Hamının eyni geyinməsi çox qəşəng görünür – 193 nömrəli məktəbdən REPORTAJ

14 Oktyabr, 2026 - 14:49
Hamının eyni geyinməsi çox qəşəng görünür

2026/2027-ci tədris ilinə 1518 şagird və 128 nəfərlik pedaqoji heyətlə başlayan Bakı şəhəri Məhəmməd Hüseyn Şəhriyar adına 193 nömrəli tam orta ümumtəhsil məktəbində sıradan günlərdən biridir. Sərin payız günü olsa da, günortaya doğru günəşin qızmarlaşması şagirdlərin geyimində də özünü göstərir – bəziləri payız serinliyini hiss edib məktəbli formasının pencəyini geyinib, bəziləri isə günəşli havanın təsiri ilə qısaqol köynəkdədir. Lakin hər kəs bir nəfər kimi vahid geyim tələbinə əməl edib. Di gəl ki, digər qaydalara riayət etmək elə də asan deyil. Aksesuar taxan gənc qızların bir çoxu məktəb binasına daxil olan kimi müəllimlərin "canlı nəzarət kameralarına" tuş gəlir. Onlar burada saçlarını hörür, sırğalarını çıxarır, üst-başlarını səliqəyə salır, telefonlarını isə üzərində siniflərin adı yazılmış dolablara qoyaraq içəri keçirlər.

Saçlarını açıq “unudan” qızlar, bərbərə getmək vaxtını “ötürən” oğlanlar saxlanılır

Bu gün şagirdləri qarşılayıb onların dövlət ümumi təhsil müəssisələrində geyim qaydalarına uyğunluğunu yoxlayanlar arasında “Azərbaycan müəllimi” qəzetinin əməkdaşları da var. Budur, qapıdan girən məktəblilər arasında tədris prosesinə uyğun olmayan aksesuar və zinət əşyaları ilə gələnləri görürük. Bəzi qızlar saçlarını açıq “unudub”, bəzi oğlanlar isə bərbərə getmək vaxtını “ötürüb”. Qapı ağzında sırğasını çıxarıb, dağınıq “unutduğu” saçını hörmək məcburiyyətində qalan şagirdlər arasında uzun və açıq saçlara düşkün olanlar aydınca müşahidə olunur.

“Məktəbin sağlam düşüncəli komandası var. Əməkdaşlıq və kommunikasiyanın düzgün qurulduğu yerdə böyük uğurlara imza atmaq mümkündür”, – deyən məktəb direktoru Nihal Hacıyevanın sözlərinə görə, bu qapıdan həm də inklüzivliyə giriş başlayır: “Bu prosesə bütün əməkdaşlarımız cəlb edilib. Müxtəlif siniflərdə təhsil alan 10-a yaxın fiziki məhdudiyyətli şagirdimiz var. İşimizi elə qurmuşuq ki, onlar özlərini digərlərindən fərqli hiss etmirlər. Çünki nə geyimlərində, nə tətbiq edilən qaydalara məsuliyyətdə, nə də tədrisə münasibətdə heç bir fərq yoxdur. Məktəb qapısından girən hər kəs qoyulan qaydalara əməl edir və həmin qaydaların bu binanı tərk edənə qədər qüvvədə olduğunu bilir. Bəzi qaydalar elə oturuşub ki, onlara əməl olunmasına çox vaxt şagirdlər özləri nəzarət edirlər. Məsələn, bəzi pilləkənlərdə düşən və çıxanların hərəkət istiqaməti rəngli ayaq izləri ilə fərqləndirilib. Pilləkənin enmək üçün nəzərdə tutulan hissəsi ilə yuxarı çıxan müəllimlərə belə şagirdlər dərhal irad bildirirlər”.

Onlar formasız gəlməyin hər yolunu sınaqdan çıxarıb, nəticəsinin onlara sərf etməyəcəyini öyrəniblər

Ümumi təhsil müəssisəsində geyim ilə bağlı tələblərə uyğunluğu ilə bağlı keçirilən monitorinqlər nəticəsində hazırda bütün məktəblərdə geyim qaydalarının tətbiqinə xüsusi diqqət yetirildiyini xatırladan direktor 193 nömrəli tam orta məktəbin “Şagird davranış qaydaları”nın tətbiq edildiyi ilk 60 məktəbdən biri olduğunu vurğulayıb. O deyir ki, bu gün bütün ölkə məktəblərində tələb edilən qaydalara onlar çoxdan əməl edirlər: “Məktəbimizdə həmişə monitorinqlər olub, ona görə də şagirdlər girişdə önlərinin kəsilməyinə artıq alışıblar”.

Tələbləri yerinə yetirməyi alışqanlığa çevirən nümunəvi şagirdlər çoxluq təşkil etsə də, məktəbli “kələkbaz”lar da az deyil. 
Məktəb direktorunun sözlərinə görə, formasız gəlməyin hər yolunu sınaqdan çıxaran şagirdlər artıq bunun bir nəticəsi olmayacağını bilirlər:

“Məktəbimiz vahid forma qaydasını çoxdan tətbiq edir və şagirdlərimizin buna əməl etmsinə ciddi nəzarət edirik. Monitorinqlər bizim məktəbimiz üçün yeni deyil, biz bu monitorinqləri hər səhər artıq neçə illərdir ki, tətbiq edirik. Elə gün olub 30 nəfəri saxlayıb dərsə buraxmamışıq. Müəllimlərimiz müvafiq qaydada hər səhər qapıda şagirdlərimizi qarşılayır, qaydalara uyğun olmayanı sinfə buraxmırlar. Məktəb formasını bəzən bilərəkdən geyinmir, onları evə göndərəcəyimizi düşünür, bu yolla məktəbdənkənar planlarına nail olacaqlarını düşünürdülər. Bu hiylələrinin qarşısını çoxdan almışıq. Belə ki, məktəbə formasız gələni heç vaxt “Get formanı geyinib gəl”, - deyə evə qaytarmırıq,  ailələri ilə əlaqə saxlayıb onların sinfə buraxılmadığını, formasını məktəbə gətirmələrni tələb edirik. Nəticədə məktəbə formada gəlmək məsuliyyətini həm şagirdlərə, həm valideynlərə aşılamışıq. Ona görə də şagirdlər qədər onların valideynləri də bu qaydaya məsuliyyətlə yanaşırlar. Bilirlər ki, uşaq məktəbə formada getməsə, formanı onun arxasınca o gətirməli olacaq. Şagird isə bu məsuliyyəti ikiqat hiss edir, həm sinfə daxil ola bilmir, həm də valdeynini məktəbə gətirdir, amma nəticədə dərsdən yayına bilmir, bu variant da onun üçün əhəmiyyətini itirir. Odur ki, məktəbimizdə artıq məktəb forması ilə  bağlı problemimiz qalmayıb”.

Amma bu məktəbdə formadan əlavə aksesuarlara görə müqavimət müşahidə olunur: “Düzdür, Nazirlər Kabinetinin qərarından sonra bu qaydaları tətbiq etmək bizin üçün xeyli asanlaşdı, hətta qərarın bizə çox böyük dəstəyi oldu. Belə ki, bəzi qaydaların tətbiqində müqavimətlə qarşılaşırdıq. Şagirdlərlərimizdən bəziləri, o cümlədən valideynlər tələbi nəyə əsasən etdiyimizi soruşur, əməl etməkdən imtina edirdilər. Nazirlər Kabinetinin qərarı artıq onlara göstərə bildiyimiz sənəddir və valideynlərimiz bununla razılaşmaq məcburiyyətindədirlər”.

Qəbul otağında tərs oturan şagird

Direktorun qəbul otağında, kresloda tərs oturan bir uşaq diqqətimizi çəkir. II sinif şagirdi Akif deyir ki, məktəbə gələndə müəlliminin, dərsdən çıxanda isə valideyninin onu götürməsini məhz bu vəziyyətdə – kresloda tərs əyləşərək gözləyir. Müəllimi də ona “düz otur” deyə təzyiq etmir. Çünki 96 yaşlı bu təhsil ocağında qaydalar şagirdlərin sərbəst hərəkətinə, rahatlığına və sağlam məktəb mühitinə mane olmur.

Amma çağırışaqədərki hərbi hazırlıq dərsində sərt qaydalar qüvvədədir. 25 illik hərbi qulluqdan sonra cəmi 3 ildir müəllimliyə başlayan İnşallah Qurbanov üçün nizam-intizam ön plandadır: “Bu dərsdə həm hərbi, həm də məktəb qaydaları keçərlidir. Çünki biz bu sınaqlardan keçərək, qaydalara əməl etməyin tədrisin keyfiyyətinə necə müsbət təsir göstərdiyini öyrənirik”.

Məktəbin tələbləri ilə ailələrinin prinsipləri üst-üstə düşənlər

IX sinif şagirdi Ayan Nəcəfova üçün qaydalara hörmət ailədən başlayır: “Heç vaxt sırğa taxmamışam, hətta yay tətilində belə dırnaq boyasından istifadə etmirəm. Valideynim də buna icazə vermir. Deyir ki, hər yaşın öz gözəlliyi var; mən uşaqlığımı yaşamalıyam və böyüməyə tələsməməliyəm”.

Ailədə başlayan və məktəbdə davam edən bu qaydalar Ayan üçün azadlığın məhdudlaşdırılması deyil, sadəcə bir həyat tərzidir. O, təkcə nümunəvi davranışı ilə deyil, akademik göstəriciləri ilə də fərqlənir: “İbtidai sinifdə oxuyarkən Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsində, daha sonra isə Azərbaycan dili və kimya üzrə fənn olimpiadalarında iştirak etmişəm. Növbəti dəfə riyaziyyat olimpiadasına qatılmaq istəyirəm. Gələcəkdə müəllimlik ixtisasının ingilis dilli qruplarında təhsil almağı hədəfləyirəm. Ona görə də hazırda ingilis dili biliklərimi inkişaf ettirməyə çalışıram”.

Məktəbin pilot siniflərindən birinə daxil olub şagirdlərlə həmsöhbət oluruq. Necə deyərlər, onların "ağzından söz almağa" çalışırıq ki, görək qaydalarla barışa bilirlərmi. Hər şeyə etiraz etmək meyli olan IX sinif şagirdlərinin yaş dövrünü də nəzərə alırıq. Görəsən, bu qaydalardan hansına etiraz edirlər?

Tarix dərsidir. Müsahiblərimiz yanaşı oturan Aryamanla Eltondur. Onların hər ikisi məktəbin tanınmış tar ifaçılarıdır. Xarici ölkə vətəndaşı olan Aryaman Nəcəfi I sinifdən bəri burada oxuyur. O, dərslərin keyfiyyətinin həmişə yüksək olduğunu, indi isə məktəbdə həm də vizual nizamın yarandığını bildirir: “Məncə, məktəbimizdə ciddi bir rejim dəyişikliyi olmayıb, sadəcə səliqə-sahman artıb. Artıq hər birimiz zahiri görkəmimizə daha çox diqqət yetiririk”.

Elton Babayev də söhbətə qoşulur: “Sinfimiz çox səliqəlidir. Biz onsuz da məktəb forması geyinirdik, amma indi üzərimizdə artıq heç bir aksesuar yoxdur. Hamının eyni cür geyinməsi vizual olaraq çox gözəl görünür. Həm də kiminsə üzərində fərqli nəsə olanda diqqətimiz yayınır, dərəsə fikrimizi toplaya bilmirdik”.

Tar ifaçısı olan dostlarından fərqli olaraq, Mehdi Paşazadə musiqiyə yox, riyaziyyata maraq göstərir: “V sinifdən bu məktəbdə oxuyuram. Məktəb forması çox rahatdır. Bu geyimdə rahat hərəkət etmək olur, 5-6 saat dərs oxumaq heç bir narahatlıq yaratmır. Burada təhsil aldığım ilk gündən forma geyinirəm və məktəbin bütün tələblərinə əməl edirəm. Başqalarının da bu qaydalara riayət etməsi vacibdir”.

Surə Şükürova da bu təhsil ocağına sonradan gələnlərdəndir: “V sinifdə bu məktəbə keçəndə mənim üçün yeni qaydalar var idi, amma mən onlara artıq çoxdan öyrəşmişəm. Əvvəllər saçlarımı arabir hörürdümsə, indi hər gün hörürəm. Hörük mənim daha çox xoşuma gəlir. Çünki saçımı arxadan sadəcə yığanda başımın dərisi ağrıyırdı, hörəndə isə heç bir narahatlıq olmur. Qulaqlarım deşik olsa da, məktəbdə aksesuara icazə verilmədiyi üçün sırğalarımı yalnız evdə taxıram”.

“Müəllimlər otağında da mənzərə dəyişib”

Söhbətimizə dərsini bitirib gələn Şəhrəbanu müəllim də qoşulur. 30 ildir tarix fənnini tədris edən Şəhrəbanu Suzəliyeva qeyd edir ki, standart geyim tələbi müəllimlər otağının da mühitini müsbətə doğru dəyişib: “Məktəbimiz pilot təhsil müəssisələrindən biridir. Artıq iki ildir ki, telefonlar yığışdırılır və səliqə-sahmana xüsusi nəzarət olunurdu. Buna baxmayaraq, son bir neçə gündə xüsusilə nəzərə çarpan nizam-intizam məktəb mühitini tamamilə yeniləyib. Müəllim yoldaşlarımızın da geyim tərzi sadələşib; ağ-qara tonlara üstünlük verməyimiz bizi də vahid bir rəsmiyyət ətrafında birləşdirir. Müəllimlər otağındakı mənzərə indi tamam başqadır”.

Məktəbdə də özünü səhnədəki kimi hiss edib?

Tənəffüs dəqiqələri olduğundan hər kəs dəhlizdədir. Uzaqdan bir şagird məktəb qaydalarına tam uyğun zahiri görkəmi ilə diqqətimizi çəkir. Bu nizami geyim ona çox yaraşıb. Öyrənirik ki, o, ötən ildən bəri 193 nömrəli tam orta məktəbdə təhsil alır. Lakin bu qısa müddətdə müəllimlərini onunla bağlı xeyli səy göstərməyə sövq edib. Bəs necə?

Melissa Süleymanova əvvəllər geyim və xarici görünüşü ilə məktəb rəhbərliyini və müəllimlərini bir az qayğılandırıb. Müəlliminin sözlərinə görə, onu "ulduz ab-havasından" çıxarmaq xeyli vaxt aparıb. Melissa özü isə bu vəziyyəti belə əsaslandırır: “Çoxlu müsabiqələrə qatılmışam, beynəlxalq laureatam. Qara Qarayev adına İncəsənət Mərkəzini bitirmişəm, müxtəlif ansamblların çıxışlarında yer alıram. Həm də 5 nömrəli Gənclər İnkişaf Mərkəzinin üzvüyəm. Səhnəyə çıxarkən etdiyim makiyajı, saç düzümünü məktəbdə də tətbiq etməyə çalışırdım; yüngül makiyaj edir, saçlarımı açıq qoyurdum. İndi isə məktəbə sırğasız, makiyajsız, sadəcə saçlarımı hörərək gəlirəm. Bu, çox rahatdır, artıq mən də bu sadəliyə öyrəşmişəm”.

“Qaydalar dəyişib, mən də bu dəyişikliklərə uyğunlaşdım”

İdman zalından gələn dinamik səslər istər-istəməz bizi ora çəkir. Fotoqrafımız Kənan Qafarovla birlikdə zala yönəlirik. Burada VII sinif şagirdlərinin fiziki tərbiyə dərsi keçirilir. 19 ildir bu məktəbdə çalışan fiziki tərbiyə müəllimi Arzu Həsənova sertifikatlaşdırma imtahanlarından uğurla keçən pedaqoqlardandır.

“Azərbaycan müəllimi”nə müsahibəsində Arzu müəllim məktəbdəki yeni geyim tələblərinə münasibətini bölüşüb. O bildirib ki, uzun illərdir riayət etdiyi geyim tərzini yeni qaydalara uyğun dəyişməli olub. Müəllim peşəsinə sevgisi, şagirdlərinə bağlılığı və müəllim nüfuzuna verdiyi yüksək dəyər bu qərarı qəbul etməsinə kömək edib: “Şagirdlərimi, məktəbimi və peşəmi çox sevirəm. Müəllimlik yalnız bilik öyrətmək deyil, həm də davranışımızla və həyat tərzimizlə şagirdlərimizə örnək olmaqdır. Tarixin bütün dövrlərində insanlar müəllimlərinə baxıb nümunə götürüblər. Bu gün də müəllimin geyimi və davranışı onun peşəkar simasının ayrılmaz hissəsidir. Şəxsi inanclarımı təhsil mühitinə qarışdırmıram; düşünürəm ki, insan öz dəyərlərini qorumaqla yanaşı, peşə məsuliyyətini də dərk etməlidir. Qaydalar dəyişdi və mən də bu dəyişikliklərə uyğunlaşdım. Çünki məktəbdə müəyyən edilmiş nizam-intizama hər kəs əməl etməlidir. Müəllim olaraq biz şagirdlərimizə yalnız sözlərimizlə deyil, əməllərimizlə də yol göstərməliyik”.

Müsbət nəticə verən valideyn-məktəb əməkdaşlığı

Şagird-məktəb-valideyn üçbucağında sıx əməkdaşlığa nail olunması məktəbin uğur qazandığı əsas istiqamətlərdəndir. Direktor Nihal Hacıyevanın sözlərinə görə, onlar valideynləri hər zaman dinləyir, onlarla mütəmadi əlaqə saxlayırlar. Hətta valideynlər üçün ilk xüsusi "yay məktəbini" də məhz bu təhsil ocağı təşkil edib.

Valideynlərlə qurulan bu möhkəm bağ sayəsində məktəb öz qərarlarını qarşılıqlı hörmət çərçivəsində rahatlıqla tətbiq edir: “Bir neçə şagirdimiz var ki, bəzi qaydalara əməl etməkdə hələ də müqavimət göstərir, öz iradəsini nümayiş etdirməyə çalışırlar. Onlarla fərdi işimiz davam edir. İnanırıq ki, həmin şagirdlərə təhsil mühitinin və nizam-intizamın önəmini tam izah edə biləcəyik. Bu prosesdə valideynlər də bizə böyük dəstək verirlər”.

Valideynlər də bu əməkdaşlıqdan olduqca razıdırlar. Artıq üçüncü övladı bu məktəbdə oxuyan Günay Babayeva indiyədək məktəb rəhbərliyi ilə heç bir problem yaşamadığını bildirir: “Oğlum Mahmud Babayev II sinifdə oxuyur. Ondan əvvəl iki qızım da burada təhsil alıb. Bizim məktəbdə nizam-intizam tələbləri həmişə yüksək olub və qızlarım da bu qaydalara daim riayət ediblər. Təbii ki, qaydalara tabe olmaq istəməyənlər hər zaman tapılır. Amma hazırda məktəbdə o qədər gözəl, vahid bir mənzərə yaranıb ki, oğlumu gözləyərkən bu nizamı seyr etməkdən zövq alıram. Qaydalara əməl etmək istəmədiyi üçün bəzən dərslərdən geri qalan uşaqlar adına təəssüf edirəm. Lakin inanmıram ki, onların təhsilə yenidən adaptasiyası bu gözəl harmoniyanı pozsun. Çünki bu intizamlı mühitdən zövq almamaq mümkün deyil”.

Foto: Kənan Qafarov

Hamının eyni geyinməsi çox qəşəng görünür
Hamının eyni geyinməsi çox qəşəng görünür
Hamının eyni geyinməsi çox qəşəng görünür
Hamının eyni geyinməsi çox qəşəng görünür
Hamının eyni geyinməsi çox qəşəng görünür
Hamının eyni geyinməsi çox qəşəng görünür
Hamının eyni geyinməsi çox qəşəng görünür
Hamının eyni geyinməsi çox qəşəng görünür
Hamının eyni geyinməsi çox qəşəng görünür
Hamının eyni geyinməsi çox qəşəng görünür
Hamının eyni geyinməsi çox qəşəng görünür