müəyyən tövsiyələr verəndə və düzgün davranış qaydalarını izah edəndə bu, şagirdlərə təsir edir. Qərar qəbul ediləndən sonra da dəyişikliklərin olduğunu müşahidə edirik”.
Gənc müəllim hesab edir ki, şagirdlərə nümunə olmaq pedaqoqun gündəlik məsuliyyətidir. Böyüklərin davranışı və görünüşü uşaqların özlərini necə aparmasına da təsirsiz ötüşmür. O, şagirdlərin dünyagörüşünün artırılmasını və vətənpərvərlik ruhunda böyüməsini də pedaqoji fəaliyyətinin vacib istiqamətlərindən biri hesab edir. Bu məqsədlə müxtəlif işlər gördüyünü, uşaqlarda Vətənə bağlılıq hissini gücləndirməyə çalışdığını bildirir.
Elə bu zaman zəng səsi eşidilir. Dəhlizdə dərsə tələsən şagirdlərin arasında bir qədər dayanıb onların da fikirlərini öyrənirik. Vahid məktəbli geyimi barədə danışarkən bu qaydanın birbaşa aid olduğu şagirdlərin münasibətini eşitmək də maraqlıdır.
9-cu sinif şagirdi Mələk Əskərli vahid geyim prinsipini şagirdlər arasında yarana biləcək müqayisələrin qarşısını almaq baxımından düzgün hesab edir: “Məsələn, bir şagird məktəbə fərqli geyimdə gəlirsə, digər şagird də başqa geyimdə gələr. İnsan istər-istəməz digərinin geyiminə baxıb düşünə bilər ki, onun geyimi mənimkindən daha yaxşıdır və ya başqa bir şagirdin geyimi daha gözəldir. Buna görə də hesab edirəm ki, məktəbli geyimi ilə bağlı bu qayda doğrudur. Hər bir şagird vahid məktəbli formasında olmalıdır”.
“Müəllimlərimizə baxaraq onlardan nümunə götürürük”
Onun sözlərinə görə, vahid görünüş məsələsində müəllimlərin də rolu var. Şagirdlər müəllimlərini müşahidə edir, onların davranışlarından və geyim tərzindən nümunə götürürlər: “Həmçinin müəllimlərimiz də hər zaman klassik geyim tərzinə üstünlük verrirlər. Çünki biz müəllimlərimizə baxaraq onlardan nümunə götürürük. Məktəbdən kənarda istədiyimiz geyimi geyinə bilərik, amma məktəb daxilində hamımız vahid geyim formasına əməl etməliyik”.
“Məktəbdən kənarda istədiyimiz şəkildə geyinə bilərik”
Mələyin sinif yoldaşı Muhəmməd Həsənov da vahid məktəbli geyiminin vacibliyini vurğulayır. 9-cu sinif şagirdi hesab edir ki, məktəbdə səliqəli görünüş hər bir şagird üçün önəmlidir və bu məsələdə müəllimlər də nümunə olmalıdırlar: “İlk növbədə onu deyə bilərəm ki, beynəlxalq təcrübədə də qəbul olunmuş yanaşmaya görə, məktəblərdə vahid geyim forması tətbiq edilir. Vahid məktəbli forması hamımız üçün vacibdir. Biz məktəbdə səliqəli və nümunəvi görünməliyik.
Məktəbdən kənarda istədiyimiz şəkildə geyinə bilərik, amma məktəbdə müəyyən edilmiş geyim qaydalarına uyğun, səliqəli geyinmək lazımdır. Müəllimlərimiz də məktəbə uyğun geyinirlər. Biz də onlardan nümunə götürməliyik. Məktəbdə vahid geyim formasının tətbiq olunmasının məqsədi də budur”, – deyə Muhəmməd fikirlərini bölüşüb.
“Qaydalar varsa, biz də ona riayət etməliyik”
Zəng yenidən vurulur, dəhlizdəki hərəkətlilik artır. Şagirdlər siniflərə tələsir, müəllimlər də dərslərinə yollanırlar. Bu tələsikliyin içində ciddi addımlarla sinfə doğru gedən Azərbaycan dili müəllimi Leyla Məmmədova ilə də ayaqüstü söhbətləşdik. 20 illik pedaqoji təcrübəsi olan müəllim vahid məktəbli geyiminə həm bərabərlik, həm də müəllimin şəxsi nümunəsi baxımından yanaşır: “Qaydalar varsa, biz də ona riayət etməliyik. Məktəb mühitində bərabər imkanların qorunması əvvəlcə şagirdlərin geyimindən başlamalıdır ki, şagirdlər arasında ayrı-seçkilik və ya qərəzli yanaşma hiss olunmasın. Hər bir şagird müəllimin gözündə eyni olmalıdır. Buna görə də məktəbli geyimi, vahid məktəbli forması mütləqdir”.
Bəs şagirdlərdən tələb olunan qaydalara müəllimlər özləri nə dərəcədə əməl edirlər? Həmsöhbətimiz bu məsələdə pedaqoqun şəxsi nümunəsini vacib sayır. Onun fikrincə, müəllim görünüşü və davranışı ilə də şagirdlərinə nümunə olmalıdır: “Artıq 20 ildir ki, müəllim işləyirəm və hər zaman geyimimə diqqət etmişəm. Çünki müəllim şagirdlərin qarşısında müəllimə yaraşan şəkildə dayanmalıdır. Əgər müəllim özü geyim qaydalarına riayət etmirsə, bu qaydalara düzgün şəkildə əməl etmirsə, o zaman şagirdlərdən də bunu tələb edə bilmərik”, – deyə o vurğulayır.
Söhbətimizi müəllimin digər mühüm vəzifəsinə, şagirdlərdə vətənpərvərlik hissinin formalaşdırılmasına yönəldirik. Azərbaycan dili müəllimi olan Leyla Məmmədova bu hissin təməlində ana dilinə sevginin dayandığını düşünür: “İlk növbədə, Azərbaycan dili müəllimi olaraq öz dilimi sevməliyəm. Məncə, vətənpərvərlik hissi, hər şeydən əvvəl, ana dilini sevməkdən başlayır. Buna görə də dərslərimdə, ilk növbədə, şagirdlərə öz dillərini sevməyi öyrətməyə çalışmışam. Çünki hər bir fənn yalnız qiymət almaq üçün öyrənilən fənn deyil. Biz müəllimlər şagirdləri həyata hazırlayırıq. Tədris etdiyimiz dərsliklərdə də vətənpərvərliklə bağlı mətnlər vasitəsilə bu hissləri şagirdlərə aşılayırıq”.
Müəllimlər otağında daha bir həmsöhbətimiz ingilis dili müəllimi Mətanət Əliyeva olur. O da vahid məktəbli geyimi qaydasının şagirdlər arasında bərabərliyin qorunması və məktəb mühitində ortaq dəyərlərin formalaşması baxımından əhəmiyyətini vurğulayır: “Bir müəllim kimi hesab edirəm ki, təhsil müəssisələrində vahid geyim qaydalarına əməl olunması mühüm əhəmiyyət daşıyır. Çünki məktəb yalnız bilik verilən yer deyil, eyni zamanda şagirdlərə intizam, məsuliyyət, bərabərlik və kollektivə hörmət kimi dəyərlərin aşılandığı bir məkandır.
Şagirdlərin vahid məktəbli formasında olması onların arasında sosial fərqlərin ön plana çıxmasının qarşısını almağa kömək edir. Uşaqların geyimlərinə görə bir-birindən fərqləndirilməməsi, maddi imkanların sinif mühitində müqayisə mövzusuna çevrilməməsi olduqca vacibdir”.
Müəllim məsələyə dünyəvilik prinsipi baxımından da yanaşmağın vacibliyini qeyd edir. Onun fikrincə, məktəb hər bir şagirdin hüquqlarına hörmət edilən, fərqli dünyagörüşlərinə və ailə şəraitinə görə ayrı-seçkiliyə yol verilməyən bir mühit olmalıdır: “Dünyəvi təhsil hər kəsin hüquqlarına, qanun qarşısında bərabərliyinə və fərqli dünyagörüşlərinə hörmətə əsaslanır. Məktəb heç bir şagirdi dini baxışına, inancına, ailəsinin sosial vəziyyətinə və ya şəxsi xüsusiyyətlərinə görə ayrı-seçkiliyə məruz qoymur”, – deyə o vurğulayır.
Məktəbdə vahid geyim qaydalarının necə tətbiq olunduğunu müşahidə edərkən diqqətimizi başqa bir vacib məqam da cəlb edir: qaydalara əməl olunmasına nəzarət qədər, bu prosesdə şagirdlərin hüquqlarının və psixoloji rifahının qorunması da önəmlidir. Axı məktəb hər bir uşağın özünü rahat, təhlükəsiz və dəyərli hiss etməli olduğu məkandır.
Bu məsələyə daha yaxından nəzər salmaq üçün məktəbin psixoloqlarının otağına üz tuturuq. Məktəbin psixoloqu Səbinə Sadıqova ilə söhbətimizdə geyim qaydalarının tətbiqində psixoloji yanaşmanın, düzgün ünsiyyətin və şagirdlərin fərdi xüsusiyyətlərinin nəzərə alınmasının əhəmiyyətindən danışırıq.
Onun sözlərinə görə, məktəb psixoloqlarının işi yalnız qaydalara əməl olunmasını müşahidə etməkdən ibarət deyil. Burada əsas məqsəd şagirdlərdə məsuliyyət hissini formalaşdırmaqla yanaşı, onların emosional təhlükəsizliyini qorumaq və sağlam sosial-psixoloji mühitin davamlılığını təmin etməkdir: “Geyim qaydalarına uyğun olmayan hallarla qarşılaşdıqda, təhsilalanlara mövcud tələblər, həmin qaydalara riayət edilməsinin əhəmiyyəti və məktəb mühitində vahid yanaşmanın vacibliyi izah edilir. Bu prosesdə əsas məqsəd şagirdlərdə məsuliyyət hissinin formalaşdırılması, qaydalara şüurlu münasibətin inkişaf etdirilməsi və məktəbdaxili davranış normalarına əməl olunmasının təşviq edilməsidir”, – deyə psixoloq bildirir.
“Şagirdlərin psixoloji narahatlıq yarada biləcək münasibətlə üzləşməsinə yol verilmir”
Ancaq qaydanı izah etməklə onu uşağa qəbul etdirmək arasında mühüm fərq var. S.Sadıqova hesab edir ki, şagirdlərlə aparılan söhbətlərdə onların yaş və fərdi xüsusiyyətləri nəzərə alınmalı, ünsiyyət etik prinsiplərə əsaslanmalıdır. Xüsusilə geyim qaydalarına əməl etməyən uşağın digər şagirdlərin qarşısında utandırılması və ya alçaldılması yolverilməzdir: “Şagirdlərin digər şəxslərin qarşısında alçaldılmasına, utandırılmasına və psixoloji narahatlıq yarada biləcək münasibətlə üzləşməsinə yol verilməməsi vacib hesab olunur. Qaydaların izahı zamanı qarşılıqlı hörmətin qorunması, düzgün kommunikasiya və pedaqoji yanaşmanın təmin edilməsi əsas prinsiplərimizdəndir”.
Bəs yeni qaydalara uyğunlaşmaq bəzi şagirdlər üçün çətin olduqda necə davranılır? Psixoloqun sözlərinə görə, uşaqların davranışına və emosional vəziyyətinə diqqət yetirmək, yarana biləcək narahatlıq və gərginliyi vaxtında müəyyənləşdirmək vacibdir. Belə hallarda fərdi söhbətlər aparılır, çətinliyin səbəbləri araşdırılır və zərurət yarandıqda psixoloji dəstək göstərilir.
Psixoloq geyimlə bağlı sosial müqayisələrin və ayrı-seçkiliyin qarşısının alınmasını da mühüm istiqamət kimi qeyd edir. Məktəbdə hər bir şagirdin şəxsiyyətinə hörmətlə yanaşılması, onun ləyaqətinin qorunması, uşaqlarda empatiya və qarşılıqlı hörmət hisslərinin inkişaf etdirilməsi sağlam sosial-psixoloji mühitin əsas şərtlərindəndir.
Bu prosesdə məktəb rəhbərliyi, müəllimlər, sinif rəhbərləri və valideynlərlə əməkdaşlıq da xüsusi əhəmiyyət daşıyır. S.Sadıqova bildirir ki, geyim qaydalarına əməl edilməməsinin arxasında fərdi və ya sosial səbəblər dayana bilər. Buna görə də belə hallara yanaşarkən vəziyyət həssaslıqla qiymətləndirilməli, şagirdin psixoloji vəziyyəti nəzərə alınmalıdır.
Reportajımızı tamamlayıb məktəbdən ayrılmağa hazırlaşarkən məktəbin həyətində övladını gözləyən valideynlə qarşılaşırıq. Məktəbli geyimi ilə bağlı qaydaların tətbiqində müəllimlərin mövqeyini, şagirdlərin münasibətini və psixoloqların yanaşmasını öyrəndikdən sonra valideynlərin də fikrini eşitmək istəyirik. Çünki uşağın məktəbə hansı geyimdə gəlməsi məktəbdə nəzarətlə başlasa da, bu qaydaya münasibətin formalaşmasında ailənin də rolu var.
Məktəbdə iki övladı təhsil alan Kəmalə Rəhimova Nazirlər Kabinetinin vahid məktəbli geyimi ilə bağlı qərarını dəstəkləyir. Onun fikrincə, vahid forma şagirdlər arasında bərabərlik hissini gücləndirməklə yanaşı, diqqətin geyimdən daha çox dərsə yönəlməsinə də kömək edir: “Nazirlər Kabinetinin qərarı ilə tam razıyam. Mənim iki övladım bu məktəbdə təhsil alır. Bu qərar şagirdlər arasında bərabərlik aşılayır, şagirdin fikrinin dərsdən yayınmamasına və tədrisin keyfiyyətinin yüksəlməsinə səbəb olur. Qərarı təhsildə nizam-intizamın, bərabərliyin və vahid məktəb mühitinin təmin olunması baxımından əhəmiyyətli hesab edirəm. Məktəbli forması şagirdlər arasında sosial fərqlərin ön plana çıxmasının qarşısını alır, onlarda məsuliyyət və məktəbə mənsubiyyət hissini gücləndirir. Hesab edirəm ki, məktəb yalnız bilik verilən deyil, eyni zamanda intizamın, etik davranışın və qarşılıqlı hörmətin formalaşdığı bir məkandır. Buna görə də vahid geyim qaydalarına riayət olunması həm məktəbin, həm də valideynlərin birgə məsuliyyəti olmalıdır”.
Beləcə, məktəbdən ayrılarkən söhbətimizin son nöqtəsini valideynin fikirləri ilə qoyuruq. Gün ərzində müşahidə etdiyimiz mənzərədə bir məqam önə çıxır. Vahid məktəbli geyiminin tətbiqi zamanı qaydanın mahiyyətini uşağa anlatmaq, ona əməl etməyin əhəmiyyətini izah etmək və məktəbdə formalaşdırılan dəyərləri ailədə də dəstəkləmək bu prosesin mühüm hissəsidir. Yalnız məktəb, müəllim, valideyn və şagirdin ortaq məsuliyyəti qaydaların formal tələb olaraq qalmamasına, məktəb mühitində qarşılıqlı hörmət və bərabərlik düşüncəsinin möhkəmlənməsinə töhfə verə bilər.




