Bakıda təkmilləşdirilmiş fənn kurikulumları ilə bağlı maarifləndirmə tədbirləri keçirilib

20 Noyabr, 2026 - 16:15
Bakıda təkmilləşdirilmiş fənn kurikulumları ilə bağlı maarifləndirmə tədbirləri keçirilib

Bu gün Bakının 5 məktəbində fənn kurikulumlarının təkmilləşdirilməsinə dair maarifləndirmə tədbirləri keçirilib.

Azərbaycan Respublikasının Təhsil İnstitutunun (ARTİ) təşkilatçılığı ilə baş tutan tədbirlər Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində çalışan təhsilverənləri yenilənmiş kurikulum sənədləri ilə tanış etmək və prosesdə iştirak edən mütəxəssislərlə qarşılıqlı müzakirələr aparmaq məqsədi daşıyıb. Təkmilləşdirilmiş 10 fənn kurikulumu üzrə keçirilən bu görüşlər təxminən 1000 müəllimi əhatə edib. Hər ixtisas üzrə müəllimlər bir məktəbdə toplaşaraq yenilik və dəyişiklikləri müzakirə ediblər.

“Azərbaycan müəllimi” Xətai rayonu, İlham Məmmədov adına 261 nömrəli məktəb-liseydə informatika müəllimləri ilə keçirilən müzakirələrə qatılıb.

Daha 8 fənn üzrə təkmilləşdirilmiş kurikulumlar yaxın aylarda təsdiq ediləcək

Tədbirdə ARTİ-nin STEAM, təbiət və texniki fənlərin proqramları şöbəsinin müdiri Mənsur Məhərrəmov bildirib ki, fənn kurikulumlarının təkmilləşdirilməsi Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında ümumi təhsilin dövlət standartlarının təsdiq edilməsi haqqında” 2010-cu il 3 iyun tarixli 103 nömrəli Qərarında dəyişiklik edilməsi barədə 29 sentyabr 2020-ci il tarixli qərarına əsaslanır.

Elm və təhsil nazirinin müvafiq əmrinə uyğun olaraq, 2021-ci ildən məktəblərdə tədris olunan bütün fənlər üzrə kurikulumların yenilənməsi prosesinə başlanılıb. İndiyədək 10 fənn üzrə kurikulum təkmilləşdirilərək təsdiqlənib, yaxın aylarda isə daha 8 fənn üzrə müvafiq sənədin təsdiqlənməsi gözlənilir. M.Məhərrəmov əlavə edib ki, kurikulumlar yenilənərkən müasir dövrün tələbləri, elm və texnologiyaların inkişafı, eləcə də beynəlxalq təcrübə nəzərə alınıb.

Yeni kurikulumda ən böyük dəyişiklik proqramlaşdırmada olub

İnformatika fənn kurikulumu üzrə işçi qrupunun üzvü, Bakı Avropa Liseyinin informatika müəllimi Şəfiqə Ələkbərova qeyd edib ki, informatika dövlətimizin xüsusi diqqət yetirdiyi sahədir. Son illərdə rəqəmsal bacarıqların inkişafı məqsədilə məktəblərin internetləşdirilməsi, kompüterləşdirilməsi və hər bir şagirdin bu fənni öyrənməsi üçün ayrılan vəsait dövlətin bu sahəyə böyük qayğısını göstərir:

“2023-cü ildən etibarən informatika fənni qəbul proqramına da daxil edilib. Həm qəbul, həm də tədris proqramında proqramlaşdırma bu fənnin özəyini təşkil edir. Fənn kurikulumunda alt standartların təxminən 50 faizə yaxını sırf proqramlaşdırma və alqoritmləşdirmə məzmun xəttinə aiddir. Yeniliklərə gəlincə, əvvəllər yalnız alqoritmin nə olduğu, xassələri və növləri öyrədilirdisə, indi artıq çeşidləmə və axtarış kimi məşhur alqoritmlər də tədris olunur”.

Ş.Ələkbərova “Azərbaycan müəllimi”nə açıqlamasında yeni kurikulumda ən böyük dəyişikliyin məhz proqramlaşdırma sahəsində olduğunu vurğulayıb:

“Təkmilləşdirmədən əvvəl 2 verilənlər strukturunu öyrədirdik. Artıq sətirlər və siyahılar barədə daha geniş məlumat veriləcək. Proqramlaşdırmada tətbiqlər yaratmaq və oyunlar qurmaq üçün kitabxanalara müraciət olunması ilə bağlı mövzular da əlavə edilib”.

“Məzmunun təxminən yarısı proqramlaşdırma və alqoritmləşdirməyə ayrılıb”

Tədris Resursları Mərkəzinin direktor müavini, “İnformatika” dərsliklərinin həmmüəllifi və işçi qrupunun üzvü İsmayıl Sadıqov bildirib ki, informatika və riyaziyyat sahəsində hələ də həllini gözləyən məsələlər var:

“Bəzi məsələlərin həlli məlum olsa da, onların alqoritmləri o qədər mürəkkəb və uzundur ki, ən güclü kompüterdə belə həmin proqramı işə salsaq, nəticəni əldə etmək 50 il çəkə bilər. Deməli, bu halda alqoritmi dəyişmək lazımdır. Ona görə də alqoritmləşdirmə və proqramlaşdırma bu gün yenidən ön plana çıxıb və bu istiqamətə xüsusi diqqət yetirilməlidir. Yeni kurikulumda da məzmunun təxminən yarısı məhz buna ayrılıb. Digər səbəb isə informatikanın qəbul imtahanlarına daxil edilməsidir; imtahan suallarının təxminən yarısı bu mövzuları əhatə edir. Təbii ki, bunlar balanslaşdırılmalı, orta məktəbdə şagirdləri qəbul imtahanlarına hazırlayan tapşırıqlara daha çox yer verilməlidir”.

İ.Sadıqov dəyişikliklərin həm I, həm də X-XI siniflərin proqramında aparıldığını deyib:

“Əvvəllər internet anlayışı nisbətən yeni olduğu üçün X-XI sinif dərsliklərində yer alırdı. İndi isə uşaqlar evdə artıq internetdən istifadə edirlər və bu barədə yuxarı siniflərdə məlumat vermək mənasızdır. Buna görə də həmin mövzu daha aşağı siniflərin proqramlarına salınıb”.

Birbaşa müzakirələr anlaşılmazlıqların qarşısını alır

ARTİ-nin şöbə müdiri Mənsur Məhərrəmov bildirib ki, müəllimlərin kurikulum müəllifləri ilə birbaşa görüşməsi yarana biləcək anlaşılmazlıqların qarşısını alır:

“Kurikulum istifadəçiləri və onu hazırlayanlar yenilikləri, dəyişiklikləri və gözləntiləri birbaşa müzakirə edirlər. Bunu təlimlərlə də etmək olar, amma maarifləndirmə tədbirləri daha effektivdir. İndiyədək 5 regional təhsil idarəsinə tabe məktəblərin müəllimləri ilə belə görüşlər keçirilib. Kurikulumlar təsdiq olunduqca digər fənlər üzrə də görüşlər təşkil ediləcək. Ümumiyyətlə, bu, davamlı prosesdir; 4-5 ildən sonra ehtiyac yaranarsa, kurikulumlar yenidən təkmilləşdiriləcək”.

Müəllimlərin rəyi “Təkmilləşdirmə prosesi zamanla davam etməlidir”

Tədbirdə iştirak edən müəllimlər bildiriblər ki, sürətlə inkişaf edən informatika fənni üzrə bu cür maarifləndirmə tədbirləri mütəmadi keçirilməlidir.

İnformatika müəllimi Gülnar Məmmədova maarifləndirici bütün tədbirlərə həvəslə qatıldığını deyib: 

“Yeniliklərdən vaxtında xəbərdar olmalıyıq ki, bunu şagirdlərimizə də çatdıra bilək. Texnologiya dövründə yaşayırıq və bir sıra mövzuların daha aşağı siniflərdə tədris olunmasına çox sevindim. Buna böyük ehtiyac vardı, lakin təkmilləşdirmə prosesi zamanla davam etməlidir”.

Çalışdığı məktəbdə “Rəqəmsal bacarıqlar” layihəsinin həyata keçirildiyini deyən Gülnar müəllim fənnin tədrisində xeyli irəliləyiş olduğunu vurğulayıb: 

“Bu dərsdə şagirdlər yarımqruplara bölünür, saatımız və resurslarımız kifayət qədərdir. II-IX siniflərdə rəngarəng, innovativ təqdimatlar üçün hər cür vasitə var. Təklif edirəm ki, “Rəqəmsal bacarıqlar” fənnini tarix və ya coğrafiya müəllimi deyil, məhz ixtisaslı informatika müəllimləri tədris etsinlər”.

İnformatika müəllimi Pərvanə Çopsıyeva da hesab edir ki, texnologiya ilə bağlı bir dövrdə yaşayırıq. Yeniliklər çoxdur və bu səbəbdən müəllimlər texnoloji inkişafına zaman ayırmalıdır: 

“Çox sevindim ki,  bir sıra mövzular artıq daha aşağı siniflərdə tədris olunmağa başlayıb. Buna ehtiyac vardı. Ancaq hələ təkmilləşdirilməyə ehtiyac var və bu, zamanla həll edilən məsələdir”.

Bakıda təkmilləşdirilmiş fənn kurikulumları ilə bağlı maarifləndirmə tədbirləri keçirilib
Bakıda təkmilləşdirilmiş fənn kurikulumları ilə bağlı maarifləndirmə tədbirləri keçirilib