Vahid geyim qaydalarına məktəbin içindən baxış – Reportaj

13 Oktyabr, 2026 - 13:49
Vahid geyim qaydalarına məktəbin içindən baxış

Qız balalar məktəbə hazır olalar,  
elmdə mahir olalar, fəzldə bahir olalar, 
başdan-ayağa geyələr don, gedələr məktəbə on-on…
M.Ə.Sabir

Məktəbə gələn uşaqların hər birinin öz dünyası, öz arzuları var. Bəlkə də, məktəbin ən gözəl tərəflərindən biri budur: burada uşaqları bir-birindən ayıran geyimləri deyil. Paylaşdıqları xəyallar, öyrəndikləri biliklər və qurduqları dostluqlardır.

Dövlət ümumi təhsil müəssisələrində şagird və müəllimlərin geyimlərinə dair tələblərin təsdiqlənməsindən sonra Bakı şəhəri Nəriman Nərimanov adına 45 nömrəli tam orta məktəbə üz tutduq. Valideynlərinin əlindən tutan balacalar məktəbə tələsir, kimi müəllimini görüb sevinclə gülümsəyir, kimi də dostlarına qovuşmağa can atırdı. Səliqəli, vahid məktəb geyimində olan uşaqlar bir-birinə bənzəyirdi. Elə bil, boyları da eyni idi… Onları fərqləndirən isə baxışlarındakı həyəcan, üzlərindəki təbəssüm, məktəbə gətirdikləri uşaq sevinci idi.

“Qərar hamı üçün eyni olmalıdır”

Məktəbin həyətində övladlarını dərsə yola salan valideynlərlə söhbətləşdik. Onlardan biri ikinci sinifdə oxuyan övladını məktəbli formasında dərsə göndərən Günel Kazımova idi. Valideyn vahid geyim prinsipini dəstəklədiyini bildirdi: “Dövlətin verdiyi bütün qərarların doğru olduğuna inanıram. Düşünürəm ki, bu qərar da özünü doğruldacaq və valideynlər tərəfindən müsbət qarşılanacaq. Mən övladımı məktəbli formasında geyindirirəm. Çünki məktəb mühitində heç kim geyiminə görə fərqlənməməlidir”.

Onun fikrincə, müəllimlərin geyimində də səliqə və nizam-intizam əsas götürülməlidir: “Məktəbli geyiminin vahid olması uşaqlar arasında fərqlərin azalmasına, onların eyni məktəbin şagirdləri kimi bir-birini qəbul etməsinə də kömək edir. Qərar hamı üçün eyni olmalıdır. Şagirdlər kimi müəllimlər də səliqəli və nizam-intizamlı geyinməlidirlər. Bu, uşaqlar üçün də yaxşı nümunə olar. Əks halda, yuxarı sinif şagirdləri müəllimlərinə baxıb “müəllim, siz bunu geyinirsinizsə, biz niyə geyinməyək?”– deyə soruşa bilərlər”.
Məktəbə daxil olan kimi dərsin başlamasına hələ bir neçə dəqiqə qalmış sinfə tələsən Əhmədlə qarşılaşdıq. Səliqəli məktəbli geyimi ilə bizi salamlayan 11-ci sinif şagirdi Əhməd Cəfərli də vahid geyim prinsipləri barədə fikirlərini bölüşdü.

“Məktəbli forması geyinən şagird özünü məktəbə daha çox aid hiss edir”

Əhməd hesab edir ki, vahid məktəbli geyimi şagirdin məktəbə bağlılığını gücləndirir, təhsilə münasibətinə və məsuliyyət hissinə də təsir göstərir: “Düşünürəm ki, hər bir şagirdin məktəb geyim kodeksinə əməl etməsi çox vacibdir. Düzgün məktəbli forması geyinən şagird özünü məktəbə daha çox aid hiss edir, dərs oxumağa və təhsil almağa daha çox meyilli olur. Bu onda məsuliyyət hissi də yaradır. Bütün şagirdlər eyni formanı geyinəndə aralarında bərabərlik təmin olunur və geyimə görə heç bir fərq yaranmır”.

Həmsöhbətimiz məktəbli forması ilə bağlı qaydalara əməl etməyin vacibliyini vurğulamaqla yanaşı, müəllimlərin geyiminə də xüsusi önəm verir. Onun fikrincə, müəllimlər şagirdlərə həm bilikləri və davranışları, həm də xarici görünüşləri ilə nümunə olmalıdırlar: “Müəllimlərin səliqəli, geyim qaydalarına uyğun geyinməsi çox əhəmiyyətlidir. Bu, şagirdlərdə təhsilə daha çox maraq və həvəs yaradır. Mən də müəllimlərimdən nümunə götürürəm. Onların geyimi mənim üçün çox önəmlidir”.

Vahid məktəbli geyiminin şagirdlər arasında intizam yaratması və ayrı-seçkiliyin qarşısını alması fikrini məktəbin 10-cu sinif şagirdi Əsli Abbasova da təkrarlayır. O, məktəbli formasının vacibliyini əsaslandırarkən həm bərabərliyi, həm də məktəbdaxili qaydalara əməl olunmasını önə çəkir: “Məncə, məktəbli forması çox vacibdir. İlk növbədə, şagirdlər arasında intizam yaradır, eyni zamanda onları bərabərləşdirir və ayrı-seçkilik hallarını aradan qaldırır”, – deyə Əsli bildirib.

Müsahibimiz məktəbdə geyim qaydalarına əməl olunmasına da münasibətini açıqladı. Onun sözlərinə görə, şagirdlər əlavə aksesuarlardan istifadə etdikdə müəllimlər əvvəlcə səbəbini izah edir, sonra isə həmin aksessuarları çıxarmağı tələb edirlər.
Əsli müəllimlərin geyiminə münasibətdə isə şagirdlərdən fərqli yanaşmanın mümkün olduğunu düşünür: “Müəllimlərin geyimi şagirdlərlə müqayisədə daha sərbəst ola bilər. Ancaq məktəbdə müəllimlər üçün də müəyyən geyim qaydaları olmalıdır. Müəllimlər şagirdlərə təsiri yalnız dərslə məhdudlaşmır. Onların geyimi, davranışı, şagirdlərlə münasibəti və dərsi necə tədris etməsi də uşaqların təhsilə yanaşmasında mühüm rol oynayır. Müəllimlər həm davranışları, həm də geyimləri ilə bizə nümunə olurlar”.

“Vahid geyim şagirdlərdə birlik hissi formalaşdıran amillərdəndir”

Zəng vuruldu, şagirdlər siniflərə tələsdilər. Dəhlizdə dərsə gecikənlərin olub-olmadığını izləyən, gəlib-gedən şagirdlərə nəzarət edən Türkan müəllim ilə söhbətləşdik. 11 illik pedaqoji təcrübəsi olan, ibtidai sinif müəllimi Türkan Kərimova məktəbli formasını uşaqlarda nizam-intizam və məsuliyyət formalaşdıran vasitələrdən biri hesab edir: “Məktəbli forması qaydalarına əməl etmək çox vacibdir. Çünki vahid geyim şagirdlərdə nizam-intizam, məsuliyyət və birlik hissi formalaşdıran amillərdəndir. Müəllimlər də geyim qaydalarına əməl etməklə şagirdlərə şəxsi nümunə göstərməlidirlər. Ən əsası, bu qaydaların tətbiqi formal xarakter daşımamalıdır. Həm şagirdlər, həm də müəllimlər geyim tələblərinin nə üçün vacib olduğunu anlamalı və onlara məsuliyyətlə yanaşmalıdırlar”.

Şagirdin geyimində qaydalara uyğun olmayan məqamlar olarsa, fərdi söhbət aparılır

Müəllim hesab edir ki, geyim qaydalarına əməl olunmadıqda şagirdlərlə düzgün ünsiyyət qurmaq və valideynlərlə əməkdaşlıq etmək vacibdir. Belə hallarda, ilk növbədə, uşağa qaydanın mahiyyətini izah etməyin tərəfdarıdır: “Şagirdin geyimində qaydalara uyğun olmayan məqamlar olarsa, onunla fərdi söhbət aparar, belə hallara yol verilməməli olduğunu izah edərəm. Eyni zamanda, valideynlə də əməkdaşlıq edərək problemin aradan qaldırılmasına çalışaram”, – deyə müsahibimiz qeyd edib.

Söhbətimiz zamanı müəllim şagirdlərin geyimindən daha geniş bir məsələyə, onların şəxsiyyət kimi formalaşmasına da toxundu. Türkan Kərimovanın fikrincə, məktəbin və müəllimin əsas vəzifələrindən biri gələcəyin məsuliyyətli vətəndaşlarını yetişdirməkdir: “Müəllim olaraq üzərimizə düşən ən vacib missiyalardan biri vətənpərvər ruhda nəsil yetişdirməkdir. Eyni zamanda, ümumbəşəri və dünyəvi prinsiplərə əməl edən, fikrini sərbəst ifadə edə bilən, yaradıcı və bacarıqlı şəxsiyyətlər formalaşdırmalıyıq. Bu baxımdan dövlətin qəbul etdiyi qərarı dəstəkləyirəm”.

“Pedaqoqun geyimi onun peşə məsuliyyətini və məktəb mühitinə münasibətini əks etdirməlidir”

Türkan Kərimovanın həmkarı Səlmi Şixəmirova da vahid məktəb geyimi prinsipinin tərəfdarıdır. 40 illik pedaqoji təcrübəsi olan müəllim məktəbli formasını təhsil mühitinin vacib elementlərindən biri hesab edir. Onun fikrincə, vahid geyim şagirdlərdə nizam-intizam, məsuliyyət və məktəbə aidiyyət hissini gücləndirməklə yanaşı, geyimə görə fərqlərin ön plana çıxmasının da qarşısını alır: “Artıq 40 ildir bu peşədəyəm. Həmişə düşünmüşəm ki, müəllim geyimi, davranışı ilə nəinki məktəbdə, məktəbdən kənarda da nümunəvi olmalıdır. Pedaqoqun geyimi onun peşə məsuliyyətini və məktəb mühitinə münasibətini əks etdirməlidir. Bunun üçün bahalı və ya dəbdə olan geyimlərə üstünlük verilməməli, səliqəyə, təmizliyə və zövqə diqqət yetirmək vacibdir. Saç düzümü və zinət əşyalarına da diqqət edilməlidir. Şagirdlər müəllimlərini müşahidə edir, onların geyim və davranışlarından danışır, bəzən geyim mədəniyyəti baxımından onları nümunə göstərirlər. Hər mühitin öz işgüzar geyim qaydası var. Müəllim də bu baxımdan nümunə olmalıdır. Axı bütün peşələrin təməlini qoyan müəllimdir. Hər bir peşənin arxasında müəllimin əməyi dayanır”, – deyə müsahibimiz vurğulayır.

Elə bu vaxt yenidən zəng vuruldu, şagirdlər tənəffüsə çıxdılar. Dəhlizdə gəzişən, dostları ilə söhbətləşən uşaqların arasında idman zalına tələsənlər də vardı. Zala doğru addımlayarkən gülərüzlə bizə baxan iki məktəbli ilə söhbətləşdik. 10-cu sinif şagirdləri İnci Süleymanlı və Nilay Mustafayeva vahid məktəbli formasının əhəmiyyətindən danışdılar.

İnci indiyədək həmişə məktəbli forması ilə dərsə gəldiyini deyir. Onun fikrincə, hər məkanın özünə uyğun geyim qaydası var və məktəbli forması da təhsil mühitinə uyğun seçimdir: “Hamımız eyni formanı geyinəndə bir-birimizdən seçilmirik, şagirdlər arasında ayrı-seçkiliyin qarşısı alınır. Bu, çox müsbət haldır. Belə olduqda diqqətimizi dərslərimizə yönəldə bilirik”.

Həmsöhbətimiz hesab edir ki, geyimdəki müxtəliflik, eləcə də zinət əşyaları bəzən şagirdlərin diqqətini dərsdən yayındıra bilər. Vahid geyim isə diqqətin təhsilə cəmlənməsinə kömək edir: “Hamımız rəngarəng geyimlərdə olsaq, zinət əşyaları taxsaq, fikrimiz istər-istəməz dağıla bilər. Bəzən bu özümüzdən də asılı olmur. Eyni formada olanda isə diqqətimizi dərslərimizə cəmləyirik. Nəticədə daha yaxşı oxuyur, daha məhsuldar oluruq”.

Sinif yoldaşı Nilay Mustafayeva da vahid məktəbli formasının şagirdlər arasında bərabərliyi qoruduğunu düşünür. O da geyim qaydalarının diqqətin dərsə yönəlməsinə kömək etdiyini vurğulayır: “Vahid məktəbli forması uşaqları bir-birindən ayırmır. Hamımız bərabər görünürük və forma diqqətimizin yayınmasına imkan vermir. Buna görə də məktəbli forması qaydasını dəstəkləyirəm”.

Beş dəqiqəlik tənəffüs başa çatan kimi bu dəfə idman zalına tələsdik. Burada bizi fərqli bir mənzərə gözləyirdi. Şagirdlər idman dərsinin, mühitin tələblərinə uyğun geyimdə idilər. Nazirlər Kabinetinin qərarına əsasən, fiziki tərbiyə, çağırışaqədərki hazırlıq, texnologiya, fizika, kimya və biologiya fənlərinin tədrisi zamanı məşğələnin xarakterinə və iş şəraitinə uyğun funksional, rahat geyimlərdən istifadə edilə bilər.

İdman zalında fiziki tərbiyə müəllimi Təranə Əliyeva ilə söhbətləşdik. 40 illik pedaqoji təcrübəsi olan, bunun 30 ilini 45 nömrəli tam orta məktəbdə çalışan müəllim deyir ki, dərsin xarakterinə uyğun geyim həm müəllim, həm də şagird üçün vacibdir: “İşlədiyim müddətdə məktəbə həmişə müəllimə uyğun geyimdə gəlmişəm. Fiziki tərbiyə müəllimi olsam da, idman formasını dərs saatlarında geyinir və məşğələlərimi bu geyimdə keçirəm. Şagirdlər arasında da bu qaydanın tətbiqinə nail olmuşuq. Məktəbimizdə uşaqların fiziki tərbiyə dərslərinə idman formasında gəlməsinə diqqət yetiririk”.

Müəllim hesab edir ki, hər fənnin özünəməxsus tələbləri olduğu kimi, geyim seçimi də dərsin xüsusiyyətlərinə uyğun olmalıdır: “Kimya və texnologiya dərslərində, laboratoriya şəraitində özünəməxsus geyim qaydaları var. Fiziki tərbiyə dərsinin də tələbi idman formasıdır. Biz bu qaydanın tətbiqini təşkil etmişik. Ümid edirəm ki, şagirdlərimiz bundan sonra da məktəbin müəyyən edilmiş formasını geyinməyə davam edəcəklər.

Müəllimlərin də məktəbə nümunəvi, müəyyən edilmiş geyim qaydalarına uyğun formada gəlməsinin tərəfdarıyam. Məktəbimizdə bu qaydalara əməl olunur və hər hansı problemimiz yoxdur. İstəyirik ki, bu nizam bundan sonra da qorunsun”.

İdman zalından çıxıb sakit dəhlizlərlə irəlilədikcə siniflərdə davam edən dərs prosesini müşahidə edirdik. Qapıların arxasından müəllimlərin izahları, şagirdlərin dərsə cəlb olunduğunu göstərən səslər gəlirdi. Məktəbdə tədrisin gündəlik axarı davam edirdi. Bu mühitdə vahid geyim qaydalarının tətbiqi, məktəbdaxili nizam-intizamın qorunması və şagirdlərin hüquqlarına həssas yanaşılması məsələləri barədə məktəbin direktoru, Əməkdar müəllim Pərvanə Talıbova ilə söhbətləşdik.

“Vahid məktəbli formasının tətbiqi şagirdlərin diqqətinin tədrisə yönəldilməsi baxımından düzgün addımdır”

Direktorun sözlərinə görə, Nazirlər Kabinetinin qərarından sonra məktəbin Pedaqoji Şurasının iclası keçirilib və vahid geyim forması ilə bağlı qərar yekdilliklə dəstəklənib. P.Talıbova hesab edir ki, yeni qərar məktəbdə geyim qaydalarının daha ardıcıl tətbiqi üçün əsas yaradır: “Bu qərar bizim üçün də çox əhəmiyyətlidir. Hesab edirik ki, vaxtında qəbul edilmiş, yerində verilmiş qərardır. Çünki məktəbli formasından kənar elementlərdən istifadə edən şagirdlərlə bağlı müvafiq tədbirlər görmək üçün bizə hüquqi əsas yaradır. Dırnaq və saç düzümündən tutmuş zinət əşyalarına və digər aksesuarlara qədər bu məsələlərdə vahid yanaşmanın tətbiqi vacibdir. Düşünürəm ki, vahid məktəbli formasının tətbiqi şagirdlərin diqqətinin tədrisə yönəldilməsi baxımından düzgün addımdır”.

Direktor qaydalara əməl olunmasına nəzarətlə yanaşı, şagirdlərin davranışlarının arxasında dayanan səbəblərin araşdırılmasını da vacib sayır. Onun sözlərinə görə, geyim tələblərinə əməl etməyən hər bir şagirdin vəziyyətini anlamaq və uşağın həssaslığını nəzərə almaq lazımdır: “Qaydalara əməl etməyən şagirdlərlə söhbət zamanı bəzən aydın olur ki, bu hallar uşaqların öz istək və arzularından irəli gəlmir, əksinə, ailələri tərəfindən məcburiyyət nəticəsində baş verir. Buna görə də valideynlərlə görüşlər keçirir, şagirdlərlə məktəb psixoloqunun iştirakı ilə söhbətlər aparırıq. Məqsədimiz uşaqlara düzgün yanaşmaq, onlara qaydaların əhəmiyyətini izah etməkdir”, – deyə direktor qeyd edir.

Məktəbdə bu işin kollektiv şəkildə aparıldığını bildirən müsahibimiz Uşaq Müdafiəsi İdarəsinin əməkdaşları ilə əməkdaşlığa da toxundu. Onun sözlərinə görə, müvafiq əməkdaşlar da şagirdlərlə söhbətlər apararaq onlara davranışlarının nəticələrini anlamağa kömək edirlər: “Bu prosesi komanda şəklində həyata keçiririk. Artıq müəyyən nəticələr də əldə etmişik. Məktəbimizin iki əməkdaşının və bir şagirdimizin vahid geyim formasına qayıtmasına nail olmuşuq”, – deyə o vurğulayır.

Direktorun sözlərinə görə, qaydaların tətbiqi zamanı əsas məsələlərdən biri şagirdlərin və məktəb əməkdaşlarının hüquqlarının qorunmasıdır. Valideynlərin mövqeyindən asılı olmayaraq, uşaqlara psixoloji dəstək göstərilməsinə xüsusi diqqət yetirilir: “İlk növbədə, hüquq pozuntularına yol verməməyə çalışırıq. Valideynlərin maraq və mövqeyindən asılı olmayaraq, şagirdlərə psixoloji dəstək göstəririk”, – deyə Pərvanə Talıbova fikrini tamamlayıb.

Biz reportajımızı tamamlayıb məktəbdən ayrılırıq. Bir neçə saatlıq müşahidəmizdə şahidi olduq ki, bu divarlar arasında uşaqları gələcəyə hazırlayan onlara verilən bilik, göstərilən qayğı və aşılanan dəyərlərdir. Ümid edirik ki, 45 nömrəli tam orta məktəbin timsalında bütün təhsil müəssisələri şagirdlərin yoluna biliklə işıq salacaq, onların arzularına çatması üçün etibarlı başlanğıc nöqtəsi olacaq.

Foto: Kənan Qafarov

Vahid geyim qaydalarına məktəbin içindən baxış
Vahid geyim qaydalarına məktəbin içindən baxış
Vahid geyim qaydalarına məktəbin içindən baxış
Vahid geyim qaydalarına məktəbin içindən baxış
Vahid geyim qaydalarına məktəbin içindən baxış
Vahid geyim qaydalarına məktəbin içindən baxış