30 dəqiqə qalmış afişanın üzərinə su töküldü - Qaliblərin həyəcanlı anları

5 Dekabr, 2025 - 15:39
30 dəqiqə qalmış afişanın üzərinə su töküldü
30 dəqiqə qalmış afişanın üzərinə su töküldü
30 dəqiqə qalmış afişanın üzərinə su töküldü
30 dəqiqə qalmış afişanın üzərinə su töküldü
30 dəqiqə qalmış afişanın üzərinə su töküldü
30 dəqiqə qalmış afişanın üzərinə su töküldü
30 dəqiqə qalmış afişanın üzərinə su töküldü

SAF-2025 festivalı bu il təkcə innovativ layihələrlə deyil, həm də istedadlı gənclərin hekayələri ilə yadda qaldı. Azərbaycanın müxtəlif bölgələrində böyüməkdə olan yeni bir nəslin – yaradıcı düşünən, texnologiya ilə yaşayan, xəyallarını kodlaşdırıb dizayn edən gənclərin olduğunu bir daha göstərdi.  “Azərbaycan müəllimi” arzularına çatmaq üçün irəliləyən qaliblərlə həmsöhbət olub. 

“içimdə bir qorxu yarandı”

Göygöl rayon Texniki və təbiət fənləri təmayüllü liseyin IX sinif şagirdi İnci Məmmədova bu il festivalın “NextGen Creators” kateqoriyasında qızıl medal qazanan “Sun Rise” komandasının əsas üzvlərindən biri olub. O, musiqi məktəbində violin təhsili alıb, ictimai tədbirlərdə fəallığı ilə seçilib və dərslərində də daim yüksək nəticələr göstərib. Amma SAF-2025 onun həyatı üçün həm də böyük bir dönüş nöqtəsi oldu. 

İnci yarışın final anlarını belə xatırlayır: “Üçüncü yerlər elan olunanda içimdə yalnız bir arzu var idi — “Sun Rise”ın adı çəkilməsin. Çünki bilirdik ki, işimizi meyarlara ən uyğun şəkildə yerinə yetirmişik. Körpümüz cəmi 705 qram çəkidə idi, amma sınaqda 58.32 kiloqram yükə davam gətirə bilmədi. O an böyük ümidlə gözləyirdim”.

İnci deyir ki, ikinci yerlər elan ediləndə həyəcanı bir az da artıb. “Sinif yoldaşlarımızın 2-ci yerə layiq görüldüyünü eşidəndə sevindim, amma içimdə  bir qorxu yarandı: bəlkə ümumiyyətlə qaliblər sırasında deyilik? Birinci yerin qalibləri olduğumuzu başa düşəndə yaşadığım sevinc, qürur və həyəcan - bunların hamısı bir anın içində baş verdi. Bu, həyatımın ən xüsusi anlarından biri idi”, - deyir İnci. 

"Qərar vermişdik — mentorumuzun zəhmətini qızıl medalla qaytaracağıq"

İnci üçün festivalın ən emosional hissəsi medal elanından da üstün olan bir məqam idi: “Biz yarışmaya sadəcə özümüz üçün qatılmamışdıq. Mentorumuz Ləman Novruzova səhhəti ilə bağlı ağır bir dövrdən keçirirdi. Yenidən işə qayıdaraq gecə saatlarına kimi bizimlə işləyirdi. Biz isə bir qərar vermişdik — mentorumuzun zəhmətini qızıl medalla qaytaracağıq”.
İnci hazırda Göygöl üzrə Uşaq Səfirlər Məclisinin nümayəndəsi kimi rayon şagirdlərini STEAM istiqamətinə cəlb etmək üçün layihələr hazırlayır: “Əsas məqsədim rayonumuzun şagirdlərinin yaradıcılıq potensialını artırmaqdır”.

Animasiya, iStop Motion və süni intellekt birincilik gətirdi

Gəncə şəhəri M.Hadi adına 10 nömrəli tam orta məktəbin 6-cı sinif şagirdi Nursel İsamyilova ilk dəfə qatıldığı böyük beynəlxalq festivaldan birinciliklə dönüb. Onun sözlərinə görə, qalib olduqlarını öyrəndiyi an həm sürpriz, həm də unudulmaz hisslərlə dolu olub: “Çox sevindim! Mentorımız bizə sürpriz etmişdi, nəticəni bizdən gizlətmişdi. Xəbəri eşidən kimi atamla anamı qucaqladım və sevincimi onlarla bölüşdüm”.

Nursel və sinif yoldaşı Nilay Qulamova festivalda təqdim etdikləri layihədə animasiya və “iStop Motion” texnikasından istifadə ediblər. Komandanın işi müasir texnologiyanın imkanlarından səmərəli istifadə üzərində qurulub. Onlar süni intellektin dəstəyi ilə ideyalarını daha keyfiyyətli təqdim etməyə çalışıblar: “Bu layihəni hazırlayarkən süni intellektdən istifadə edərək dövrümüzdə texnologiyanın əsas əhəmiyyətini göstərmək istəyirdik”.
Final mərhələsi isə təzyiqin ən çox hiss olunduğu məqam olub. Komandadan afişa hazırlamaq tələb olunurdu və həmin anda gözlənilməz hadisə baş verib: “Vaxta 30 dəqiqə qalırdı ki, afişanın üzərinə istifadə etdiyimiz quaşın suyu töküldü. Çox pis oldum. Amma Nilayla birlikdə çalışıb afişanı vaxtında bitirdik”.

Nursel deyir ki, bu hadisə onlara komanda işinin dəyərini bir daha göstərib: düzgün əməkdaşlıq, düzgün iş bölgüsü və bir-birini dinləmək – bütün bunlar qalibiyyətin əsas səbəbləri olub.

SAF-2025 onun həyatında ilk böyük beynəlxalq yarış təcrübəsi idi. Nursel uğurlarında ona dəstək olan müəllimlərini xüsusi qeyd edir: “Sinif rəhbərim və mentorım Günay Əhmədovaya, STEAM Gəncə Mərkəzində Mətləb Alıyevə və digər müəllimlərimə təşəkkür edirəm. Biz süni intellektdən və proqramlardan düzgün istifadə etməyi onların sayəsində öyrəndik”. O, həmçinin gələn il festivalın daha çətin kateqoriyası olan “Mexatronika” üzrə yarışmağı planlaşdırır.


Süni intellektlə hazırladığı layihəsi ilə qalib oldu

Gəncə şəhəri M.Hadi adına 10 nömrəli tam orta məktəbin  daha bir şagirdi Əfsun Əbilova süni intellektlə hazırladığı layihəsi ilə qaliblər sırasındadır: “Birinci olacağımıza hər zaman inanırdım. Süni intellektlə işləmək çox maraqlı idi. Bu həm bizi inkişaf etdirdi, həm də başa düşdüm ki, şagirdlərə öz ideyalarını yaratmağı öyrətmək əladır. “Slowmotion” proqramını da öyrəndik. Artıq istədiyimiz fikirləri necə yaratmağı bilirik”.

Əfsun komanda yoldaşı ilə bir-birini tamamlayan əməkdaşlıq qurduqlarını deyir: “Bir yerdə işləməyi çox bəyənirdik. Süni intellekt və “Slowmotion”la videolar çəkir, şəkillər hazırlayırdıq, fikirlərimizi bölüşürdük. Bir-birimizə həmişə kömək edirdik”.

Bu festival Əfsuna gələcək yolunu daha da aydınlaşdırdı – o, dizayner olmaq və həm insanlar, həm də təbiət üçün faydalı layihələr yaratmaq istəyir. Festivalın ona qazandırdıqları arasında yalnız diplom və medal yoxdur: “Hər komandanın bir-biri ilə anlaşmasını bəyəndim. Yeni insanlarla tanış olmaq əla idi. Öz fikirlərimi təsvir etməyi, insanlarla anlaşmağı və qazanmasam belə özümə inanmağı öyrəndim”.

“Kiçik layihələrlə başlayın və səhvlərdən öyrənin”

Gəncə FRİTL-in  istedadlı şagirdlərindən biri də SAF-ın üçqat qızıl medalçısı Rauf Məmmədovdur: “SAF 2022-də “Robokids” kateqoriyasında, SAF 2023-də “VdiX” kateqoriyasında, SAF 2025-də isə “RoboSoccer” kateqoriyasında 1-ci yerə çıxaraq 3 qızıl medal qazanmışam”.

Robotların futbol oynadığı yeni kateqoriyada qalib olmaq isə sadəcə uğur deyildi, həm də böyük elmi hazırlıq tələb edirdi. Rauf robotun mexaniki hissələrinin yığılmasında çətinliklər yaşadıqlarını deyir. Bəzən bir xırda mexaniki yanlışlıq bütün sistemi çökdürə bilərdi: “Hər kəsin güclü tərəflərinə uyğun bölüşdürdük: komanda yoldaşım mexaniki hissəni qurdu, mən kodlaşdırmanı etdim. Beləliklə, komanda içində balans yaradıldı”.
Rauf deyir ki, mexaniki hissələrdə ən kiçik bir xətada robot işləməyə bilər. Hazırlıq müddətində bir neçə dəfə bütün sistemi yenidən toplamalı olublar. Robototexnika ona problem həll etmə, yaradıcı düşüncə, komanda işi və real tətbiq bacarıqları qazandırıb.
Onun arzuları isə bəllidir:  mühəndislik və proqramlaşdırma üzrə yoluna davam etmək istəyir.  Son olaraq, robototexnika ilə yeni başlayanlara da bir mesaj göndərir: “Çox təcrübə edin və səhvlərdən öyrənin. Kiçik layihələrlə başlayın, komanda ilə işləməyi öyrənin. Marağı və motivasiyanı itirməyin – hər gün bir az da öyrənin”.