Kolleclərə IX sinifdən qəbulun azaldılmasının səbəbi AÇIQLANDI

20 Noyabr, 2026 - 16:02
Kolleclərə IX sinifdən qəbulun azaldılmasının səbəbi

"Kolleclərə ümumi orta təhsil bazasından qəbulun azaldılması subbakalavr kvalifikasiyasının ali təhsilin qısamüddətli dövrü kimi nəzərdən keçirilməsi ilə əlaqələndirilir".

“Azərbaycan müəllimi” xəbər verir ki, bunu “2026/2027-ci tədris ili üzrə orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu nəticələri”nin müzakirəsində Elm və Təhsil Nazirliyinin Elm, ali və peşə təhsili şöbəsinin sektor müdiri Səbinə Babayeva bildirib.

Onun sözlərinə görə, bu yanaşma Azərbaycanın da qoşulduğu Boloniya prosesinin ali təhsillə bağlı prinsipləri nəzərə alınmaqla formalaşdırılır:

“Bəzən sual yaranır ki, nə üçün kolleclərə ümumi orta təhsil bazasından qəbul azaldılır? Bunun məntiqi izahı var. Azərbaycanın da daxil olduğu Boloniya sistemi subbakalavr kvalifikasiyasını ali təhsilin qısamüddətli dövrü kimi nəzərdən keçirir. Bu yanaşmaya əsasən, həmin səviyyəyə daxil olmaq üçün abituriyentin tam orta təhsili başa vurması nəzərdə tutulur. Yəni şagird XI və ya müvafiq təhsil sistemini bitirdikdən sonra bu səviyyədə təhsil almalıdır. Nazirlik olaraq bizim də yanaşmamız subbakalavr təhsilinə ali təhsilin qısamüddətli dövrü kimi baxmaqdır”.

S.Babayeva bildirib ki, orta ixtisas təhsilinin gələcək planlaşdırılmasında beynəlxalq yanaşmalarla yanaşı, ölkədəki demoqrafik göstəricilər və əmək bazarının dəyişən tələbləri də nəzərə alınmalıdır.

O vurğulayıb ki, qəbul planlarının hazırlanmasında əsas məqsəd təhsil müəssisələrinin imkanlarını və ixtisaslar üzrə kadr hazırlığını real əmək bazarı ehtiyaclarına uyğunlaşdırmaqdır.