Erik De Bou: Hər dövlətin öz tədris vəzifəsi olmalıdır
“Hər bir dövlətin öz kontekstinə uyğun tədris vəzifəsi olmalıdır. Bu, hər yerdə mövcuddur. Məncə, ən düzgün yanaşma da budur”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri Məktəb İnspektorluqlarının Daimi Konfransının (SICI) İnkişaf üzrə rəhbəri, Avropa Məktəb İnspektoru Erik De Bou bu gün keçirilən “Ümumi təhsildə keyfiyyətin yüksəldilməsi: Təcrübələr və yeni yanaşmalar” adlı elmi-praktik beynəlxalq konfransda məruzə ilə çıxış edərkən səsləndirib.
O bildirib ki, Flandriyada Təftiş xidmətinin mövqeyi və xarici qiymətləndirmənin məqsədləri 2009 və 2018-ci illərin keyfiyyət qərarlarında müəyyən edilib. Bu məqsədlər aşağıdakılardır:
* Qaydaların tətbiqinə nəzarət;
* Təhsil müəssisələrinin tanınmasının saxlanılması ilə bağlı tövsiyələrin verilməsi.
E.De Bou qeyd edib ki, dünyada keyfiyyət mədəniyyətinin necə formalaşdırıldığı, daxili keyfiyyət təminatının necə qurulduğu və məktəbin inkişaf prosesində dialoqun nədən ibarət olduğu araşdırılır:
“İdarəçilər var, icma məktəbi var, dövlət məktəbi var – bunların hamısı mövcuddur. Həm şagirdlər, həm də valideynlər bu prosesin bir hissəsidir. Biz məktəbin bütün tərəflərini nəzərə alırıq və ümumilikdə onları həvəsləndirməyə çalışırıq. Ziyarət zamanı təbii ki, biz həm şagirdlərlə, həm də valideynlərlə söhbətlər edirik. Şagirdlər özləri bizi məktəbi gəzdirməklə müşayiət edirlər. Hər yerdə şagirdlərin davranışına və onlarla aparılan söhbətlərə böyük diqqət yetirilir.
Müəllimlərin təcrübələri də araşdırılır. Biz dərs dinləmələrində iştirak edirik. 3–4 gün ərzində tədris sahəsindəki təcrübə öyrənilir. Biz özümüzü inspektor kimi yox, tədris aparan biri kimi aparırıq”.


