Sertifikatlaşdırma bağça müəllimləri üçün nəyi dəyişəcək?
Əksər hallarda bu, məktəbdə qarşısına çıxan ibtidai sinif müəllimindən daha əvvəl onun əlindən tutan, ailədən kənar ilk sosial mühitə alışmasına kömək edən, paylaşmağı, dinləməyi, öz fikrini ifadə etməyi öyrədən tərbiyəçi-müəllimdir.
İndi həmin müəllimlər üçün mühüm mərhələ yaxınlaşır. Məktəbəqədər təhsil müəssisələrində çalışan tərbiyəçi-müəllimlərin sertifikatlaşdırılması gündəmə gəldikcə bağçada çalışan pedaqoqların peşə hazırlığı, müasir təlim metodlarını bilməsi və azyaşlı uşaqlarla işləmək bacarığı da daha çox müzakirə olunur.
Sertifikatlaşdırma bağça müəllimləri üçün nə deməkdir? Bu peşədə illərin təcrübəsi kifayətdirmi? Azyaşlı uşaqlarla işləmək müəllimdən hansı bilik və xüsusiyyətləri tələb edir?
Mingəçevirin məktəbəqədər təhsil müəssisələrində çalışan tərbiyəçi-müəllimlərin fikirləri bir məqamda birləşir: bağçada müəllimlik yalnız uşağı məktəbə hazırlamaq deyil. Burada şəxsiyyətin formalaşmasının ilk addımları atılır.
211 uşağın ilk təhsil ünvanlarından biri
Mingəçevir şəhər 10 nömrəli “Qərənfil” körpələr evi-uşaq bağçası 1987-ci ildən fəaliyyət göstərir.
Burada 12 qrupda 211 uşaq təlim-tərbiyəyə cəlb olunub. Qruplardan dördündə 1-3, səkkizində isə 3-6 yaşlı uşaqlar yer alır. Onların təlim-tərbiyəsi ilə 30 tərbiyəçi -müəllim məşğul olur. Müəssisədə ümumilikdə 64 əməkdaş çalışır.
Bağçada təlim məktəbəqədər təhsil kurikulumunun tələblərinə uyğun təşkil edilir. Tədris ilinin əvvəlində illik və aylıq planlar hazırlanır, tərbiyəçi-müəllimlər isə hər yaş qrupuna uyğun perspektiv plan əsasında həftəlik fəaliyyətlərini müəyyənləşdirirlər.
Hazırlanan planlar metodist tərəfindən nəzərdən keçirilir, qruplardakı fəaliyyət müşahidə olunur və müəllimlərə tövsiyələr verilir.
Burada xüsusilə pedaqoji fəaliyyətə yeni başlayan müəllimlərin hazırlanmasına diqqət yetirilir. Onlara metodik və öyrədici materiallar təqdim olunur, açıq məşğələlər təşkil edilir.
Əslində, bu proses özü də göstərir ki, bağça müəllimliyi yalnız nəzəri biliklə məhdudlaşmır. Müəllim hər gün müxtəlif xarakterə, inkişaf tempinə və emosional vəziyyətə malik uşaqlarla işləyir. Belə ki, bir uşaq kollektivə tez uyğunlaşır, digəri üçün bu proses həftələrlə davam edə bilər. Biri ünsiyyət qurmağa həvəslidir, digəri isə müəllimin xüsusi diqqətinə ehtiyac duyur.Müəllimin peşəkarlığı da məhz bu fərqləri görə bildiyi anda başlayır.
Təcrübə çoxdur, öyrənmək isə davam edir
Bağçada uzun illər metodist kimi fəaliyyət göstərən pedaqoqun fikrincə, məktəbəqədər təhsil sahəsində müəllimin inkişafı heç vaxt başa çatmır.Uzun illərin iş təcrübəsi müəllimə uşaqları daha yaxşı tanımaq imkanı versə də, yeni metodların və yanaşmaların öyrənilməsi daim davam etməlidir.
Bu baxımdan sertifikatlaşdırma yalnız müəllimin biliyinin yoxlanılması kimi deyil, onun öz peşə hazırlığına yenidən nəzər salması üçün imkan kimi də qiymətləndirilir.
Metodist bildirir ki, müəssisədə gənc tərbiyəçi-müəllimlərə xüsusi dəstək göstərilir. Onların fəaliyyəti izlənilir, təcrübəli müəllimlərin iştirakı ilə açıq məşğələlər keçirilir və metodik materiallar təqdim olunur.
Bağça eyni zamanda hər tədris ilində pedaqoji təcrübəyə gələn tələbələrə də məktəbəqədər təhsildə işin praktik tərəflərini öyrədir.
Bu, müəllimlik peşəsinin özündə də bir davamlılıq yaradır: təcrübəli müəllim yeni müəllimi, müəllim isə uşağı yetişdirir.
Hər uşağın inkişaf yolu fərqlidir
Uzun illərdir “Qərənfil” körpələr evi-uşaq bağçasında çalışan tərbiyəçi-müəllim Günay Kərimli müxtəlif yaş qrupları ilə işləyib. O, eyni zamanda Psixoloji-tibbi-pedaqoji komissiyanın fəaliyyətində pedaqoq kimi iştirak edir. Bu təcrübə müəllimə uşaqlar arasındakı fərdi xüsusiyyətləri daha yaxından müşahidə etmək imkanı verib.
Günay Kərimlinin yanaşmasına görə, bağçada bütün uşaqlardan eyni vaxtda eyni nəticəni gözləmək düzgün deyil. Müəllim uşağın yaşını, fərdi inkişaf xüsusiyyətlərini, bacarıqlarını və ehtiyaclarını nəzərə almalıdır.
Bağçanın inklüziv təhsil sahəsində də təcrübəsi var. Müəssisə bir müddət inklüziv təhsil layihəsi üzrə fəaliyyət göstərib. Layihə başa çatdıqdan sonra bu istiqamətdə xüsusi qrupların fəaliyyəti dayandırılsa da, həmin təcrübə pedaqoqlar üçün mühüm mərhələ olub.
İnklüzivlik burada yalnız xüsusi ehtiyacı olan uşaqlarla iş kimi deyil, hər uşağın fərqliliyinin qəbul olunması kimi qiymətləndirilir.Tərbiyəçi-müəllimin işi də uşağı digərləri ilə müqayisə etməkdən deyil, onun öz imkanlarını inkişaf etdirməkdən başlayır.
“Hər bir uşağın fərdi xüsusiyyətləri nəzərə alınmalıdır”
Mingəçevir şəhər 1 nömrəli “Lalə” körpələr evi-uşaq bağçasının tərbiyəçi-müəllimi Günel Həsənova hazırda orta yaş qrupu ilə işləyir. O, pedaqoji fəaliyyətində əsas məqsədinin hər bir uşağın fərdi xüsusiyyətlərini, potensial imkanlarını, bilik və bacarıqlarını nəzərə alaraq onların hərtərəfli inkişafına dəstək göstərmək olduğunu bildirir.
Günel müəllim inklüziv təhsilə də xüsusi əhəmiyyət verir. Onun fikrincə, inklüziv mühit uşaqların yalnız bir yerdə təhsil alması demək deyil. Belə mühit uşaqlarda qarşılıqlı hörmət, yardım və bir-birini qəbul etmək bacarığının formalaşmasına xidmət edir.
Məktəbəqədər yaş dövründə formalaşan bu münasibətlər sonrakı illərdə uşağın cəmiyyətə uyğunlaşmasına da təsir göstərir. Bu səbəbdən müəllimin vəzifəsi uşaqların yalnız bilik və bacarıqlarını inkişaf etdirmək deyil, qrupda hər kəsin özünü qəbul olunmuş hiss etdiyi mühit yaratmaqdır.
Sertifikatlaşdırma məsələsinə də bu nöqtədən yanaşmaq mümkündür: bağça müəlliminin peşəkarlığı yalnız proqramı bilməsi ilə deyil, uşağın fərdi ehtiyacını görməsi və ona düzgün pedaqoji yanaşma seçməsi ilə də ölçülür.
Uğurlu təlimin üç tərəfi

Uzun illər məktəbəqədər təhsil sahəsində çalışan Lamiyə İsmayılova hazırda orta yaş qrupunda uşaqlarla məşğul olur. O, tədris ilinin əvvəlində hazırlanmış perspektiv plan əsasında işini qurur, uşaqların gündəlik fəaliyyət və məşğələlər vasitəsilə bilik və bacarıqlar əldə etməsinə çalışır. Onun fikrincə, məktəbəqədər təhsildə nəticəni yalnız müəllimin fəaliyyəti müəyyən etmir.
Lamiyə İsmayılova işin keyfiyyətinin yüksəldilməsində uşaq–tərbiyəçi–valideyn əməkdaşlığını əsas amillərdən biri hesab edir.
Əgər bağçada uşağa aşılanan davranış və vərdişlər ailədə dəstəklənirsə, nəticə daha davamlı olur. Əksinə, müəllim və valideyn uşağa tamamilə fərqli tələblərlə yanaşdıqda proses çətinləşir. Bu səbəbdən bağçalarda valideynlərlə iş ayrıca istiqamət kimi qurulur.
“Qərənfil” körpələr evi-uşaq bağçasında “Açıq qapı” günlərinin, valideyn konfranslarının və maarifləndirici tədbirlərin keçirilməsi də bu əməkdaşlığın gücləndirilməsinə xidmət edir.
Lamiyə İsmayılovanın uzun müddət kurikulum üzrə təlimlərlə məşğul olması da göstərir ki, təcrübəli müəllim üçün belə peşəkar yenilənmə daim aktualdır.
Məhz buna görə sertifikatlaşdırma təkcə gənc müəllim üçün deyil, uzun illər çalışan pedaqoqun da biliklərini sistemləşdirməsi və yeni yanaşmaları mənimsəməsi baxımından əhəmiyyət daşıya bilər.
Bağça müəlliminin görünməyən işi
Bağça deyiləndə ilk təsəvvür rəngli oyuncaqlar, şəkillər, mahnılar və uşaqların oyunları ola bilər. Amma tərbiyəçi-müəllimin işinin böyük hissəsi həmin rəngli mühitin arxasında görünməz qalır. O, uşağa yalnız rəngləri, rəqəmləri və ya şeiri öyrətmir. Bir uşağa oyuncağını bölüşməyi, digərinə fikrini sözlə ifadə etməyi, başqasına növbəsini gözləməyi öyrədir.
Bəzən səhər ailəsindən ayrılmaq istəməyən uşağın bağçaya uyğunlaşması üçün müəllim günlərlə eyni səbir və diqqəti göstərməli olur.
Məhz buna görə məktəbəqədər təhsil müəllimdən pedaqoji biliklə yanaşı, yüksək müşahidə qabiliyyəti, səbir, psixoloji hazırlıq və emosional həssaslıq tələb edir.
Sertifikatlaşdırma nəyi dəyişə bilər?
Bağça müəllimlərinin sertifikatlaşdırılması yaxınlaşdıqca əsas müzakirə yalnız imtahanda neçə sualın olacağı və müəllimlərin hansı nəticəni göstərəcəyi ətrafında aparılmamalıdır.
Daha mühümü “Bu proses məktəbəqədər təhsilin keyfiyyətinə nə verəcək? sualıdır.
Müəllimlərin fikirlərindən görünür ki, sertifikatlaşdırmanın əsas faydası peşəkar biliklərin yenilənməsinə, müəllimin öz fəaliyyətinə yenidən baxmasına və zəif tərəflərini müəyyənləşdirməsinə imkan yaratması ola bilər. Çünki bağçada müəllimin qarşısında oturan uşaq hələ qiymət almır, imtahan vermir, nəticə cədvəlində görünmür.Amma həmin dövrdə qazandığı sosial, emosional və ilkin idrak bacarıqları onun sonrakı təhsil yolunun əsasını təşkil edir.
Müəllimlik peşəsinin ilk addımları
Məktəbə ilk dəfə gedən uşağın müəlliminə salam verməyi, dostları ilə ünsiyyət qurmağı, tapşırığı dinləməyi və kollektivdə davranmağı artıq müəyyən qədər bilməsi təsadüfi deyil.Bu bacarıqların bir hissəsi ailədə, digər mühüm hissəsi isə bağçada formalaşır.
Ona görə də tərbiyəçi-müəllim məktəb sisteminin kənarında dayanan pedaqoq deyil. Əksinə, müəllimlik zəncirinin ilk halqalarından biridir.
Bu gün sertifikatlaşdırmaya hazırlaşan bağça müəllimlərinin qarşısında da yalnız imtahandan keçmək vəzifəsi dayanmır. Əsas məsələ hər gün qarşılaşdıqları uşağın inkişafında öz rolunu düzgün dərk etmək, biliklərini yeniləmək və həmin məsuliyyətə uyğun peşəkarlaşmaqdır.
Çünki müəllimlik məktəbin ilk zəngi ilə başlamır.Müəllimlik bəzən üç yaşlı bir uşağın ilk dəfə müəlliminə inanaraq əlini ona uzatdığı anda başlayır.




