Aysel Əzimova: Keyfiyyət monitorinqlərinin əsas funksiyası real vəziyyəti dəyərləndirməkdir
“Məktəblərdə aparılan keyfiyyət monitorinqlərinin əsas funksiyası real vəziyyəti dəyərləndirməkdir”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri "Məktəblərdə keyfiyyət monitorinqi" layihəsinin akademik rəhbəri Aysel Əzimova bu gün keçirilən “Ümumi təhsildə keyfiyyətin yüksəldilməsi: Təcrübələr və yeni yanaşmalar” adlı elmi-praktiki beynəlxalq konfransda məruzə ilə çıxış edərkən səsləndirib.
O qeyd edib ki, bu monitorinqlər məktəblərdə keyfiyyət təminatının gücləndirilməsi və şagirdyönümlü məktəb modelinin təşviqi üçün də əhəmiyyətlidir:
“Monitorinqlər şagird nailiyyətləri, şagird davranışı və nizam-intizamı, öyrətmə, öyrənmə və qiymətləndirmə, dəstək mühitinin yaradılması, eləcə də liderlik və idarəetmə sahələrini əhatə edir. Məktəblərdə aparılan keyfiyyət monitorinqlərinin əsas funksiyası real vəziyyəti dəyərləndirməkdir. Eyni zamanda, bu proses məktəb liderlərinin fəaliyyətinə dolayı yolla təsir edən bir mexanizm kimi də çıxış edir. Məsələn, ümumtəhsil müəssisələrində keyfiyyətin qiymətləndirilməsi çərçivəsi rəhbərlərin lider kimi hansı davranış və prioritetlərə diqqət yetirməli olduğunu müəyyən edir və sistem daxilində liderlik gözləntilərini strukturlaşdırmağı hədəfləyir”.
Çıxışçı əlavə edib ki, hər il monitorinq aparılacaq məktəblərin rəhbərləri çərçivə sənədi ilə tanış edilir. Eyni zamanda, monitorinq nəticələri əsasında məktəblərə verilən rəy və tövsiyələr də bu təsir mexanizmləri sırasında yer alır. Monitorinq zamanı müxtəlif alətlərdən, o cümlədən müsahibələr, sorğular və dərs dinləmələrindən istifadə olunur.


