SAF 2025-in finalına hazırlıq: Böyük an yaxınlaşır – REPORTAJ
Beynəlxalq STEAM Azərbaycan Festivalının (SAF 2025) üçüncü günü. Bir neçə saat sonra qaliblər elan olunacaq.
Final hazırlıqları başlayıb
Səhər saatlarından başlayaraq Bakı Ekspo Mərkəzində qurulan stendlərin ətrafında vurnuxma başlayıb. Kimisi stendini düzənləyir, kimisi sökdüyü robotunu yenidən yığır, kimisə də SAF 2025-də iştirak etmək şansından yararlanaraq böyük dostluqların təməlini atır...
Texnologiya ulduzuna bax
Yanımızdan əlində plastik şəffaf qutu ilə keçən “işıqlı” oğlanı saxlayıb başında, siməsində yanan işıqlara niyə qərq olduğunu soruşuruq. Cavab maraqlıdır: “Çünki mən texnologiya ulduzuyam".
Bunu deyən Nihad İsmayılov V sinif şagirdidir. Bakının 182 nömrəli tam orta məktəbinin şagirdi, dostu Oğuz Qəribli ilə komanda yaradaraq yarışa qoşulub. Texnologiya yarışında özünü ulduz hesab edir. Əlindəki qutuda hazırladığı robot "yatır". Deyir ki, onun robotu xətt üzrə hərəkət edir: "Ancaq yavaş hərəkət edir, sürətli deyil, biz onu əldə etdiyimiz sadə materiallardan hazırlamışıq".
Sürətlənməsi üçün onlara nə lazımdır? Nihad deyir ki, sürətlənməsini istəmir: "Sürəti artsa, xətdən çıxacaq, başqa robotlardan fərqi qalmayacaq".
Kənd məktəblisi ilə şəhər məktəblisi bir ittifaq qurub üzən şəhər saldılar
Samuxun Sərkan kənd məktəbindən Polad Fərəməzli tora dolaşmış balıq obrazına girib. O komanda yoldaşı, Gəncə məktəblisi Rəsul Mürsəlovla stendlərində dəniz üstündə qurduqları üzən şəhəri təqdimata hazırlayır.
III sinif şagirdlərinin yaratdığı “Dahilər” komandasının yaratdığı üzən şəhər alternativ enerji mənbələri ilə qurulub, külək enerjisi ilə işıqlandırıb.
Balıqların fəryadı
Dünyaya bir ismarıcı da var: “Balıqların çəkdiyi əziyyəti göstərmək üçün insanların atdığı zibilə ilişərək üzə bilməyən balıqların əziyyətini göstərmək istədik. Balıqların dili ilə insanlara deyirik: "Dəniz çirkli və təhlükəlidir. Qışqırırıq! Bizim evimizi zəhərləməyin! Nəfəs ala bilmirəm! Plastik sizin yox, bizim problemimizdir! Təmiz dəniz, təmiz həyat!"
Beynəlxalq yarışın türkiyəli qonaqları futbol oynayaraq yarışan robotları uduzdu
Texnologiya və innovasiya həvəskarlarını bir araya gətirən festivalın 22 ölkədən minlərlə şagird, tələbə, mentor və ekspert qonağı var.
Türkiyədən qatılan yarışçılar artlq festivalın II günündə yarışaraq uduzublar. Bu barədə "Azərbaycan müəllimi"nə IX sinif şagirdi Bəyza danışır: "STEAM Azərbaycan Festivalına ilk dəfə qatıldıq. Əlif Fazla ilə komanda yaradaraq 2 ay hazırlaşdıq. Bizə verilən qayda çərçivəsində robot hazırladıq. Ancaq təəssüf ki, növbəti mərhələyə adlaya bilmədik, futbol oynayaraq yarışan robotlarımız uduzdu. Fərqli ölkələrdən gələn komandalarla yarışmaq çox maraqlıdır. Belə yarışlar təcrübə qazandırır və burada olduğumuz üçün çox şadıq. Azərbaycandan əvvəl daha bir robot yarışında Türkiyə çempionu olmuşuq".
Bəyzanın sözlərinə görə, Özbəkistan, Qazaxıstan, Amerikadan gələn məktəblilərlə dostlaşıblar.
Dünyanın 22 nöqtəsindən robotlar gəlib
Xatırladaq ki, SAF 2025-də məktəblilər 18 müxtəlif kateqoriya üzrə yarışırlar. Robototexnika, süni intellekt, bərpa olunan enerji, dron və peyk texnologiyaları, incəsənət, mühəndislik və innovativ layihələr kimi sahələr üzrə 5000-dən çox iştirakçı müraciət etsə də, final mərhələsinə yalnız 1400 nəfər vəsiqə qazana bilib.



