“Tələbələrin həyəcanı bizi də həvəsləndirdi” - NDU-da dərs deyən türkiyəli müəllimlər

7 Oktyabr, 2026 - 16:25
“Tələbələrin həyəcanı bizi də həvəsləndirdi”

2026-cı ilin ölkəmizdə “Şəhərsalma və Memarlıq İli” elan olunması memarlıq və şəhərsalma sahəsində yeni təşəbbüslərin, beynəlxalq əməkdaşlıqların və təcrübə mübadilələrinin genişlənməsinə də imkan yaradıb. Xüsusilə Naxçıvan kimi qədim memarlıq məktəbinin formalaşdığı bir məkanda bu sahədə görülən işlərin ayrıca əhəmiyyəti var. Əcəmi Naxçıvaninin 900 illik yubileyinin qeyd olunduğu bir ildə Naxçıvan Dövlət Universiteti ilə Türkiyənin Memar Sinan Gözəl Sənətlər Universiteti arasında qurulan əməkdaşlıq da bu baxımdan diqqət çəkir. İki universitet arasında imzalanan memorandum memarlıq, şəhərsalma, incəsənət, tələbə və müəllim mübadiləsi, birgə layihə və akademik təşəbbüsləri əhatə edir.

Bu əməkdaşlığın növbəti mərhələsində Türkiyənin Memar Sinan Gözəl Sənətlər Universitetinin müəllimləri Naxçıvan Dövlət Universitetinə dəsr demək üçün gəliblər. 

“Azərbaycan müəllimi” ilk günlərdən tələbələrlə birlikdə emalatxanalarda çalışan müəllimlərlə söhbətləşib.  

“Naxçıvanda olmaq bizim üçün yeni bir mədəniyyəti tanımaq xoşbəxtliyidir”

Memar Sinan Gözəl Sənətlər Universitetinin Memarlıq fakültəsinin dosenti Güldehan Atay təxminən 25 ildir universitetdə layihə emalatxanalarında, həmçinin müxtəlif magistratura və bakalavr pillələrində dərslər deyir. Son iki ildir isə bina məlumatı elmi sahəsi üzrə magistratura koordinatorluğunu həyata keçirir. O Naxçıvana ötən ilin fevralında iki universitet arasında imzalanan protokoldan sonra formalaşan əməkdaşlığın nəticəsində gəldiyini deyir:“Əslində proses ötən ilin fevral ayında iki universitet arasında imzalanan protokolla başladı. Həmin protokolla iki ali məktəbin müəllimlərinin qarşılıqlı şəkildə gedib-gəlməsi, eyni zamanda tələbə mübadiləsi ilə əlaqələrin gücləndirilə biləcəyi düşünülmüşdü. Xüsusilə üçüncü maddəyə əsasən, bizim müəllimlərin də bura gəlməsi təşviq edildi. Bundan sonra ali təhsil müəssisəsimizdə və rektorluğumuzda müxtəlif görüşlər keçirildi və nəticədə burada layihə emalatxanalarında iştirak etməyə qərar verdik”. 

Naxçıvanda dərslərin yalnız qısamüddətli səfərlə məhdudlaşmayacağını deyən müəllim semestr ərzində iki dəfə NDU-ya gələcəklərini, aradakı dərsləri isə onlayn davam etdirəcəklərini söyləyir. 

“Tələbələr çox həvəslidirlər”

NDU-nun kampusuna və tədris mühitinə elə ilk baxışdan münasibəti müsbət olan Güldehan Atay burada sakit və dinc mühitin elmi fəaliyyət üçün əlverişli olduğunu düşünür:“Birincisi, kampus çox gözəldir. Sakit, dinc bir mühit var. Həm yaşıllıq ilə tikili sahələri  arasındakı balans fiziki baxımdan çox xoşumuza gəldi. Təbii ki, yavaş-yavaş tələbələri tanımağa başladıq. Amma gördüyümüz qədərilə çox həyəcanlı və həvəslidirlər. Öyrənməyə çox açıqdırlar”.

Müəllim diqqətini tələbələrin müxtəlif ölkələrdən gəlməsinə də yönəldir: “Qrupda türk tələbələr də var, yəni auditoriyanın təxminən yarısı türkiyəli gənclərdir. Türk və azərbaycanlı tələbələrin  bir-biri ilə qaynayıb-qarışması da çox xoşumuza gəldi. Ona görə qrupları elə təşkil etdik ki, hər qrupda həm türk, həm də azərbaycanlı  tələbə olsun. İndiyə qədər aldığımız reaksiyalar çox yaxşıdır”.

İki fərqli sistem, ortaq memarlıq dili

Tədris sistemlərinə gəlincə, Güldehan Atay Memar Sinan Gözəl Sənətlər Universitetinin 140 ilə yaxın tarixə malik, ənənələri formalaşmış xüsusi bir məktəb olduğunu vurğulayır:“ NDU-nun mümkün qədər xaricə açıq olması, ilk növbədə, bizi dəvət etməsi çox dəyərli bir şeydir. Bizim üçün yeni bir sistemə inteqrasiya olmaq o qədər də asan deyil, amma yenə də son illərdə universitetlər arasında müəyyən akkreditasiyalar formalaşıb. Ona görə bu baxımdan burada olmaqdan xoşbəxtik”.

Naxçıvanı yalnız universitetlə məhdudlaşdırmırlar

Naxçıvanda olduqları müddətdə şəhəri geniş şəkildə gəzməyə hələ imkan tapmasalar da, müəllimlər tələbələrlə birlikdə ərazi gəzintilərinə çıxıblar. Memarlıq təhsilində şəhəri və ətraf əraziləri yerində görməyin vacib olduğunu düşünürlər.
Güldehan Atayın fikrincə, Naxçıvanın sakitliyi elmi araşdırmalar üçün üstünlükdür:“Çox sakit, dinc bir quruluşu var. Bu, əslində, universitet üçün bir tərəfdən çox dəyərli bir şeydir. Yəni oturub dərin araşdırmalar, tədqiqatlar apara biləcəkləri bir mühit var. Amma memarlıq bir qədər kənardan bəhrələnən bir sahədir. Ona görə gənclərin enerjisini idarə etmək üçün müəyyən fəaliyyətlərin əlavə olunmasına ehtiyac var”.

Güldehan Atay Naxçıvanda olmağın onun üçün həm peşəkar, həm də mədəni baxımdan maraqlı olduğunu bildirir: “Burada olmaq hər baxımdan bizim üçün çox həyəcanvericidir. Təkcə universitetdə olmağın xaricində buradakı mədəniyyəti tanımaq, anlamaq, qavramaq da, məncə, bizim üçün çox vacib bir hissədir. Bu, sadəcə “dərs verək, gedək” məsələsi deyil. Biz fərqli bir mədəniyyəti tanımağın da xoşbəxtliyini yaşayırıq”.

“Akademik əməkdaşlıq yalnız tələbələrə xidmət etmək deyil”

İki universitet arasındakı əməkdaşlığın gələcəkdə yalnız dərs deməklə məhdudlaşmayacağı da müəllimin fikirlərində özünü göstərir: “Artıq bu akademik əməkdaşlıqlar nümunəsində inkişaf etməlidir. Bu, yalnız tələbələrə xidmət etmək deyil, akademikin məqsədidir. Ortaq bir mədəniyyət varsa, onun ətrafında bir layihə inkişaf etdirmək xüsusilə akademiklər arasında bizim üçün çox dəyərli ola bilər”.

Güldehan Atay Türkiyənin universitetlərində formalaşmış beynəlxalq əlaqələrin də bu əməkdaşlığa töhfə verə biləcəyini düşünür. O, ötən il Azərbaycanda, Şuşa ilə bağlı keçirilən görüşü də bu baxımdan nümunə göstərir. Şuşa şəhərində aparılan şəhər bərpası istiqamətində işlərin onların universitetində də təqdim olunmasının və mümkün əməkdaşlığın faydalı ola biləcəyini düşünür: “Xüsusilə bizim zəlzələdən sonrakı işlərimiz üçün çox dəyərli ola bilər. Ona görə “Urban Recovery” məsələsində, belə bir əməkdaşlıq etmək planımız var”.

“Biz öz aramızda bunu daha güclü və fərqli bir model şəklində inkişaf etdirə bilərik”

Əcnəbi müəllim deyir ki, Türkiyə və Azərbaycan arasında akademik əlaqələrin genişləndirilməsi üçün böyük potensial var: “Bunun çox dəyərli olduğunu düşünürəm. Mən Türk respublikalarına, xüsusilə Avropadan çox böyük tələbin olduğunu görürəm. Amma düşünürəm ki, biz öz aramızda bunu daha güclü və fərqli bir model şəklində inkişaf etdirə bilərik”.

NDU-ya gələn digər müəllim, dosent İkbal Ece Postalcı isə Memar Sinan Gözəl Sənətlər Universitetinin Memarlıq fakültəsində təxminən 27 ildir ki, çalışır. Eyni zamanda həmin universitetin məzunudur. Onun əsas fəaliyyət sahəsi bina bilgisi, xüsusilə layihə emalatxanaları, təməl incəsənət təhsili, memarlıq layihəsinə və dizayna giriş kimi fənləridir. Həmkarı kimi o da eyni səbəblə Naxçıvana dərs deməyə dəlib. Tələbələrlə birlikdə Anadolunun çoxsaylı kənd və qəsəbələrində ərazi səfərləri həyata keçirdiyini, 10 ildən artıq müddətdə bu istiqamətdə müxtəlif layihələr üzərində işlədiyini deyir. Bundan başqa, Memarlar Palatasında, MİAK – Memarlıq Akkreditasiya Assosiasiyasında və universitetin beynəlxalq akkreditasiya fəaliyyətlərində iştirak edib.
Naxçıvana isə hələ yenicə gəlib. “Bu gün üçüncü günümüzdür”, – deyən müəllim ilk günlərdə əsas diqqətin tələbələrə yönəldiyini bildirir.

“Buranı görmək mənim üçün bir fürsət idi”

İkbal Ece Postalcı Naxçıvana səfərini həm akademik, həm də coğrafiyanı yaxından tanımaq baxımından fürsət kimi qəbul edir: “Mənim Naxçıvanla bağlı heç bir məlumatım yox idi. Bu coğrafi ərazi ilə çox maraqlanırdım. Hər dəqiqə gəlib çatılan bir yer deyil deyə, buranı görmək mənim üçün bir fürsət idi. Mədəni baxımdan da kontekstdə paralelləri oxumaq mənə zövq verir. Söz oxşarlıqlarından tutmuş məkanların danışması mənasında da. Əlbəttə, çox fərqli bir coğrafiyadır və bu mənim çox xoşuma gəlir”.

Memarlıq təhsilində məkanın özü də dərsin bir hissəsidir

İkbal Ece Postalcının diqqət çəkdiyi məsələlərdən biri də memarlıq təhsilində fiziki mühitin roludur. Onun fikrincə, memarlıq tələbəsinin saatlıq dərslərlə məhdudlaşmadan daha uzun müddət emalatxanada çalışa bilməsi vacibdir: “Bizdə layihə və tətbiqi var. Layihənin içində də onun nəzəriyyəsi izah olunur. Burada aşağı kursda nəzəriyyə formasını ilk dəfə gördüm. Mənə çox fərqli gəldi”.

Müəllim hesab edir ki, memarlıq emalatxanaları daha sərbəst və açıq şəkildə təşkil olunmalıdır: “Bizdə, məsələn, 5-6 saatlıq emalatxana dərsində tələbə daxil olur, çıxır və ya oturur. Daha rahat, sərbəst, özünü sıxılmış hiss etmir. Memarlıq təhsilində tələbənin eskiz çəkməsi, maket hazırlaması, müəllimlə birbaşa ünsiyyətdə olması üçün məkanın təşkili xüsusi əhəmiyyət daşıyır”.
Müəllim NDU-da gördüyü emalatxanalardan birinin quruluşunu da xüsusilə bəyəndiyini deyir:“Burada bir emalatxana var və onun düzəni çox gözəldir. Maket də düzəldirlər, rəsm də çəkirlər. O masalar yanaşı da gəlir, oranın vəziyyəti fərqlidir.”

“Tələbə emalatxanadan kənarda da memarlıq problemlərini görməlidir”

İkbal Ece Postalcı memarlıq təhsilinin yalnız universitet binası daxilində qurulmasının da doğru olmadığını düşünür. Onun fikrincə, tələbələr ərazi araşdırmalarında iştirak etməli, şəhər və yaşayış məntəqələrində real problemləri yerində görməlidirlər: “Mən tələbələrin memarlıq təhsili alarkən intellektual olaraq da qidalanmalı olduğunu düşünürəm. Ətrafda çoxlu kiçik yaşayış məntəqələri var. Əslində öz dərsim üçün ərazi araşdırması aparmağı, tələbənin də emalatxanadan kənarda əsas memarlıq problemlərini yerində görüb müzakirə etməsini şəxsən daha yaxşı hesab edirəm”.

Əməkdaşlığın davamı gözlənilir

İki müəllim Naxçıvanda olduqları qısa müddətdə həm tələbələrin, həm də müəllimlərin əməkdaşlığa marağını yüksək qiymətləndirir.

İkbal Ece Postalcının fikrincə, tərəflərin bu istiqamətdə ilk addımı atması artıq özlüyündə əhəmiyyətlidir: “Həm müəllimlərin marağı, həm də tələbələrimizin həyəcanı bizi çox həvəsləndirdi. Bu əməkdaşlığın daha intensiv keçməsini arzulayıram”.
Beləliklə, “Şəhərsalma və Memarlıq İli”ndə Naxçıvanla İstanbul arasında qurulan bu akademik körpü yalnız müəllimlərin qarşılıqlı səfəri kimi görünmür. Söhbət həm də iki fərqli memarlıq təcrübəsinin, ortaq tarixi-mədəni yaddaşın və müasir tədris yanaşmalarının bir araya gətirilməsindən gedir.