Kolleclərdə yeni təyinatlar olub
Jalə Məmmədova Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecinin, Kəmalə Əliyeva isə Zaqatala Dövlət İdarəetmə və Texnologiya Kollecinin tədris işləri üzrə direktor müavini vəzifəsinə təyin edilib.
“Azərbaycan müəllimi” xəbər verir ki, təyinatlar Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmri ilə həyata keçirilib.
Jalə Məmmədova Azərbaycan Dövlət Pedaqoji Universitetinin SABAH qruplarında “Riyaziyyat və informatika müəllimliyi” ixtisası üzrə bakalavr təhsili alıb. Hazırda ADA Universitetində “Təhsil üzrə menecment” ixtisası üzrə magistratura təhsilini davam etdirir. O, 2022–2023-cü illərdə ADA Universitetinin “Bir müəllimin Manifesti” Peşəkar İnkişaf Proqramında iştirak edib.
Əmək fəaliyyətinə 2021-ci ildə Laçın rayon Vəliuşaqlı kənd tam orta ümumtəhsil məktəbində riyaziyyat müəllimi kimi başlayan J.Məmmədova 2023–2024-cü illərdə Bərdə STEAM Mərkəzində Bərdə rayonu üzrə koordinator vəzifəsində çalışıb.
Kəmalə Əliyeva Bakı Dövlət Universitetində “Riyaziyyat” ixtisası üzrə bakalavr, ADA Universitetində isə “Təlimin və tədrisin təşkili və metodikası” ixtisaslaşması üzrə magistratura təhsili alıb.
O, 1995–2011-ci illərdə Salyan şəhər Y.Qafarov adına 8 nömrəli tam orta məktəbdə riyaziyyat müəllimi işləyib. 2012–2026-cı illərdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Sənaye və Texnologiya Kollecində müəllim, Əyani şöbənin müdiri, daha sonra isə Keyfiyyət təminatı şöbəsinin müdiri vəzifələrində çalışıb.
K.Əliyeva müxtəlif yerli və beynəlxalq təlim proqramlarında, konfranslarda iştirak edib. O, orta ixtisas təhsili sahəsi üzrə bir sıra tədqiqat işlərinin müəllifidir.




