Məktəbli forması bərabərlik və birlik yaradır - Rəylər
Məktəb yalnız bilik verilən məkan deyil, həm də şagirdlərin davranışının, dünyagörüşünün və şəxsiyyətinin formalaşdığı mühitdir. Bu mühitdə məktəbli forması, müəllimlərin geyimi, davranış qaydaları və qarşılıqlı hörmət təlim-tərbiyə prosesinin mühüm hissəsini təşkil edir.Vahid məktəbli formasına riayət olunması şagirdlər arasında bərabərliyin qorunmasına, müəllimlərin işgüzar geyim tələblərinə əməl etməsi isə məktəbdə nümunəvi və nizamlı mühitin formalaşmasına xidmət edir. Bəs müəllimlər, valideynlər və şagirdlər bu qaydaları necə qiymətləndirirlər?
“Azərbaycan müəllimi” olaraq onların fikirlərini öyrənmək üçün Babək rayon Zeynəddin kənd tam orta məktəbində olduq.
“Müəllimin görkəmi onun peşəsinə olan məsuliyyətinin və hörmətinin göstəricisidir”
Məktəbin riyaziyyat və informatika müəllimi Nərgiz Qənbərlinin fikrincə, məktəb mühitində pedaqoji heyət üçün geyim standartlarının müəyyənləşdirilməsi təhsilin mədəni və etik əsaslarını gücləndirən əhəmiyyətli bir addımdır: “Müəllimin görkəmi onun peşəsinə olan məsuliyyətinin və hörmətinin göstəricisi olmaqla yanaşı, şagirdlərin estetik zövqünün, səliqə-sahman və nizam-intizam vərdişlərinin formalaşmasında birbaşa rol oynayır. Müəllim öz davranışı və geyimi ilə şagird üçün əyani bir nümunədir.
Vahid geyim üslubu təlim-tərbiyə prosesində ciddi akademik mühit formalaşdırır və diqqətin yayılmasının qarşısını alır. Şagird forması ilə müəllimlərin geyim qaydalarının vəhdəti məktəbdə sosial bərabərlik, həmrəylik və mədəniyyət hissini təmin edir. Bu qaydalar dünyəvi təhsil sisteminin əsas prinsiplərini dəstəkləyir, məktəbi kənar təsirlərdən uzaq tutaraq neytral və peşəkar bir təlim məkanına çevirir.
Yekun olaraq bunu deyə bilərəm ki, geyim standartlarının tətbiqi müəllim-şagird münasibətlərində məsafəni və qarşılıqlı ehtiramı qorumağa, məktəb daxilindəki zabitəlik və intizam ruhunu gücləndirməyə xidmət edir”.
Məktəbin digər Azərbaycan dili və ədəbiyyatı müəllimi Zərnişan Zeynalova müəllimlər üçün işgüzar geyim tələblərinin tətbiqini müsbət qiymətləndirir. Onun fikrincə, hər bir müəllimin geyimi peşəsinə olan münasibətini, məsuliyyətini və nüfuzunu əks etdirir: “Müəllim yalnız bilik verən deyil, həm də şagirdləri üçün nümunə olan şəxsdir. Onun səliqəli və peşəkar görünüşü şagirdlərdə məsuliyyət, intizam və özünə hörmət kimi keyfiyyətlərin formalaşmasına müsbət təsir göstərir. Vahid geyim tələbləri məktəbdə nizam-intizamın möhkəmlənməsinə və daha ciddi işgüzar mühitin yaranmasına kömək edən əsas amillərdən biridir.
Məktəbli forması və müəllimlərin işgüzar geyimi məktəbdə bərabərlik və vahidliyin təmin olunması baxımından da mühüm əhəmiyyət daşıyır. Məktəbli forması şagirdlər arasında xarici görünüşə və geyimin qiymətinə görə fərqlərin ön plana çıxmasının qarşısını almağa kömək edir.
Dünyəvi təhsil prinsiplərinin qorunmasında müəllimin rolunun böyük olduğunu vurğulayan müəllim deyir ki, bu təhsil dünyəvi biliklərə, elmi düşüncəyə, qanunlara və bütün insanlara hörmət prinsipinə əsaslanır.
Müəllim hesab edir ki, işgüzar geyim tələbləri düzgün və ədalətli şəkildə tətbiq olunarsa, məktəbdə qarşılıqlı hörmət və məsuliyyət mühitinin güclənməsinə mühüm töhfə verə bilər.
“Övladımın geyim qaydalarına əməl etməsini çox vacib hesab edirəm”
Valideyn Samirə Vəliyeva məktəblərdə vahid məktəbli formasının tətbiqini müsbət qiymətləndirir: “Məktəblərdə vahid məktəbli formasının tətbiqini müsbət qiymətləndirirəm. Çünki məktəbli forması uşaqlarda nizam-intizam yaradır, onlar arasında bərabərliyin qorunmasına kömək edir və maddi fərqlərin ön plana çıxmasının qarşısını alır. Bu da çox müsbət təsir göstərir.
Övladımın məktəbdə geyim qaydalarına əməl etməsini çox vacib hesab edirəm. Çünki geyim qaydalarına əməl etmək məktəbə hörmətin göstəricisidir. Bu qaydalara mütləq riayət olunmalıdır.
Müəllimlər üçün işgüzar geyim tələblərinin müəyyənləşdirilməsinə müsbət yanaşıram. Müəllimlərin səliqəli və rəsmi geyinməsi vacibdir. Çünki bu, uşaqlara da çox böyük təsir göstərir. Müəllimin geyimi və davranışı uşaqlar üçün nümunə rolunu oynayır.
Məktəbdə vahid qaydaların tətbiqində valideynlərin də üzərinə böyük bir məsuliyyət düşür. Biz valideynlər övladlarımızın məktəb qaydalarına əməl etməsinə nəzarət etməliyik.
Valideyn olaraq məktəb və müəllimlərlə əməkdaşlığa müsbət yanaşıram. Çünki məktəb və valideynlərin uşaqların tərbiyəsi üçün birgə fəaliyyəti çox vacibdir”.
“Məktəbli forması ilə dərsə gəlmək mənə intizam və məsuliyyət hissi verir”
Məktəbin XI sinif şagirdi Rüqayə Pənahova isə məktəbli formasında dərsə gəlməyin ona intizam və məsuliyyət hissi aşıladığını düşünür: “Məktəbli forması ilə dərsə gəlmək mənə intizam və məsuliyyət hissi verir. Bu, diqqətimi dərslərimə yönəltməyimə də kömək edir.
Bütün şagirdlərin eyni geyinməsi həm sosial, həm də maddi baxımdan üstünlüklərin yaranmasının qarşısını alır. Həm də bərabərlik və birlik yaradır.
Məktəbli formasının səliqəli və təmiz olması vacibdir. Səliqəli və təmiz forma insanın şəxsi gigiyenası ilə bağlıdır. Bu, özünə hörmətin göstəricisi olmaqla yanaşı, məktəbin ümumi görünüşünü və nizam-intizamını qoruyur.
Bir məktəbli olaraq onu deyə bilərəm ki, müəllimlərin və şagirdlərin səliqəli geyinməsi məktəbdə qarşılıqlı hörmət və peşəkar mühit yaradır”.
“Müəllimin geyimi onun peşəkar nüfuzuna və təlim prosesinə birbaşa təsir edir”
Sonda söhbətləşdiyimiz məktəbin direktoru Əbdüləli Mirzəyev müəllimin geyiminin onun peşəkar nüfuzuna və şagirdlərlə münasibətlərinə birbaşa təsir etdiyini düşünür: “Müəllimin geyimi onun peşəkar nüfuzuna və təlim prosesinə birbaşa təsir edir. Müəllim şagirdlər üçün ilk növbədə nümunədir. Səliqəli, rəsmi və pedaqoji etikaya uyğun geyim müəllimin öz peşəsinə və şagirdlərinə olan hörmətini göstərir. Bu, sinifdə ciddi və işgüzar akademik mühit formalaşdırır.
Vahid məktəbli forması şagirdlər arasında sosial-iqtisadi fərqlərin aradan qaldırılmasına kömək edir. Bütün şagirdlərin eyni geyimdə olması onların maddi imkanlarına görə fərqlənməsinin qarşısını alır, ayrı-seçkiliyi və psixoloji təzyiqi minimuma endirir. Eyni zamanda, şagirdlər arasında bərabərlik və həmrəylik hissini gücləndirir.
Dünyəvi təhsil prinsipinin qorunması təhsilin dini təlimlərdən asılı olmadan, elmi dünyagörüşünə və müasir biliklərə əsaslanması deməkdir. Bu prinsip hər bir şagirdin dini, irqi və digər mənsubiyyətindən asılı olmayaraq, bərabər, obyektiv və tərəfsiz təhsil almaq imkanını təmin edir.
Müəllim həm də vətənpərvər, öz tarixinə, dilinə, mədəniyyətinə və mənəvi dəyərlərinə bağlı şəxsiyyət yetişdirməlidir”.
Vahid qaydalar, ortaq məsuliyyət
Müəllimlərin, valideynlərin və şagirdlərin fikirləri göstərir ki, məktəbdə geyim qaydalarına əməl olunması yalnız zahiri görünüş məsələsi deyil. Bu, həm də məsuliyyət, intizam, bərabərlik və qarşılıqlı hörmət anlayışları ilə bağlıdır. Qaydaların düzgün və ədalətli tətbiqi, eləcə də məktəb və ailənin birgə fəaliyyəti sağlam təhsil mühitinin formalaşmasında mühüm rol oynayır. Çünki məktəbdə nizam-intizamın qorunması və milli-mənəvi dəyərlərə hörmətin aşılanması müəllimlərin, valideynlərin və şagirdlərin ortaq məsuliyyətidir.




